Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-348/2024 08.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 45 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə şəxsiyyəti istintaqla araşdırılan «Sahib» adlı şəxs vasitəsilə satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 18,239 qram olan narkotik vasitə heroin, 01 ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 19,727 qram olan narkotik vasitə heroin, 01 ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 20,631 qram olan psixotrop maddə metamfetamini Bakı şəhəri, Xətai rayonu ərazisində istintaqa məlum olmayan gizlədilmiş yerdən götürərək əldə edib 100 manat məbləğində nağd pul müqabilində müxtəlif şəxslərə çatdırılması üçün üzərində və gündəlik icarə əsasında idarə etdiyi «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 4rləşən Xətai RPİ-nin 34- cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 18,239 qram, qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, idarə etdiyi «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı avtomobilin qabaq sol oturacağının ayaqaltısının altından kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş 18,239 qram narkotik vasitə heroinlə eynilik təşkil edən 01 ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 19,727 qram, qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 20,631 qram, ağ rəngli, kristal formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 18 yanvar 2023-cü il tarixində axşam saat 5-6 radələrində 2 mülki geyimdə şəxs yaşadığı binanın həyətində “Audi Q7” markalı maşını saxlamışlar. Onlardan biri sükan arxasında, digəri isə arxa oturacaqda oturmuşlar. Həmin şəxslər avtomobildən düşüb onu avtomobilə mindirərək, binanın arxasında yerləşən qəbiristanlığa tərəf aparmışlar. Bu zaman “Hyundai Elantra” və “Toyota Prius” markalı avtomobildən də mülki geyimdə şəxslər düşərək onlara yaxınlaşıb onu döyərək narkotik vasitənin harada olmasını soruşmuşlar. Üzərindən maşınının açarını, ağ rəngli İphone 5S markalı mobil telefonunu götürərək onu gecə saat 02-dək döymüşlər. Daha sonra onu polis bölməsinə aparmışlar. Polis bölməsinə dəvət edilmiş müdafiəçinin yanında onun cibinə narkotik vasitələr olan bükümləri qoymuşlar. Həmçinin, polis əməkdaşları onun avtomobilinə də 2 büküm narkotik vasitə yerləşdirmişlər. Qabırğasından, diz qapağından, qulağından xəsarətlər almış və onu həmin vəziyyətdə X5 aparmışlar. Videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və maşınına baxış keçirərək, guya narkotik vasitələri aşkar etmişlər. O, taksi sürücüsü kimi fəaliyyət göstərirmişdir. Narkotik vasitələrin istifadəçisi olmamış, bir neçə dəfə “nəşə” kimi tanınan narkotik vasitəni çəkmək yolu ilə istifadə etmişdir. Əvvəllər AR CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, onu tutan polis əməkdaşlarını tanımamış, əvvəllər onları görməmişdir. O, sonradan öyrənmişdir ki, onu saxlayan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarıdırlar. Tutulmamışdan təxminən 15-20 gün əvvəl narkotik vasitə marixuanadan istifadə etmiş, əvvəllər istifadə etdiyi narkotik vasitələri yerdən tapmışdır. O, hər hansı İran İslam Respublikası vətəndaşından narkotik vasitə almamış, “Sahib” adlı şəxsi tanımır. Polis əməkdaşları əli qandallı vəziyyətdə onu təhdid edərək cibinə narkotik vasitələri qoymuş, üzərinə narkotik vasitə qoymuş şəxs ibtidai istintaq zamanı şahid qismində ifadə vermişdir. Videoçəkilişdə onun maşınından narkotik vasitələrin aşkar edilməsi görüntüsü yaradılmışdır. Videoçəkiliş zamanı onun qulağından qan axdığı üçün qulağına pambıq qoyulmuş, onu ümumilikdə 11 nəfər döymüşdür. Onu polis bölməsinə apardıqdan sonra polis əməkdaşları evinə daxil olaraq, ailə üzvlərinin yanında evi axtararaq hər hansı qanunsuz əşya aşkar etməmişlər. Onun avtomobili yaşadığı məhəllənin dayanacağında dayanmış, onun avtomobilinə hadisə yerində baxış keçirilməmişdir. Avtomobilinə 2 büküm, cibinə isə 1 büküm narkotik vasitəni yerləşdirmişlər. Avtomobilinə narkotik vasitələr onun yanında qoyulmamış, həmin vaxt o, bölmədə olmuş, sonra onu avtomobilinin yanına aparıb narkotik vasitələri hara qoyduqlarını göstərmişlər. Yaşadığı mənzildə ailə üzvlərinə ciddi xəsarət yetirilməsə də, onlara hədə-qorxu gəlmişlər. Çəkişmə zamanı arvadının dırnağı qırılmış, telefonunda narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumat olmamışdır. Maşının, evinin açarlarını, pul qabındakı 816 manat pulunu və İphone 5S markalı mobil telefonunu götürmüşlər. Həmin əşyalar və pul ona geri qaytarılmamış, Bakı İstintaq Təcridxanasında xəsarət almağı ilə əlaqədar müayinə aparılmışdır. Prokurorluqdan müstəntiqə onun ekspertizaya aparılması ilə bağlı göstəriş verilsə də, həmin göstəriş yerinə yetirilməmişdir. O, saxlanıldıqdan bir neçə gün sonra döyülmə faktı ilə bağlı aparılan araşdırma ilə əlaqədar dindirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 18 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində ünvan 6 ünvanın qarşısına getmişlər. Həmin vaxt onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 32-35 yaşlarında olan bir nəfər şəxsin idarə etdiyi «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olmasını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxxxx 1988-ci ildə Ermənistan Respublikasında anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan və ünvan 8anında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 34cü PŞ-nin inzibati binasına gətirmişlər. Daha sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən başqa idarə etdiyi «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr olduğunu bildirdiyinə görə həmin avtomobilə baxış keçirilməsi qərara alınmışdır. Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasının həyətində «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə də video çəkiliş aparılmaqla axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı avtomobilin sürücü oturacağının ayaqaltısından 2 ədəd sellofan torba aşkar edilmişdir. Həmin sellofan torbalar açıldıqda narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o, həmin narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olmaqla sosial şəbəkədən tanış olduğu İranlı şəxsin vasitəsilə Bakı şəhəri, Xətai rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində 100 manat məbləğində pul alacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda təqaüddə olan Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edərək, idarə etdiyi avtomobilinin yanında saxlamışlar. Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edilərək, üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Həmçinin, onun idarə etdiyi avtomobil də polis bölməsinə gətirilərək baxış keçirilmişdir. Avtomobildən də narkotik vasitə aşkar edilmiş, bu barədə protokollar tərtib olunaraq, imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə qəbiristanlığın olub-olmaması yadında deyil. Təqsirləndirilən şəxs onu qəbiristanlığın yanında və ya başqa yerdə döymələri ilə bağlı dedikləri yalandır. Vasifə qarşı o, və ya hər hansı əməkdaş tərəfindən psixi, fiziki təzyiq göstərilməmişdir. Əməliyyat məlumatının dəqiq ona və ya digər əməkdaşa daxil olmasını xatırlamır. Əməliyyat qrupunun tərkibi 2 və ya 3 nəfərdən ibarət olmuş, Təqsirləndirilən şəxs saxladıqları əraziyə bir avtomobillə getmişlər. Həmin yerə hansı markalı avtomobillə getdiklərini, avtomobili kimin idarə etməsini xatırlamır. Təqsirləndirilən şəxs şəxsiyyəti öncədən onlara məlum olmuş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs avtomobili də polis bölməsinə aparılmış, həmin avtomobili kimin idarə etməsini, saxlanıldığı vaxt Təqsirləndirilən şəxs əynində hansı geyimlərin olmasını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin şalvarın və ya köynəyin cibindən çıxmasını xatırlamır. Əməliyyat tədbiri axşam vaxtı aparılmış, narkotik vasitə xatırladığı qədəri ilə sellofan paketin içərisində olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki güc tətbiq etməmiş, Təqsirləndirilən şəxs da onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman hər hansı xəsarətinin olmasını bildirməmiş, Təqsirləndirilən şəxs özü narkotik vasitəni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan «Sahib» adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir. Üstündən xeyli müddət keçdiyi və hazırda təqaüddə olduğu üçün əməliyyat tədbirinin təfərrüatları yadında qalmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş, X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla birlikdə yaşamışlar. 2023-cü ilin yanvar ayının 18-də axşam saat 7 radələrində xəstə olduğundan Təqsirləndirilən şəxs evdən dərman almaq məqsədi ilə çıxmış, aptek evə yaxın olduğundan Vasifin evə tez qayıdacağını düşünmüşdür. O, on dəqiqə keçəndən sonra Vasifə zəng etmiş, lakin Vasif telefona cavab verməmişdir. Sonra pəncərədən Vasifin maşınının orada olub-olmadığına baxmış, hər zaman orada işıq yanırmış, baxanda işığın yanmadığını və maşının ətrafına 6-7 nəfər toplaşdığını görmüşdür. O, həmin şəxslərin Vasifin dostları olduqlarını güman edib onlara diqqətlə baxmış, sonra həmin şəxslərdən biri ona diqqətlə baxmışdır. O, bunu görüb 1 addım geri çəkilmiş, çünki, Vasifin narahat olub əsəbləşəcəyini düşünmüşdür. Sonra pərdənin arxasından baxarkən bir nəfər cavan oğlanın onların pəncərəsinə baxdığını görmüşdür. İkinci dəfə baxdıqda artıq maşının olmadığını görmüş, bir az keçdikdən sonra qapı döyülmüş, kim olduğunu soruşduqda komendant olduğunu bildirmişdir. Balaca qızı hamamda olduğundan bir az gözləmələrini xahiş etmiş, sonra su kəsilmiş, o, qapını açmışdır. Bir ucaboy sarışın və bir qarabuğdayı keçəl ucaboy şəxs evə daxil olmuşlar. Onlardan sonra isə daha iki nəfər evə daxil olaraq polis olduqlarını demişlər. O, həmin şəxslərdən gəlmə səbəblərini soruşmuş və sənədlərini təqdim etmələrini istəmişdir. Onlar sənədlərini göstərməmiş, böyük qızı onlara narazılığını bildirdikdə onlar qızını da itələmiş, o, qızını qorumaq məqsədilə önünə keçmişdir. Nəticədə onun əl dırnağı qırılmış, Vasif haqqında nalayiq ifadələr işlətmişlər. Sonra onları zala aparıb telefonları əllərindən alınmış, tez otaqlara daxil olub axtarmışlar. Böyük qızının və onun ünvanına təhqiramiz ifadələr işlətmişlər. Vasifin maşının açarının üzərində evin açarı olduğundan onlar qorxub evə gəlməmişlər ki, birdən həmin şəxslər yenidən evə daxil olarlar. 6 saata yaxın polis əməkdaşları onları evdə saxlayaraq çəkilişi gözləmişlər. Daha sonra həmin polis əməkdaşları həm ona, həm də uşaqlarına hədəqorxu gələrək, çantasını axtarmış, çantada onun sakitəşdirici dərmanı olduğundan onlar onu da həbs edəcəklərini bildirmişlər. Sonra həmin polis əməkdaşları ondan çay istəmiş, bir nəfər isə tez-tez digər otağa keçib telefon əlaqəsi yaratmışdır. O, polislərə getmələrini bildirdikdə onlar çəkiliş aparıldıqdan sonra gedəcəklərini bildirmişlər. Həmin əməkdaşlardan biri ondan hər hansı məbləğdə pul verə bilib-bilməyəcəyini soruşmuş, o da pulunun olmadığını, ev sahibi ilə danışıb evin kirayə pulunu gecikdirib həmin pulu onlara verə biləcəyini demişdir. Onlar maşının açarını verməmiş, 2 ay ərzində Təqsirləndirilən şəxs maşınından istifadə etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü tarixli 6/335 saylı rəyindən görünür ki, üzərində «Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 18,239 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində «Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Cruze markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş paketin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 19,727 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 20,631 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş iki ədəd zərfdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ümumi təmiz çəkisi - 37,966 qramdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. (İş vərəqə 44-49) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 yanvar 2023-cü il tarixli 428 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 135-136) İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən içərisində açıq qəhvəyi rəngli kütlə olan 1 ədəd sellofan torba aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən sellofan torbanın içərisində olan kütlənin özünə məxsus olmaqla narkotik vasitə heroin olmasını, həmin torbanı sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Sahib” adlı şəxsin vasitəsilə 3 gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 100 manat məbləğində pul alacağını bildirmişdir. (iş vərəqə 33-34) İş materiallarında olan “avtomobilə axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs gündəlik icarə əsasında idarə etdiyi «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış aparılarkən avtomobilin sürücü oturacağının ayaq altısından içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd sellofan torba, içərisində açıq rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd sellofan torba aşkar olunmuşdur. Təqsirləndirilən şəxs avtomobildən aşkar edilən cəmi 2 ədəd sellofan torbanın içərisində olan kütlələrin özünə məxsus olduğunu, torbalardan birinin içərisində olan kütlənin narkotik vasitə olan heroin, digərinin içərisində olan kütlənin isə psixotrop maddə olan metamfetamin olmasını, həmin 2 ədəd sellofan torbanı sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Sahib” adlı şəxsin vasitəsilə Bakı şəhəri, Xətai rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 100 manat məbləğində pul alacağını bildirmişdir. (iş vərəqə 37-38) İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən içərisində açıq qəhvəyi rəngli kütlə olan 1 ədəd sellofan torbanı könüllü olaraq çıxarıb təqdim edərək sellofan torbanın içərisində olan kütlənin özünə məxsus olmaqla narkotik vasitə olan heroin olmasını bildirmişdir. (iş vərəqə 56-57) İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobilə axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs gündəlik icarə əsasında idarə etdiyi «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının ayaq altısından 2 ədəd sellofan torba aşkar olunmuş, Təqsirləndirilən şəxs avtomobildən aşkar edilən cəmi 2 ədəd sellofan torbanın içərisində olan kütlələrin özünə məxsus olduğunu, torbalardan birinin içərisində olan kütlənin narkotik vasitə olan heroin, digərinin içərisində olan kütlənin isə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. (iş vərəqə 58-59) İş materiallarında olan Xətai rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 18 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 129-131) İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən xx.xx.2022-ci il tarixdə “Sən tez gelde var 2 paçka getir” məzmunlu mesaj göndərilmişdir. (iş vərəqə 138-142) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmişdir. (iş vərəqə 167-171) AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilən zaman qarının ön divarında təxminən ölçüsü 3 santimetr olan bənövşəyi qançır, belin sağ və sol yan nahiyəsində yumşaq toxumaların əziyi aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin hər hansı bir şəxsin ictimai təhlükəli əməli nəticəsində əmələ gəlməsi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Xətai rayon Polis İdarəsinin MSY-nin tibbi müayinə və tibbi yardım göstərilməsinin qeydiyyatı kitabında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs heç bir xəsarətin aşkar edilmədiyi və şikayətinin olmadığı qeyd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində və ya avtomobilində narkotik vasitə, psixotrop maddə olmaması, həmin narkotik vasitələrin və psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə və avtomobilinə yerləşdirilməsi, ibtidai istintaq zamanı fiziki, psixi təzyiqlərə məruz qalması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, həqiqəti əks etdirmir. Məhkəmə həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahid X1 ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun ifadəsi faktiki ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün 20 yanvar 2023-cü il tarixli etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü tarixli 6/335 saylı, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 yanvar 2023-cü il tarixli 428 saylı rəyləri, 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında”, “avtomobilə axtarış və götürmə aparılması haqqında”, diskə baxış keçirilməsi haqqında protokollar, xx.xx.2023cü il tarixli üzləşdirmədə dindirmə protokolu, əməliyyat-axtarış tədbirlərinin aparılmasının qanuniliyinə dair Xətai rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı, Bakı şəhəri Xətai rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı, Azerfon” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və digər mötəbər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48 ünvanın yaxınlığında saxladığı gündəlik icarəyə götürdüyü Chevrolet Cruize markalı **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər. Həmin şəxslər onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra onlar onu əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra Xətai RPİ-nin 34-cü PŞnin inzibati binasına dəvət etmişdirlər. O, da hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə getmişdir. Burada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Daha sonra o, müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları üzərində olan qanunla dövriyyəsi və ya məhdudlaşdırılmış qadağan edilmiş əşya və ya predmetlər olduğu təqdirdə onları təqdim etməyini təklif etmişdirlər. O da könüllü olaraq əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin kütləsi olan l(bir) ədəd sellofan torbanı masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildi və əynində olan qara rəngli gödəkcənin sol yan cibindən l(bir) ədəd açar, şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Könüllü təqdim etdiyi narkotik vasitə olan heroin kütləsi elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 19 (on doqquz) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürləndikdən sonra o, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Ona məxsus “Samsung” markalı mobil telefon götürülmüş, l(bir) ədəd açar isə özünə qaytarılmışdır. O, könüllü təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Sahib” adlı şəxsin vasitəsi ilə 3(üç) gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 100 (yüz) manat pul alacağını, narkotik vasitələri və psixotrop maddələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa idarə etdiyi «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Bundan sonra o, müdafiəçi və polis əməkdaşları ilə birlikdə 34-cü PŞ-nin həyətində saxlanılan «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmişdirlər. Polis əməkdaşları ondan avtomobilə baxış keçirilməsinə dair etirazının olub-olmadığını soruşmuş, o da hər hansı etirazının olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı ona avtomobildə qanunla qadağan edilmiş kütlənin təqdim edilməsi təklif olunmuşdur. O, avtomobilin sürücü oturacağının ayaq altısının altından 1 (bir) ədəd sellofan torbada narkotik vasitə olan heroin kütləsini, 1 (bir) ədəd sellofan torbada psixotrop maddə olan metafetamin kütləsini təqdim etmişdir. Aşkar olunmuş kütlələr polis əməkdaşları tərəfindən götürülmüş və elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 21 (iyirmi) qram, metamfetaminin çəkisi isə 21 (iyirmi bir) qram olmuşdur. Bundan sonra hər iki kütlə zərflərə qoyulub qablaşdırılmışdır. Zərfin üzəri o, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. O, polis əməkdaşlarına avtomobildən aşkar olunmuş kütlələrin də özünə məxsus olduğunu və bir daha həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Sahib” adlı şəxsin vasitəsi ilə 3 (üç) gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra üzərinə və avtomobilə axtarış keçirilməsi barədə protokollar tərtib olunmuşdur. Protokol ona və digər iştirakçılara ucadan oxunduqdan sonra protokolla tanış olaraq doğruluğunu o və digər iştirakçılar imzalarla təsdiq etmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar edilmiş 01 ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 18,239 qram, qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, idarə etdiyi «Chevrolet Cruze» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 01 ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 19,727 qram, qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 20,631 qram, ağ rəngli, kristal formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, bir neçə bağlamada olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Nərimanov rayon məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Nərimanov rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 iyun 2022-ci il tarixdə həmin cəzası başa çatmışdır. (iş vərəqə 99-106) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-265/2023 nömrəli hökmündən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla, onun üzərində 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü, 11 iyul 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü, azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü, ictimai işlərin səkkiz saatı bərabər tutulur. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(007)-265/2023 nömrəli hökmü ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 olmaqla bir yetkinlik yaşına çatmayan, bir azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-30/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 23, 78-81) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 428 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” protokoluna əsasən, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd açar və 01 ədəd üzərində “***-***-**-**” nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və gündəlik icarə əsasında idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 37,966 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 37,766 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 20,631 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,531 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” protokoluna əsasən, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd açar və 01 ədəd üzərində “***-***-**-**” nömrəsi olan “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə, idarə etdiyi avtomobilə müvafiq olaraq şəxsi axtarış, götürmə, baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-265/2023 nömrəli hökmü ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və gündəlik icarə əsasında idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 37,766 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,531 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” protokoluna əsasən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd açar və 01 ədəd üzərində “***-***-**-**” nömrəsi olan “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə, idarə etdiyi avtomobilə müvafiq olaraq şəxsi axtarış, götürmə, baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-348/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-348/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver