Məhkəmə qərarları › İş №1(101)-349/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-349/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-349/2025 03.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X5 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Ağdaş şəhəri, X4 küçəsi, 3/3 A ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 06 fevral 2024-cü il tarixdə, saat 22 radələrində atası Şahid2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, dalan 1, döngə 1, 35 saylı fərdi yaşayış evinin qarşısında qohumluq münasibətlərində olduğu bibisi oğlu Zərərçəkmiş şəxs görüşmə barədə əvvəldən olan razılaşmalarına baxmayaraq, telefon zənglərinə cavab verməməsinə görə sonuncunun qeyd olunan ünvana digər qohumu olan Şahid1 ilə birlikdə gələrək ona irad bildirmələri ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evindən götürdüyü mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsindən bir dəfə vurub ona döş qəfəsinin ön səthinin sağ yarısının V qabırğaarası sahədən döş boşluğuna nüfuz edən, sağ döş daxili arteriyanın tam kəsilməsinə, ürək kisəsinin (perikardin) sağ yarısının zədələnməsinə və kəskin daxili qanaxmaya (sağ döş boşluğunda 1800 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmin cinayət hadisəsinin onun tərəfindən törədildiyini təsdiq edən təqsirləndirilən şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun üç nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır, özü isə xəstədir. Zərərçəkmiş şəxs onun bibisioğludur O, zərərçəkmiş şəxsi istəyərək vurmamışdır. Hadisə bilmədən olmuş, əməlindən peşmandır. O, 06 fevral 2024-cü il tarixdə bibisioğlu Zərərçəkmiş şəxs zəng etmiş, lakin sonuncu zəngə cavab verməmişdir. 30-40 dəqiqə sonra evin qapısı döyülmüşdür. Qapıya çıxdıqda bibisioğlunun bir nəfər dostu ilə onlara gəldiyini görmüşdür. Yaşadığı evin sahibi belə hallara əsəbləşdiyi üçün o bibisioğlundan nə üçün gəldiyini soruşmuşdur. Bu zaman o, aqressiv cavab vermiş və aralarında mübahisə yaranmışdır. O, ayaqqabısını geyinmək üçün evə girmiş, bu zaman mətbəxdən mətbəx bıçağını da götürmüşdür. Bibisoğlu idmançı olduğu üçün onun bıçağı götürməkdə məqsədi sadəcə qorxutmaq olmuşdur. Bu zaman atası da ora gəlmişdir. Bibisioğlu atasını itələyərək ona tərəf gəlmiş və onlar dalaşmağa başlamışlar. O, Zərərçəkmiş şəxs necə vurduğunu xatırlamır. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır, əgər belə bir niyyəti olsa idi bir neçə bıçaq zərbəsi vurardı. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs ona təhqiredici sözlər demişdir. Bibisioğlu Zərərçəkmiş şəxs ona “bu nə danışıqdı danışırsan, sənin başın gedib?” demişdir. O da aralarındakı mübahisə zamanı Zərərçəkmiş şəxs vurmuşdur. Bibisoğlu Zərərçəkmiş şəxs atasını itələmişdir. Atasını itələdikdən sonra onun üstünə getmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs əmisi nəvəsi Şahid1 ilə birlikdə ora gəlmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən daha təfərrüatlı verdiyi ifadələrindən görünür ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Valideynləri onlarla eyni küçədə, başqa evdə kirayədə yaşayırlar. 06 fevral 2024-cü il tarixdə, 22:00 radələrində Zərərçəkmiş şəxs ona zəng vurub əmisi nəvəsi Kənangilə qonaq gəldiyini bildirmişdir. Bir az telefonda söhbət edəndən sonra o, Qürbətə nə iş gördüyünü, boşluqdursa görüşüb birlikdə bir yerdə çay içməyi ona təklif eləmişdir. Qürbət də bu barədə Kənana bildirmişdir. Kənan da birlikdə çay içməyə getmələrinə razılıq vermişdir. O, Qürbətə atasıgilin yaşadığı evə gedəcəyi üçün Kənanla birlikdə ora gəlmələrini, oradan onu çağırmalarını bildirmişdir. Onlarla danışandan sonra atasıgilə gəlmişdir. Sonra Qürbətə zəng vurub atası Əliyusifin kirayədə yaşadıqları evdə olduğunu, yarım saata oradan çıxacağını, görüşüb getmələrini bildirmişdir. Onun işi çıxdığından başı qarışmış, yarım saat keçməsinə baxmayaraq, o, Qürbətgilə zəng vurmamışdır. Qürbət isə Kənana atası Əliyusifin kirayədə yaşadığı evin onların evinin yaxınlığında olduğu üçün özlərinin gedib orada onunla görüşüb, elə oradan birlikdə çay içməyə getmələrini təklif eləmişdir. Kənan da Qürbətə razılıq verib birlikdə atasıgilin kirayədə yaşadıqları evə gəlmişlər. O, atasıgildə olarkən Kənan uca səslə onu çağırmağa və həyətin qapısını döyməyə başlamışdır. O, Kənan və Qürbətin onu ucadan çağırmalarını eşidib evdən çölə çıxıb qapını bərk döydüklərinə görə onlara irad tutmuşdur. Qürbət onların zənglərinə cavab verməməyinə, onlara qapını bərkdən döymələrinə görə irad tutmağına görə üstünə qışqırıb sinəsindən tutub onu əli ilə kənara itələmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Qürbət onu vurmaq istəyərkən Kənan araya keçib onları ayırmışdır. Bundan sonra o, “gözlə gəlirəm” deyib evə getmiş, evdə mətbəxdən bıçaq götürüb geri qayıtmışdır. Həyətin qaranlıq yerində Qürbətin üstünə gedib mətbəxdən götürdüyü bıçaqla Qürbətin sağ tərəf döş nahiyyəsinə bir dəfə vurmuşdur. Kənan bunu görüb araya keçmiş və Qürbəti kənara çəkmişdir. O, Kənanın yaralandığını görüb narahat olmuş, onu vurmaq istəmədiyini, onu bağışlamasını, üzr istədiyini bildirmişdir. Bu zaman atası Əliyusif çölə çıxıb onlara irad tutmuşdur. Atası Əliyusif və Kənan Qürbətin sinəsini tutduğunu və halının dəyişdiyini görüb onun qoluna girib onu yaşadıqları evə aparmışlar. O da öz yaşadığı evə getmişdir. Atasına Qürbətgilə gedib vəziyyəti ilə maraqlanmasını xahiş etmişdir. Qürbətin vəziyyəti pisləşdiyindən təcili tibbi yardım xidmətinə zəng vurub kömək istəmişdilər. Təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib Qürbətin sağ döş qəfəsindən vurulduğunu və vəziyyətinin pisləşdiyini görüb onu Respublika Klinik Xəstəxanasına aparmışlar. O isə qorxduğundan Ağdaş rayonuna getmişdir (iş vərəqə: cild İ, səh.61-63, 84-86, 161-163). Məhkəmə baxışı zamanı elan olunan ifadələri arasında fərqli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, əvvəlcə ibtidai istintaq zamanı o cür ifadə vermədiyini, sonra isə ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 06 fevral 2024-cü il tarixdə baş vermişdir. Həmin tarixdə təxminən hadisədən 1-2 saat əvvəl o, Təqsirləndirilən şəxs ilə çay içmək məqsədi ilə zəngləşərək əlaqə saxlamışdır. Daha sonra Şahid1 ilə birgə Sahibgilə getmişlər. Kənan qapını döydükdə Sahib çıxaraq Kənana acıqlı cavab vermişdir. Kənana niyə o formada cavab verdiyini başa düşməmişdir. Ola bilsin ki, həmin vaxt evdə nəyəsə əsəbi olmuşdur. Kənan Sahibə cavab vermək istəyən zaman o, Sahibə onların qohum olduğunu və Kənanla bu formada danışmamasını bildirmişdir. Bu zaman Sahib ona “qanmaz” demişdir. Bundan sonra Sahiblə aralarında mübahisə yaranmış, mübahisə zamanı Sahib içəri keçmiş və qayıtdıqdan sonra əlində nəsə gətirmişdir. Sahibin əlində nə olduğunu bilməmişdir. Daha sonra Sahiblə mübahisə zamanı içəridən əlində gətirdiyi əşya ilə ona zərbə vurmuşdur. Bundan sonra halı pisləşmiş, gözünü açdıqda artıq xəstəxanada olduğunu görmüşdür. Onu xəstəxanaya dayısı və Kənan aparmışdır. Hadisə baş verdikdən sonra Sahibi görməmişdir. Zərərçəkmiş şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxslə mübahisə edərkən Sahib ona bir dəfə zərbə vurmuşdur. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid2 təqsirləndirilən şəxsin yaxın qohumu (atası) olduğuna görə ifadə verməkdən imtina etdiyini bildirmiş, onun ibtidai istintaq zamanı şahid qismində dindirilməsinə dair cinayət işinin materiallarında olan protokol elan olunmaqla tədqiq edilmişdir. Şahid2 məhkəməyədək icraat zamanı 04 mart 2024-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində göstərmişdir ki, 06 fevral 2024-cü il tarixdə, saat 22:00 radələrində oğlu Sahib onlara gəlmişdir. Evdə olduqları zaman küçə qapısının bərkdən döyüldüyünü, sonra Sahibin uca səslə çağırıldığını eşitmişlər. Sahib onun çağırıldığını eşidib, onlara bir söz demədən evdən çölə çıxmışdır. Bir neçə dəqiqədən sonra Sahib evə gəlib mətbəxə keçib oradan nə isə götürüb tələsik yenidən evdən çölə çıxmışdır. O, narahat olub Sahibin ardınca çölə çıxmışdır. Çölə çıxarkən Sahibin, qardaşı nəvəsi Kənanın və bacısı oğlu Qürbətin qapının yanında dayandıqlarını görmüşdür. Sahibə nə olduğunu, niyə evə gəlmədiklərini soruşanda Sahib ona “Qürbətə kömək elə, onu vurdum” demişdir. Onlara irad tutub Qürbətə yaxınlaşmışdır. Qürbət sinəsini əli ilə tutmuşdur. O və Kənan Qürbətin halının pisləşdiyini görüb ona kömək edib evlərinə aparmışlar. Evdə Qürbətin vəziyyəti pisləşdiyindən təcili tibbi yardım xidmətinə zəng vurub kömək istəmişlər. Təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib Qürbətin sağ döş qəfəsindən vurulduğunu və vəziyyətinin pisləşdiyini görüb onu Respublika Klinik Xəstəxanasına aparmışlar. Orada Qürbəti əməliyyat edib, stasionar müalicəyə almışlar. Sonradan ona məlum olmuş ki, Sahiblə Qürbət mübahisə etmişlər. Mübahisə zamanı Qürbət Sahibi itələdiyindən Sahib yaşadığı evin mətbəxindən mətbəx bıçağını götürüb Qürbəti bir dəfə sinə nahiyyəsindən vurmuşdur. O, Sahibin Qürbəti vurmasının şahidi olmamışdır (iş vərəqə: cild İ, səh. 102-104). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 fevral 2024-cü il tarixdə çay içməyə getmək üçün Təqsirləndirilən şəxs zəng etmişdir. Sahib də razılaşmış və 30 dəqiqə sonra görüşə biləcəklərini demişdir. O, Zərərçəkmiş şəxs ilə birgə 30 dəqiqə sonra Sahibə yenidən zəng etdikdə Sahib zənglərini açmamışdır. Onlar da Sahibgilə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əsəbi olmuşdur. Ola bilsin ki, evdə nəyəsə əsəbləşmişdir. Sahib qapıdan çölə çıxıb onlardan niyə gəldiklərini soruşduqda Zərərçəkmiş şəxs ona çay içməyə getmək üçün gəldiklərini demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zənglərini açmamasını irad tutmuşdur. Bu zaman Qürbətlə Sahib mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Təqsirləndirilən şəxs gedib içəridən kurtkasını götürmüşdür. Sonra onlar yan-yana olarkən birdən Zərərçəkmiş şəxs ona nəyinsə dəydiyini demişdir. Qürbət ona nəyinsə dəydiyini dedikdən sonra o, Qürbəti aparmışdır. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, ibtidai istintaq zamanı işin halları ilə əlaqədar daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 fevral 2024-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanının qarşısında həyət evlərinin küçəsində baş vermişdir (iş vərəqə: cild İ, səh. 5-9). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 may 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ünvan 2 ünvanında hadisə yerini və hadisənin baş vermə mexanizmini göstərərək, verdiyi ifadəsini bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 133-135). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 may 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qolsuz mayka, bir ədəd uzunqol köynək və bir ədəd uzunqol gödəkçə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 132). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X1” X2 14 fevral 2024-cü il tarixli, 300 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sağ yarısının V qabırğaarası sahədən döş boşluğuna nüfuz edən, sağ döş daxili arteriyanın tam kəsilməsinə, ürək kisəsinin (perikardın) sağ yarısının zədələnməsinə və kəskin daxili qanaxmaya (sağ döş boşluğunda 1800 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 06 fevral 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə deşici-kəsici əşya ilə (alətlə), ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 115-119). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X1” X2 məhkəmə tibbi-bioloji ekspertizasının 26 fevral 2024-cü il tarixli, 112/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(l) /axtarış vərəqəsinin kserosurətinə əsasən/.- Ekspertizaya təqdim edilmiş bir ədəd qolsuz mayka, bir ədəd uzunqol polver və bir ədəd uzunqol gödəkçə üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. “H” antigeni O(l) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(l) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 121-124). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X1” X2 01 mart 2024-cü il tarixli, 82/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin, maykanın, gödəkcənin ön səthlərinin nisbətən sağ yarılarında hərəsində 01 (bir) ədəd olmaqla dəlib-keçən zədələr müşahidə olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(lərin) təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin arxa səthinin sağ qolunun tikiş xətti boyunca xətti bölünmə müşahidə olunmuşdur. Göstərilən zədənin kənarındakı tikiş saplarının bölünmə xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədə sökülmə zədəsi olub, paltarın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi (iş vərəqə: cild İ, səh. 126- 128). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 03 may 2024-cü il tarixli, 1223 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, onda hal-hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədilərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərinin özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur (iş vərəqə: cild İ, səh. 129-131). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 fevral 2024-cü il tarixli “tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 53). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 15 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.95-100). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 111). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh. 106-107). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi ərizə, şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 110). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir (iş vərəqə: cild İ, səh. 114). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti yoxdur (cinayət işinin materialları). Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən, məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə, saat 22 radələrində atası Şahid2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, dalan 1, döngə 1, 35 saylı fərdi yaşayış evinin qarşısında qohumluq münasibətlərində olduğu bibisi oğlu Zərərçəkmiş şəxs görüşmə barədə əvvəldən olan razılaşmalarına baxmayaraq, telefon zənglərinə cavab verməməsinə görə sonuncunun qeyd olunan ünvana digər qohumu olan Şahid1 ilə birlikdə gələrək ona irad bildirmələri ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evindən götürdüyü mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsindən bir dəfə vurub ona döş qəfəsinin ön səthinin sağ yarısının V qabırğaarası sahədən döş boşluğuna nüfuz edən, sağ döş daxili arteriyanın tam kəsilməsinə, ürək kisəsinin (perikardin) sağ yarısının zədələnməsinə və kəskin daxili qanaxmaya (sağ döş boşluğunda 1800 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamı mübahisələndirməmiş, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı mətbəxdən bıçağı götürdüyünü və Zərərçəkmiş şəxs vuraraq sonuncunun sağlamlığına zərər vurmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq, sağlamlığına ağır zərər yetirməsi təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsindən başqa, həmçinin zərərçəkmiş şəxsin, şahidlərin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd edilən ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və sübut növü hesab edilən sənədlərlə də öz təsdiqini tapmışdır. Göstərilən obyektiv və mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması, zərərçəkmiş şəxsin sağlamlığına zərər yetirməsinə şüurlu surətdə yol verərək, qəsdən həmin əməli törətməsi təsdiq olunmuş, həmçinin onun qəsdən törədilmiş, qeyri-qanuni və ictimai təhlükəli əməli, yəni qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayətini törətməsini zəruri edən heç bir obyektiv səbəblər olmamış və törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, bundan başqa onun himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə almaqla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan yuxarıda göstərilmiş cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bununla yanaşı, eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyi nəzərə alınarsa, yəni törədilmiş əməl nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına ağır zərər vurulması və təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilmə səbəbi kimi onun subyektiv qiymətləndirilməsi baxımından zərərçəkmiş şəxs olan bibisioğlunun ona irad bildirməsinə görə aralarında yaranmış mübahisə ilə bağlı gedib mətbəxdən bıçağı götürüb zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurması kimi işin hallarını (yəni istənilən adi həyati halda, öz subyektiv düşüncəsinə görə cüzi müzakirə və ya mübahisə halında təqsirləndirilən şəxsin ağır cinayət törətməsini) nəzərə alaraq onun barəsində şərti məhkum etmənin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməməlidir. Belə ki, şərti məhkumetmənin təyin edilməsi şəxsin islah olunması məqsədinə cavab verməlidir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır (CM-nin 70.1-ci maddəsi). Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Odur ki, göstərilənlərə əsasən şərti məhkum etmə institutunun onun barəsində tətbiq edilməsi təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiq hesab edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün də qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hallar müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Binəqədi Rayon Polis İdarəsində saxlanılan maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka, bir ədəd uzunqol köynək və bir ədəd uzunqol gödəkçə sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır, qəbul etmədikdə isə məhv edilməlidir. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, habelə ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Binəqədi Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka, bir ədəd uzunqol köynək və bir ədəd uzunqol gödəkçə sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar