Məhkəmə qərarları › İş №1(101)-351/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-351/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-351/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:15 -də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə iradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1972-ci il tarixdə Dəvəçi rayonu, Gil-Gil Çay ST-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsili, evli, fərdi əməklə məşğul olmuş, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşamış, ibtidai istintaq zamanı barəsində "başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 20,637 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 14 iyun 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:00-da Bakı şəhəri Nəsimi rayonu, X4 20 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 20,637 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, heç bir yerdə işləməmiş, əvvəllər məhkum olunmuş, lakin hal-hazırda məhkumluğu ödənilmiş, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 14 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda Şamaxinka deyilən yer tərəfdə təxminən X4nin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onlar ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Bundan sonra o, Nəsimi RPİ-nin 19-cu PB-nə dəvət olunmuş, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 2,5 qram narkotik vasitə heroin olmuşdur. Saxlanılan zaman həmin narkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüş, Nəsimi RPİ-nin 19-cu PB-də polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlətmiş, təxminən 20 qramdan artıq çəkidə narkotik vasitə heroinin ona aid olmasını boynuna götürməsinə məcbur etmişlər. Ağrıları olduğu üçün polis əməkdaşlarının təklifi ilə razılaşaraq, həmin çəkidə narkotik vasitə heroini götürmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o da həmin heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı, 01 (bir) ədəd içərisində 070 ***-**-** və ***-***-**-** simkart nömrələri olan “Philips” markalı mobil telefon və həmin şalvarın arxa sol cibindən 01 (bir) ədəd özünəməxsus şəxsiyyət vəsiqəsi və 100 (yüz) manat pul aşkar edilmişdir. O, saxlanılan zaman üzərində 2,5 (iki tam onda beş) qram narkotik vasitə heroin olmuş, həmin narkotik vasitə heroini tanımadığı İran İslam Respublikası vətəndaşı “Kamil” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində Şamaxinka deyilən yerdən 60 manata öz şəxsi istifadəsi üçün almış və satmaq məqsədi olmamış, heç vaxt heç kəsə narkotik vasitə satmamış, ***-***-**- ** saylı mobil nömrə daim onun istifadəsində olmuşdur. “qaqa sabah gedəndə məni lomkada qoyub getmə qardaşımsan yaxşı qaqa? Yoxsa olerem men lomkadan” məzmunlu SMS-i ona Sərxan adlı tanışı yazmışdır. Belə ki, Sərxan adlı tanışı ilə birlikdə narkotik vasitə istifadə etmiş və qarşılıqlı olaraq bir-birilərinə təmənnasız olaraq narkotik vasitə vermişlər. “qaqa 5 manat pulum var, gelim kola verdə mənə” məzmunlu SMS-dən ümumiyyətlə məlumatı olmamış, həmin mesajı ona kimin yazmasını başa düşə bilməmişdir. Heç bir zaman narkotik vasitələri satış məqsədi ilə əldə etməmiş, daşımamış, saxlamamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində hazırki iş üzrə xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclasında onun və müdafiəçisinin iş materialları ilə tanış olmaları üçün vaxt istəmələri səbəbindən xx.xx.2022-ci il tarixədək fasilə elan edildikdən sonra xx.xx.2022-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində şübhəli şəxs qismində saxlanılmış və üzərindən “Methodon 40” göstəricisi olan təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən 01 ədəd qəhvəyi rəngli, dairəvi formalı həb, 0,685 qram narkotik vasitə tiryək aşkar edilmişdir. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarına əsasən məhkəmə iclas zalından həbs edildikdən sonra onun üzərində olan müəyyən miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 14 iyun 2022-ci il tarixdə xx.xx.1972-ci il təvəllüdlü, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən BNMİ-nin rəhbərliyinin adına raportla müraciət olunmuş, daha sonra isə, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovniki Şahid1 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Sonra əldə edilmiş məxfi məlumat əsasında Təqsirləndirilən şəxs gedə biləcəyi ünvan müəyyən edilmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 14 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X4 20 saylı ünvanın yaxınlığına BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə yollanmışdır. Onlar birlikdə 14 iyun 2022-ci il tarixdə, saat 16:40 radələrində həmin ünvanda bir müddət gözlədikdən təxminən 20 dəqiqə sonra, saat 17:00-da Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman ona yaxınlaşıb özlərini ona təqdim etmişlər. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə polis bölməsinə dəvət etmişlər. Həmin vaxtı orada əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq onu 19-cu PŞ-nə gətirmişlər. Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasının xidməti otaqların birində DİN-nin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1, eləcə də, təyin edilmiş vəkilin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni onlara təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən, 01 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı, 01 (bir) ədəd içərisində ***-***-**-** nömrəsi olan “Phiplips” markalı mobil telefon və həmin şalvarın arxa sol cibindən 01 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 100 (yüz) manat pul aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 22.68 qram (iyirmi iki tam yüzdə altmış səkkiz) qram olmuş, həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, 100 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Kamil” adlı şəxsin vasitəsi ilə “bir” gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 500 (beş yüz) manata öz istifadəsi və satmaq məqsədi ilə əldə etdiyini, “Kamil” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını, əldə etdiyi narkotik vasitədən tanımadığı şəxslərə 01 (bir) qramını 30 (otuz) manata satdığını, əvvəllər məhkum olunduğunu, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində 19-cu PŞ-də üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitənin 20 qramdan az olduğunu bildirməsi həqiqətə uyğun deyil. Onun üzərindən çıxan narkotik vasitə heroin elə şəxsi axtarış zamanı tərəzidə ölçülmüş və 20 qramdan artıq olmuşdur. Şəxsi axtarış zamanı videoçəkiliş də aparılmış, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovniki Şahid1 ifadəsində göstərdi ki, 14 iyun 2022ci il tarixdə xx.xx.1972-ci il təvəllüdlü, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Şahid2 tərəfindən BNMİnin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Sonra BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Sonra əldə edilmiş məxfi məlumat əsasında Təqsirləndirilən şəxs gedə biləcəyi ünvanı müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında 14 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X4 20 saylı ünvanın yaxınlığına BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə yollanmışlar. 14 iyun 2022-ci il tarixdə, saat 16:40 radələrində həmin ünvanda bir müddət gözlədikdən təxminən 20 dəqiqə sonra, saat 17:00-da Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə polis bölməsinə dəvət etmişlər. Əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq 19-cu PŞ-nə gətirmişlər. 19-cu PŞ-nın inzibati binasının xidməti otaqların birində DİN-nin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmişdir. BNMİ-nin əməliyyat müvəkkili Şahid2, eləcə də, təyin edilmiş vəkilin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən, 01 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı, 01 (bir) ədəd içərisində ***-***-**-** nömrəsi olan “Phiplips” markalı mobil telefon və həmin şalvarın arxa sol cibindən 01 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 100 (yüz) manat pul aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 22.68 qram (iyirmi iki tam yüzdə altmış səkkiz) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və müdafiəçi, tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, 100 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı “Kamil” adlı şəxsin vasitəsi ilə “bir” gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 500 (beş yüz) manata öz istifadəsi və satmaq məqsədi ilə əldə etdiyini, “Kamil” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını, əldə etdiyi narkotik vasitədən tanımadığı şəxslərə 01 (bir) qramını 30 (otuz) manata satdığını, əvvəllər məhkum olunduğunu, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroin, şəxsi axtarış zamanı tərəzidə ölçülmüş və 20 qramdan artıq olmuşdur. Şəxsi axtarış zamanı videoçəkiliş də aparılmış, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3352 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 20,637 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə 42-46) İş materiallarında olan ambulator məcburi-narkoloji yoxlamanın 15 iyul 2022-ci il tarixli 3822 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, Psixostimulyatorların və Kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 136-137) İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 1836 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik qeyd edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlini faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. (iş vərəqə 138-140) İş materiallarında olan 14 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdəki görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən, 01 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı, 01 (bir) ədəd içərisində ***-***-**-** nömrəsi olan “Phiplips” markalı mobil telefon və həmin şalvarın arxa sol cibindən 01 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 100 (yüz) manat pul aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 22.68 qram (iyirmi iki tam yüzdə altmış səkkiz) qram olmuş, daha sonra həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. (iş vərəqə 33-36) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***-***-**-**, ***-***- **-** saylı mobil nömrələrə dair əldə edilmiş Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(006)-329/2022 nömrəli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakı SMS məlumatlar aşkar edilmişdir. 1) 05-04-2022. 01:53:34 1.1.**********02 1.1.**********68 LOMKADAN OLUREM,CALİV TEZ GEL QAQA SEHER SUBMİTTED 2) xx-xx-2022 20:15:17 xx-xx-2022 20:15:18 1.1.**********02 1.1.**********68 Qaqa sabah gedende meni lomkada qoyub getme qardavvimsan,yaxvvi qaqa? Yoxsa olerem men lomkadan DELİVERED 3) 10-04-2022 12:29:46 1.1.**********02 1.1.**********68 Qaqa qardavrimsan imkan olsa dene xirda pati verersen SUBMİTTED 4) 11-05-2022 14:07:46 1.1.**********30 1.1.**********68 Qaqa bitike pan qoyarsanda, birdeki 30qepik verersen varindisa SUBMİTTED 5) 17-05-2022 21:31:21 xx-xx-2022 13:36:50 1.1.**********30 1.1.**********68 Qaqas calıvv tez gel.olurem lomkadan DELİVERED 6) 20-05-2022 17:38:59 1.1.**********30 1.1.**********68 Qaqa 5manat pulun var,gelim kola vorde mene SUBMİTTED 7) 20-05-2022 17 53 50 1:1 **********130 1.1.**********68 Qaqa 5manat verdə qardavmm, 3 manatada bitke patı verersende qardaşım SUBMİTTED (iş vərəqə 122-138) Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş Siyəzən rayon Polis Şöbəsinin 02 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanması” və 03 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz istifadəsində, saxlanılmasında şübhəli bilinərək saxlanılmış, onun barəsində AR CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmçinin, Siyəzən rayon Polis Şöbəsinin 03 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş “xüsusi məlumat”-dan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alındıqdan sonra üzərinə baxış keçirilərkən 15 ədəd şəffaf sellofan bükülünün içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər maddə, 08 ədəd şəffaf sellofan bükülünün içərisində ağ rəngli psixotrop vasitəyə oxşar maddə və üzərində M40 sözləri yazılmış 05 ədəd dərman preparatları aşkar edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız 2,5 qram narkotik vasitə heroin olması, ibtidai istintaq zamanı 20 qramdan artıq heroinin ondan aşkar edilməsini polis əməkdaşlarının təkidi nəticəsində qəbul etməsi, narkotik vasitələri satış məqsədi olmadan əldə edərək, üzərində saxlaması barədə ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, iş üzrə şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3352 nömrəli rəyi, 14 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** saylı mobil nömrələrə dair əldə edilmiş Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(006)-329/2022 nömrəli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokol və digər mötəbər sübutlar ilə tam təkzib olunur. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatında Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Kamil” adlı şəxsin vasitəsi ilə “bir” gün bundan əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 500 (beş yüz) manata öz istifadəsi və satmaq məqsədi ilə əldə etdiyini, “Kamil” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını, əldə etdiyi narkotik vasitədən tanımadığı şəxslərə 01 (bir) qramını 30 (otuz) manata satdığını qeyd etmişdir. (iş vərəqə 40-41) Daha sonra isə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində ona elan edilmiş ittihamın mahiyyətinin və mənasının ona aydın olmasını, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsini evli olduğunu, hal-hazırda heç bir yerdə işləmədiyini, əvvəllər məhkum edildiyini, lakin hal- hazırda məhkumluğunun ödənildiyini, uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini, 14 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda Şamaxinka deyilən yer tərəfdə təxminən X4nin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, Nəsimi RPİ-nin 19-cu PB-nə dəvət etdiklərini, orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələrinin elan olunduğunu və buna dair bildiriş təqdim edildiyini, bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanıldığını, şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunduğunu, bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoyduğunu, sonra üzərinə şəxsi axtarış keçirildiyini və əynimdə olan şalvarın sol yan cibindən l(bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı, 01 (bir) ədəd içərisində 070 ***-**-** və ***-***-**- ** simkart nömrələri olan “Philips” markalı mobil telefon və həmin şalvarın arxa sol cibindən l(bir) ədəd özünəməxsus şəxsiyyət vəsiqəsi və 100 (yüz) manat pul aşkar edildiyini, daha sonra üzərinə şəxsi axtarış keçirildiyini, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədiyini, daha sonra təqdim etdiyi heroini elektron tərəzidə çəkildiyini və heroinin çəkisinin 22,68(iyirmi tam yüzdə altımış səkkiz) qram olduğunu, lakin bunun düzgün olmadığını düşündüyünü, üzərində o qədər narkotik vasitə olmadığını, sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldığını, DİN-in 7 saylı möhürü ilə möhürləndiyini, üzəri müdafiəçi və təhqiqatçı tərəfindən imzalandığını, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon və l(bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürüldüyünü, 100 (yüz) manat pul isə özünə geri qaytarıldığını üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, lakin üzərindən aşkar olunan heroin 22 qram ola bilməməyəcəyini, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, ona görə əminliklə üzərində təxminən 3 qrama yaxın narkotik vasitə olduğunu deyə biləcəyini, həmin narkotik vasitə olan heroini tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Kamil” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində Şamaxinka deyilən yerdə əvvəlcədən təyin edilmiş yerdən 60 manata öz istifadəsi üçün aldığını və satmaq məqsədi olmadığını, heç vaxt heç kəsə narkotik vasitə satmadığını, ilkin araşdırma zamanı təhqiqata verdiyi izahatda əldə etdiyi narkotik vasitə heroinin 1 qramını tanımadığı şəxsə 30 manata satmağını qeyd etdiyini və hal hazırda narkotik vasitə satmadığını, ilkin izahatında qeyd etdikləri səhv olduğunu, heç vaxt narkotik vasitə satmadığını, sonuncu dəfədə aldığı narkotik vasitəni də öz istifadəsi üçün aldığını, hər gün narkotik vasitədən istifadə etdiyini, ***-***-**-** saylı mobil nömrə daim istifadəsində olduğunu, ***-***-**-** saylı nömrədən gələn “qaqa qardaşımsan imkan olsa 1 dene xırda patı verərəsən” SMS yazan nömrənin sahibi psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirdiyini, həmin nömrənin sahibini yaxından olmasa da tanıdığını, onun adının Sərxan olduğunu, lakin onun anket məlumatlarını bilmədiyini, Sərxan ilə birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etdiklərini, onun harada yaşamasını bilmədiyini, həmin SMS-dən sonra Sərxanla Şamaxinkada görüşdüyünü və ona, patı istifadə etmədiyini, kakos olduğunu, “istəyirsənsə gəl birlikdə istifadə edək” dediyini, onun kakos istəmədiyini bildirdiyini bundan sonra sağollaşdıqlarını və Sərxanın çıxıb getdiyini, kakos dedikdə heroin nəzərdə tutduğunu, patı dedikdə isə psixotrop maddə metanfetamin nəzərdə tutduğunu, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 055-890- 11-30 saylı nömrədən göndərilmiş “ Qaqa bir tikə patı qoyarsan , birdəki 30 qəpik verərsən varındısa” SMS göndərən şəxsin psixotrop maddə olan metafetamin istədiyini, həmin şəxs Patı yazdıqda metamfetamini nəzərdə tutduğunu, həmin şəxs narkotik vasitə istifadəçisi olduğunu, bir neçə dəfə bir yerdə narkotik vasitə heroin vurduğunu, bu nömrənin də Sərxana məxsus olduğunu, bu mesaji Sərxanın yazdığını, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən göndərilmiş “qaqa sabah gedəndə məni lomkada qoyub getmə qardaşımsan yaxşı qaqa? Yoxsa olerem men lomkadan “SMS-in və nömrənin Sərxana məxsus olduğunu və Sərxanla bağlı məlumat verdiyini, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən göndərilmiş “ Qaqa 5 manat pulum var, gelim kola verdə mənə” SMS - göndərən şəxsi tanımadığını, həmin şəxsin kola dedikdə ola bilsinki, heroin nəzərdə tutduğunu, ona heç bir narkotik vasitə və ya psixotrop maddə satmadığını, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***- ***-**-** saylı nömrədən göndərilmiş “qaqa 8 manat verdi qardaşım, 3 manatda bitikə pati verərsəndə qardaşım “SMS barədə nömrənin sahibini tanımadığını, SMS-i oxumadığını, cavabda vermədiyini, bu barədə heçnə deyə bilməyəcəyini, bir neçə dəfədə nağd pul verib Kamildən narkotik vasitəni aldığını, bəzi vaxtlarda isə Kamil narkotik vasitəni qoyduğu yeri ona dediyini bank kartına pul vurub sonrada narkotik vasitəni gedib götürdüyünü, narkotik vasitə almaq üçün pul göndərdiyi bank kartını nömrəsinin yadında olmadığını, narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsindən xəbərdar olmadığını və məlumatının olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və 19-cu polis Şöbəsində olan zaman hər hansısa bir xəsarət almadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki və psixi zorakılıq tətbiq edilmədiyini, üzərinə Nəsimi RPİ 19-cu PŞ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildiyini, təhqiqat araşdırması zamanı İran İslam Respublikası vətəndaşı “Kamil” adlı şəxsin vasitəsilə bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu, ərazisində əvvəlcədən təyin edilmiş yerdən 500 manata öz istifadəsi və satmağı üçün narkotik vasitə əldə etdiyini, əldə etdiyiniz narkotik vasitəni tanımadığı şəxslərə qramını 30 manatdan satdığını bildirdiyini, lakin bunun həqiqətə uyğun olmadığını, 500 manata narkotik vasitə almadığını, 60 manata öz istifadəsi üçün təxminən 3 qrama yaxın heroin aldığım, onun kartına 60 manat pulu vurduğunu və sonra gedib narkotik vasitəni Kamilin gizlətdiyi yerdən götürdüyünü, Kamilin narkotik vasitəni harada gizlətdiyi dəqiq yadında olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təhqiqat zamanı izahatında, təqsirləndirilən şəxs qismində ifadəsində, eləcə də məhkəmədə verdiyi ifadəsində bir-biri ilə ziddiyyətli izahat və ifadələr vermişdir. Digər mötəbər sübutlarla yanaşı, qeyd edilən hallar da təqsirləndirilən şəxsin qeyri-səmimiliyinə dəlalət edir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi çəkisi 20,637 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Digər tərəfdən, narkotik vasitənin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən və Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Abasov X2 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin qeyd edilən tələbnamədən görünür ki, Abasov X3 Federasiyasında xx.xx.1993, xx.xx.2001, xx.xx.2004-cü il tarixli hökmlərə əsasən məhkum olunmuşdur. (iş vərəqə 105-107; 114-121) Beləliklə, Azərbaycan Respublikasının CM-nın 83.3.3-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 24) İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 16 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. (iş vərəqə 84-85) İş materiallarında olan 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 86-87) Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(101)- 1870/2022 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs məhkəmə prosesi davam etdirildiyi dövrdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətdiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılmalı və onun cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 15 iyul 2022-ci il tarixli 3822 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 20,637 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,537 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntü olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Philips”, 01 ədəd “Samsung” markalı mobil telefonların və onların içərisində olan danışıq kartlarının xx.xx.2022-ci il tarixli qəbzə əsasən, təqsirləndirilən şəxsin oğlu X1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq, ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 07 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,537 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Philips”, 01 ədəd “Samsung” markalı mobil telefonların və onların içərisində olan danışıq kartlarının xx.xx.2022-ci il tarixli qəbzə əsasən, təqsirləndirilən şəxsin oğlu X1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar