Məhkəmə qərarları › İş №1(101)-352/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-352/2019

27.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-352/2019 27.05.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məsləhətçi Eyvazov Həsən Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1988-ci ildə Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 50 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş,xx xxxxxxx 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5, 228.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq qaz silahını əldə edib gəzdirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmiş və qaz silahını tətbiq etməklə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin may-iyun aylarında naməlum mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğu olan qaz silahını əynindəki gödəkçənin cibində saxlamaqla, xx xxxxxxxx 2018-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, “Ukrayna» dairəsi yaxınlığında, Neapol küçəsi ilə N.Tusi küçəsinin kəsişməsində yerləşən Heydər Əliyev adına istirahət parkında əyləşib söhbət edən Şahid1 ilə Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncunu söhbət etmək adı ilə kənara çəkib ona özbaşına özünü vəzifəli şəxs kimi, yəni polis işçisi kimi təqdim edərək Zərərçəkmiş şəxs hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozaraq, sonuncunun ictimai qaydanı pozduğunu bildirib ondan pul tələb etmiş və vermədiyi təqdirdə polis bölməsinə aparmaqla hədələmiş, Zərərçəkmiş şəxs heç bir qanunsuz hərəkətlərə yol vermədiyini dedikdə, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə gödəkçəsinin cibində olan qaz silahını çıxardıb tətbiq edərək Zərərçəkmiş şəxs üzünə doğru istiqamətləndirib püskürtməklə hədələmiş, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncudan pul tələb etmiş, Zərərçəkmiş şəxs özünü qaz silahından qorumaq üçün əlləri ilə üzünü tutduqda, Təqsirləndirilən şəxs yumruqla onu sifətindən vurub yerə yıxdıqdan sonra təpiklə də vuraraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən üst dodağın iç səthinin ağızın selikli qişasının səthi əzilmiş yarası, başın təpə nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları xəsarətləri yetirmiş və Zərərçəkmiş şəxs əynindəki şalvarın sağ yan cibində olan iki ədəd 50 (əlli) manatlıq əsginasları ələ keçirib talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 100 (yüz) manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2008-ci il tarixdən 2015-ci il tarixədək Daxili İşlər nazirliyinin X1 Alayında polis nəfəri işləmiş və 2015-ci ildə könüllü olaraq öz ərizəsi ilə işdən azad olunmuşdur. Bundan sonra heç yerdə işləməmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə saat 21 radələrində Xətai rayonu, «Ukrayna» dairəsi yaxınlığında yerləşən Heydər Əliyev adına parkdan keçən zaman ağaclıq və qaranlıq hissədə bir oğlanla qızın əxlaqsız hərəkətlər etdiyini görmüş, onlara yaxınlaşaraq oğlanı kənara çağırmış və polis işçisi olduğunu deyərək barəsində tədbir görəcəyini bildirmişdir. Həmin vaxt oğlan onun polis işçisi olduğuna inanmış, baş verənləri öz aralarında həll etməyi xahiş edərək ona 100 manat pul təklif etmişdir. O, həmin oğlanın təklifi ilə razılaşıb 100 manat pulu ondan alaraq oradan uzaqlaşmışdır. Polis işçisi olduğunu dediyi vaxt həmin oğlan özü ona pul təklif etmiş, o, həmin oğlanı qaz balonu ilə hədələməmiş, oğlanı vurub yerə yıxmamış və əlini salıb oğlanın cibindən pul götürməmişdir. Polis işçiləri onu tutarkən üzərində aşkar olunmuş qaz balonunu o, hadisədən təxminən 4-5 ay əvvəl, yəni 2018-ci ilin may-iyun aylarında həmin parkda pilləkənlərin yanında tapmış və həmin vaxtdan üstündə saxlamışdır. Qaz balonunu tapması barədə heç kimə heç nə deməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs hadisə vaxtı onda qaz silahı olmadığını, həmin qaz silahını o, hadisədən sonra tapdığını, özünün hadisə baş verən ərazidə yaşadığını, etdiyi əmələ görə peşman olduğunu, Ülvinin ona verdiyi pulu geri qaytardığını, özünü Ülviyə polis əməkdaşı kimi təqdim etmədiyini, ona elan olunmuş ittihamlardan CM-nin 181-ci maddəsini qəbul etmədiyini, hadisə vaxtı Ülviyə fiziki zərər yetirmədiyini, üzərində gəzdirdiyi qaz balonunu yoxladığını və həmin qaz balonunun yararsız olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxxxx 2018-ci il tarixdə saat 19 radələrində nişanlısı Samirə ilə birlikdə işdən çıxıb Ukrayna dairəsi yaxınlığındakı H.Əliyev parkına gəlmişlər. Orada bir ağacın altında oturub söhbət edərkən saat 20 radələrində sonradan adının Şaban olduğunu bildiyi təqsirləndirilən şəxs onlara yaxınlaşıb ona bir dəqiqəlik kənara çəkilməyi təklif etmişdir. O, yerindən durub həmin oğlana yaxınlaşmış, sonuncu özünü polis əməkdaşı leytenant Məmmədov kimi ona təqdim edərək burada nə etdiklərini soruşmuşdur. O, söhbət etdiklərini bildirdikdə, Şaban parkın söhbət yeri olmadığını deyib, onunla mübahisə etməyə başlamışdır. O, qohumlarının polis əməkdaşları olduğunu, buna görə də qanunlardan xəbəri olduğunu dedikdə, Şaban onu özündən kənara itələyərək cibindən gözyaşardıcı qaz balonu çıxardıb onun üzünə tutmuş, o, ehtiyat edib qolunu gözünə tutduğu zaman həmin oğlan yumruqla onun sifətindən bir dəfə vurmuşdur. Zərbənin təsirindən o, arxası üstə yerə yıxılmış, həmin oğlan 1-2 dəfə təpiklə onun başına vurmuş, həmçinin qaz balonunu tətbiq edəcəyi ilə hədələyib ondan pul tələb etmiş və onu polis bölməsinə aparmaqla hədələmişdir. O, pul verməyəcəyini dedikdə, Şaban onun halsızlığından istifadə edib əlini cibinə salaraq zorla sağ cibində olan iki ədəd 50 manatlıq əsginasları götürmüşdür. Həmin vaxt Samirə qışqıraraq oğlanı itələməyə cəhd etsə də, gücü çatmamışdır. Pulu götürdükdən sonra Şaban oradan qaçıb getmiş, bundan sonra o, ayağa qalxmış və Samirəni evə yola salıb həmin yerə qayıtmışdır. Lakin ondan pul götürən oğlanı orada tapa bilməmiş, dostu Cavidə və qardaşı İlkinə zəng edib başına gələnləri bildirməklə onları H.Əliyev parkına çağırmışdır. Onlar gəldikdən sonra birlikdə onu soyan şəxsi axtarsalar da, həmin oğlanı tapa bilməmişlər. Bundan sonra o, hadisə barədə DİN-nin «102» xidmətinə zəng edib məlumat vermiş və 35-ci polis bölməsinə gedib ərizə yazmışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisə zamanı nişanlısı Samirənin onun yanında olduğunu, həmin vaxt ərazidə onlardan başqa tanımadığı 5-6 nəfərin də olduğu, lakin həmin şəxslərin onların aransında olan davaya müdaxilə etmədiklərini, Şabanın özünün əlini onun cibinə salıb 100 manat pulu götürdüyünü, qaz balonunu onun sifətinə tutsa da, ona qarşı püskürtmədiyini, Şabanın özünü ona leytenant Məmmədov kimi təqdim etdiyini, həmin vaxt ona vurub xəsarət yetirdiyini, birinci cəhdində Şabanın əlini onun cibinə salıb pulunu götürdüyünü, sonradan istintaq zamanı həmin 100 manatın Şabanın yaxınları tərəfindən ona qaytarıldığını, hazırda təqsirləndirilən şəxslə barışmadığını, ona cəza təyin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və bununla bağlı xx.xx.2019-cu il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2018-ci il tarixdə saat 20 radələrində nişanlısı Zərərçəkmiş şəxs ilə «Ukrayna» dairəsi yaxınlığındakı H.Əliyev parkına gəlmiş və orada bir ağacın altında oturub söhbət edərkən saat 20 radələrində bir nəfər tanımadığı oğlan onlara yaxınlaşmışdır. Həmin oğlan Ülvini kənara çəkmiş, o, üzünü çevirib onlardan bir qədər aralanaraq kənarda durmuş və birdən səs eşitdikdə baxarkən Ülvinin yerdə uzandığını, həmin oğlanın isə Ülvini vurduğunu, əlində olan qaz balonunu Ülvinin üzünə tuşlayıb Ülvidən pul tələb etdiyini görmüşdür. Sonra tanımadığı, lakin istintaq vaxtı adının Şaban olduğunu bildiyi həmin oğlan əlini salıb Ülvinin cibindən 2 ədəd 50 manatlığı çıxardıb öz cibinə qoyaraq oradan uzaqlaşmışdır. Hadisə baş verən vaxt o, qışqıraraq həmin şəxsi Ülvidən kənarlaşdırmaq istəsə də, buna gücü çatmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən gün saat 22 radələrində evdə olduğu vaxt qardaşı Ülvi onun mobil telefonuna zəng vuraraq «Ukrayna» dairəsi yaxınlığındakı H.Əliyev parkına gəlməsini xahiş etmişdir. O, həmin parka gəldikdə Ülvi nişanlısı Samirə ilə oturub söhbət etdikləri vaxt bir nəfərin ona yaxınlaşıb özünü polis kimi təqdim edərək ondan pul istədiyini, pul vermədikdə həmin şəxsin qaz balonu çıxarıb Ülviyə hədə-qorxu gələrək vurub yerə yıxdığını və cibindən 100 manat pulunu götürüb getdiyini bildirmişdir. Bundan sonra onlar hadisə yerinə gələn Cavidanla birlikdə ətrafı gəzsələr də, həmin şəxsi tapa bilməmişlər. Buna görə də, Ülvi «102» xidmətinə zəng edib baş verənlər barədə polisə məlumat vermiş, həmçinin 35-ci Polis bölməsinə gedərək ərizə yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon Polis idarəsi Post-Patrul Xidməti bölüyünün manqa komandiri Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxx 2018-ci il tarixdə saat 20 radələrində iş yoldaşları Nurlan Əzimli və Elmir Məmmədovla birlikdə Xətai rayonu, «Ukrayna» dairəsi yaxınlığında yerləşən H.Əliyev adına istirahət parkında xidmət apararkən, təxminən 18 yaşlı bir nəfər onlara yaxınlaşaraq demişdir ki, parkda bir nəfər mülki geyimli şəxs var və həmin şəxs bir neçə gün əvvəl ona yaxınlaşıb özünü polis işçisi kimi təqdim edərək ondan pul istəmişdir. Şahid3 ifadəsinə görə, verilmiş məlumat əsasında onlar həmin şəxsin arxasınca getmiş, mülki şəxs onlara özünü polis işçisi kimi təqdim edən şəxsi göstərmişdir. Sonuncu, onları görən kimi qaçmağa başlamış və onlar da arxası ilə qaçıb həmin şəxsi tutmuşlar. Saxladıqları şəxs əvvəlcə özünün polis işçisi olduğunu demiş, onlar həmin şəxsdən xidməti vəsiqəsini tələb etdikdə, sonuncu, vəsiqəsi olmadığını dediyindən onlar çağırdıqları PPX avtomaşını ilə tutduqları şəxsi Xətai RPİ-nin 35-ci Polis bölməsinə gətirərək raportla təhvil vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli raportdan və ərizədən görünür ki, həmin tarixdə saat 22:01-də DİN-nin “102” xidmətindən Xətai rayonu, M.Hadi küçəsi, ev 2942 a, mənzil 11 ünvanında yaşayan Zərərçəkmiş şəxs “Ukrayna” dairəsi H.Əliyev adına parkda tanışı ilə oturduğu vaxt mülki geyimdə olmaqla özünü polis əməkdaşı leytenant Məmmədov kimi təqdim edən şəxsin onu döyərək cibindən 100 manat pulunu götürməsi barədə məlumat daxil olmuş, həmçinin Zərərçəkmiş şəxs Xətai RPİ 36-cı Polis bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir (cild 1, iş vərəqi 6-7). Xətai RPİ-nin 35-ci Polis bölməsində aparılan ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən, habelə cinayət işi üzrə aparılan istintaq zamanı ifadəsi hadisə yerində yoxlanılarkən Zərərçəkmiş şəxs ərizəsində, izahatında və ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, hadisə baş verən yeri göstərmiş və bu barədə fotoçəkilişdən istifadə etməklə protokollar tərtib edilmişdir (cild 1, iş vərəqi 10-14, 105-107). Cinayət işində olan xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, aparılmış istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və bu zaman Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs ona qarşı cinayət əməli törətməsində bir daha ifşa etmişdir (cild 1, iş vərəqi 65-67). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 896 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs üst dodağın iç səthinin ağızın selikli qişasının səthi əzilmiş yarası, başın təpə nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (cild 1, iş vərəqi 114-115). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 32682/32683 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zavod üsulu ilə qablaşdırılmış, üzərində “Condor Spray GL 108 CS...0,5 qr/80 ml İndustria...Brasil” əmtəə göstəriciləri olan 1 ədəd aerozol tipli balonun içərisindəki maddənin tərkibi bibər qoxusuna bənzər sarımtıl rəngli yanar maddədən (o-xlorobenzilidenemalononitril), etil spirtindən və digər qaz qarışıqlarından ibarət olub, istifadəyə yararlıdır. Təqdiqata təqdim edilmiş bir ədəd predmet – zavod üsulu ilə istehsal edilmiş, göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğudur, qaz silahıdır ( cild 1, iş vərəqi 145-146). İbtidai istintaq orqanının xx xxxxxx 2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğu olan qaz silahı iş üzrə maddi sübut kimi tanınmış və xx.xx.2018-ci il tarixli məktubla saxlanılması üçün Xətai rayon Polis idarəsinə göndərilmişdir (cild 1, iş vərəqi: 187, 191). Cinayət işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən, ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 50 ünvanında qeydiyyatda olmaqla yaşamış, ərazi üzrə müsbət xarakterizə olunur və himayəsində iki nəfər azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 170-171, 195). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx xxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 175-176). Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı özünün müdafiəsi üçün dəlillər gətirərək, Zərərçəkmiş şəxs qaz balonu ilə hədələməməsi, vurub yerə yıxmaması və əlini salıb onun cibindən pul götürməməsini göstərmişdir. Lakin məhkəmə baxışı zamanı həmin dəlillər yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib edildiyindən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin mövqeyini öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən, CM-nin 310-cu maddəsi ilə olan əməl az ağır, CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş əməl isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, 15.3-cü maddəsinə müvafiq, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinə əsasən isə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 310 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsin əsasən, təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşağın olmasını, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut – Xətai rayon Polis idarəsində saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal edilmiş göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğu olan qaz silahı məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 137 (yüz otuz yeddi) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab olunan 137 (yüz otuz yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5, 228.4 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il müddətə, 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Xətai rayon Polis idarəsində saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal edilmiş göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğu olan qaz silahı məhv edilsin. Cinayət işi üzrə məhkəmə məsrəfləri hesab olunan 137 (yüz otuz yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar