Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-354/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1993-cü il fevralın 22-də Cəlilabad rayonunun Əliqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2017-ci il 31 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 30 yanvar tarixli qərarı ilə cəzası 02 il 08 ayadək artırılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 08 noyabr tarixli qərarına əsasən cəzasından 07 ay 22 gün şərti olaraq vaxtından əvvəl azad edilməklə 2020-ci il iyulun 01-də cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, Cəlilabad rayonunun Əliqasımlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına və digər zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il martın 12-də saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov ilə Yəhya Hüseynov küçələrinin kəsişməsindəki Bakı-Sumqayıt şosesinin körpü hissəsinin aşağı istiqamətində texniki cəhətdən saz vəziyyətdə olan AD seriyalı 659888 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında Zərərçəkmiş şəxs3 məxsus «BMW 523İ» markalı **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirildiyi halda buna əməl etməmiş, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnaməsi olmadan, həmçinin sərxoş halda idarə etmiş, habelə həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda göstərilən qaydalara riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da buna əməl etməmiş, hərəkət üçün təhlükə yaradacağını, hərəkətinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, bunun qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənmiş, lakin idarəetməni itirərək avtomobil səkinin oval hissəsi istiqamətində qalxıb körpünün sütun hissəsi ilə hərəkət hissəsinin səkisinin kənarına çırpılmaqla aşmış, nəticədə avtomobilin qabaq oturacağında sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs2 başın alın, sağ qaşüstü və almacıq nahiyələrinin, burun və sağ gözaltı nahiyələrin sıyrıqları, alın, təpə və sağ gicgah nahiyələrində başın yumşaq örtüyü altına qansızmalar, alın, təpə və sağ gicgah sümüklərinin qəlpəli basılmış sınıqları, alın və təpə paylarında baş beyinin sərt və yumşaq qişaları altına və toxumasına qansızmalar kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ölümünə, avtomobilin arxa oturacağında sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs1 başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə nahiyəsinin əzilmiş yaraları, iki tərəfli hematoraks, sağ ağciyərin əzilməsi, döş sümüyünün xətti sınığı ilə müşayiət olunan döş qəfəsinin qapalı travması, onurğa beyninin döş hissəsinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan TH4 və TH5 fəqərələrinin sınıq-çıxığı, bədəninin müxtəlif nahiyələrinin sıyrılmış yaraları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağir zərərvurmaya aid xəsarətlər yetirilməsinə, eləcə də «BMW 523İ» markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs3 15.000 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2021-ci il martın 11-də saat 15 radələrindən sonra dostu olan həmkəndlisi Zərərçəkmiş şəxs2 və digərləri ilə Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki «Məmmədoğlular» avtoservisinin yaxınlığında yerləşən, adını bilmədiyi kafedə iş yoldaşı Zərərçəkmiş şəxs1 ad günü məclisində iştirak edərək 150-200 qram araq qəbul etmiş, 2021-ci il martın 12-də saat 01 radələrində məclis başa çatmış və o, qardaşı Zərərçəkmiş şəxs3 «BMW» markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yola çıxmaqla həmin nəqliyyat vasitəsini normal sürətlə özü idarə etmişdir. Göstərilən vaxt Zaur arxa, Şahin isə qabaq sağ oturacaqda oturmuşlar. Sonuncunu yaşadığı yerə düşürmək üçün Abşeron rayonunun Xırdalan şəhəri istiqamətində sürmüş, bu zaman sulu qar yağdığından ilk dəfə getdiyi yolu görmək çətin olmuş, qəflətən körpüyə çatdıqlarını gördükdə dərhal əyləci bassa da avtomaşın sürüşüb yolun kənarındakı səkiyə qalxaraq sol yanüstə aşmaqla avtomobilin qabaq hissəsi körpüyə çırpılmışdır. O huşunu itirmiş, ayılanda artıq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmış, onun baş nahiyəsində zədələr olmuş və qulağından qan axmış, təxminən bir həftə müalicə almış və xəstəxanadan çıxandan sonra hadisə nəticəsində Şahin öldüyünü, Zaurun isə ayağının sındığını bilmişdir. Hazırda o, zərər çəkmiş şəxsin hüquqi varisi və qardaşı olan zərər çəkmiş şəxs ilə barışıq əldə etmişdir. Əməlindən peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə uyğun ifadə verib əlavə olaraq göstərdi ki, sonuncu avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin içərisi ilə Bakı-Sumqayıt şosesi istiqamətində yüksək sürətlə idarə etmiş, onunla salonda əyləşən Zərərçəkmiş şəxs2 bir neçə dəfə sürətini azaltması barədə xəbərdar etsələr də Emil spirtli içkinin təsirində olduğundan sözlərinə məhəl qoymamışdır. Hava yağmurlu və çiskinli, yolun səthi asfalt olmuş, qarşıda və ətrafda fikri yayındıracaq maneə və ya avtomaşın olmamışdır. Düzünə hərəkət etdikdən sonra Emil sağ tərəfə, yəni Bakı-Sumqayıt şosesinə dönməmiş, körpünün altında olan yolun kənarına qalxmaqla körpünün altına çırpılmış, bundan sonrasını xatırlamamış, xəstəxanada ayıldıqda Şahinin öldüyünü öyrənmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 qardaşı olan Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadə verib bununla yanaşı göstərdi ki, ona məxsus «BMW 523İ» markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətə düşərək nəticədə ona ümumilikdə 15.000 manat məbləğində maddi ziyan dəymiş, qardaşı ilə barışmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş X4 ibtidai araşdırmada zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilərkən onun övladı Zərərçəkmiş şəxs2 1994-cü il iyulun 07-də anadan olduğunu, sonuncunun Təqsirləndirilən şəxs ilə bir müəssisədə cəza cəkdikləri vaxt tanış olduğunu, axır zamanlar oğlunun onun işlədiyi "xxxx" MTK-da yanında fəhlə kimi hörgü işi ilə məşğul olduğunu, 2021-ci il martın 11-də saat 17 radələrində Şahinin işdən kiminsə ad gününə getdiyini, 2021-ci il martın 12-də saat 00 radələrindən sonra oğluna zəng etdikdə telefona başqa şəxsin cavab verib Bakı şəhərinin Binəqədi rayonundakı körpünün aşağısından keçən şosedə yol-nəqliyyat hadisəsinin baş verdiyini və Şahinin həmin qəzada xəsarət almasını dediyini, dərhal arvadı ilə hadisə yerinə gələndə oğlunun öldüyünü müəyyən etdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 37-38). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai araşdırmada şahid qismində dindirilərkən onun 2021-ci il martın 12-də saat 01 radələrində «Hyundai» markalı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən yaşadığı ev istiqamətində idarə etdiyi vaxt körpünün altından keçən şosedə bir avtomaşının aşdığını müşahidə etdikdə tez DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini, başqaları ilə birlikdə köməkləşib salonda olan sürücünü və iki sərnişini kənara çıxardıqlarını, sonunculardan birinin artıq keçindiyini eşitdiyini, avtoqəzanın hansı şəraitdə baş verməsini görmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 65-66). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai araşdırmada şahid qismində dindirilərkən Bakı şəhəri 17 saylı köməkçi TTY stansiyasında səyyar həkim işlədiyini, 2021-ci il martın 12-də saat 01 radələrində növbədə olduğu zaman 103 xidmətindən yol-nəqliyyat hadisəsi baş verməsi və yaralı olması barədə məlumat daxil olduğundan həkim briqadasının tərkibində təcili olaraq Bakı şəhərinin Binəqədi rayonundakı körpünün altından keçən şosedəki hadisə yerinə çatmaqla qəzaya uğrayan avtomobilin salonundan başqa şəxslər tərəfindən iki nəfərin çölə çıxarıldığını, sonunculardan birini xəstəxanaya apardıqlarını bildirdiklərini, digəri artıq öldüyündən meyiti polisə təhvil verdiklərini, orada olan polis əməkdaşlarından onlar gələnədək qeyd edilən avtomaşından bir nəfər şəxsin də çıxarılıb xəstəxanaya göndərildiyini öyrəndiklərini göstərmişdir (1-ci cild, iş vərəqi 82-83). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 12 mart tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi ilə Yəhya Hüseynov küçələrinin kəsişməsindəki Bakı-Sumqayıt şosesinin körpü hissəsində olan hadisə yerinə baxış vaxtı körpünün alt hissəsində yol kənarından oval hissəyə qədər 07 metr tormoz izi olması, izlərdən «BMW 523İ» markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirməklə körpünün alt hissəsindən oval yol kənarı hissə ilə qalxaraq körpünün altında olan sütunlara çırpılması, avtomaşının dam hissəsinin əzik, dağınıq və batıq olmaqla arxa şüşəsinin, yan qapıların, motor hissə qapısının, sol və sağ qanad hissələrinin, bamper və bütün hissələrdə əzik və qatlanmalar, dağınıqlar aşkarlanmış, hadisə yerinin sxemi və fotoşəkillərin surətləri protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 5-15). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qan nümunəsi götürülmüşdür (1-ci cild, iş vərəqi 24). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin meyitin ekspertizasına dair 2021-ci il 06 aprel tarixli 52 №-li ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində başın alın, sağ qaşüstü və almacıq nahiyələrinin, burun və sağ gözaltı nahiyələrinin sıyrıqları, alın, təpə və sağ gicgah nahiyələrində başın yumşaq örtüyü altına qansızmalar, alın, təpə və sağ gicgah sümüklərinin qəlpəli basılmış sınıqları, alın və təpə paylarında baş beyinin sərt və yumşaq qişaları altına və toxumasına qansızmalar həyati olub mərhumun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olaraq sonuncunun ölümünə səbəb nəqliyyat travması nəticəsində alın, təpə və sağ gicgah sümüklərinin qəlpəli sınıqları, baş beyinin sərt və yumşaq qişaları altına və toxumasına qansızmalar olmuş, meyitdən götürülən qanda etil spirti və narkotik maddə aşkarlanmamış; fotocədvəllər rəyə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 41-46). İş materiallarında olan tarixsiz ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 avtomobilinə dəyən ziyana görə qardaşı olan Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur (1-ci cild, iş vərəqi 49). İş materiallarında olan 2021-ci il 13 aprel tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 «BMW 523İ» markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır (1-ci cild, iş vərəqi 60). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2021ci il 02 aprel tarixli 903/K №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülən qan nümunəsində etil spirti aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 68-69). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 31 may tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsindən həmin Məcəllənin 263-1.3.-cü maddəsinə tövsif edilməklə sonuncuya qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 87 və 89). İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 2021-ci il 11 iyun tarixli 016- 70790-1221 №-li məktubunun kserosurətindən görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (1-ci cild, iş vərəqi 105). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyininə dair 2021-ci il 06 iyul tarixli 16/609 №-li ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkarlanan başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə nahiyəsinin əzilmiş yaraları, iki tərəfli hematoraks, sağ ağciyərin əzilməsi, döş sümüyünün xətti sınığı ilə müşayiət olunan döş qəfəsinin qapalı travması, onurğa beyninin döş hissəsinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan TH4 və TH5 fəqərələrinin sınıqçıxığı, bədəninin müxtəlif nahiyələrinin sıyrılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021-ci il martın 12-nə uyğundur, dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, həmin xəsarətlər onun sərnişini olduğu hərəkətdə olan minik avtomobilinin maneə ilə, yəni körpünün sütun hissəsi ilə toqquşması nəticəsində əmələ gələ bilərdi (1-ci cild, iş vərəqi 108-110). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 2021-ci il 09 iyul tarixli 8/1389 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «BMW 523İ» markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olaraq sonuncunun qeyd edilən maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən sonuncunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (1-ci cild, iş vərəqi 112-114). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 22-də tərtib etdiyi tələbnamədən, habelə məhkəmə hökmünün və qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 24 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.1.-ci və 29, 120.2.2.-ci maddələri ilə təqsirli bilinib 07 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Şirvan Apellyasiya Məhkəməsinin 2011-ci il 12 oktyabr tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2017-ci il 31 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 30 yanvar tarixli qərarı ilə cəzası 02 il 08 ayadək artırılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 08 noyabr tarixli qərarına əsasən 07 ay 22 gün şərti olaraq vaxtından əvvəl azad edilməklə 2020-ci il iyulun 01-də cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (1-ci cild, iş vərəqi 115-117 və 120-136). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 13 oktyabr tarixli protokolun kserosurətindən görünür ki, barəsində 2021-ci il iyunun 01-də axtarış elan edilən Təqsirləndirilən şəxs 2021-ci il oktyabrın 13-də Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaxalanaraq bölməyə gətirilmişdir (1-ci cild, iş vərəqi 140). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 15 oktyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 263- 1.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il oktyabrın 13-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 178-183). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 01 noyabr tarixli toplanmış cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə, habelə 2021-ci il 04 noyabr tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 185-ci və 264-cü maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, maddi sübut kimi tanınan «BMW 523İ» markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilməsi nəzər alınmışdır (1-ci cild, iş vərəqi 186-193 və 199-200). Məhkəməyə təqdim olunan tarixsiz ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim olunan 2022-ci il 14 mart tarixli iddia ərizəsindən və 2022-ci il 04 aprel tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona vurulan fiziki və maddi ziyana görə müalicə üçün 120.000 manat və mənəvi zərər kimi 30.000 manat pulun onun xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmiş, Zərərçəkmiş şəxs1 iddia ərizəsinə görə 445 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün etirafedici, zərər çəkmiş şəxslərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ibtidai araşdırmada ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi və iki nəfər zərər çəkmiş şəxsdən biri ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla əməlindən peşman olmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır, lakin Təqsirləndirilən şəxstşt ittiham olunduğu əməl ehtiyatsızlıqdan törədildiyindən sonuncunun əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1.-56.1.2.-ci maddələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində, beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CM-nin 45.1.-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Habelə Azərbaycan Respublikasının CM-nin 263-cü, 263-1.-ci, 264-cü və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla yanaşı onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmasını məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılmaqla ona vurulan fiziki və maddi ziyanla bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.3.-cü maddəsində nəzərdə tutulan mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilməlidir. «Dövlət rüsumu haqqında» 2001-ci il 4 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 5.1.2.-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə eyni vaxtda hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iddia ərizəsinə görə ödədiyi 445 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisinin və iki nəfər zərər çəkmiş şəxsdən birinin təqsirləndirilən şəxslə barışıb sonuncuya qarşı şikayətlərinin və ya tələblərinin olmamasını nəzərə alır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan maddi sübut kimi tanınan «BMW 523İ» markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilməsi nəzər alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il oktyabrın 13-dən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.2.-ci maddəsi əsasında, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 23-cü bəndində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli, müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 354-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilən azadlıqdan məhrumetmə cəzasını çəkməsinin başlanğıcı 2021-ci il oktyabrın 13-dən; əlavə cəza qismində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası isə o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilsin və müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuru tərəfindən göstərilən sənədin icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılmaqla ona vurulan fiziki və maddi ziyanla bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.3.-cü maddəsində nəzərdə tutulan mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iddia ərizəsinə görə ödədiyi 445 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan maddi sübut kimi tanınan «BMW 523İ» markalı **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilməsi nəzər alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-354/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-354/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver