Məhkəmə qərarları › İş №1(101)-355/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-355/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-355/2023 06.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X6 və X7, Zərərçəkmiş şəxs, müdafiəçi, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Biləsuvar şəhəri, X12 küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, təkrarən zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlaka olan hüququndan imtina etməsi ilə bağlı hərəkətlər etməsini hədə-qorxu İlə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədi ilə “Odnoklasniki.ru” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs Bakı şəhərində zərgərlik fəaliyyəti ilə məşğul olması, işgüzar əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs özünə məxsus dəyəri 800 manat olan 9 qram çəkidə bir cüt qızıl sırğanı təmir etdirmək, həmçinin Rusiya Federasiyasından alınmış bir ədəd 1700 manat dəyərində “Apple” markalı “İphone-12” modelli mobil telefonu qeydiyyatdan keçirilməsi məsələsində köməklik etməsi üçün ona müraciət etdikdə yalandan sonuncuya bununla bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək məqsədi ilə onu aldadaraq 18 fevral 2022ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən “Rahat” marketin qarşısında həmin yerə göndərdiyi şəxsiyyəti istintaqa məlum olmayan və onun cinayətkar əməllərindən xəbərsiz olan Xalid adlı şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs həmin qızıl sırğanı və həmin mobil telefonu alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs əmlakını dələduzluq yolu ilə ələ keçirdikdən sonra sonuncunun ondan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə şikayət etməsini bildikdə aparılan araşdırma zamanı cinayət məsuliyyətinə cəlb olunmaqla Zərərçəkmiş şəxs vurduğu 2500 manat maddi ziyanı qaytarmaq məcburiyyətində qalacağını yəqin etdikdə həmin pulu qaytarmamaq üçün təkrarən tamah niyyəti ilə özgənin əmlakına olan hüququndan imtina etməsinə nail olmaq məqsədi ilə 27 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, ev 27, 126 saylı mənzildə olarkən istifadəsində olan ***-***-**-** mobil telefonla zəng edib özündə olan Zərərçəkmiş şəxs çılpaq video görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələmiş, Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşayan oğlunun, eləcə də digər yaxınlarının sosial şəbəkələrin aktiv istifadəçisi olmaları səbəbindən hədənin real olmasını, intim video görüntülərinin yayılacağı təqdirdə rüsvay olmasına, ləkələnməsinə gətirib çıxaracağını dərk etməsini bilərək həmin video görüntülərin yayılmaması üçün sonuncudan Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsində aparılan araşdırma zamanı ondan şikayət və tələbinin olmaması məzmununda ərizə yazmasını və ələ keçirdiyi 2500 manat dəyərində əmlakdan imtina etməsini tələb edərək təkrarən zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlaka olan hüququndan imtina etməsi ilə bağlı hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 182.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilmiş, CM-in 182.2.2-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslə “Odnoklassniki.ru” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. 7-8 ay həmin sosial şəbəkədə zərərçəkmiş şəxslə danışmışdır. Bir gün zərərçəkmiş şəxslə sosial şəbəkədə danışarkən zərərçəkmiş şəxs ona 1 cüt qızıl sırğası olduğunu və sırğanın qırıldığını demiş, o, həmin qızıl sırğanın düzəldilməsi, həmçinin zərərçəkmişə məxsus “iPhone 12” markalı mobil telefonun qeydiyyata salınması məqsədilə bu əşyaları zərərçəkmiş şəxsdən götürmüşdür. O, həmin 1 cüt qızıl sırğanı və mobil telefonu 540 manata sataraq pulunu xərcləmişdir. Zərərçəkmiş şəxs bunu bildikdə əvvəlcə onu polisə verəcəyi ilə hədələmişdir. O, zərərçəkmiş şəxsə sürücü işi tapdığını, polisə şikayət etməməsini, işləyib hər ay müəyyən miqdarda pulunu ödəyərək dəyən zərəri qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və heç yerə şikayət etmədiyini demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, real həyatda zərərçəkmiş şəxslə görüşməmiş, sadəcə telefonla danışmışlar. O, telefonla danışıqları zamanı heç vaxt zərərçəkmiş şəxsdən bədənini göstərməsini istəməmiş, zərərçəkmiş şəxsdən sinəsini açmağı istəməmiş, danışdıqları zaman zərərçəkmişin özü öz istəyi ilə sinəsini açıb göstərmişdir. Zərərçəkmiş şəxs onun şəkillərini “Odnoklassniki.ru” sosial şəbəkəsində paylaşdıqdan sonra o, zərərçəkmiş şəxsin videosunu çəkmiş, lakin videonu çəkməkdə başqa məqsədi olmamışdır. Zərərçəkmiş şəxs onun şəkillərini sosial şəbəkədə paylaşdığına görə acığa düşdüyü üçün zərərçəkmiş şəxsin videosunu çəkmişdir ki, əgər istəsə o da bu videonu paylaşar, amma belə bir şey etməyəcəkdir. Belə bir videonun olduğunu zərərçəkmiş şəxs onun şəkillərini “Odnoklassniki.ru” sosial şəbəkəsində paylaşdıqdan sonra ona demişdir. O, zərərçəkmiş şəxsə çəkdiyi həmin videonu sonuncunun oğluna göndərəcəyimi söyləməmişdir. Zərərçəkmiş şəxsə məxsus mobil telefonu 400 manata, 1 cüt qızıl sırğanı isə 140 manata satmışdır. Sırğanın pulunu zərərşəkmiş şəxsə ibtidai istintaq zamanı ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ötən ilin təxminən yanvar ayının sonu, fevral ayının əvvəllərində bu cinayət baş vermişdir. Yanvar ayının əvvəllərində onlar Sədi ilə “Odnoklassiki” sosial şəbəkəsində tanış olmuşlar. Sədi həmin sosial şəbəkədə başqa adla qeydiyyatdan keçmişdir. Tanışlıq əsnasında Sədi ona zərgər olduğunu demiş, o, Sədiyə sırğasının arxa hissəsinin sındığını, düzəltdirmək istədiyini bildirmiş, Sədi də ona bunun problem olmadığını, düzəldə bilməsini demişdir. Sədi ondan telefonunun niyə “donduğunu” soruşduqda, o, 200 manat pul tələb olunduğuna görə telefonun qeydiyyatdan keçirilmədiyini, daha ucuz olsaydı, qeydiyyatdan keçirə bilməsini demiş, Sədi də ona 70 manata etdirməyin mümkün olduğunu bildirdikdə, o da razılaşmışdır. O, aparıb sırğanı və telefonu Yeni Yasamalda, “Rahat” Marketin qarşısında Sədinin işçisinə verəcəyi barədə Sədi ilə danışmış, həmin yerdə telefonda danışa-danışa sürücüsünün adı Xalid olan “Audi” markalı maşına yaxınlıb vermişdir. Sırğa tək olduğuna görə Sədi qızıl suyuna salıb parıldadacağı adı ilə cüt şəklində istəmişdir. Üstündən 3-4 saat keçmiş, o, gözləmiş, lakin həmin oğlan gəlməmiş, o da Sədiyə zəng edib gəlməmənin səbəbini soruşmuş, Sədi də qeydiyyat yerinin bağlı olduğunu, sabah özü göndərəcəyini bildirmişdir. Sabahı günü Sədinin yenə yalan danışdığını görmüş, Sədiyə telefonda danışarkən ortaya çıxıb düzünü deməsini, satmışdırsa da pulunu hissə-hissə verməsini demişdir. Sədi də ona onunla telefonda görüntülü danışmaq şərtilə ona sırğanı və telefonu qaytarmağı vəd etmiş, video ilə zəng edən zaman Sədi ona sinəsini göstərməyi demiş, o da göstərmişdir. O, Sədinin bu an onu videoya çəkdiyini bilməmişdir. Daha sonrakı günlərdə Sədi ona sevgi nağılları yazmağa başlamış, o da Sədidən əşyalarını qaytarmağı tələb etmişdir. Daha sonra o, 102 Xidmətinə zəng etmiş və Sədidən şikayət etmişdir. Telefonla danışan zaman müstəntiq Sədiyə şikayət edildiyini, ortaya çıxıb məsələni həll etməyi demiş, Sədi isə Gürcüstanda olduğunu, gələ bilməyəcəyini bildirmişdir. Daha sonra Sədi ona görüntülü yığarkən o, Sədinin şəklini çəkmiş və müstəntiqə vermişdir. O, Sədi ilə telefonla danışıb, bir-birilərinə söyüş söymüşlər. Həmin an Sədi ona videosunu atmış və o, həmin an şok olmuşdur. O, Sədidən bunu nə vaxt etdiyini soruşmuş, Sədi də görüntülü danışan zaman videosunu çəkdiyini bildirmişdir. O isə Sədinin onun videosunu yaymağından qorxub təkrar polisə şikayət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, danışarkən Sədinin onu videoya çəkdiyini bilməmiş, o, həmin görüntünü istintaqa təqdim etmişdir. Sədiyə verdiyi “İphone” markalı telefonda atasının, anasının, oğlunun şəkilləri, nömrələri olmuş, o da narahat olmuşdur ki, Sədi oradan oğlunun nömrəsini götürüb videonu oğluna atar. Polisə yazdığı ərizədə Sədinin onu hədələyə bilməsindən qorxduğunu yazmışdır. Söhbət əsnasında Sədi onu bir dəfə video ilə hədələmiş, o da Sədiyə sonuncunu tutduracağını bildirmişdir. Sədi ona bir dəfə ərizəni polisdən götürməsə, videonu oğluna göndərəcəyini demişdir. Hal-hazırda Sədidən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş, habelə yazılı ərizələr təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Sevinc onun tələbə yoldaşıdır. Günlərin birində Sevinc ona telefonda bir adama telefonunu qeydiyyatdan keçirməsi üçün və sırğalarını düzəltdirmək üçün verdiyini demiş, o da Sevincə tanımadığı adama əşyalarını niyə verməsinə irad bildirmişdir. Sevinc ona özünün pis vəziyyətdə olan videosunu atmış və həmin videonun Sədidə olduğunu bildirmişdir. Sevincin dediyiə görə həmin videonu Sevincə Sədi göndərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X4 bildirdi ki, Sevinc ona Sədi ona videonu atmış və videonu sosial şəbəkələrdə yayacağı ilə qorxutmuş, Sevinc də qorxmuşdur. Sevinc verdiyi telefonu və sırğalarını geri istəmişdir. Sevinc videonu ona göndərərkən ona videonunun yayılacağından qorxduğunu demiş, belə halda qardaşı və atasının görəcəyi təqdirdə nə edəcəyini bilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır, bacısının, oğlunun Rusiyadan hədiyyə aldığı “İphone” markalı telefonu olmuş, telefonu qeydiyyatdan keçirməklə bağlı məsələ olmuş, Sevinc bildirmişdir ki, telefonu Sədiyə verəcək, Sədi də qeydiyyatdan keçirəcəkdir. O, bacısına telefonu başqasına verməməsini demişdir. Sonra bacısı telefonu Sədiyə vermiş, amma Sədi telefonu qaytarmamışdır. O, həmin adamla bacısının telefonu ilə danışmış, Sədi də Gürcüstanda olduğunu, qayıdanda telefonu gətirəcəyini demişdir. Amma Sədi telefonu gətirməmiş, evdə telefon barəsində söz-söhbət getmişdir. Video haqqında isə deyə bilər ki, o, bacısının “Whatsapp” statusunda qəribə video paylaşdığını görmüş, Sevincə zəng edib demişdir ki, bu nə videodur, qoymusan. Sevinc də dərhal videonu silmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, bacısı videonun yayılmağından qorxmuşdur. Bacısı çox qorxmuş və demişdir ki, tanımadığı bir insandır və birdən yayımlasa nə edəcəkdir. Videonu çəkən adam telefonu və sırğanı götürən şəxs olmuşdur. Bacısı əsasən oğlundan narahat olmuşdur. Sədinin bacısını hədələməsi barədə məlumatı yoxdur. O, Sədinin videonu bacısının oğluna göndərməsi barədə heç nə eşitməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, özünü Seid kimi tanıdan şəxs xx.xx.2022-ci il tarixdə ***-***- **-** nömrəsilə ona zəng edib aldatmaqla ona məxsus “İphone 12” markalı mobil telefon və qızıl sırğanı düzəltmək adı ilə ondan almış və qaçmışdır (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli raportdan görünür ki, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə ərizə iə müraciət edərək, sosial şəbəkədə tanış olduğu Seyid adlı şəxsin xx.xx.2022-ci il tarixdə ona məxsus “İphone 12” markalı mobil telefon və bir dəst qızıl sırğa dəstini mənimsəyib ələ keçirməsi barədə məlumat vermişdir (cild 1, iş vərəqi 12). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, haisə yeri Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən “Rahat” marketin qarşısıdır (cild 1, iş vərəqi 17-20). İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 43). İşdə olan və məhkəmədə tədqiq edilmiş, təqdim edilmiş DVD diskə və çıxarışlara baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, fotocədvəldən və diskdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş DVD diskə və çıxarışlara baxış keçirilmiş və götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, təqim edilmiş DVD disk ağ rəngli olmaqla üzərində xüsusi fərqləndirici hər hansı bir işarə yoxdur. DVD disk kompüterin disk oxuducusuna daxil edildi və DVD disk açıldıqda içərisində “Audiozapis” və “Videozapis” adlı iki ədəd sarı rəngli qovluq olması müəyyən edildi. “Audiozapis” adlı qovluq açılarkən içərisində 4 ədəd “WhatsAPP Audio 2022-06-19 at 14.56.51 (1).agg”, “WhatsAPP Audio 2022-06-19 at 14.56.51 agg”, “WhatsApp Audio 2022-06-19 at 14.56.52 ogg” və “WhatsApp Audio 2022- 06-19 at 14.57.46 ogg” adlı 4 fayl olması müəyyən edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs ilə aralarında aparılan danışıqlardan ibarət olmasını bildirdi. Fayllara baxış keçirilərkən səslərin alınmış əşyaların qaytarılması ilə bağlı olması müəyyən edilir. Daha sonra “Videozapis” adlı qovluğa baxış keçirilərkən qovluqda 1 ədəd “WhatsAPP Audio 2022-06-19 at 15.03.52” adlı fayl olması görünür. Fayla baxış keçirilərkən 02:50 dəqiqə davam etməsi müəyyən edilir. Həmçinin, baxış zamanı çəkilişin digər videoçəkən cihaz vasitəsilə aparılması, çəkilişdə bir nəfər kişi cinsli şəxsin qaranlıq və sayrışan işıqlı otaqda uzanıqlı vəziyyətdə sol əlində tutduğu mobil telefon aparatının vasitəsilə sosial şəbəkələrdən hansısa biri vasitəsilə görüntülü danışıq aparmasını, danışıq aparılan şəxsin qaranlıqda olmasını, kişi cinsli şəxsin bildirməsindən sonra sosial şəbəkədə əlaqə yaradan şəxsin otağı işıqlandırmasından sonra görüntüdə Zərərçəkmiş şəxs görünməsi, kişi cinsli şəxsin israrına əsasən Zərərçəkmiş şəxs sol döş hissəsini göstərməsi və daha sonra ayaqlarını və qırmızı rəngli alt paltarını göstərməsi, həmin zaman kişi cinsli şəxsin “qurtarıram” deyərək Zərərçəkmiş şəxs yenidən bədən hissələrini göstərməsini istəməsi müəyyən edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin videogörüntüdə olan kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olması və görüntünün həqiqətən də onunla Təqsirləndirilən şəxs arasında “WhatsApp” sosial şəbəkəsində aparılmış videodanışıq zamanı olmasını, Təqsirləndirilən şəxs həmin danışığı özündə olan digər telefon vasitəsilə qeydə almasını və onun şikayətini geri götürməzsə həmin görüntünü oğulana atacağını və sosial şəbəkədə paylaşacağını bildirməklə hədələmişdir. Daha sonra Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 16 vərəqdən ibarət “WhatsApp” sosial şəbəkəsində aparılmış yazışmaların çıxarışından görünür ki, yazışma “Seid” adı ilə qeyd edilmiş şəxslə aparılmışdır. Həmin yazışmalar qızıl sırğa və mobil telefon aparatının qaytarılması ilə bağlı aparılmışdır. Yazışmaların yaxın münasibətdə olan şəxslər arasında aparıldığı müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yazışmaların onunla Təqsirləndirilən şəxs arasında olan yazışmalar olmasını bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 16 vərəqdən ibarət “WhatsApp” sosial şəbəkəsində aparılmış yazışmaların çıxarışı və 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqi 64-83). İşdə olan və məhkəmədə tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs çıxarışlardakı yazışmaların, videogörüntü və audioyazıların həqiqətən də Zərərçəkmiş şəxs ilə aralarında olan görüntü və yazışmalar olmasını, videogörüntünü özünün digər telefon vasitəsilə qeydə almasını bildirmişdir (cild 1, iş vərəqi 117-118) . İşdə olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 2022ci ilin yanvar ayında “odnoklasniki” sosial şəbəkəsində tanış olduğunu, sonuncunun özünün “Moskva” univermağında zərgər işlədiyini deməsini, həmin şəxsə təmir üçün ona məxsus bir cüt qızıl sırğanı verməsini, daha sonra qeydiyyatdan keçirmək üçün “Phone 12” markalı telefonunu verməsini, həmin əşyaları Sədinin qaytarmamasını, polis şöbəsiniə bununla bağlı şikayət ərizəsi verməsini, Sədinin şikayəti geri götürməsini ondan tələb etməsini, əks təqdirdə onun intim videogörüntülərini sosial şəbəkələrdə yerləşdirəcəyi, daha sonra isə həmin videonu onun Moskva şəhərində yaşayan oğluna göndərəcəyi ilə hədələməsini Təqsirləndirilən şəxs üzünə qarşı söylərək onu ifşa etmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs intim videosunu çəkdiyini etiraf etmiş, həmçinin həmin videorolikin sosial şəbəkədə yerləşdirəcəyini və Moskvada yaşayan oğluna göndərəcəyini polisdən şikayət ərizəsini geri götürməyə görə deyil, onun maykada olan fotoşəklini sosial şəbəkədən Zərərçəkmiş şəxs götürməyəcəyi təqdirdə edəcəyini dediyini bildirmişdir (cild 1, iş vərəqi 119-123). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Sədi qızı tərəfidən təqdim edilmiş 16 vərəqdən ibarət “WhatsApp” sosial şəbəkəsində aparılmış yazışmalardan çıxarış, bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanımış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 146-154). İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il tarixli X9 adlı övladı vardır (cild 1, iş vərəqi 165). İşdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci ildə 800 manat dəyərində bir cüt qızıl sırğanın və 1700 manat dəyərində bir ədəd bir ədəd “İphone-12” markalı mobil telefonun ələ keçirərək, ümumilikdə 2500 manat məbləğində vurduğu maddi ziyandan Təqsirləndirilən şəxs qohumu tərəfindən 1000 manatı ödənilmişdir (cild 1, iş vərəqi 170). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli 2 saylı Qərarının 1-1 və 3-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyriqanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədəqorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, eyni zamanda Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarlarındakı müddəaları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə sonuncunun yarıçılpaq videogörüntüsünü yaymaqla hədə-qorxu gəməməsi, zərərçəkmiş şəxsin onun şəkillərini sosial şəbəkədə paylaşdığına görə acığa düşdüyü üçün zərərçəkmiş şəxsin videosunu çəkməsi, əgər istəsə onun da bu videonu paylaşa bilməsi, amma belə bir şey etməyəcəyi barədə məhkəmədə verdiyi ifadələrinə, həmin ifadələrdə qeyd edilənlər heç bir sübuta əsaslanmadığından tənqidi yanaşır, bunu onun müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə o, məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə həmin nəticəyə gələrkən təqsirləndirilən şəxsin özünün zərərçəkmiş şəxsin xəbəri olmadan sonuncunun yarıçılpaq videogörüntüsünü çəkməsi, həmin görüntünü özündə ehtiyyat variantı kimi saxlaması barədə qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin həmin videogörüntüləri sosial şəbəkədə paylaşacağı ilə təqsirləndirilən şəxsin onu hədələməsi, onun bu hədələrdən bərk qorxması barədə, həm də ki, şahid X2 zərərçəkmiş şəxsin sözlərinə istinadən həmin videogörüntünü təqsirləndirilən şəxsin yayacağı və bundan qorxu keçirməsi barədə ifadələrinə, habelə iş üzrə bununla bağlı toplanmış çoxsaylı sübutlara əsaslanır. Ona görə də məhkəmə həmin halla bağlı təqsirləndirilən şəxsin təkzib ifadəsini sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan çoxsaylı sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi, təkrarən zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlaka olan hüququndan imtina etməsi ilə bağlı hərəkətlər etməsini hədə-qorxu ilə tələb etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 182.2.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kimi təsnif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam ödəməklə onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə, CM-in 182.2.2-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökümü dəyişdirilərək onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilərək cəzası 03 (üç) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq üzərində 6 (altı) il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə Penitensiar Xidmətin 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ilə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 59-60, 134-141,142-143). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Milli Məclisin yuxarıda qeyd edilən “Amnistiya” Qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Lakin Qərarın həmin bəndi Təqsirləndirilən şəxs barəsində düzgün olmayaraq tətbiq edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Milli Məclisin yuxarıda qeyd edilən “Amnistiya” Qərarının 7-ci bəndinin müddəalarının təsiri altına düşür və bu səbəbdən onu məhkumluğu olmayan şəxs hesab edir. Şərh edilən səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcud deyildir. Beləliklə, məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən hallar mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan təqsirləndirilən şəxs barədə axtarış elan edilməsi haqqında müstəntiqin qərarından, tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 21:10da saxlanılaraq polis şöbəsinə gətirilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 88-89, 98, 130-132, 205-206). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 10 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar, Zərərçəkmiş şəxs tərəfidən təqdim edilmiş “WhatsApp” sosial şəbəkəsində aparılmış yazışmalardan 16 vərəqdən ibarət çıxarış və bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 178.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar, Zərərçəkmiş şəxs tərəfidən təqdim edilmiş “WhatsApp” sosial şəbəkəsində aparılmış yazışmalardan 16 vərəqdən ibarət çıxarış və bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar