Məhkəmə qərarları › İş №1(101)-355/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-355/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-355/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və həmin idarənin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağa-Zəki qızının iştirakı ilə, xx xxx 1994-cü ildə Əli Bayramlı şəhərində anadan olmuş, subay, iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, leytenant İbrahimov küçəsi, ev 18, mənzil 17-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, DSK yolu, nömrəsiz fərdi evdə yaşamış, 18 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti məlum olmayan «Saleh» adlı İran İslam Respublikasının vətəndaşı ilə əlbir olub cinayət əlaqəsinə girərək, 17 fevral 2023-cü il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Saleh” adlı şəxsin dediyi yerlərə qoymaqla 700 manat pul əldə etmək məqsədi ilə sonuncu tərəfindən əvvəlcədən təyin edilmiş Abşeron rayonu, Qobu qəsəbəsinin mərkəzində poçtun yanında yerləşən lövhənin altından 534,072 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 44,004 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şösessi, DSK yolu, nömrəsiz fərdi evinə daşıdıqdan sonra həmin heroindən 1 ədəd selofan bükümdə təmiz çəkisi 6,033 qram külli miqdarını özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən «Saleh» adlı şəxs tərəfindən deyilən yerə qoymaq məqsədi ilə üzərində saxlayaraq daşımış, qalan hissələrini yaşadığı evdə saxlamış, 18 fevral 2023-cü il tarixdə saat 18:10 radələrində Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılaraq, orada saat 19:50-də üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd selofan bükümdə təmiz çəkisi 6,033 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik maddə heroin aşkar edilərək götürülmüş, daha sonra həmin tarixdə saat 21:25-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şössesi, DSK yolunda nömrəsiz fərdi yaşayış evində baxış keçirilərkən evin dəhlizində olan dolabda taxta konstruksiyalı qutunun içərisindən 2 ədəd selofanda ayrı-ayrılıqda təmiz çəkiləri 365,88 qram və 162,159 qram olmaqla, ümumilikdə təmiz çəkisi 528,039 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd selofanda ayrı-ayrılıqda təmiz çəkiləri 31,701 qram və 12,303 qram olmaqla, ümumilikdə təmiz çəkisi 44,004 qram təşkil edən tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində heroinə məxsus izləri olan bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmir. 2023-cü il fevral ayının 18-də tanışı Azad ona zəng edərək rayondan gəldiyini və qaynanasıgildə olduğunu deyərək, oraya çağırmışdır. Sonra o, maşınla Xırdalana onların qapısının yanına getmişdir. Orapda maşını söndürmüş, Azada zəng etmək üçün əlini telefona atmışdır. Bu zaman bir nəfər əlini pəncərədən içəri salmış, onun əlindən tutmuş, bir ayağını da pəncərədən içəri salmışdır. Həmin şəxs onu yumruqla vurmağa başlamış, ona anbarın yerini deməyi təklif etmişdir. Daha sonra camaatın evinə girmişlər, onların üstünü yoxlamağa başlamışlar. Lakin onun üstündən heç nə aşkar olunmamışdır. Sonra maşını 5 metr qabağa sürərək qızı onun maşınına mindirmişlər. Maşını yoxlamışlar, lakin oradan da heç nə aşkar olunmamışdır. Polis işçisi ona dünən 35 qram nəşə aldığını demiş və onun harada olduğunu soruşmuşdur. O, həmin nəşənin evdə olduğunu bildirmişdir. Evə gələndən sonra onun telefonunu söndürmüşlər. 35 qram narkotik vasitəni onlara vermişdir. Polis işçiləri ondan yenə anbar yerini soruşmuş, bu halda onu açıb buraxacaqlarını demişlər. O, anbar yeri bilmədiyini bildirmişdir. Sonra onu tanımadığı bir yerə gətirərək döyməyə başlamışlar. Nəyə görə onu döydüklərini soruşduqda, heç nə deməmişlər. Ona bildirmişlər ki, çəkiliş zamanı cibində narkotik vasitə olduğunu deməlidir. Lakin onun cibində narkotik olmamışdır. Onu öyrətmişlər ki, çəkilişdə İran vətəndaşı ilə işlədiyini, bu qədər maaş verildiyini, iranlının ona ünvanlar dediyini, onun da narkotikləri həmin ünvanlara qoyduğunu demək lazımdır. O da, polislərin əlindən qurtarmaq üçün razılaşmışdır. Sonra onu bir otağa gətirmişlər, orada vəkil də olmuşdur. Lakin vəkil çıxmış və getdiyini bildirmişdir. Orada da onu döyərək qulağını sındırmışlar. Sonra şpris gətirərək qulağının içindəki qanı çəkmişlər. Gözünün altı şişmiş vəziyyətdə olduğundan, ona maz vurmuşlar. Təxminən yarım saat keçəndən sonra onun maşınına oturmuşlar, o isə, polislərin maşınına oturub yenidən evə gəlmişlər. Ona demişlər ki, «malı» bura qoyduğunu bildirsin, o da, həmin sözləri demişdir. Daha sonra polis işçiləri evdən ittihamda göstərilən narkotiki aşkar edərək götürmüşlər. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, iranlıya 350 manat vermiş, onlar da narkotik vasitənin yerini dedikdən sonra həmin yerdən gedib narkotikləri götürmüşdür. İstintaq zamanı ona təzyiqlər olunmuşdur. Evdə polislər narkotiki mücrü qabının içinə qoymuş və çəkilişdə narkotik vasitənin onun içində olduğunu deməyi təklif etmişlər. Evdən 45 qram marixuana və heroin aşkar olunmuş, çəkiliş zamanı onların mücrünün içində olduğunu bildirmişdir. İdarədə onun üzərinə videoçəkilişlə baxış keçirilmiş, bu zaman bir büküm aşkar olunmuş, bundan başqa bank kartı, açar, bir də 35 manat pul aşkar edilmişdir. O, narkotik vasitə üçün pulu «Emanat» vasitəsilə köçürmüş, sonra ona narkotikin yerini demişlər. Təcridxanada müayinədən keçirilmiş, həmin vaxt qulağı sınmış vəziyyətdə olmuş, döyüldüyünü bildirmişdir. Onu saxlayan əməliyyatçılar döymüşlər. Polis işçiləri ilə əvvəlcə Azadgilin evinə getmişlər. Videoçəkiliş zamanı qız orada olmamış, evin içində ondan başqa, polis əməkdaşları və vəkil olmuşdur. Polis işçiləri onu döyəndə vəkil çölə çıxmışdır. Evdə onunla yaşadığı qadın olmuş, onun adı Hüseynova Amaliya olmuşdur. Polis əməkdaşlarının evə gəlmələrini qonşunun kamerasından görüntüləri çıxarıb görmək mümkündür. O, DSK yolunda kirayədə qalmışdır. Evdən çıxandan sonra onu Müvəqqəti saxlama yerinə aparmışlar, orada başına gətirildiklərini demişdir. İstintaq vaxtı yazılanlar düz olmadığından həmin sənədlərə imza etməmişdir. O, öz dediklərinin yazılmadığına etiraz olaraq sənədləri imzalamamışdır. Onun döyülməsi ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmış, lakin qərar ona verilməmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İstintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, əvvəllər verdiyi ifadələrindən fərqli olaraq ekspertin rəyi ilə razı olmadığını və yaşadığı evdən çıxan narkotik vasitələrin çəkisi ilə razılaşmadığını bildirərək ifadə verməkdən imtina etmişdir. Bununla belə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 fevral 2023-cü il tarixdə saat 18:10 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən əlillərin binasının yaxınlığında BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq onu Baş idarənin inzibati binasına dəvət edilmişdir. Orada müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroin aşkar edilmişdir. Daha sonra o, Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə də narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuş, təklifdən sonra o, evdə dəhlizdə olan dolabdan, taxta konstruksiyalı qutudan 2 ədəd bükümdə heroini, 2 ədəd bükümdə qurudulmuş marixuananı və 1 ədəd elektron tərəzini təqdim etmişdir. O, verilən suallara cavab olaraq üzərindən və evindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Saleh” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl, yəni 17 fevral 2023-cü il tarixdə əvvəlcədən təyin edilmiş yerdən Abşeron rayonu, Qobu qəsəbəsində mərkəzdə yerləşən poçtun yanında olan adını bilmədiyi şəhid lövhəsinin dibindən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Saleh” adlı şəxsin ona 700 manat pul verəcəyini, “Saleh” adlı şəxsi təxminən 2 ay əvvəl tanıdığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 77-79, 181-182). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olmadığını, o, yalnız tutularkən təqdim olunmuş sənədlərə imza etdiyini, məhkəmədə elan olunmuş cinayət işinin 1-ci cild, iş vərəqi 36-37-də olan izahatındakı imzaların ona məxsus olduğunu, 35 qram narkotik vasitənin ona məxsus olduğunu, digər narkotiklərin isə ona aidiyyəti olmadığını, izahatı oxumadan imzaladığını, müstəntiq Nicat İbrahimov tərəfindən tərtib olunmuş sənədləri imzaladığını, məhəkəmədə elan olunmuş iş vərəqi 59-61-də olan protokoldakı imzaların özünə məxsus olduğunu, lakin sonuncu dəfə 5 may tarixdə tərtib olunmuş protokolu imzalamadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, Baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və onlar Təqsirləndirilən şəxs Xırdalan dairəsində saxlayıb Baş idarəyə gətirmişlər. Orada şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığını etiraf etmişdir. Bununla əlaqədar onlar şəxsin yaşadığı ünvana getmiş, oraya baxış zamanı da külli miqdarda narkotik vasitələr aşkar olunmuşdur. Sualları cavablandıran Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs Xırdalan dairəsində təxminən 2023-cü ilin fevral ayında saxlamışlar. Bu zaman o, tək piyada hərəkət etmiş vəziyyətdə olmuşdur. Şəxsi saxlayarkən əməliyyat qrupunda ondan başqa Şahid2 də olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuş, şəxsin üzərindən telefon da aşkar olunmuş, telefonda iranlı ilə votsap yazışmaları müəyyən edilmişdir. Baş idarədə narkotik vasitəni özü çıxarıb təqdim etmiş, bu zaman, həm də saxlanılarkən şübhəli şəxsə qarşı hər hansı fiziki və psixoloji təzyiqlər göstərilməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı mövqeyi ilə bağlı həmin ifadə məhkəmədə tədqiq olundu. Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə BNMİ-nə Binəqədi rayonu, Binəqədi şössesi, DSK yolunda yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməsi, dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra idarənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılmasına dair imzalanmış müvafiq əmr üzrə onlar 18 fevral 2023-cü il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsinə gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs piyada gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitələrin əldə etməsi, üzərində gəzdirməsi və dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş idarəyə dəvət etmilər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifləri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə daha sonra özünün etirafı üzrə yaşadığı evə baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra onun cibləri yoxlanılmış, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsi, bank kartı, 35 manat pul, əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd açar və 1 ədəd alışqan aşkar edilmişdir. Həmin büküm təhqiqatçı Yelmar Vahabov tərəfindən elektron tərəziyə qoyularaq çəkisi müəyyən edildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə narkotik vasitə vardır, həmin narkotiki 1 gün əvvəl təxminən iki ay bundan əvvəl tanış olduğu “Saleh” adlı İran İslam Respublikası vətəndaşının ona bildirdiyi ünvandan yəni, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Salehin” göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, “Salehin” göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Saleh” adlı şəxsin ona 700 manat pul verəcəyini bildirmişdir. Bundan başqa, yaşadığı ünvanda da narkotik vasitə gizlətdiyini, həmin ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirdikdən sonra vəkil X1 Ağahəsənova bir neçə suallar ünvanlamış və cavab olaraq sonuncu bildirmişdir ki, saxlanılan zaman polis tərəfindən heç bir təziqə məruz qalmamışdır. Təqdim etdiyi narkotik vasitə onun özünə məxsusdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında müvafiq qərarla onun yaşadığı Binəqədi rayonu, Binəqədi şössesi, DSK yolunda yerləşən nömrəsiz evə gedilmiş, orada olan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs qanuna müvafiq müddəalar izah edilmiş və ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin yer onun yaşadığı evdir. Təhiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş hər hansı bir əşya və ya sənəd varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin dəhlizində olan dolabdan taxta konstruksiyalı qutudan 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 2 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılıb möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri 1 gün əvvəl təxminən iki ay bundan əvvəl tanış olduğu “Saleh” adlı İran İslam Respublikası vətəndaşının ona bildirdiyi ünvandan yəni, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Salehin” göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, “Salehin” göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Saleh” adlı şəxsin ona 700 manat pul verəcəyini bildirmişdir. Bundan sonra baxış ardıcıllıqla davam etdirilsədə hər hansı bir qanunla qadağan edilmiş əşya müəyyən edilməmişdir (cild 1, iş vərəqi 122-124). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 18 fevral 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesfık iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsi, üzərində **********286169 nömrəsi olan plastik kartı və 35 manat pul, əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd içərisində 055 ***-**-** və 055 ***-**-** nömrələri olan “Samsung” markalı mobil telefon, 1 ədəd açar və 1 ədəd alışqan aşkar edilmişdir. Daha sonra həmin büküm elektron tərəziyə qoyularaq çəkisi müəyyən edilmiş, qablaşdırılaraq möhürlənmişdir. Pul əskinazları və açar Təqsirləndirilən şəxs qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq o, həmin bükümdə narkotik vasitə olduğunu, həmin narkotiki 1 gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan “Saleh” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Saleh” adlı şəxsin ona 700 manat pul verəcəyini, “Saleh” adlı şəxsi təxminən 2 ay olar ki, tanığını, həmçinin Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçrilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, saxlanılan zaman polis tərəfindən heç bir təzyiqə məruz qalmadığını, təqdim etdiyi narkotik vasitənin onun özünə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 30-31). Cinayət işinə əlavə edilmiş evə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi, DSK yolunda yerləşən fərdi nömrəsiz evə baxış keçirilmişdir. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs evdə dəhlizdə olan dolabdan taxta konstruksiyalı qutudan 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni, 2 ədəd bükümdə açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 1 gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan “Saleh” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 34-35). İbtidai istintaq zamanı şəxsi axtarış və götürmə, həmçinin evə baxış keçirilməsinə dair videogörüntülərin köçürüldüyü 2 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinə dair 18 fevral 2023-cü il tarixli protokollarda qeyd olunanlarla videogörüntülərin bir-biri ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 62-63). İbtidai istintaq orqanının qərarı ilə videogörüntülərin köçürüldüyü 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 99). Abşeron rayon məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 101-103). Məhkəmə-bioloji ekspertizasının 19 fevral 2023-cü il tarixli 7/253 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və 1 ədəd elektron tərəzi” yazıları və imzalar olan 2 №-li kağız paketdə 2 ədəd üzərləri skoçla bağlanmış selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 31,701 qram və 12,303 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 44,004 qramdır. Təqdim edilmiş 2 (iki) ədəd selofan bükümdə olan marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli təhqiqat aparılmadı (cild 1, iş vərəqi 44-47). Məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2023-cü il tarixli 6/1022 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” və s. yazılar, imzalar olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 6,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və tərəzi...” və s. yazılar, imzalar olan kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 365,88 qram və 162,159 qram, ümumi təmiz çəkiləri 528,039 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 2 paketdəki ümumi təmiz çəkiləri 534,072 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahsına (Siyahı İ)” daxildir (cild 1, iş vərəqi 50-53). İbtidai istintaq orqanının 20 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş ümumi 44,004 qram qurudulmuş marixuana, 534,072 qram heroin və 1 ədəd tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 43,904 qram çəkidə qurudulmuş marixuana, 533,922 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd tərəzi saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 98). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1851 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 132-133). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 951 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda xasiyyətin isterik tipli cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 134-136). «Elektron Məhkəmə» İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016-cı il təvəllüdlü Rəşid və 2021-ci il təvəllüdlü Zəminə adlı iki azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəq 116). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, 2023-cü il fevral ayının 18-də maşınla Xırdalan şəhərinə tanışı Azad adlı şəxsin yanına gedərkən, maşını saxladıqdan sonra polis işçilərinin onu tutub döyməyə başladıqlarını, ona anbarın yerini deməyi təklif etdiklərini, üstünü yoxladıqlarını, lakin heç nə aşkar olunmadığını, sonra onu tanımadığı bir yerə gətirərək döydüklərini, polis işçilərinin onun üzərinə narkotik vasitə qoyub çəkiliş vaxtı çıxarıb təqdim etməyi, çəkiliş zamanı İran vətəndaşı ilə işləməsini boynuna almasını təklif etdiklərini, polis işçilərinin əlindən qurtarmaq üçün razılaşdığını, polis idarəsində onu döyərək qulağını sındırdıqlarını, sonra evə aparıb özlərinin qoyduqları narkotik vasitələri çıxarıb təqdim etməyə məcbur etdiklərini, imzaladığı dindirmə protokollarını oxumadan imzaladığını göstərərək, müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış, həmçinin yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin istintaqın ilkin mərhələsində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Saleh” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl, yəni 17 fevral 2023-cü il tarixdə əvvəlcədən təyin edilmiş yerdən Abşeron rayonu, Qobu qəsəbəsində mərkəzdə yerləşən poçtun yanında olan adını bilmədiyi şəhid lövhəsinin dibindən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Saleh” adlı şəxsin ona 700 manat pul verəcəyini dediyini, “Saleh” adlı şəxsi təxminən 2 ay əvvəl tanıdığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Videogörüntülərin yükləndiyi disklərə baxış zamanı Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiyi döyülmə, fiziki və ya psixoloji zorakılıq əlamətlərinin mövcud olması müəyyən edilmədi. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın qanunauyğunluğu istintaq zamanı yoxlanılmış və Abşeron rayon məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının yuxarıda qeyd olunan qərarı qanuni hesab edilmişdir İş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs sifət nahiyəsində qançır izlərinin müəyyən edilməsi ilə əlaqədar Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından daxil olmuş məlumat əsasında Binəqədi rayon prokurorluğunda müvafiq araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq 15 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilməsi faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin maddələri satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı “Saleh» adlı şəxsdən 700 manat qazanc müqabilində əldə etməsi barədə səmimi etirafını, həmçinin aşkar olunmuş maddələrin 2 ayrı-ayrı növlərdə narkotik vasitə heroin və marixuana olması, onların hər birinin ayrı-ayrı bağlamalara bükülməsini və xırda bükümlərə çəkilib bölünməsi üçün elektron tərəzinin mövcudluğunu, narkotik vasitələrin bir hissəsinin onun üzərindən aşkar olunmasını, həmçinin aşkar edilmiş narkotik vasitələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 18 fevral 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1851 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Binəqədi RPİnin Növbətçi Hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 43,904 qram çəkidə qurudulmuş marixuana, 533,922 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin şəxsi axtarış və götürmə, evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 182 (yüz səksən iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 182 (yüz səksən iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 533,922 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 43,904 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 182 (yüz səksən iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar