Məhkəmə qərarları › İş №1(101)-360/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-360/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-360/2025 27.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X5 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 7,513 qram çəkidə psixotrop maddə metamfetamin və 35,26 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanın yaxınlığına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə, saat 19:10-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 5aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin tarixdə saat 21:20-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,513 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 35,26 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda göstərilən psixotrop maddə və narkotik vasitə həqiqətən də polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilmişdir. Lakin onun həmin maddələrin satışı ilə məşğul olmaq niyyəti olmamışdır. Belə ki, o, həmin maddələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanıldığı gün günorta saatlarında əldə etmişdir. O, narkotik vasitəni aldığı şəxsi tanımır. Aldığı narkotik vasitəyə görə 120 manat ödəniş etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, həmçinin satmaq niyyəti də olmamışdır. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir, təzyiq olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni bir ay müddətində istifadə etməyi düşünürmüş. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri eyni məzmunlu olsa da, ibtidai istintaq zamanı verdiyi ifadələrinin daha da təfərrüatlı olması ilə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 mart 2024-cü il tarixdə verdiyi izahatında, daha sonra 08 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 09 mart 2024-cü il və 10 iyun 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, onun nə psixi, nə də başqa xəstəliyi yoxdur. Təxminən iki ildir ki, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və “kola” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. 07 mart 2024-cü il tarixdə Yasamal rayonu ərazisində adını bilmədiyi şəxsdən 120 manata narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin almışdır. Əvvəllər həmin şəxsdən bir dəfə də narkotik vasitə və psixotrop maddə almışdır. 07 mart 2024-cü il tarixdə, saat 19:10-da Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 38 ünvanının yaxınlığında olduğu zaman ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə “patı” və narkotik vasitə “nəşə” vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükülüləri, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “İNOİ” markalı mobil telefonu, 04 ədəd “1” manatlıq əskinasları və 01 ədəd “Leo Bank ASC” tərəfindən verilmiş plastik pul kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk əvvəl təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilmişdir. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açılmışdır. Həmin şəffaf sellofan bükümlərin birinin içərisində psixotrop maddə metafetamin olması və digəri üzəri yapışqan lentlə bağlanmış bükümdə isə narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümlərdə olan maddə və kütləni “patı” və “nəşə” adı ilə tanıdığını, həmin maddəni və kütləni xx.xx.2024-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 120 manat pul ödənişi edərək şəxsi istifadəsi üçün aldığını, əvvəllər də həmin şəxsdən bir dəfə narkotik vasitə və psixotrop maddə aldığını, həmçinin narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, bu maddənin onda olduğunu heç kimin bilmədiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqdim etdiyi “İNOİ” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun özünə aid olduğunu, içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Bundan əlavə üzərindən aşkar edilmiş 01 ədəd “Leobank ASC” tərəfindən verilmiş plastik pul kartına baxış keçirilmişdir. Həmin plastik pul kartının dostuna aid olduğunu bildirmişdir. Bundan sonra üstündən aşkar edilmiş içərisində ***-***-**-** saylı mobil nömrə olan “İNOİ” markalı mobil telefon və 01 ədəd “Leobank ASC” tərəfindən verilmiş plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Çəkiliş prosesi bitdikdən sonra isə “şəxsi axtarış və götürmə haqqında” protokol tərtib edilmiş və iştirakçılar tərəfindən heç bir qeyd daxil olmadığından imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əvvəllər istifadə etdiyi maddələri Bakı şəhərində müxtəlif şəxslərdən alırmış. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni aldığı şəxsi üzdən tanıyır, adını bilmir və buna görə də, anket məlumatları barədə məlumatı yoxdur. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edir. Üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Sağ və sol qolunun hər ikisində istifadə etdiyi maddələrin təsirindən çoxlu sayda yaralar əmələ gəlmişdir. Bundan başqa bədənində heç bir xəsarəti yoxdur (iş vərəqə: cild İ, səh.31-32, 59-62, 77-80, 174-176). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində sonuncunun narkotik vasitələrin istifadəsi və satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə, saat təxminən 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 38 ünvanında tərəflərindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qurudulmuş marixuana və psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahid daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı fakt aşkar edə bilməmişlər. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı onun özünə daxil olmuşdur. Əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması olsa da, tərəflərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt onlara bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin maddələri 120 manat məbləğində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 23 aprel 2024-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən o, əynində olan gödəkcəsinin sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının sol yan cibindən bir ədəd “İnoi” markalı mobil telefonu, 01 ədəd “LeoBank” bank kartını və 04 manat pulu təqdim etmişdir. Təqdim edilmiş iki ədəd şəffaf sellofan bükümə baxış zamanı bükümlərdən birinin içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə, digərinin içərisindən isə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqdim edilmiş iki ədəd şəffaf bükümdə olan maddələr qablaşdırılaraq götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mobil telefon və bir ədəd bank kartı götürülmüş, 04 manat pul ona geri qaytarılmışdır (iş vərəqə: cild İ, səh.27-29, 127). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı 07 mart 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh.111). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 mart 2024-cü il tarixli, 3-16-16/2- 7/387 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd şəffaf sellofanda təmiz çəkisi 35,26 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (iş vərəqə: cild İ, səh.40-42) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 mart 2024-cü il tarixli, 3-16-16/2- 6/1374 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,513 qram ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (iş vərəqə: cild İ, səh.44-47). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin 09 mart 2024-cü il tarixli, 1576 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.136-137). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 09 mart 2024-cü il tarixli, 151/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müyinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.138-141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 aprel 2024-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 sentyabr 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilərkən xx.xx.2023-ci il tarixdə saat 22:02:32-də -Qaqaw yari tapmağ olar, uwag var oynan atiwib goturum. xx.xx.2023-cü il tarixdə saat 19:28:45-də -Sebrli ol qaqa atacam das lazim deyil ancag o biri evdeyem bidene imkan olsun cixiram. xx.xx.2023-cü il tarixdə saat 02:52:01-də -Basa dusmedime 20-ni hara vermisen? xx.xx.2023-cü il tarixdə saat 18:32:14-də -neynirsən brat yarı balaya əl çatır. xx.xx.2023-cü il tarixdə saat 17:50:12-də -Suleymannan bidene elaqe saxla denen Senan deyirik hardasan gellem emaneti goturem 4 deneni (iş vərəqə: cild İ, səh.125). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 may 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İnoi” markalı mobil telefona baxış keçirilərkən onun narkotik vasitə və ya psixotrop maddələri satış məqsədilə əldə etməsinə dair hər hansı məlumatlar aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.128). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 09 mart 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 7,463 qram psixotrop maddə metamfetamin və 35,21 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 101- 102). Cinayət işinin materiallarına əlavə edilmiş 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından narkotik vasitələrin əldə edilməsinin mənbəyinin müəyyən edilməsi ilə bağlı başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.184-185). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.19). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 07 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.97-100). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qərarı ilə 07 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və 03 aprel 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: cild İ, səh.113-114). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh.120). Beləliklə də, məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olub-olmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 35,26 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 7,513 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanın yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə, saat 19:10-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 5aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin tarixdə saat 21:20-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 35,26 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,513 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə münasibətdə əməlinin hüquqi tövsifi ilə bağlı halları müzakirə edərək onun əməlinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitə əldə edərək saxlayıb daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə alqı-satqısı zamanı aşkar edə bildiklərini, onun həmin maddələri satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlara malik olmasını bildirməmişdir, Təqsirləndirilən şəxs həmin maddələrin satışı ilə məşğul olmasına dair real məlumat əldə edə bilmədiklərini və buna dair dair hər hansı faktın tərəflərindən müəyyən olunmasının mümkün olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının öz təsdiqini tapmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə həmin maddələri satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmiş, “qurudulmuş marixuana” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən qurudulmuş marixuana narkotik vasitəsinin kütləsi 35,26 qram olduğundan xeyli miqdar kimi qəbul edilməli, ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin kütləsi isə 7,513 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin kütləsinin 7,513 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin maddələri satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə psixotrop maddə və ya narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə həmin maddələrin çəkilməsinə, onun bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş sübutların məcmusu və cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni özünün istifadəsi üçün əldə etdiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmiş (cild 1, iş vərəqə: 27-29), daha sonra həmin tarixdə verdiyi izahatında və 08 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi dindirilərkən, həmçinin 09 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs kimi ifadə verərkən ondan aşkar edilmiş həmin maddələri öz istifadəsi üçün alıb üzərində saxladığına, heç kimə satmaq, bağışlamaq kimi niyyətinin olmadığına dair ifadəsini bir daha təsdiq etmiş (cild 1, iş vərəqə: 31-32, 59-62, 77-80, 174-176), eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonuna baxış keçirilərkən də onun satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə etməsini təsdiq edəcək hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə: 128), həmçinin məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli, 1576 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 136-137) İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız psixotrop maddə metamfetaminin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini həmin maddələri satış məqsədi ilə əldə edib saxlayıb daşıması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin külli miqdarda olsa da, Təqsirləndirilən şəxs tutulub, üzərində videoçəkilişlə şəxsi axtarış keçirildiyi vaxtdan başlayaraq izahatında və bütün ifadələrində həmin maddələri öz şəxsi istifadəsi üçün aldığını, satmaq məqsədinin olmadığını bildirmiş, ibtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsin həmin maddələri özünün istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edə biləcək hər hansı fakt, sübut əldə edilib təqdim edilməmiş, həmçinin cinayət işinin materialları ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən aşkar olunan narkotik vasitənin yalnız külli miqdar həddində olması əsasına görə buna dair heç bir sübutlar olmadığı təqdirdə, ehtimal və fərziyyə əsasında həmin maddələrin satış məqsədilə saxlanması qənatinə gəlinməsi heç bir hüquqi əsası olmayan tamamilə yanlış gəlinmiş nəticədir. Cinayət işi üzrə həmçinin məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edəcək hər hansı sübutlar müəyyən edilməmiş və bununla da təqsirləndirilən şəxsin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə araşdırması zamanı heç bir əsas olmamışdır. Bir daha xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olmasına görə onun məqsədinin həmin maddələri məhz satış məqsədilə saxlaması qənaətinə gəlinməsi və əməlinin Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilməsi tamamilə əsassız yanaşmadır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş həmin maddələri satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, həmin maddələri kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda onu da xüsusilə vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs cinayət əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməyə çalışarkən ittiham aktında Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə bağlı sms mətnlərini narkotik vasitələrin alqı-satqısına dair mesajlar olması kimi qələmə vermişdir. Lakin həmin mesaj mətinləri ayrı-ayrılıqda nəzərdən keçirilərkən həmin mesaj mətinlərinin məzmununda Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddələri satmasını və ya onun belə bir məqsədinin olmasını təsdiq edən məlumatların olduğu müəyyən edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin mesaj mətinləri ayrı-ayrılıqda tədqiq edilərkən onların məzmunundan müəyyən olunur ki, qeyd edilən mesajlar Təqsirləndirilən şəxs ilə digər şəxslərin birlikdə narkotik vasitə əldə edib istifadə etmələri ilə və yaxud hansısa şəxsin nə vaxtsa Təqsirləndirilən şəxs istifadə etməsi üçün narkotik vasitə verdiyinə dair mesaj mətinləridir və həmin mesaj mətinləri hazırki cinayət əməlindən bir neçə ay əvvəl yazılmış mesajlar olmaqla onların təqsirləndirilən şəxsə elan edilmiş ittihamla heç bir əlaqəsi müəyyən edilməmişdir. Həmin mesaj mətinlərinin məzmunu təhlil edilərkən narkotik vasitə istifadə edən şəxslərin narkotikə ehtiyacları yarandığı hallarda onların arasında olan ümumi danışıqlarla bağlıdır, lakin həmin mesajlarda narkotik satışı ilə bağlı ümumiyyətlə hər hansı məlumat mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, həmin mesajlarda narkotik satışı ilə bağlı heç bir məlumat olmaması ilə yanaşı, həmin mesajların hər biri Təqsirləndirilən şəxs göndərilmiş və sonuncudan da narkotik vasitəni satdığını təsdiq edəcək heç bir cavab mesajı göndərilməmişdir. Məhkəmə həmin mesaj mətinləri ilə bağlı eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı həmin mesaj mətinlərini əsassız olaraq təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair sübut növü kimi qəbul edərkən, həmin mesajları göndərmiş şəxsləri müəyyən edib şahid qismində dindirməmiş, həmin mesajları isə yalnız ehtimal və fərziyyə əsasında, əsassız olaraq narkotik vasitələrin satışına dəlalət edən sübut növü kimi qiymətləndirmişdir. Odur ki, həmin mesaj mətinlərinin məzmununda Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satmasını və ya belə məqsədinin olmasını təsdiq edən məlumatların olmamasını, bundan başqa həmin mesajların göndərildiyi nömrələrin sahiblərinin ibtidai istintaq zamanı müəyyən edilərək şahid qismində dindirilməmələrini və nəticə etibarilə həmin mesajlarla bağlı Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı bir halın müəyyən olunmasının mümkün olmamasına görə, məhkəmə həmin mesajları Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamağını təsdiq edən sübut növü kimi qəbul etmir. Bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında sərgilədiyi hüquqi mövqeyə əsasən şəxsin təqsirliliyi ilə bağlı əsas götürülən sübut növləri ona irəli sürülən ittihamın həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı işi üzrə” qərarında qeyd edilmişdir ki, “dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop və narkotik maddəni satış məqsədilə saxlayıb daşıması formal olaraq göstərilsə də, Təqsirləndirilən şəxs kiminlə, nə zaman, hansı qaydada narkotik və ya psixotrop maddələrin satışına dair sövdələşməsinin və ya razılığının olması, həmin maddələri kimə, hansı qaydada, nə zaman satacağı ümumiyyətlə müəyyən edilməmiş, satış məqsədinin nədə ifadə olunduğu göstərilməmiş və buna dair təqdim edilmiş sübutlar da ittihamın faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri satış məqsədilə əldə etməsi barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də (cild 1, iş vərəqə: 4), cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs həmin maddələri satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 7,513 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyindən və ondan aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitə əldə edib, saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla (07 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə protokolu”, həmin istintaq hərəkətinin əks olunduğu video çəkiliş və həmin video çəkilişin əks olunduğu disk, təqsirləndirilən şəxsin və şahidin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, cinayət işinin faktiki hallarını təsdiq edən və iş materiallarına əlavə edilmiş sənədlər) təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, daha sonra Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qərarı ilə 07 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad edilməsi və 03 aprel 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılması ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilmiş və Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin həmin hökmü ilə təyin edilmiş cəzanı çəkməkdən azad edildiyi vaxtdan iki il keçdiyindən onun həmin məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 07 mart 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli, 1576 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 7,463 qram psixotrop maddə metamfetamin və 35,21 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 7,463 qram psixotrop maddə metamfetamin və 35,21 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar