Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-362/2021 15.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində piyada keçidinin yaxınlığında magistral yolun kənarında yerləşən yaşıllığa qoyulmuş külli miqdarda 38.795 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 19:45-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 52 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 1 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinə gətirilmiş və orada saat 21:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ cibindən siqaretin qızılı kağızına bükülmüş təmiz çəkisi 0.252 qram və əlində saxladığı qara rəngli parçadan olan əl çantasının içərisindəki sellofan paketdə təmiz çəkisi 38.543 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd üzərində «Aosai pocret scale» sözləri yazılmış qara rəngli və 1 ədəd üzərində «QC.PAAS 8» sözləri yazılmış gümüşü rəngli elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, özünü tarkotik vasitələrin satışında deyil, istifadəsində təqəsirli bilir. Tutulmamışdan 6-7 ay əvvəl «şüşə» adlanan metamfetamindən istifadə etməyə başlamış, həmin metamfetamini istifadəsi üçün Yasamal rayonu ərazisində və Xətai rayonu ərazisində üzdən tanıdığı şəxslərdən bir bükümünü 20-25 manata almışdır. Həmin şəxslərə 20-25 manat verdikdən sonra onlar metamfetamini atdıqları yeri demiş və narkotik vasitəni onların dediyi yerdən götürüb istifadə etmişdir. Lakin son zamanlar pandemiya olduğundan həmin şəxsləri ərazidə görə bilməmişdir. Həmin vaxtlar bədənində ağrılar olduğundan bədənində yaralar əmələ gəlməyə başlamış, bunun üçün, yəni narkotik vasitə tapmaq məqsədilə küçələri gəzməyə başlamışdır. xx xxxx 2020-ci il tarixdə idarə etdiyi **-UJ-*** dövlət qeydiyyat nişanlı «Vaz-Niva» markalı avtomobillə Xətai rayonu, Nobel prospektinədə olduğu zaman yolun kənarında avtomobilini saxlamış, yolun kənarında olan işıq dirəyinin ətrafını gəzmış, həmin vaxtı sellofan bükülü görmüş və tez həmin sellofan bükülünü oradan götürərək avtomopbilinə əyləşib yaşadığı ünvana gəlmişdir. Həmin sellofan bükülünü açdıqda sellofanda metamfetamin və iki ədəd elektron tərəzi olmuşdur. Metamfetamindən bir dəfə istifadəlik üçün həmin tərəzidə çəkərək istifadə etmiş, bir bükümdə çəkərək siqaretin kağızına büküb istifadəsi üçün cibinə qoymuş, həmin sellofanda olan metamfetmini və tərəzini isə özünə məxsus qara rəngli parçadan olan əl çantasina qoymuşdur. xx xxxx 2020-ci il tarixdə əl çantasını götürüb yaşadığı evdən çıxaraq binanın qarşısına düşmüş və avtomobilə əşləşib şəhərə çıxmaq istəmişdir. Bu zaman mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini Binəqədi RPİ-nin əməkdaşları olduğlarını qeyd edərək həmin polis idarəsinə dəvət etmiş və polis əməkdaşları ilə birgə polis idarəsinə gəlmiş, polis idarəsinin inzibati binasında xidməti otaqların birinə salınmış, hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, daha sonra üzərinə şəxsi axtarış aparılacağı nəzərinə çatdırılaraq üzərində hər hansı bir qanunsuz vasitə olub olmadığı bildirilmiş, belə olan halda əynindəki boz rəngli şalvarın sağ cibində siqaretin kağızına büküb saxladığı metamfetamini və əlindəki əl çantasının içində sellofanda saxladığı metamfetamini və iki ədəd elektron tərəzini, həmçinin özünə məxsus bir ədəd Samsung markalı mobil telefonu və pasportu masanın üzərinə qoymuş, həmin metamfetamini yolun kənarından tapdığını demişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşlarını tanımadığını, müvəqqəti saxlama yerində olanda döyüldüyünü və başından xəsarət aldığını və bundan sonra cinayət-axtarış şöbəsinin rəisinin gəlib ona müvafiq sənədlərə imza etməyini tapşırdığını, əvvəllər də müxtəlif çəkidə narkotik vasitələr tapdığını, əvvəllər telefonla narkotik vasitələr aldığını, tapdığı narkotik vasitəni heç kimə satmadığını, lakin məhlə uşaqları ilə bir yerdə oturub çəkdiyini, saxlanılan vaxt maşına baxış keçirilmədiyini, idarəyə gətiriləndən sonra maşına baxış keçirildiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması və mütamadi olaraq üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin qansus olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması, mütəmadi olaraq üzərində gəzdirməsi və cinayət əməllərinin ifşa olunması məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Əməliyyat qrupu təşkil edilmiş və xx xxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və satışında, həmçinin üzərində gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-də Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 52 ünvanın qarşısında saxlanılaraq Binqəqdi RPİ-nə gətirilmişdir. Sonra barəsində araşdırma aparılması üçün təhqiqatçıya həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində hər hansı bir qanunsuz əşya və yaxud da maddə olub olmadığı sual verildikdə o, əynindəki şalvarın sağ cibindən bir bükümü və əlində saxladığı çantanın içindən 1 büküm sellofan paketi, 2 ədəd elektron tərəzini, 1 ədəd mobil telefonu və pasportu çıxarıb masanın üzərinə qoymuş, həmin bükülülər açıldıqda psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları Şahid2 və Binəqədi RPİ-nin KTQ-nin ekspert kriminalisti Şahid3 şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasında iştirak etdiklərini bildirərək, polis əməkdaşı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir büküm, əlində olan çantanın içindən 1 ədəd sellofan paketi, 2 ədəd elektron kiçik tərəzini, 1 ədəd mobil telefonu və 1 ədəd pasportu masanın üzərinə qoymuşdur. İstintaq hərəkəti zamanı videoçəkiliş aparılmış və videogörüntünün olduğunu bir ədəd disk iş materiallarına əlavə edilmişdir (cild İ, iş vərəqi 31-32). İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə üzərində aşkarlanmış külli miqdarda metamfetamini və 2 ədəd elektron tərəzini Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində magistral yolun kənarında olan yaşıllıqın içindən götürərək üzərində saxlamışdır. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 174-176). İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1186 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxsin sağ yan cibindən çıxan maddə...” əl yazıları olan zərfdəki (№1) təmiz çəkisi 0.252qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Üzərində “Şübhəli şəxsin çantasından çıxan maddə...” əl yazıları olan zərfdəki (№2) təmiz çəkisi 38.543 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Şübhəli şəxsin çantasından çıxan tərəzilər...” əl yazıları olan zərfdəki (№3) 02 elektron tərəzilərin səthlərində psixotrop maddə -metamfetaminin izlləri müəyyən edildi. №1 və №2-li zərflərdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı1) daxildir (cild 1, iş vərəqi 42-45). İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 163- 164). İş materiallarına əlavə edilmiş ambulator məhkəmə psixatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1429 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 165-167). İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işindən ayrıca icraata cinayət işi ayrılması haqqında qərardan, həmçinin xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs oğlundan götürülmüş ümumi təmiz çəkisi 38.795 qram çəkidə psixotrop maddə olan metamfetamin cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 38.715 qram psixotrop maddə-metamfetamin və həmçinin 1 ədəd üzərində «Aosai pocret scale» sözləri yazılmış qara rəngli və 1 ədəd üzərində «QC.PAAS 8» sözləri yazılmış gümüşü rəngli elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmənin hökmünədək saxlanması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı onun üzərindən aşkarlanmış külli miqdarda psixotrop maddə metamfetamini qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD diskdə üzərində hadisənin izləri saxlanıldığına görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (cild 1. İş vərəqi 177-182, 209). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 5(001)-588/2020 nömrəli qərarının surətindən görünür ki, xx.xx.1990-cı il tarixində Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 1, iş vərəqi 47). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 290 nömrəli arayışdan və həmin tarixli 60 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 159-160). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1. İş vərəqi 161-162). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, ittihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olduğunu, lakin həmin narkotik vasitələri satış məqsədilə deyil şəxsi istifadəsi üçün əldə etdiyini, müvəqqəti saxlama yerində saxlanılan zaman döyüldüyünü, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitə və psixotrop maddələri polis əməkdaşlarına təqdim edir və həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülür. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi dəlillərdə ona fiziki təsir göstərildiyini və döyüldüyünü bildirsə də, müdafiəçinin iştitrakı ilə verdiyi ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində hər hansı psixi və fiziki təsirə məruz qalması ilə bağlı ona ünvanlanmış suala cavab olaraq heç bir fiziki və psixi təsirə məruz qalmadığını bildirmiş, həmçinin işin ibtidai istintaqı mərhələsində bu barədə hər hansı dövlət qurumuna müraciət ünvanlamamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi yuxarıda göstərilən dəlillərini onun öz cinayət məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi dəyərləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunmasını, həmçinin əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin Təhqiqat şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 38.795 qram çəkidə psixotrop maddə olan metamfetamin cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 38.715 qram psixotrop maddə-metamfetamin və həmçinin 1 ədəd üzərində «Aosai pocret scale» sözləri yazılmış qara rəngli və 1 ədəd üzərində «QC.PAAS 8» sözləri yazılmış gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 109 (yüz doqquz) manat 90 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 109 (yüz doqquz) manat 90 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2170 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon polis idarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 38.795 qram çəkidə psixotrop maddə olan metamfetaminin ekspertiza təqdiqatından sonra qalıq qalmış 38.715 qram psixotrop maddə-metamfetamin və həmçinin 1 ədəd üzərində «Aosai pocret scale» sözləri yazılmış qara rəngli və 1 ədəd üzərində «QC.PAAS 8» sözləri yazılmış gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alımış videogörüntülərin olduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 109 (yüz doqquz) manat 90 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-362/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-362/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver