Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-362/2022 10.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 4 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, dalan 13, nömrəsiz evdə yaşamış, 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 15 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 4 (dörd) ay 12 (on iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda 3 (üç) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə, onlardan iki büküm ayrı-ayrılıqda təmiz çəkisi 3,687 qram və 4,332 qram, ümumi təmiz çəkisi 8,019 qram tünd qəhvəyi rəngli bərkimiş halda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda bir büküm təmiz çəkisi 4,358 qram ağ rəngli kristallardan ibarət halda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 13 avqust 2021-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin və həmin idarənin 31-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılıb, ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nə gətirilərək orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli, qırmızı zolaqlı qısa şalvarın sol yan cibindən külli miqdarda 3 (üç) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə, onlardan iki büküm ayrı-ayrılıqda təmiz çəkisi 3,687 qram və 4,332 qram, ümumi təmiz çəkisi 8,019 qram olan tünd qəhvəyi rəngli bərkimiş halda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda bir büküm təmiz çəkisi 4,358 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının sağ yan cibindən bir ədəd üzərində həmin heroin və metamfetamin izləri olan «Adler» markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 13 avqust 2021-ci il tarixdə evdə olduğu zaman polis əməkdaşları gəlmiş və ona özləri ilə getməli olduğunu bildirmişlər. Həmin vaxt onun evində 0,2 qram «kokos» kimi bildiyi heroin və elektron tərəzi olmuşdur. Qeyd olunan narkotik vasitəni o, öz istifadəsi üçün almışdır. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Bölmədə videoçəkiliş aparılmamışdan qabaq polis əməkdaşları onun üzərinə 2 büküm narkotik vasitə qoyaraq çəkiliş zaman həmin narkotik vasitənin özünə məxsus olduğunu deməyi tələb etmişlər. O da, təzyiqlər altında çəkiliş zamanı həmin narkotiklərin özünün olduğunu bildirmişdir. Əslində isə həmin bükümlər ona məxsus deyildir. O, saxlanılarkən yalnız evində 0,2 qram «kokos» olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilən 2 büküm narkotik vasitəni polis işçilərinin özlərinin onun üzərinə qoyduqlarını, onun evində 0,2 qram «kokos» olduğunu, dozasını dəqiq müəyyən edə bilməsi üçün evində olan tərəzi ilə çəkib sonra narkotikdən istifadə etdiyini, evindən aşkar olunmuş narkotiki tanımadığı şəxsdən «votsap» vasitəsilə danışaraq aldığını, «kokos»u falqaya qoyaraq çəkdiyini, evindən aşkar edilən narkotik vasitənin sonradan yoxa çıxdığını, alarkən çox miqdarda, yəni 1 qram narkotik aldığını, onun üzərindən götürüb bir az çəkdiyini, istintaq zamanı narkotiki aldığı şəxslə olan «sms» yazışmalarının götürülmədiyni, əvvəllər özünün Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi məhkum olunduğunu bildirdi. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən iki ilə yaxındır narkotik vasitəni nəfəs və inyeksiya yolu ilə qəbul edir. Respublika Narkoloji Dispanserində müalicə olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu özünü İran vətəndaşı kimi təqdim edən adını bilmədiyi şəxsdən üç bükümü 200 (iki yüz) manat müqabilində onlayn ödəniş etməklə almışdır. Narkotik vasitəni aldıqdan sonra 13.08.2021-ci il tarixdə axşam saatlarında Yeni Ramana qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən üzərində həmin üç büküm narkotik maddə və bir ədəd elektron tərəzi də olmuşdur. Bu zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Suraxanı RPİ-nə gətirmişlər. Polis idarəsində onun üzərinə baxış keçirilərkən o, üzərində olan üç büküm narkotik vasitəni və bir ədəd elektron tərəzini çıxarıb könüllü təqdim etmişdir. O, narkotik vasitəni aldığı şəxsi tanımamış, narkotiki onlayn şəkildə adını bilmədiyi İran vətəndaşından almışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni hər hansı bir şəxsə satmaq və ya pay vermək niyyəti olmamış, özü istifadə etmək üçün almışdır. O, tutulduğu üçün qorxmuş və nə danışdığını bilməmişdir, elə danışmışdır ki, bəlkə onu buraxalar. Əslində isə narkotik vasitəni özü istifadə etmək üçün almışdır. O, narkotik vasitəni bir dəfəlik alır və həmin narkotik vasitəni özü qəbul etdiyi qədər bükümlərə büküb özündə saxlamışdır ki, nə vaxt qəbul etmək istədikdə bükümü açıb istifadə etsin. O, əsasən narkotik vasitə heroindən istifadə edir, lakin ona özünü İran vətəndaşı kimi təqdim edən şəxs bildirmişdir ki, onda «şüşə», yəni meteamfetamin də vardır və o, fikirləşmişdir ki, alıb istifadə etsin və yoxlasın. Üzərindən aşkar edilmiş narkotik vasitədən və metamfetamindən istifadə edə bilməmişdir (cild 1, iş vərəqi 165-167). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ 31-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ona qərəzsiz mənbədən Ağaməmməd adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə idarə rəhbərliyinə müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. 13 avqust 2021-ci il tarixdə Suraxanı RPİ Narkotiklərlə mübarizə bölməsinin əməkdaşı Şahid2lə birlikdə o, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, dalan 13-də saat 19:10 radələrində Təqsirləndirilən şəxs saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi izah edilərək Suraxanı RPİ-nə inzibati binasına gətirmişlər. Orada xidməti otaqların birində təhqiqatçı tərəfindən onun və digər polis əməkdaşının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə ararılmışdır. Bu zaman saxlanılan şəxsə üzərində qanunla dövriyəsi qadağan edilmiş əşyaların olub-olmaması, müsbət halda onları təhvil verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qırmızı zolaqlı qısa şalvarın sol yan cibindən 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəffaf və qəhvəyi maddələri, sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək, həmin kütlələrin narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Saxlanılan şəxsin dediyinə görə, həmin maddələri o, «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə adını bilmədiyi İran vətəndaşından satmaq və şəxsi istifadəsi üçün onlayn şəkildə almış və üzərində saxlamışdır. Bundan sonra narkotik vasitələr və elektron tərəzi zərfə qoyularaq qablaşdırılaraq götürülmüş, həmçinin müvafiq protokol tərtib edilərək onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək məqsədi ilə tədbirlər davam etdirilr. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 13.08.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan qara rəngli qırmızı zolaqlı qısa şalvarın sol yan cibindən 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəffaf və qəhvəyi maddələr, sağ yan cibindən isə bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 35-36). Cinayət işinə əlavə edilmiş 15.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli, qırmızı zolaqlı qısa şalvarının sol yan cibindən 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəffaf və qəhvəyi maddələri, sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək, həmin bükümün içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik maddələr olması və həmin bükümlərin özünə məxsus olmasını, həmin narkotik maddələri «İnstaqram» vasitəsi ilə tanış olduğu İran vətəndaşından satmaq və özü istifadə etmək üçün onlayn qaydada almasını, üzərində saxlamasını və daşımasını bildirir. Həmin bükümlər və tərəzi qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilmiş, onun üzərindən başqa qanunsuz əşya və predmetlər aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 101). Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2021-ci il tarixli 6/3501 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 45» dairəvi möhür əksi olan 2 (iki) ədəd kağız zərfdə üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə, onlardan 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,687 qram və 4,332 qram, ümumi təmiz çəkisi 8,019 qram tünd qəhvəyi rəngli bərkimiş formada maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,358 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd «Adler» markalı elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin», metamfetamin isə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in İ siyahısına daxildirlər (cild 1, iş vərəqi 43-49). Ambulator məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 3456 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixiotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tədbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təstiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 133-134). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 2241 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiacı yoxdur (cild 1, iş vərəqi 135-137). Məhkəmə-kimyəvi ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 6/4193 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası ƏN MEM-nin «Tədqiqat Obyekti № 59»-li ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Həmin heroinlər barəsində 14 avqust 2021-ci il tarixli 6/3501 saylı ekspert rəyində ətraflı məlumat verilmişdir (cild 1, iş vərəqi 138-142). İbtidai istintaq orqanının 03.11.2021-ci il tarixli qərarına əsasən, 13.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdə, onlardan, 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,687 qram və 4,332 qram, ümumi təmiz çəkisi 8,019 qram heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,358 qram psixotrop maddə metamfetamin və bir ədəd «Adler» markalı elektron tərəzi iş üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,879 qram heroin və 4,258 qram metamfetamin, həmçinin bir ədəd «Adler» markalı elektron tərəzi məhkəmə baxışınadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin, istintaq zamanı şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 143-151,179). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 31.08.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 fevral 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 4 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqi 116-124). Məhkəmədə Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilməyərək, 13 avqust 2021-ci il tarixdə evdə olduğu zaman polis əməkdaşlarının gəlib onu özləri ilə apardıqlarını, həmin vaxt evində 0,2 qram «kokos» kimi bildiyi heroin və elektron tərəzi olduğunu, qeyd olunan narkotik vasitəni öz istifadəsi üçün aldığını, həmin vaxt üzərində narkotik vasitə olmadığını, polis bölməsində videoçəkiliş aparılmamışdan qabaq polis əməkdaşlarının onun üzərinə 2 büküm narkotik vasitə qoyaraq çəkiliş zaman həmin narkotik vasitənin özünə məxsus olduğunu deməyi tələb etdiklərini, onun da təzyiqlər altında çəkiliş zamanı həmin narkotiklərin özünün olduğunu etiraf etdiyini bildirərək müdafiəsi üçün dəlillər gətirdi. Bununla belə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun törətdiyi cinayət əməlini etiraf etməsi müəyyən olundu. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər çoxsaylı sübutlarla tam təsdiq olundu. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindən məhkəmədə imtina etməsini onun məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşağın olmasını, həmçinin İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin xüsusi təhlükəli residivini isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən, qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi xüsusi təhlükəli residiv sayılır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinin tələbinə görə, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 fevral 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 4 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət hesab edilən əmələ görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad olunduqdan sonra görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələbinə görə, cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan maddi sübutlar - 7,879 qram heroin və 4,258 qram metamfetamin, həmçinin bir ədəd «Adler» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 228 (iki yüz iyirmi səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 3456 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, onun İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi mümkün deyildir, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,879 qram çəkidə narkotik vasitə heroin və 4,258 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin bir ədəd «Adler» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-362/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-362/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver