Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-362/2023 21.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1979-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olub, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,138 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini və 09 ədəd gümüşü rəngli bükümdə hər biri ayrı-ayrılıqda təmiz çəkisi 0,220 qram, 0,670 qram, 0,560 qram, 0,760 qram, 0,660 qram, 0,630 qram, 1,097 qram, 0,2328 qram və 0,410 qram ümumi çəkisi 5,335 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 17 iyun 2022-ci il tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə İ.Musayev küçələrinin kəsişməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 09 ədəd bükümdə, hər biri ayrı-ayrılıqda təmiz çəkisi 0,220 qram, 0,670 qram, 0,560 qram, 0,760 qram, 0,660 qram, 0,630 qram, 1,097 qram, 0,2328 qram və 0,410 qram ümumi çəkisi 5,335 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,138 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Hövsan qəsəbəsində yaşayır, sahibkardır, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 7 ildir köşk işlədir. 16 iyun 2022-ci il tarixdə axşam saat 22 radələrində ayaq yoluna getmək üçün köşkün qapısını bağlayan zaman bir nəfər ona yaxınlaşıb əllərini qandallamış, onlar 4 nəfər olmuş və onu «Azsamand» markalı avtomaşına əyləşdirib «Aura» restoranının yanına aparmışlar. Təxminən yarım saat orada avtomaşında qalmış, həmin vaxt kəsiyində orada ondan külli miqdarda pul istəmişlər, o isə qeyd olunan məbləğdə pulunun olmadığını bildirmişdir. Bundan sonra onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparmışlar. 17 iyun 2022-ci il tarixdə onu müvəqqəti saxlama yerinə aparmış, 18 iyun 2022-ci il tarixdə yenidən 32-ci polis bölməsinə gətirmişlər, orada otaqların birində polis əməkdaşları cibinə narkotik vasitə qoymuşdur. Həmin vaxt əllərində qandal olmuşdur. Daha sonra video çəkiliş edərək ona cibində nə varsa çıxarmağı təklif etmişlər, o da polis əməkdaşlarının cibinə qoyduğu həmin bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 15 ildir ki, Hövsan qəsəbəsində öz tikdirdiyi evdə ailəsi ilə birlikdə yaşayır, sahibkar olmaqla, 7 ildir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Mədən küçəsi 4-də köşk işlədir. O, 4 il köşkü 24 saat işlətmiş, pandemiyadan sonra isə hal-hazıradək səhər saat 08:00-dən gecə saat 00:30-dək işlətmişdir. O, saxlanılan gün ayaqyoluna getmək üçün köşkü bağlayan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq onu tutmuşdur. Onun yaşadığı evlə, işlətdiyi köşkün arası 17-18 kilometr məsafədədir. Onu saxlayan zaman həmin şəxslər özlərini təqdim etməmişlər. Onu 16 iyun 2022-ci il tarixdə axşam saat 22 radələrində saxlamışlar, bu, dəqiq yadındadır, çünki həmin tarixdən evə getməmişdir. Həmin şəxslər 4 nəfər olmuş, onlardan üçü hündür boy, biri isə alçaq boylu olmuşdur. Video çəkilişlə üzərinə baxış keçirilməzdən əvvəl narkotik vasitəni siqaret qutusunda onun cibinə polis əməkdaşları qoymuşdur. Həmin vaxt onun əllərində qandal olmuşdur. Həmin şəxslər ondan 20.000 manat pul istəmiş, o da pulunun olmadığını demişdir. Ona hədəqorxu gəlib, əgər sənədləri imzalamasa üzərinə külli miqdarda narkotik vasitə, bir də silah qoyacaqlarını demişlər. Video çəkiliş edərək ona cibində nə varsa çıxarıb təqdim etməyi təklif etmişlər, o da cibində olan həmin polis əməkdaşlarının qoyduğu bükümü çıxarıb masanın üstünə qoymuşdur. 17 iyun 2022-ci il tarixdə müvəqqəti saxlama yerində saxlanılmış, onunla heç bir sənədləşmə aparılmamış, heç bir şəxsi axtarış keçirilməmişdir. Bir gün saxlanıldıqdan sonra cibinə narkotik vasitə qoyub, 18 iyun 2022-ci il tarixdə 13-14 radələrində videoçəkilişlə üzərimə baxış keçirmiş, 19 iyun 2022-ci il tarixdə isə 03 saylı İstintaq təcridxanasına göndərilmişdir. Üzərindən guya 9 büküm narkotik vasitə, bir də psixotrop maddə aşkar etmişlər. O, əvvəllər marixuanadan istifadə etmişdir. O, saxlanılan zaman ətrafda taksi sürücüləri olmuş, onlar da onun saxlanıldığını görmüşlər. Taksi sürücüsü Əli adlı şəxs onu tutub aparanda görmüşdür. Taksi sürücüləri onu saxlayan şəxslərə yaxınlaşmamışlar. O, həmin şəxslərə köşkü bağlamaq lazım olduğunu demiş, həmin şəxslərdən biri qayıdıb köşkü bağlamışdır. Onu avtomaşında arxada əyləşdirib, qoluna da qandal vurmuşlar. Ona bir-iki dəfə gəlib köşkün yerinin plana düşdüyünü bildirib, oradan çıxmağını tələb etmişlər, o da razılaşmamışdır. Ona görə də düşünür ki, həmin məsələ ilə bağlı onunla düşmənçilik aparanlar var, buna görə də onu şərləyib tutublar. «Aura» şadlıq sarayının yanında, onu təxminən yarım saat avtomaşının içində saxlamışlar, həmin yer bir az işıqlı yer olmuş, orada şəhər təhlükəsizlik kamerası olmuşdur. 16 iyun 2022-ci il tarixdə onu saxladıqları yerə avtomaşınını da gətirmişlər, həmin vaxt təxminən axşam saat 22 radələri olmuşdur. Sonra onu 32-ci PB-yə aparmışlar. Həmin şəxslərdən biri onun avtomaşınını, biri isə «Azsamant» markalı avtomaşını sürmüş, biri onun yanında, biri isə ön oturacaqda oturmuşdur. Çəkiliş zamanı iştirak edən şahidlər sonradan gəlmiş, onu həmin şəxslər saxlamamışlar. O, həmin iki nəfər şahidi 18 iyun 2022-ci il tarixdə çəkiliş aparılan zaman görmüş, narkotik vasitəni də onun cibinə elə 18 iyun tarixində qoymuşlar. Ondan rüşvət tələb etmişlər, o da vermədiyi üçün cibinə narkotik vasitə qoyub tutmuşlar. Evinə və ya avtomaşınına baxış keçirilməmişdir. O, arada marixuanadan istifadə etmişdir. Saxlanılan vaxt onun üzərində qanunsuz heç nə olmamışdır. İşlətdiyi köşkün kamerası olmuş, lakin bir müddət əvvəl xarab olmuş, tutulan gün də işləməmişdir. Tutulan zaman üzərində mobil telefon olmuş, telefonun üzərində ***- ***-**-** və ***-***-**-** nömrəli mobil nömrələr olmuşdur. Tutulan zaman polis əməkdaşı telefonunu götürüb öz cibinə qoymuşdur. Saxlanılan vaxt ailəsinə heç kəs məlumat verməmiş, 19 iyun 2022-ci il tarixdə müstəntiq tutulması barədə ailəsinə xəbər vermişdir. İşlətdiyi köşkün yanında təkər təmiri yeri var, orada da kamera çəkmişdir. Polis əməkdaşları onu tutanda, orada ağ rəngli «Xəzər» markalı avtomaşını olan Əli adlı taksi sürücüsü onları görmüşdür. İstintaq dövründə müqaviləli vəkili olmuşdur. Müstəntiqə şifahi qaydada bildirmişdir ki, ona təzyiqlər olmuşdur. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün aparıldığı məhkəmədə hakimə də bildirmişdir ki, saxlanılan vaxt onun üzərində qanunsuz heç nə olmamışdır. Müəyyən edilmiş ziddiyyətlə əlaqədar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən qurudulmuş marixuana və təsadüf vaxtlarda psixotrop maddə metamfetamin, yəni «patı» istifadə edir. 16 iyun 2022-ci ildə Astara rayonundan Bakı şəhərinə qonaq gəlmiş, həmin gün mobil telefonunda «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə bir nəfər tanımadığı şəxslə tanış olmuş, həmin şəxslə söhbət edən zaman söhbət əsnasında həmin şəxs hazırda Bakı şəhərində yaşadığını və narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş, o, həmin şəxsə narkotik vasitə qəbul etdiyini demiş və həmin şəxsdən narkotik vasitə istəmişdir. Həmin şəxs ona «sənin üçün narkotik vasitə təşkil edərəm, lakin əvvəlcə onun bank hesab nömrəsinə pul yükləməliyəm» sözünü demişdir. O, həmin şəxsdən adını və mobil telefon nömrəsini istəsə də həmin şəxs ona «onunla ancaq «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamalıyam» dedikdən sonra adını və mobil telefon nömrəsini deməmişdir. O, Bakı şəhərində olduğundan, düşünmüşdür ki, narkotik vasitədən bir az çox alsın ki, təxminən 1 ay yarım istifadə edər. Narkotik vasitəyə ehtiyacı olduğu üçün həmin şəxslə razılaşmışdır. Bundan sonra o, tanışı ilə görüşüb 100 manat pul borc almış, həmin şəxsin «İnstagram» sosial şəbəkəsindəki adresinə yazıb bildirmişdir ki, 50 manat pula 5 qrama yaxın qurudulmuş marixuana və 3 qrama yaxın psixotrop maddə metamfetamin istəyir. Həmin şəxs ona hazırda yadında qalmayan bank hesab nömrəsini göndərmiş, o, da həmin şəxsin bank hesab nömrəsinə 50 manat pul yükləmiş, pulu yüklədikdən sonra həmin şəxs bildirmişdir ki, Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinin yaxınlığında şam ağaclarından birinin yanına sellofan torbaya qoyduğunu, gedib oradan götürməyi demişdir. Həmin şəxsin dediyi yerə gedib narkotik vasitələri əldə etmişdir. Səhəri gün, yəni 17 iyun 2022-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində küçədə olduğu zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyi soruşduq da o, polis əməkdaşlarına özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olduğunu bildirib onlarla birlikdə 32-ci polis bölməsinə gəlməyini bildirmiş və o, da polis əməkdaşları ilə razılaşıb 32-ci polis bölməsinə getmiş, polis bölməsində narkotik vasitə istifadəsində və daşımasında şübhəli olduğu üçün təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün Bakı şəhər 9 saylı Vəkil bürosundan dövlət hesabına vəkil dəvət edilmiş, müdafiəçi Əbülfəz Kazımov ona təqdim edildikdən sonra şəxs qismində tutulmuşdur. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən öncə ərizə ilə yazıb bildirmişdir ki, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı yoxdur. Çünki üzərində narkotik vasitə olduğunu bildiyi üçün ərizə yazmışdır. Polis əməkdaşları ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, 9 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümləri və 41 manat pulu çıxarıb masanın üzərinə qoymuş, həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm psixotrop maddə metamfetamindir və 9 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlər isə qurudulmuş marixuanadır. Həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsdən almışdır. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və polis əməkdaşlarının iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, onun özünün və iştirakçıların imzaları ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişlər. O, əlavə verilən suallara cavab olaraq polis əməkdaşları onu saxlayan zaman çox həyacanlı olduğunu, bu səbəbdən də üzərindən aşkar edilmiş metamfetaminin tanışına məxsus olduğunu dediyini, lakin həmin narkotik vasitələrin ona məxsus olduğunu, narkotik vasitəni çox almaqda məqsədinin ən azından bir ay yarım istifadə etmək olduğunu, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, həmişə özü qəbul etmək üçün aldığını, narkotik vasitə aldığı şəxsi tanımadığını, ilk dəfə idi ki, narkotik vasitəni «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə əldə etdiyini, həmin şəxsin anket məlumatlarını bilmədiyini, həmçinin «İnstagram» sosial şəbəkəsinin adresi və bank hesab nömrəsinin yadında qalmadığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin arasındakı ziddiyyəti polis əməkdaşlarının ona psixoloji təzyiq göstərməsi ilə izah etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 17 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X3 Bəkirli küçələrinin kəsişməsində olduğunu görüb ona yaxınlaşıb xidməti vəsiqə ilə özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, 09 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümləri və 41 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm psixotrop maddə metamfetamindir və 09 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlər isə qurudulmuş marixuanadır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrdən birinin narkotik vasitə marixuana, digərinin isə metamfetamin olduğunu bildirmiş, üzərindən əlavə olaraq 41 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixində Yaşar Rzayevlə birlikdə, saat 12:30 radələrində saxlamışlar. Emili saxlayan zaman iki nəfər olmuşlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İttiham aktında qeyd edilmiş mobil nömrə ona məxsusdur, şəxs saxlanılan zaman da həmin mobil nömrə üzərində olmuşdur. Başqa mobil nömrə istifadə etməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdu. Təqsirləndirilən şəxs evinə və iş yerinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman çöldə təkbaşına gəzmiş və yanında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X1 öz ifadəsində bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs da tutulmamışdan əvvəl həmin ərazidə köşk işlətmişdir. 16 iyun 2022-ci il tarixdə axşam saat 22:00 radələrində o, görmüşdür ki, Emil axşam köşkə daxil olan kimi tanımadığı şəxslər onu tutmuşlar. Səhəri gün Emilin həyat yoldaşına gördükləri barədə məlumat vermişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Emili 17 ildir ki, tanıyır, o, taksi fəaliyyəti ilə məşğul olur, daimi olaraq Emilin köşkünün yaxınlığında dayanır. Emil 7-8 ildir ki, həmin ərazidə köşk işlədir. Təqsirləndirilən şəxs köşkü tək işlədir. O, tez-tez həmin köşkdən alış-veriş etmiş, adətən siqaret almışdır. Onun Emilgilə gediş-gəlişi olduğuna görə Emilin evini tanımışdır. Emil 16 iyun 2022-ci il tarixdə axşam saat 22:00 radələrində tutulmuşdur. Həmin vaxt nə onun, nə də Emilin yanında başqa şəxs olmamışdır. Emili “Azsamand” markalı maşından düşən şəxslər saxlamışdır. Maşının nömrəsini xatırlamır. Maşından düşən şəxslər mülki geyimdə olmuşdur. Maşından 2-3 nəfər düşmüş, Emilin qollarına qandal vurub aparmışlar. Həmin şəxslər köşkdə axtarış etmiş, axtarış təxminən yarım saat çəkmişdir. Emilin qolunu qandallayıb maşına oturdub aparmışlar. Emili hara apardıqlarını bilməmişdir. Həmin vaxt o, indi istifadəsində olan telefon nömrəsini işlətmişdir. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, 1980-ci ildə Bakı şəhərində anadan olmuş, o, «Köhnə Günəşli»də, yəni Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 13, mənzil 19-da yaşayır, lakin Emilin köşk işlətdiyi ərazidə taksi fəaliyyəti ilə məşğul olur. O, taksini köşkün yanında saxlayır. Hadisə 16 iyun ayında axşam saat 22 radələrinə baş vermişdir. Köşkə gələn şəxslər mülki geyimdə olmuş, o, həmin şəxslərin polis olduğunu anlamış, ona görə də «102» zəng mərkəzinə məlumat verməmiş və onlara yaxınlaşmamışdır. O, qorxduğuna görə onlara yaxınlaşmamışdır. Onun təqsirləndirilən şəxsin əvvəllər qeyri-qanuni işlə məşğul olması, narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. O, səhər saat 11-12 radələrində Emilin evinə gedərək ailə üzvləri narahat olmasın deyə həyat yoldaşına məlumat vermişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş deməsinə görə metamfetamin «şüşə» və gümüşü rəngdə siqaret kağızına bükülmüş 9 ədəd deməsinə görə qurudulmuş marixuana və 41 manat pul aşkar edilmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələri 16 iyun 2022-ci il tarixdə Bakı şəhəri Neftçilər metrosunun yaxınlığında İİR-nın vətəndaşından sosial şəbəkə vasitəsi ilə aldığını bildirmişdir. (i/v: cild İ, səh.35-36). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesinin əks olunduğu DVD diskə baxış keçirilmiş və keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş deməsinə görə metamfetamin və gümüşü rəngdə siqaret kağızına bükülmüş 9 ədəd deməsinə görə qurudulmuş marixuana və 41 manat pulun aşkar edilmiş, həmin bükümlərin qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. (i/v: cild İ, səh. 98). Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və diskdə olan video görüntülərin «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 iyun 2022-ci il tarixli, həmçinin «diskə baxış keçirilməsi haqqında» 21 iyun 2022-ci il tarixli protokollarla uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/647-6/3396 nömrəli 17 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196» dairəvi möhür əksi, «Şübhəli şəxs imza Təqsirləndirilən şəxs ...» yazı və imzalar olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,138 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. «Şübhəli şəxs imza Təqsirləndirilən şəxs ...» yazı və imzalar olan digər zərfdə 9 ədəd gümüşü- ağ kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,220 qram, 0,670 qram, 0,560 qram, 0,760 qram, 0,660 qram, 0,630 qram, 1,097 qram, 0,328 qram və 0,410 qram olmaqla, ümumi çəkisi 5,335 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılar «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. (i/v: cild İ, səh. 46-51) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 19 avqust 2022-ci il tarixli, 4602 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: cild İ, səh.131-132) İstintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 3,138 qram psixotrop maddə metamfetamin və ayrı-ayrılıqda təmiz çəkisi 0,220 qram, 0,670 qram, 0,560 qram, 0,760 qram, 0,660 qram, 0,630 qram, 1,097 qram, 0,328 qram və 0,410 qram olmaqla, ümumi çəkisi 5,335 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 3,088 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 4.975 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur. (i/v: cild İ, səh. 148-155). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Suraxanı RPİ-nin 32-ci Bölməsindən daxil olan 22 iyul 2022-ci il tarixli, 099-2376- 1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (i/v: cild İ, səh.111). Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən onun üzərindən aşkar olunmuş külli miqdarda psixotrop maddənin aldığı mənbəni müəyyən edilməsi üçün 07 oktyabr 2022-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. (cild 1 iş vərəq 157-158) Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını, iş materiallarında qeyd olunan narkotik vasitə və psixotrop maddəni onun cibinə polis əməkdaşlarının qoyduğunu bildirmişdir. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs, onun üzərinə keçirilmiş şəxsi axtarış və götürülmə protokolunda, ilkin izahatında, eləcə də ifadələrində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin ona aid olduğunu, ona qarşı təzyiqlərin olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə vermiş olduğu izahatında, bir ildir ki qurudulmuş marixuanadan istifadə etdiyini və ona polis əməkdaşları tərəfindən psixi və ya fiziki zor tətbiq edilmədiyini göstərmişdir. (i/v: cild İ, səh. 34). Eləcə də iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə yeni müdafiəçi ilə müqavilə bağlamış, lakin həmin müddət ərzində də təqsirləndirilən şəxsin üzərinə narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması və ya ona polis əməkdaşları tərəfindən təzyiqlər göstərilməsi barədə, özü və ya müdafiəçisi tərəfindən nə bir şikayət, nə də hər hansı bir vəsatət verilməmişdir. Yalnız 11 oktyabr 2022-ci il tarixdə müdafiəçi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunmaması, onun əməlində narkotik vasitələrin satışı faktının sübuta yetirilməməsi və onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsinə dair vəsatətlə istintaqa müraciət etmişdir. Göründüyü kimi müdafiəçi həmin vaxt Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər edilməsinə dair hər hansı bir fikir bildirməmiş və şikayətlə müraciət etməmişdir. Əksinə Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etməklə, həmin narkotik vasitə və psixotrop maddələrin onun üzərindən aşkar olunmasını dolayı yolla etiraf etmişlər. Çünki, həmin vəsatətdə aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin nə çəkisi, nə də həmin maddələrin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması məsələsi mübahisələndirilməmişdir. Eləcə də Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilsə də, faktiki olaraq öz ifadəsində aşkar olunan narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmadığını və həmin kütlələri onun üzərinə polis əməkdaşlarının qoyduğunu və təzyiq altında istintaq zamanı etirafedici ifadələri imzaladığını bildirmiş, lakin həmin təzyiqin konkret olaraq nədə ifadə olunmasını bildirməmiş və özünü məhz hansı əməldə qismən təqsirli bildiyini göstərməmişdir. Bu da ondan irəli gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi ifadələr verməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətlərində (əməllərində) onun narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlaması faktı öz təsdini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında həmçinin ifadəsində göstərmişdir ki, onu 16 iyun 2022-ci il tarixdə tutmalarına baxmayaraq cinayət işinin materiallarında 17 iyun 2022ci il tarixdə saxlanıldığı göstərilmişdir. Həmin hallarla bağlı müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X1 öz ifadəsində, Təqsirləndirilən şəxs işlətdiyi köşkün yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə gecə saat 22:00 radələrində saxlanıldığının şahidi olduğunu və səhəri gün saat 11-12 radələrində Emilin həyat yoldaşına onun saxlanılması barədə məlumat verdiyini göstərmişdir. Məhkəmə şahidin vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, şahid məhkəmə iclasında qeyri-səmimi ifadə verərək, yalnız Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla 17 ildir ki tanışdır, yaxın münasibətləri olmuşdur, onun ailəsini tanımış və evlərinə gediş-gəlişi olmuşdur. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər hansısa qanunsuz əməlləri, o cümlədən narkotik vasitələrdən istifadə etməsi və ya satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Bununla belə o, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə gecə saat 22:00 radələrində tanımadığı şəxslər tərəfindən tutularaq aparıldığını gördüyü halda, bu barədə onun ailəsinə səhəri gün saat 11-12 radələrində məlumat vermişdir. Ona görə də məhkəmə hesab edir ki, Əlihüseyn Musayev yaxın münasibətdə olduğu, evini və ailəsini yaxından tanıdığı Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə gecə saat 22.00 radələrində saxlanıldığını görmüş olsaydı, bu barədə onun ailəsinə bir gün sonra deyil, dərhal məlumat vermiş olardı. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə saxlanılmış və 19 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə çıxarılmışdır. Əgər Təqsirləndirilən şəxs dediyi kimi o, 16 iyun 2022-ci il tarixdə saxlanılmış olsaydı, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə 18 iyun 2022-ci il tarixdə vəsatət və təqdimatla müraciət edilərdi. Eləcə də məhkəmə tərəfindən həmin halların araşdırılması məqsədi ilə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı Eldar Rəhimovun qərarı ilə 17 iyun 2022-ci il tarixdə saat 19.00-da Suraxanı RPİ-nin Müvəqqəti Saxlama yerinə qəbul olunmuş, 20 iyun 2022-ci il tarixdə İstintaq Təcridxanasına göndərilmişdir. Həmçinin məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilməsi ilə bağlı vaxtın qeydə alındığı qeydiyyat kitabının surəti əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən saxlanılaraq xx.xx.2022-ci il tarixdə saat 12.40-da bölməyə gətirilmişdir . Bundan başqa müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə tərəfindən qərar qəbul edilərək təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrələrinin anten məlumatları götürülmüş və həmin məlumatlar məhkəmə iclasında tədqiq edilərkən Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saxlanılmasına dair hər hansı bir məlumata rastlanılmamış, anten məlumatları ilə cinayət işinin materialları arasında hər hansı bir ziddiyyət aşkar edilməmişdir. Bütün yuxarıda sadalanan sübutlarla bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saxlanılmasını bildirməkdə məqsədi, məhkəməni onu qanunsuz olaraq bir gün saxlamalarına inandırmağa çalışmaq və bundan istifadə edərək məsuliyyətdən yaxa qurtarmaqdan ibarət olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 3,138 qram olan psixotrop maddə metamfetamin aşkar edilməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddində olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əvvəllər arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Məhkəmə, Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının yuxarıda qeyd olunan doqquzuncu bəndini də nəzərə almaqla bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik və psixotrop tərkibli maddələrin iki ayrı növə aid olması, həmin psixotrop maddənin külli miqdar təşkil etməsi, onun üzərindən aşkar edilmiş qurudulmuş marixuananın 09 ədəd olmaqla xırda bükümlərə bölünməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. (i/v: cild İ, səh. 138-140) Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 4602 nömrəli 19 avqust 2022-ci il tarixli rəyi əsas götürülməli, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. (i/v: cild İ, səh.131-132). Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 17 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 19 iyun 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 09 ədəd bükümdə və ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumi çəkisi 4,975 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və bir bükümdə 3,088 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəfləri olaraq 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (i/v: cild İ, səh. 47). «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4,975 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 3,088 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-362/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-362/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver