Məhkəmə qərarları › İş №1(101)-362/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-362/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-362/2025 04.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, müdafiəçi: Bakı şəhəri 5 Vəkil Bürosunun vəkili X6 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşaq olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 111də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışları Şahid2 və Şahid1 ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun üzvü Şahid2 bir neçə il əvvəl yanaraq yararsız vəziyyətə düşmüş X9 məxsus Mercedes G55 markalı **- HO-*** qeydiyyat nişanlı avtomobili 23.000 manata almaqla Şahid2 qohumu Şahid4 adına baş etibarnamə verilmiş, həmin avtomobilə lizinq yolu ilə kreditin alınmasına nail olmaq üçün qrupun digər üzvü Şahid1 alınan yararsız avtomobillə texniki göstəriciləri oxşar olan “Hollyvood-Cars” şirkətinə məxsus Mercedes G63 markalı **-AB-*** qeydiyyat nişanlı avtomobili günlük kirayəyə götürərək cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə yararsız halda olan avtomobilin qeydiyyat nişanını və digər göstəricilərini naməlum formada kirayəyə götürdükləri avtomobilə bərkitməklə saxta göstəriciləri olan avtomobili ünvan 1 ünvanında yerləşən lombard və lizinq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə təqdim edib Şahid4 avtomobili satan, Təqsirləndirilən şəxs isə guya avtomobili lizinq yolu ilə alan şəxs qismində müraciət etmiş, lizinq şirkətinin əməkdaşlarının etibarını qazanıb aldada bildikdən sonra DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında alıcı qismində çıxış edən Zərərçəkmiş şəxs QSC-dən pul kreditinin alınmasına nail olmaqla aldatma yolu QSC-nin 53.550 manat pulunu ələ keçirərək külli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu cinayətə Şahid2 ilə Şahid1 sövq etmişlər. Belə ki, Orxan və Üzeyir avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. O özü avtomobil yuma sexində işləmiş, idmançıdır, Azərbaycanda və xaricdə idman yarışlarında çıxış etmişdir. 2022-ci ilin təxminən may ayında Orxan onunla danışanda demişdir ki, çoxlu faizə girib pul götürübdür ki, hazırda da bir çox adama pul borcu qalıbdır. Orxan bildirmişdir ki, sosial şəbəkələrin birində yanmış vəziyyətdə olan «X23» markalı avtomobili görüb Üzeyirlə birlikdə onu ucuz qiymətə alıblar. O, Orxandan yanmış maşını almağının səbəbini soruşmuş, sonuncu demişdir ki, həmin maşının sənədlərini və dövlət qeydiyyat nişanını dəyişərək kredit almaq istəyir. Orxan bildirmişdir ki, onun və Üzeyirin adına artıq bank kreditləri olduğu üçün onlara kredit verməzlər. Onun adına kredit olmadığı üçün Orxan xahiş etmişdir ki, maşını girov qoymaqla krediti onun adına almağa kömək etsin. Orxan buna görə ona pul verəcəyini də demişdir. Orxangilin aldığı yararsız maşının nömrəsi **-HO-*** olmuşdur. Kredit almağın yolunu araşdırdıqda belə qərara gəlmişlər ki, alınan yararsız maşina oxşar saz vəziyyətdə olan eyni markalı maşını Renta Cardan götürüb yararsız maşının nömrəsini üstünə qoyub bankdan pul çıxarmaq olar. Üzeyirin «Hollyvud cars» adlı Renta Car şirkətində olan Emin adlı şəxsin köməyi ilə 2022-ci ilin may ayının sonlarında «X23» markalı maşını günü 250 manata icarəyə götürmuşlər. Maşını icarəyə onun adına deyil, başqa adamın adına götürmüşlər. Onlar birlikdə avtomobili lizinqə salmaqla kredit almaq üçün şirkət axtarmışlar. Sonda Üzeyirin dostu Şahid3 onlara Zərərçəkmiş şəxs lizinq şirkətinə müraciət etmişlər. Həmin şirkətə təzə geyim və bahalı telefonla getmiş, maşının şirkətə girov qoymaqla kredit verilməsini onun adına sənədləşdirmişlər. Lizinqin şərtlərinə görə maşın keçmişdir şirkətin mülkiyyətinə, şirkət isə maşını idarə etmək üçün ona etibarnamə vermişdir. Lizinqin şərtlərinə görə maşın təxminən 100.000 manata qiymətləndirilmişdir. Həmin məbləğin 45- 48.000 manatı şirkətə ödənilməli idi ki, qalan məbləği şirkət ona təqdim etsin. Üzeyir hardansa tələb olunan məbləği tapıb şirkətə ödədikdən sonra şirkət təxminən 50.000 manat pulu və maşını ona təqdim etmişdir. Lakin həmin pulu və maşını elə şirkətdən birbaşa Orxanla Üzeyir götürüb getmişlər. Ona isə gördüyü bu işlərə görə 2.000 manat pul vermişlər. Qeyd etmək istəyir ki, dövlət yol polisində maşının sənədləşməsini Orxangil həyata keçirmiş, onun həmin məsələyə heç bir aidiyyatı olmamışdır. Şirkət maşını lizinqə sənədləşdirdikdən sonra maşının içinə GPS izləmə cihazı qoymuş, halbuki «Renta Car » şirkəti maşını Orxangilə verdikdə maşının içinə GPS izləmə cihazı artıq qoyulmuşdur. Maşın «Renta Car» şirkətindən Orxangilə 10 günlüyə verildiyi üçün sonuncular Zərərçəkmiş şəxs lizinq şirkətinin quraşdırdığı GPS izləmə cihazını çıxarmışlar. Bir müddət sonra Zərərçəkmiş şəxs lizinq şirkətindən onu arayaraq GPS izləmə cihazının siqnal vermədiyini bildirib maşının yerini soruşmuşlar. Bu zaman o, şirkətin əməkdaşlarına hər şeyi olduğu kimi danışmışdır. Bundan sonra Orxan və Üzeyir tutulmamaq üçün Zərərçəkmiş şəxs lizinq şirkətinin pulunu tam ödəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Uzaq qohumu olan və avtomobil alqı-satqısı ilə məşğul olmuş Şahid2 bəzən avtomobilləri onun adıma alıb-satmışdır. O, ancaq sənədlərə imza etmişdir. Lakin heç bir alqı-satqıda real olaraq iştirak etməmişdir. 18 mart 2022-ci il tarixdə Orxan ondan yenə şəxsiyyət vəsiqəsini istəmiş, ona demişdir ki, adına X23 markalı **-HO-*** nömrə nişanlı avtomobili onun adına olan etibarnamə əsasında almışdır. Bununla bağlı 2022-ci ilin iyun ayının 14-də o, Bakı şəhəri Q.Qarayev metrostansiyası yaxınlığında yerləşən lizinq şirkətinə gedib qarşısına nə sənəd qoydularsa heç bir əhəmiyyət vermədən imza etmişdir. Orxanın xahişi ilə 1.000 manat pulu evindən götürüb Orxana vermiş, sonra o, Orxangillə birlikdə alqı-satqını rəsmiləşdirmək üçün DİN-in Baş Dövlət Yol Polis İdarəsinə getmiş, orada sənədləşmə işini Orxangil özləri həll etmişdir. Həmin ərəfələrdə Orxanın yanında Təqsirləndirilən şəxs görüb tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin Şahid1 tanıyır. Belə ki, qohumu Telman Səfərov özünə məxsus və qəza nəticəsində yanıb yararsız vəziyyətə düşmüş «Mercedes» markalı «Galen Vagen» modelli **-HO-*** nömrə nişanlı avtomobil Zabrat qsəbəsində yerləşən dayanacağa yerləşdirmiş və ona baş etibarnamə vermişdir ki, avtomobili satsın. 2022-ci ilin mart ayında Şahid1 ona zəng edib avtomobili almaq istədiyini bildirmişdir. O, Şahid1 və onun yanında olan Orxan adlı şəxslərlə görüşərək dayanacaqda olan Telman müəllimə məxsus avtomobilə baxmış, Üzeyir həmin maşını 10.000 manata əldə etmişdir. O, aldığı pulu Telman müəllimə verdikdən sonra avtomobilin qeydiyyat şəhadətnaməsi sonuncunun adına olduğu üçün Orxan və Üzeyirin təqdim etdikləri tanımadığı şəxsin şəxsiyyət vəsiqəsi ilə həmin şəxsin adına baş etibarnamənin verilməsi ilə bağlı Xətai metrostansiyası yaxınlığında notariusda sənədləşdirməni hazırlatmış və Telman müəllim gəlib həmin şəxsə baş etibarnamə vermişdir. Avtomobilin onda olan qeydiyyat nişanını da digər sənədlərlə birlikdə o, Üzeyirə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə Şahid2 ilə bu məhkəmədə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs-nə vurulmuş 53.550 manat məbləğində ziyanı tam ödədiyi üçün onun və Orxanın barəsində şərti cəza verilmişdir. Belə ki, Zərərçəkmiş şəxs-dən kredit almaq üçün oranın əməkdaşına müraciət etmişlər. Sonuncu izah etmişdir ki, kredit almaq üçün girov qoyulmalıdır. Dostu Orxanla bu haqda düşündükdə sonuncu bir yanmış maşının satışına dair internetdə elan verildiyini bildirmiş, bu haqda düşünərək qərara gəlmişlər ki, həmin maşını əldə edərək Renta kardan kirayə götürəcək maşının üzərinə yanmış maşının nömrəsini dəyişməklə və sənədləri düzəltməklə həmin maşını Zərərçəkmiş şəxs-nə girov qoyaraq kredit alsınlar. Bundan sonra Şahid2 elan əsasında yanmış «X23» markalı avtomobili sahibindən 23.000 manata almışdır. Həmin pulu Orxan özü vermişdir. Amma maşını baş etibarnamə əsasında Şahid2 qohumu olan Şahid4 adına rəsmiləşdirmişdir. Bundan sonra onlar ikisi gedib yanmış maşının texniki göstəricilərinə oxşar olan «Mercedes G 63 » markalı avtomobili Renta kar şirkəti olan «Hollyvood-Cars » şirkətindən az müddətə kirayə götürmüşlər. Bundan sonra yanmış maşının nömrəsini kirayə götürdükləri maşının üzərinə qoymuş, yeni maşının mühərrik nömrəsini sildirmişlər ki, nömrəsi oxunmasın və həmin maşını Zərərçəkmiş şəxs-nə girov qoyaraq 53.550 manat kredit almışlar. Sadəcə onlara Zərərçəkmiş şəxs-nin xərcləri çıxılmaqla 47.000 manat pul verilmişdir. Bankdakı əməliyyat ondan ibarət olmuşdur ki, nömrəsi dəyişilmiş avtomobili həmin Zərərçəkmiş şəxs-nə girov qoyduqdan sonra həmin maşını baş etibarnamə ilə adına rəsmiləşdirən Şahid4 maşını Təqsirləndirilən şəxs adına alqı-satqı ilə rəsmiləşdirmişdir. Əldə etdiyi 47.000 manat puldan ona , Şahid2 və Təqsirləndirilən şəxs hər birinə 10.000 manat pul çatmışdır. Qalan pulları isə bu maşının sənədləşməsinə xərclənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə Şahid1lə bu məhkəmədə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs-nə vurulmuş 53.550 manat məbləğində ziyanı tam ödədikləri üçün onun və Üzeyrin barəsində şərti cəza verilmişdir. Belə ki, Zərərçəkmiş şəxs-ndən kredit almaq üçün oranın əməkdaşına müraciət etmişlər. Sonuncu izah etmişdir ki, kredit almaq üçün girov qoyulmalıdır. Dostu Üzeyirlə bu haqda düşündükdə o, bir yanmış maşının satışına dair internetdə elan verildiyini bildirmiş, bu haqda düşünərək qərara gəlmişlər ki, həmin maşını əldə edərək Renta kardan kirayə götürəcək maşının üzərinə yanmış maşının nömrəsini dəyişməklə və sənədləri düzəltməklə həmin maşını Zərərçəkmiş şəxs-nə girov qoyaraq kredit alsınlar. Bundan sonra o, elan əsasında yanmış «X23» markalı avtomobili sahibindən 23.000 manata almışdır. Həmin pulu onun özü vermişdir. Amma maşını baş etibarnamə əsasında qohumu olan Şahid4 adına rəsmiləşdirmişdir. Bundan sonra o və Üzeyir ikisi gedib yanmış maşının texniki göstəricilərinə oxşar olan «Mercedes G 63 » markalı avtomobili Renta kar şirkəti olan «Hollyvood-Cars» şirkətindən az müddətə kirayə götürmüşlər. Bundan sonra yanmış maşının nömrəsini kirayə götürdükləri maşının üzərinə qoymuş, yeni maşının mühərrik nömrəsini sildirmişlər ki, nömrəsi oxunmasın və həmin maşını Zərərçəkmiş şəxsnə girov qoyaraq 53.550 manat kredit almışlar. Sadəcə onlara Zərərçəkmiş şəxs-nin xərcləri çıxılmaqla 47.000 manat pul verilmişdir. Bankdakı əməliyyat ondan ibarət olmuşdur ki, nömrəsi dəyişilmiş avtomobili həmin Zərərçəkmiş şəxs-nə girov qoyduqdan sonra həmin maşını baş etibarnamə ilə adına rəsmiləşdirən Şahid4 maşını Təqsirləndirilən şəxs adına alqı-satqı ilə rəsmiləşdirmişdir. Əldə etdiyi 47.000 manat pul aralarında bölünmüş, lakin xatırladığı qədər ona 10.000 manatdan az pul çatmışdır. Zərərçəkmiş şəxs ilə müqaviləyə görə maşını əldə edən Təqsirləndirilən şəxs hər ay Zərərçəkmiş şəxsnə 2.050 manat faiz ödəməli idi. Faiz ödənilmədiyi üçün Zərərçəkmiş şəxs hüquq – mühafizə orqanlarına müraciət etmiş, o və Üzeyir Azərbaycanda saxlanılmış, Təqsirləndirilən şəxs isə Rusiya Federasiyasına qaçıb getdiyi üçün orada saxlanılaraq Azərbaycana ekstradisiya olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, o, avtomobillərin işlənmiş ehtiyat hissələrinin alqı-satqısı ilə məşğuldur. İşlədiyi ünvan Babək prospekti 58 ünvanında yerləşir. Şahid1 müştəri kimi onun iş yerinə gəlib-getmiş, Şahid2 isə Üzeyirin dostu kimi tanımışdır. Xatırladığı qədər 2022-ci ilin yay aylarında Orxanla Üzeyir «X23» markalı **-HO-*** nömrə nişanlı avtomobillə onun iş yerinə gəlmişdir. Üzeyir həmin vaxt ona demişdir ki, Orxan əvvəllər maşın alverçisi olub sonradan həftəlik faizə pul götürüb ziyana düşüb, vəziyyəti pisdir ona kömək lazımdır. Hazırda gəldikləri Mercedes markalı avtomobili lizinqə qoyub pul götürmək istəyirlər. O, bir neçə lizinq təşkilatına zəng edib bu məsələ ilə maraqlanmış, sonda Q.Qarayev metrostansiyası yaxınlığında özləri lizinqə kredit verən Zərərçəkmiş şəxs adlanan şirkəti tapmışlar. Orxan və Üzeyirin söhbətlərindən bilmişdir ki, Orxanın avtomobili yaxın qohumu Faiq adlı şəxsin adınadır. Orxanın məqsədi o imiş ki, Faiqin adına olan Mercedes markalı avtomobili Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs adına formal olaraq alqı-satqı edib Elvinin adına lizinqə pul çıxardıb özünə götürsün. O, Orxan, Elvin və Üzeyirə qoşulub DYP-yə getmiş, orada avtomobilin qeydiyyat nişanı **-PU-*** nömrəsinə dəyişilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı 16 avqust 2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 14 iyun 2022-ci ildə Təqsirləndirilən şəxs ilə QSC arasında bağlanmış lizinq müqaviləsi əsasında, «Galen Vagen» markalı avtomobilə görə 53.550 manat pul ödənilmiş, 27 iyun 2022-ci ildə avtomobilin CPS-i söküldükdə, Təqsirləndirilən şəxsla əlaqə yaratsalar da, sonuncu gizlənmişdir, sonradan onlara məlum olmuşur ki, Təqsirləndirilən şəxs, Orxan, Üzeyir adlı şəxslər qabacaqdan əlbir olub QSC-ni aldatmaqla pul əldə etmişlər. Məhkəmədə elan edilib araşdırılmış 354887 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən müəyyən olunur ki, “Mersedes G55” markalı, **-HO-*** qeydiyyat nömrəli minik avtomobilinin sahibi X10r. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin direktoru A.T.Rəhimov tərəfindən müəssisəsinin möhürü ilə möhürlənmiş etibarnamənin mətnindən müəyyən olunur ki, "xxxx" MMC-nə mülkiyyət hüququ ilə məxsus olan “Mercedes Benz G63” markalı, ağ rəngli, dövlət nömrə nişanı **-AB-***, mühərrik: №**********7393, Ban:WDCYC7CF8DX210484 olan minik avtomobilinin sublizinq və icarə müqaviləsi əsasında idarə edilməsi hüququnun sürücülük vəsiqəsi olan fiziki şəxslərə ötürülüməsi səlahiyyəti "xxxx" MMC-yə (VÖEN:**********) etibar edilir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi qüvvədədir. Məhkəmədə elan edilib araşdırılmış 23 may 2022-ci il tarixli, 3268 nömrəli icarə müqaviləsinin kserosurətindən müəyyən olunur ki, icarəyə verən "xxxx" MMC, icarəyə götürən kimi Şahid1 tanınmışdır. Müqavilənin şərtlərinə görə, icarəyə verən "xxxx" MMC ona məxsus “Mercedes Benz G63” markalı, **-AB-*** qeydiyyat nömrəli avtomobili 24 may 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək, icarəyə götürən Şahid1 müvəqqəti istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə avtomobili təhvil verən şəxs kimi X19 və təhvil alan şəxs kimi Şahid1 adı və adları qarşısında imzalar qeyd edilmiş, müqavilədə üzərində Azərbaycan Respublikası "xxxx" MMC sözləri yazılmış möhür həkki vardır. Məhkəmədə elan edilib araşdırılmış 24 may 2022-ci il tarixli yol vərəqəsinin kserosurətindən müəyyən olunur ki, Şahid1 “Mercedes Benz G63” markalı, **-AB-*** qeydiyyat nömrəli avtomobilini Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 14 iyun 2022-ci il tarixli, BK0148590-2022 saylı maliyyə lizinq müqaviləsinin ksetosurətindən müəyyən olunur ki, lizinq verən qismində Zərərçəkmiş şəxs QSC, lizinq alan kimi isə Təqsirləndirilən şəxs iştirak etmişdir. Müqaviləyə əsasən, lizinq verən Zərərçəkmiş şəxs QSC, lizinq alan tərəfindən seçilmiş etibarnamə əsasında, Şahid4 istifadəsində olan “Mersedes G55” markalı minik avtomobilini mülkiyyət hüququ ilə əldə etməyi və müvafiq haqq müqabilində lizinq alanın istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin dəyəri 88.722 manat qiymətləndirilmişdir. 35.172 manat lizinq alan tərəfindən ödənilmiş, qalan 53.550 manat isə lizinq müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin sonunda lizinq verən Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi kimi X13 və lizinq alan kimi Təqsirləndirilən şəxs adı və adları qarşısında imzalar qeyd edilmiş, müqavilədə üzərində Azərbaycan Respublikası Zərərçəkmiş şəxs QSC sözləri yazılmış möhür həkki vardır. Məhkəmədə elan edilib araşdırılmış 14 iyun 2022-ci il tarixli, BK0148590-2022 saylı maliyyə lizinq müqaviləsinə əlavənin ksetosurətindən görünür ki, lizinq müqaviləsi 36 ay ərzində nəzərdə tutulmaqla, aylıq ödəniş 2228 manat nəzərdə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış №:193523187 nömrəli sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:53-də X16 Aeroportunda DSBM-dən Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli 3/1282 №li məhkəmətrasoloji ekspertizasının rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş “Mercedes Benz G63” markalı avtomobilin “WDCYCZCF8DX210484” məzmunlu nəqliyyat vasitəsinin identifikasiya nömrəsi (VİN nömrəsi) zavod üsulu ilə həkk olunmuşdur və üzərində heç bir dəyişiklik edilməmişdir. “Mercedes G63” markalı **-AB-*** qeydiyyat nişanlı avtomobilin üzərində olan identifikasiya nömrəsi (VİN nömrəsi) “WDCYCZCF8DX210484” və sürəti təqdim edilən qeydiyyat şəhadətnaməsində **-HO-*** qeydiyyat nişanlı “Mercedes G63” markalı avtomobilin identifikasiya nömrəsi (VİN nömrəsi) “WDCYC7AFOAX183408” fərqli olduqlarından eynilik təşkil etmirlər. Təqdim edilmiş “Mercedes Benz G63” markalı avtomobilin mühərrik nömrəsi silindiyindən eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru Yusif Yusifov tərəfindən BMCMİ-nin rəisinə ünvanlamış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, lombard və lizinq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə DİN-nin BMCMİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs, Şahid2 və qeyriləri xx.xx.2022-ci il tarixdə saxta göstəriciləri olan avtomobili QSC-yə təqdim edib lizinq yüklü etməklə aldatma yolu ilə onların 53.550 manat pulunu ələ keçirərək dələduzluq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış 16 oktyabr 2022-ci il tarixli “tədqiqat üçün səs yazı nümunələrinin götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, təqdim edilmiş yaddaş kartında olan Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən səs yazısına baxış keçirilmiş, Təqsirləndirilən şəxs olduğu bildirilən şəxslə Zərərçəkmiş şəxs QSC-nin əməkdaşı arasında 8 dəqiqə 40 saniyə müddətində telefon danışığı olmuş və səs yazısında Təqsirləndirilən şəxs Şahid2 Sumqayıt şəhərində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında yaşadığını və onu orada tapa biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs olduğu bildirilən şəxs özünün Ukrayna dövlətində olduğunu, baş verən hadisələrdən sonra vəziyyətin pisə doğru getdiyi üçün ölkəni tərk etdiyini bildirir, baş vermiş cinayət hadisəsindən məlumatlı olduğunu və planın onun, Şahid1, Şahid2 və Şahid3 iştirakı ilə qurulduğunu, Şahid4 da hadisələrin mərkəzində olduğu və baş verənlərdən məlumatlı olmaqla Orxanın ona borcu olduğu üçün bu işə qoşulduğunu qeyd edir. Bundan başqa Təqsirləndirilən şəxs olduğu bildirilən şəxs Orxan və Üzeyirin 15.000 manata yol polisindən texpasport aldıqlarını, avtomobilin ban nömrəsinin onun yanında dəyişildiyini, etiketin qapılara yapışdırıldığını, motor nömrəsinin isə onun bildiyinə görə Gəncə şəhərində dəyişdirildiyini, eləcə də yol polisində alqı-satqı həyata keçirilən zaman makler Səbuhi adlı şəxsə 6.000 manat pul verildiyini bildirir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən 15 noyabr 2022-ci il tarixli məktubla verilmiş nəqliyyat vasitəsi barədə komputer çıxarışından müəyyən olunur ki, “Mersedes G55” markalı **-HO-*** qeydiyyat nömrəli minik avtomobilinin sahibi X10r. Etibarnamə ilə X11 və Şahid4 verilmişdir. Daha sonra həmin avtomobil Zərərçəkmiş şəxs QSC-nin sahibliyinə verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 02 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Şahid6 ilə şübhəli şəxs Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid6 istintaq zamanı verdiyi ifadəsini Şahid2 üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, Şahid1lə, Şahid2 və yanlarındakı digər şəxslərin onun çalışdığı Zərərçəkmiş şəxs QSC-yə gəlib maşını Təqsirləndirilən şəxs adına lizinqə salmışlar. Üzləşdirmə zamanı, Şahid2 də bir daha bildirmişdir ki, avtomobilə ehtiyat hissəsi alan zaman Elvinlə birlikdə olmuşlar, Elvinin onun belə bir maşın almasından məlumatı olmuş, 2022-ci ilin may ayının ortalarında Elvin ona demişdir ki, aldığı avtomobili banka qoyub kreditə pul götürmək olar. O, bunun necə mümkün ola biləcəyini soruşanda Elvin ona demişdir ki, oxşar vəziyyətdə «Galen Vagen» tapıb həmin yanmış maşının nömrəsini üstünə qoyub bankdan pul çıxarmaq olar. O, bu barədə Üzeyirlə danışanda sonuncu müsbət fikir bildirmişdir. Onlar qərara gəlmişlər ki, kirayəyə «X23» markalı avtomobil tapsınlar, və beləcə avtomobili lizinqə salıb qazanc əldə etmişlər. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “şəxsin tutulması və axtarışa elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardandan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddəsilə ittiham elan edilmiş və onun tutulması üçün barəsində axtarış elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə tərəfindən tərtib edilmiş 24 fevral 2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, sonuncu maddi ziyanın ödənilməsi ilə bağlı 19.000 manat pulu Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində təhvil almışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs QSC, VÖEN ********** yazılmış kassa mədaxil orderi qəbzinin kserosurətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına X7 tərəfindən lizinqin aylıq ödənişi kimi 10.000 manat 26 aprel 2023-cü il tarixdə ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, axtarışda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, qərarın surəti əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 20 gün müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3- 16-17/40/2-3358/2024 nömrəli məktubundan müəyyən olunur ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs Rusiya Federasiyası DİO əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Komi Respublikası, Uxta şəhəri məhkəməsinin 3/2-16/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 04 ay 21 sutka, cəmi 05 ay 30 sutka olmaqla, 26 iyun 2024-cü il tarixədək uzadılmışdır. Sənədin əsli Komi Respublikasl Uxta şəhər məhkəməsinin 3/2-16-2024 №-li işində saxlanılır, möhür var, surət düzdür. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Şahid2 və Şahid1 barəsində olan cinayət işi üzrə 06 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs məxsus səs yazısının köçürüldüyü 01 ədəd yaddaş kartı sübut əhəmiyyəti kəsb etdiyindən həmin iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilməsi, Şahid2 və Şahid1 barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış Təqsirləndirilən şəxs dair tələbnamədən müəyyən olunur ki, ona Sumqayıt şəhər məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, həmin cəzadan xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Əlavə olaraq Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə 04 (dörd) il azadlıqdan məhrum etmə cəzası verilmiş, Bakı şəhər Qaradağ rayon məhkəməsinin qərarı ilə həmin cəza CM-nin 177.1-ci maddəsinə tövsif edilərək hökmlə təyin edilmiş 04 (dörd) il azadlıqdan məhrum etmə cəzası 02 (iki) ilə endirilmiş və xx.xx.2017-ci ildə cəza müddətini tam çəkdiyi üçün cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli məhkəmə baxışı zamanı tərtib edilmiş məhkəmə iclas protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ASC-nin 091/24 №-li, xx.xx.2024-cü il tarixli etibarnamə üzrə Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X14 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, zərərin tam ödənildiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış CMS - "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan müəyyən olunur ki, ailəli olub boşanmışdır, himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir övladı vardır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları müqayisəli qaydada yoxlamış və həmin ifadəni həqiqi olmayan ifadə kimi qiymətləndirir. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsini, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ibtidai araşdırma orqanı tərətindən tərtib olunmuş qərar və protokollar, həmçinin hadisə yerinə baxış protokolu, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi və ya himayəsində bir az yaşlı uşağı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutlmuş əməli törətməsi ilə bağlı dəymiş ziyan təmamilə ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs qeyd edilən CM-nin 60-cı maddəsinə əsasən həmin məcəllənin 178.3.2-ci maddəsinə münasibətdə təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi nəzərə alaraq onun islah olunmasını cəmiyyətdən təcrid etmədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə Şahid2 və Şahid1 barəsində olan cinayət işi üzrə 06 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs məxsus səs yazısının köçürüldüyü 01 ədəd yaddaş kartı sübut əhəmiyyəti kəsb etdiyindən həmin iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilməsi, Şahid2 və Şahid1 barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 5 Vəkil Bürosunun vəkili X15 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi X15 üçün isə 420 AZN (dörd yüz iyirmi) manat Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəsini alanadək «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan, Şahid2 və Şahid1 barəsində olan cinayət işi üzrə 06 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs məxsus səs yazısının köçürüldüyü 01 ədəd yaddaş kartı sübut əhəmiyyəti kəsb etdiyindən həmin iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilməsi, Şahid2 və Şahid1 barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınsın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X15 üçün 420 AZN (dörd yüz iyirmi) manat Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar