Məhkəmə qərarları › İş №1(101)-364/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-364/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-364/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X4 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 4 ay hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış, 26 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay hissəsindən vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən külli miqdarda - ümumi təmiz çəkisi 3,276 qram psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 26,992 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə saat 14:50-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4nda yerləşən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - ümumi təmiz çəkisi 3,276 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə, ümumi təmiz çəkisi 26,992 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana bir ədəd selofanda 24,619 qram, üç ədəd qızılı rəngli kağız bükülüdə ayrı-ayrılıqda 0,275 qram, 0,303 qram və 0,353 qram, həmçinin bir ədəd kibrit qutusunda 1,442 qram olmaqla əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən «Əhmədli» metrostansiyasının üstündə saxlanılmış, sonra Nərimanov rayonuna gətirilmişdir. Onun üzərinə saxlanıldığı yerdə baxış keçirilməmişdir. Saxlanılarkən onun üzərində bir dəfə çəkmək üçün marixuana olmuş, lakin onun dəqiq çəkisini bilməmişdir. Onun üzərində 26 qram marixuana və 3 qram metamfetamin olmamış, üzərindən aşkar olunmuş az miqdarda marixuananı isə tanışından almışdır. Sualları cavablandıran Nicar Rzayev 100 manat verib narkotik vasitə aldığını, lakin həmin 100 manata ittihamda göstərilən çəkidə narkotik və psixotrop maddə almaq mümkün olmadığını, əvvəllər 10 manata da, 20 manata da narkotik aldığını, bu zaman çəki ilə yox, bir çəkimlik narkotik əldə etdiyini, narkotiki tanışından aldığını, lakin həmin şəxsi şəxsən tanımadığını, onunla heç vaxt görüşmədiyini, telefonla danışdığını, bundan sonra narkotik vasitəni harasa qoyduqlarını, ona məlumat veriləndən sonra gedib həmin yerdən narkotiki götürdüyünü, narkotik vasitəni aldığı şəxsin nömrəsini ona dostu Eminin verdiyini, sonuncunun hazırda başqa işlə əlaqədar həbs edildiyini, lakin harada cəza çəkdiyini və digər anket məlumatlarını bilmədiyini, marixuanadan başqa heç bir narkotikdən istifadə etmədiyini, ekspertizadan keçəndə ondan narkotikdən istifadə edib-etmədiyini soruşduqlarını, onun isə istifadə etmədiyini bildirdiyini, saxlanılan gün 100 manatlıq narkotik aldığını, Eminin ona heç vaxt narkotik almağı təklif etmədiyini, özünün əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, məhkumluğunun ödənilmədiyini, Kərim adlı şəxsi tanımadığını və sonuncu ilə heç vaxt üzbəüz görüşmədiyini, polis əməkdaşları tərəfindən döyülmədiyini və ona qarşı işgəncə verilmədiyini, təcridxanaya daxil olarkən üzərində hər hansı xəsarət izləri olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur, rəsmi olaraq heç yerdə işləməmişdir, evlidir, bir azyaşlı övladı vardır. 2021 -ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə tutulmuş, 2022-ci ilin mart ayında həbdən azad olunmuş, narkotik vasitə və psixotrop maddə istifadə etməmək qərarına gəlmişdir. Həbsdən azad olunduqdan sonra bədənində olan ağrılara görə psixotrop maddə metamfetamindən, hərdənbir isə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Psixotrop maddələri və narkotik vasitələri Bakı şəhərində təsadüf nəticəsində tanış olduğu, adını və nömrəsini bilmədiyi şəxslərdən az miqdarda alıb istifadə etmişdir. 26 avqust 2022ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdən qəsəbəsində təsadüfən “Kərim” adına şəxslə tanış olmuş, söhbət zamanı üzərində narkotik vasitə və psixotrop maddə satdığını demiş və 150 manat ona pul vermişdir. Həmin şəxs bir ədəd bükümü ona verərək onun içərisində metamfetamin və marixuana olduğunu deyərək bükümü götürüb üzərində saxlamışdır. Oradan uzaqlaşan zaman bükümə baxanda orada bir neçə bükümdə marixuana və bir ədəd bükümdə metamfetamin olduğunu görmüş, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün saat 14:50-də ünvan 5 ünvanının yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğubu bildirmişdir. Bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək Baş İdarəyə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Baş İdarəyə gəlmişdir. Oraya gəldikdən sonra ona təhqiqatçı tərəfindən müdafiəçi təyin olunmuşdur. Sonra hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində psixotrop maddə olan metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən selofan paketi, mobil telefonunu, pulunu və siqaretini təqdim etmişdir. Paketin içərisinə baxış zamanı oradan 4 ədəd bağlamada narkotik vasitə marixuana və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin maddələr qabılaşdırılaraq götürülmüş, sorğu zamanı həmin maddələri Kərim adlı şəxsdən 150 manata aldığını bildirmişdir. Pulu özünə qaytarılsa da, mobil telefon götürülmüş, bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara nümayiş etdirilməklə sonda protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir (cild 1, iş vərəqi 63-65, 75-77). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni qismən təsdiq etdiyini, üzərində cəmi bir dəfə çəkmək üçün qurudulmuş marixuana olduğunu, metamfetaminin və bir neçə bükümdə marixuananın özünə məxsus olmadığını, həmin narkotikləri polis əməkdaşlarının ona verdiyini və onların sözünə görə videoçəkiliş zamanı cibindən çıxarıb təqdim etdiyini, həmin polis əməkdaşlarının kim olduqlarını bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 26 avqust 2022-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa rəhbərlik ona həvalə edilmiş, baş əməliyyat müvəkkili Elsəvər Abbasov və Şahid3 qrupa daxil edilmişdir. Təqsirləndirilən şəxs Xətai rayonu, M.Hadi küçəsi, 119 ünvanının yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra qeyd olunan yerə getmişlər. Orada saat 14:50 radələrində xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin kim olması ilə maraqlanmışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Baş İdarəyə gəlmiş, idarədə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilərək şübhəli şəxsə təqdim olunmuş, daha sonra onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, bu zaman sonuncu üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib, əynindəki şalvarın sağ yan cibindən selofan paketi, digər ciblərindən pulları, mobil telefonu və siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra həmin bükümlər açılmış, bükümlərin birinin içərisindən psixotrop maddə metamfetamin, digər bükümlərin içərisindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri Mərdəkan qəsəbəsindən “Kərim” adlı şəxsdən şəxsi istifadəsi üçün 150 manata aldığını bildirmiş, bundan sonra həmin bükümlər qablaşdırılaraq götürülmüş, pullar və siqaret Təqsirləndirilən şəxs özünə qaytarılsa da, mobil telefon götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, hamı tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanının yaxınlığında müəyyən edilərək saxlanılması, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın aşkar olunub götürülməsində əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmədə şahid - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun həmkarları Şahid1 və Şahid3 məhkəmədəki ifadələri ilə oxşar məzmunlu ifadə verməsi müəyyən olundu (110-112). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 26 avqust 2022-ci il tarixli raportlardan, əməliyyat-axtarış tədbirlərinin aparılması haqqında və əməliyyat qrupunun yaradılması haqqında həmin tarixli qərarlardan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən «Nicat» adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasilərin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, onun xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 3-8). Cinayət işində olan 26 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə saat 14:50-də Təqsirləndirilən şəxs DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, DİN BMCMİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və bir bağlamada içərisində bir ədəd selofanda, üç ədəd qızılı rəngli kağız bükülüdə və bir ədəd kibrit qutusunda olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyə malik maddələr aşkar edilərək götürülmüş, şəxsi axtarış və götürmə prosesinə dair videogörüntünün olduğu bir ədəd DVD disk protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 28-30). Məhkəmə bioloji ekspertizasının 27 avqust 2022-ci il tarixli 7/950 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə bir ədəd selofanda təmiz çəkisi 24,619 qram, 03 (üç) ədəd qızılı rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri; 1) 0,275 qram, 2) 0,303 qram, 3) 0,353 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,442 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi -26,992 qramdır. Tədqiqata təqdim olunmuş kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi - 26,992 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram (hər 1-5 №-li obyektdən 0,03 qram götürüldü), qalıq - 26,842 qram təşkil edir (cild 1, iş vərəqi 43-47). Məhkəmə kimyəvi ekspertizasının 27 avqust 2022-ci il tarixli 6/4563 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 3,276 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 3,276 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq - 3,226 qram təşkil edir (cild 1, iş vərəqi 48-52). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5100 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (cild 1, iş vərəqi 142-143). İbtidai istintaq orqanının 03 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1 (bir) ədəd bükümdə 3,226 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq çəkisi 26,842 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 144-150). 26 avqust 2022-ci-ci il tarixdə DİN-in BMCMl-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 26 avqust 2022-ci il tarixli qərarı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi X2 31 avqust 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 104-106). İstintaq orqanının tərəfindən verilmiş əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, “Kərim” adlı şəxsin şəxsiyyətini və olduğu yeri, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqi 135). Cinayət işində olan xx.xx.2022-ci il tarixli arayışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2ında yaşayır, himayəsində xx.xx.2020-ci il təvəllüdlü Ayla adlı azyaşlı övladı vardır (cild 1, iş vərəqi 97, 100). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsinin 13 sentyabr 2022-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 4 ay hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqi 116-117, 122-134). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, saxlanılarkən onun üzərində bir dəfə çəkmək üçün marixuana olduğunu, metamfetaminin və bir neçə bükümdə marixuananın özünə məxsus olmadığını, həmin narkotikləri polis əməkdaşlarının ona verdiyini və onların sözünə görə videoçəkiliş zamanı cibindən çıxarıb təqdim etdiyini, həmin polis əməkdaşlarının kim olduqlarını bilmədiyini, heç vaxt narkotiklərin satışı ilə məşğul olmadığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitə və psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında verdiyi ifadədə Təqsirləndirilən şəxs saxlanılarkən üzərində cəmi bir dəfə çəkməsi üçün nəzərdə tutulmuş qurudulmuş marixuana olduğunu, digər marixuananı və metamfetamini polis idarəsində polis əməkdaşları tərəfindən ona verildiyini, onların təlimatı ilə həmin maddələri videoçəkiliş aparılarkən cibindən çıxarıb təqdim etdiyini bildirsə də, həmin polis əməkdaşlarının kim olduqlarını bilmədiyini göstərdi. Məhkəmədə tədqiq olunmuş iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu, lakin həmin maddələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün «Kərim» adlı şəxsdən 150 manata əldə edib üzərində saxladığını bildirmişdir. Bundan əlavə, məhkəmə iclasında təhqiqat materialları tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat sonuncunun narkotik və psixorop maddələrin satışı ilə məşğul olması, həmçinin satış məqsədilə həmin maddələri əldə edib saxlaması barədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları da bu halları bir daha təsdiq etmişlər. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətdən yayınmaq və ya məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı övladının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 4 ay hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində qəsdən törədilmiş cinayətə görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5100 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmalı, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1 (bir) ədəd bükümdə 3,226 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq çəkisi 26,842 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 30 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödəniləcək 180 (yüz səksən) manat məbləğində pul vəsaiti «PRO BONO» Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 154 (yüz əlli dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 154 (yüz əlli dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1 (bir) ədəd bükümdə 3,226 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq çəkisi 26,842 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüləri olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 154 (yüz əlli dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 180 (yüz səksən) manat məbləğində pul vəsaiti «PRO BONO» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar