Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-365/2023 27.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X7, X8 Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Tərcüməçi: X2 iştirakı ilə, Təqsirləndirilən şəxs– (23 avqust 1994-cü il tarixdə Bakı şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 39, 71 saylı mənzilin mətbəxində anası Zərərçəkmiş şəxs ilə ailə məişət zəmnində yaranmış mübahisə səbəbindən mətbəx bıçağı ilə anası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən qəsdən vuraraq, sağ bel nahiyyəsinin, boynun sağ və arxa səthlərinin, sağ dirsək nahiyyəsinin, sağ 1-ci və sol 3-cü barmağın, sağ və sol budun yuxarı bayır səthlərinin (cəmi 17 ədəd) deşilmiş-kəsilmiş yaraları yəni sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər və sol ağciyərin aşağı payının, diafraqmanın sol hissəsinin, böyük piyliyinin zədələnməsi və sol tərəfli hemopnevmotoraksla ilə müşayiət olunan döş qəfəsinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası yəni həyat üçün təhlükəli olan sağmalığa AĞİR zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittaham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvələr psixatrix müalicə almışdır. Anası Zərərçəkmiş şəxs ilə birlikdə kafe işlətmişlər və anası ona kafedə göstərişlər verirmiş və o da icra edirmiş. Hadisədən əvvəl də anası ilə aralarında mübahisə olmuş, anası ona onu götürmə, bunu götürmə deyirmiş və onu harasa buraxmaq istəmirmiş. Hadisə günü anası ilə birlikdə evə qayıtmışlar. Mətbəxdə mübahisə edərkən bıçağın hardan əlinə keçməsini bilməmiş və anasını bıçaqlamaq fikri olmamışdır. Bundan başqa o, məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2 dəfə qolunun çıxdığını, qolu çıxandan sonra ünsiyyət qurmaq istəmədiyini, bıçağı götürən zaman hərəkətlərini dərk etmədiyini, bıçağı vuranda anlaqlı olduğunu, anasını cəzalandırmaq fikrinin olmadığını, hadisədən əvvəl anasını əli ilə vurduğunu, anası ilə münasibətlərinin adi qaydada olduğunu, viski, araq və digər spirtli içkilər qəbul etdiyini, lakin həmin gün nə içdiyini xatırlamadığını, narkotik vasitələrdən istifadə etmədiyini və qadınlara qarşı həmişə nəzakətli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla tam təqsirli bilərək bildirmişdir ki, ünvan 1 ünvanında atası və anası ilə birlikdə yaşayır. O, orta məktəbi 82 saylı məktəbdə rus bölməsində oxumuşdur. 9-cu sinifdən məktəbi bitirib Azərbaycan Maliyyə İqtisad kollecində təhsilini rus bölməsində davam etdirmişdir. 2013-cü ildə kolleci bitirdikdən sonra Çexiya Respublikasında “X1”nin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Universiteti 2016-ci ildə bitirdikdən sonra işləmək üçün Almaniya Respublikasına köçmüşdür. Orada 5 il işləyib yaşamışdır. Almaniyada yaşadığı müddətdə müxtəlif maliyyə kurslarına getmişdir. Bundan sonra Almaniya Respublikasında sənədləri qaydasında olmadığı üçün 2020-ci ildə oradan deport olunmuşdur. Bundan sonra Bakı şəhərinə qayıdıb ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Bakı şəhərinə köçdükdən sonra müxtəlif otellərdə qeydiyyatçı vəzifəsində işləmişdir. Son zamanlarda ailəsi ilə aralarında münaqişələr olmuşdur. Həmin hadisələrlə bağlı 17-ci PŞ-də araşdırma da olmuşdur. Psixi durumu yaxşı olmadığı üçün bir neçə dəfə psixiatriya xəstəxanalarında müalicələrdə olmuşdur. Təxminən 2 aya yaxındır ki, xəstəxanadan çıxmışdır. 1 ay müddətdir ki, Nərimanov rayonunda yerləşən Təvəkkül universitetində olan bufetdə satıcısı kimi işləmişdir. 22 iyun 2022-ci il tarixdə işdən saat 16 radələrində yaşadığı evə qayıtmışdır. Atası bir müddətdir ki, Yexlax rayonuna getmişdir. O, isə anası ilə tək yaşayır. 22 iyun 2022-ci il tarixdə işdən evə gəldikdən sonra anası Şəfaqətlə aralarında sözlü mübahisə yaranmışdır. Amma dəqiq mübahisənin səbəbi yadında deyildir. Onlar mətbəxdə mübahisə edərkən, anidən mətbəxdə olan bıçağı götürüb anası Şəfaqətin sol qarın tərəfinə bir dəfə zərbə vurmuşdur. Zərbədən anası yerə yıxılmışdır. Ondan sonra nə baş verdiyini xatırlamır. Təkcə o yadındadır ki, o, evdən qaçıb çıxmaq istəmişdir. Birinci anası Şəfaqət evin giriş-çıxış qapısını açıb bloka çıxmışdır. O, bir neçə dəqiqə mətbəxdə dayanmışdır. Daha sonra əlində olan bıçaqla qaçıb oradan uzaqlaşmışdır. Lakin liftlə və ya pilləkanla getdiyi yadında deyil. Bundan sonra o, küçədə yadında qalmayan yerdə anası Şəfaqətə xəsarət yetirdiyi bıçağı tullamışdır. Bir müddət özünə gəlməsi üçün küçədə gəzmişdir. Səhərə yaxın özünə gəldikdən sonra anasının mobil nömrəsinə zəng vurmuşdur. Lakin zəngə cavab verən olmamışdır. Bundan sonra atası Yunis onun mobil nömrəsinə zəng etmişdir. O, Yunisdən anasının harda olduğunu soruşmuş, atası da Semaşkada olduğunu bildirmişdir. O da Gənclik metrosu yaxınlığında olduğundan piyada xəstəxanaya getmişdir. Bir müddət sonra polis əməkdaşları ona yaxınlaşıb polis bölməsinə dəvət etmişlər. Əlavə olaraq bildirmişdir ki, o, anası Şəfaqəti öldürmək fikiri olmamışdır. Lakin anası ilə mübahisə etməsi və özündə olmadığı üçün ona xəsarət yetirmişdir. Bundan başqa əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, anası Zərərçəkmiş şəxs mətbəxdə stolun üzərindən götürdüyü bıçaqla vurmuşdur. Birinci zərbədən sonra ona neçə dəfə bıçaqla vurduğunu bilməmişdir. Çünki birinci zərbədən sonra özündə olmamışdır. Hadisədən qabaq evdə olan zaman mağazadan aldığı “Go” adlanan spirtli içki qəbul etmişdir. Ancaq narkotik vasitə istifadə etməmişdir. Hadisə vaxtı evdə anası və ondan başqa heç kim olmamışdır. O, blokdan çıxıb gedən zaman küçədə olan tanımadığı şəxlər onu görmüşdür. Çünki onun əlində bıçaq olmuş və əynindəki paltar qan olmuşdur. Hadisə təxminən 1-2 dəqiqə çəkmişdir. Hadisə zamanı xəsarət almamışdır. Lakin hadisədən sonra o, həyacanlı olduğu üçün və anasını bıçaqla vurub xəsarət yetirdiyindən qorxduğu üçün hadisəni törətdiyi bıçaqla küçədə olan zaman boğazının sağ tərəfindən özü özünə xəsarət yetirmişdir. Hadisəyə səbəb onun həm sərxoş vəziyyətdə olmağı, həm psixi pozuntusunun olmağı, həm də ki ailəsi arasında olan mübahisələr olmuşdur. Etdiyi hərəkətin cinayət olduğunu dərk etmiş və əməlindən peşman olmuşdur. O, uşaqlıqdan travmalar keçirmişdir. 22 yaşı oduqdan sonra xarici ölkələrdə sərbəst yaşamağa başlamışdır. Lakin ölkəyə qayıtdıqda sonra valideynləri ilə birlikdə qaldığından ona sərbəst yaşamağa imkan verməmişlər. Onun şəxsi həyatına çox müdaxilələr etmişlər. Hadisə günü isə anidən özünü itirdiyindən hamının onun üstünə gəldiyini düşünüb mətbəxdə oturan anasını bıçaqlamışdır. Lakin nə o, anasını bıçaqlamağı, nə də ki, onu öldürməyi düşünməmişdir. Konkret olaraq hansı səbəbdən bunu etdiyini həm tam xatırlamır, həm də ki, başa düşmür. Məhkəmədə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin onun oğlu olduğu üçün ifadə vermək istəmədiyini bildirmiş və onun ibtdiai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 1993-cü ildə onun böyük oğlu vəfat etdikdən sonra onda psixoloji problemlər yaranmış və o, bununla bağlı uzun müddət xəstəxanada müalicə almışdır. Oğlu Taleh isə uzun müddət xaricdə təhsil almış və 2020-ci il tarixdə deport olunaraq ölkəyə qayıtmışdır. Taleh qayıtdıqdan sonra bir neçə müəssisə və şirkətlərdə işləmişdir. Lakin psixi pozuntuları yarandığından işinə davam edə bilməmişdir. Buna görə Talehi psixatriya xəstəxanasında müalicə etdirmişlər. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, yaşadığı evin mətbəxində oturmuşdur. Həmin vaxt evdə ondan və Talehdən başqa heç kim olmamışdır. O, mətbəxdə olan zaman qəfildən qarnının sol nahiyyəsindən bərk ağrı hiss etmişdir. Dərhal arxaya çevrildikdə Talehin əlində mətbəx bıçağını görüb Talehin əlində olan bıçağı almağa çalışmışdır. Onlar həmin vaxt dartışmışlar. Lakin Talehdə qıc olmalar baş verdiyindən o, bıçağı ondan ala bilməmişdir. Bu zaman Talehin əlində olan bıçaq onun bədəninin müxtəlif nahiyyələrindən dəymişdir. Taleh onun çoxlu qan itirdiyini görüb ondan uzaqlaşaraq stolda oturmuşdur. Daha sonra o da özünü itirdiyindən kömək üçün evin giriş qapısını açıb dəhlizə çıxmışdır. Üzbə-üz qonşuluqda yaşayan Səadətin yaşadığı mənzilin qapısını döymüşdür ki, ona həkim çağırsın, lakin Səadət qapını açmamışdır. O, divardan tutaraq pilləkənlərlə liftə tərəf getmişdir ki, liftlə aşağı düşüb qarşısına ilk çıxacaq şəxsdən kömək istəsin. O, isə aldığı xəsarətlərdən huşunu itirib liftin qarşısında yerə yıxılmışdır. Bundan sonra olanları xatırlamır. Qeyd etmişdir ki, o, Talehin yanından aralaşıb dəhlizə çıxan zaman Taleh mətbəxdə qalmış və arxasınca gəlməmişdir. O, xəstəxanada özünə gəldikdən sonra ona məlum olmuşdur ki, o, Səadətin qapısını döydükdən bir neçə dəqiqə sonra o, çölə çıxmış, onu yerdə huşsuz və qan içində görüb TTY çağırmışdır. Hal-hazırda onun şikayət və tələbi yoxdur. Çünki oğlu psixi pozuntusu olduğundan bunu qəsdən etməmişdir, əvvəllər də aralarında bir neçə dəfə müalicəsi üçün həkim tərəfindən verilmiş dərmanları qəbul etmədiyindən mübahisələri olmuşdur. Əgər Talehin onu öldürmək və ya ona qəsdən xəsarət yetirmək niyyəti olsa idi ondan uzaqlaşıb huşsuz halda stolda oturmazdı. Sadəcə olaraq Taleh psixi xəstəliyi ilə əlaqədar anidən özündən çıxıb onu bıçaqla vurmuş, daha sonra onun bədənindən qan axdığını görüb ondan uzaqlaşmışdır. Məhkəmədə Şahid Yavət qızının ibtdiai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və oğlu Təqsirləndirilən şəxs qonşuluqdan tanıyır. Aralarında normal qonşu münasibəti olmuşdur, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, yaşadığı evdə olan zaman qonşuluqda yaşayan Şəfaqətin yaşadığı mənzilin qapısının açılaraq dəmirə dəydiyini eşitmişdir. Bundan bir neçə dəqiqə sonra o, qapının gözlüyündən baxdıqda Şəfaqətin yaşadığı mənzilin qapısının açıq olduğunu görmüşdür. O, öz yaşadığı mənzilin qapısını açdıqda Şəfaqətin dəhlizdə liftin qarşısında yerdə uzanıqlı olduğunu görmüşdür. Şəfaqətin bədənindən qan axmış və dəhlizin divarlarında da qan izləri olmuşdur. O, dərhal ona yaxınlaşmış və Şəfaqətin bıçaqlandığını başa düşmüşdür. Həmin vaxt ona köməklik etmək üçün 103 TTY xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Bir az keçdikdən sonra TTY briqadası gəlib Şəfaqəti xəstəxanaya aparmışlar. Bildirmişdir ki, Şəfaqətin oğlu Taleh şizofreniya xəstəliyindən əziyət çəkir, onu valideynləri bir neçə dəfə xəstəxanada müalicə etsələr də lakin daim onun valideynləri ilə heç bir səbəb olmadan mübahisəsi olmuşdur. Lakin o, Şəfaqətin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığını görməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 22 iyun 2022-ci il “baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan məlum olur ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən evdir. Mənzilə giriş qapısından daxil olduqda solda sanitar qovşaq və mətbəx, qarşıda qonaq otağı və yataq otağı, sağda yatq otağı yerləşir. Hadisə mənzilin mətbəxində baş vermişdir. Baxış zamanı mətbəxdə olan masanın yanında yerdə, mətbəxdən mənzilin dəhlizinə qədər olan hissədə yerdə və mənzilin giriş hissəsində yerdə qan ləkələri aşkar olunmuşdur. Həmçinin baxış zamanı mənzildən çöldə pilləkənin üzərində və divarda qan izləri aşkar olunmuşdur. Baxış zamanı kriminalist tərəfindən 03 ədəd qan nümunələri götürülmüşdür. Baxış axşam vaxtı süni işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 23 iyun 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadaığı ünvan 3ünvanında olan zaman evin mətbəxində anası Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Bu zaman o, mətbəxdə olan bıçağı götürüb Zərərçəkmiş şəxs qarın boşluğunun sol tərəfindən bir dəfə vurmuşdur. Bundan sonra o, huşunu itirdiyindən birinci zərbədən sonra neçə dəfə bıçaqla vurduğunu xatırlamamışdır. Hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 verdiyi xx.xx.2022-ci il tarixli 58-M nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol ağciyərin aşağı payının, diafraqmanın sol hissəsinin, böyük piyliyinin zədələnməsi və sol tərəfli hemopnevmotoraksla ilə müşayiət olunan döş qəfəsinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağmalığa AĞİR zərər vurmaya, sağ bel nahiyyəsinin, boynun sağ və arxa səthlərinin, sağ dirsək nahiyyəsinin, sağ 1-ci və sol 3-cü barmağın, sağ və sol budun yuxarı bayır səthlərinin (cəmi 17 ədəd) deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya addirlər. Vətəndaş Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətləri alarkən o, müxtəlif vəziyyətlərdə (ayaqüstə, üzbəüz, arxa və oturaq vəziyyətlərdə) ola bilərdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1701 nömrəli rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda “isterik tipli şəxsiyyət pozuntusu” qeyd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş “isterik tipli şəxsiyyət pozuntusu” ona törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, icitmai təhlükəsiziliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdii əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, icitmai təhlükəsiziliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs prosesual fəaliyyət qabiliyyətli hesab edilməlidir. Təqsirləndirilən şəxs öz prosesual hüquqlarını şəxsən həyata keçirə bilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Məhkəmə Tibbi Ekspertiza və X5” X9 kompleks məhkəmə tibbi-kriminalistik, kriminalistik və bioloji ekspertizasının 26 avqust 2022-ci il tarixli, 470/2022-MTBŞ saylı rəyindən görünür ki, X3 ABO sistemi üzrə qrup göstəricisi: A(ll) /axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş E.E.Cabbarova məxsus bir ədəd qısaqol mayka və qısaqol köynək, bir ədəd qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «A» antigeni alındı, «B» antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta(ll) qruplu şəxsə, o cümlədən X4 məxsus ola bilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Məhkəmə Tibbi Ekspertiza və X5” X9 Məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 423/2022-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun arxa səthində 6 ədəd, koftanın ön səthində 2 ədəd, arxa səthində isə 6 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələrin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Məhkəmə Tibbi Ekspertiza və X5” X9 Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 533/2022-MTBŞ saylı rəyində aşağıdakılar müəyyən edilmişdir: 1.Təqsirləndirilən şəxs AB0sistemi üzrə qan qrupu A/İİ/-dir. (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) 2.Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0/İ/-dir. (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) 3.Ekspertizaya təqdim edilmiş 03 ədəd pambıq tampon, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, Zərərçəkmiş şəxs məxsus don, kofta və bir cüt corab üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə 0/1/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt corab üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2624 nömrəli rəyindən görünür: Məhkəmə psixiatrik ekspertizası: - Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman və ondan əvvəl “isterik tipli şəxsiyyət pozuntusu” qeyd edilmişdir.Təqsirləndirilən şəxs hazırda da “isterik tipli şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən “isterik tipli şəxsiyyət pozuntusu” adətən uşaqlı və yeniyetmə dövründə əmələ gəlir və bütün həyat boyu davam edir. Şəxsiyyət pozuntuları xəstəliklərin, zədələnmələrin və baş beyin digər kəskin zədələnməsinin və ya digər psixi pozuntuların birbaşa nəticəsi olmayan şəxsiyyətin ağır pozuntuları və fərdin davranışında kəskin kənara çıxmalarla xarakterizə edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmayıb ki, o, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə psixoloji ekspertizası: Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli olan halları advekat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslik yaranmış, həmin halın yaranması onda müəyyən edilən isterik tipli şəxsiyyət pozuntusu fonunda situasiya (anası ilə mübahisə etməsi) ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iç üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik-affekt (fizioloji və ya kumulyativ), psixi-emosional gərginlik, frustrasiya, güclü ruhi həyəcan, kəskin stress və sair yaranmamışdır. Təqsirləndirilən şəxs əqli inkişaf səviyyəsi yaşına uyğundur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqliintelektual imkanlarının (yaddaş, diqqət, qavrama, təfəkkür, təxəyyül və s.) normaya uyğun olması, emosional-iradi sferasında emosional dayanıqsızlığı, əhval-ruhiyyəsinin dəyişkən olması, nümayişkaranəliyi, özünü psixoloji müdafiə etməyə səy göstərdiyi aşkar olunur. İnadkarlıq, eqosentrizm, nümayişkaranəlik, ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyllilik və sair bu kimi xarakterik xüsusiyyətlər malikdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Komisyon Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının 22 dekabr 2022-ci il tarixli, 155 saylı rəyindən aşağıdakılar görünür: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onlan tam həcmdə idarə etmək iqtidannda olmamışdır. Buna görə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətinə malikdir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs «İsterik tipli şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkməsi nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə edilir. Cinayət işinin materiallarında olan 23 iyun 2022-ci il tutma haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 iyun 2022-ci il tarixli 4(005)-744/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd don, 01 ədəd kofta, 01 cüt corab Təqsirləndirilən şəxs Yunus oğluna məxsus 01 ədəd köynək, 01 ədəd şalvar və hadisə yerindən götürülmüş 03 ədəd pambıq tanpon maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyinin tam sübuta yetirilmiş olduğunu hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə mülki iddia yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd don, 01 ədəd kofta, 01 cüt corab və saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, 01 ədəd şalvarın Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş hadisə yerindən götürülmüş 03 ədəd pambıq tanpon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu- 23 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə xərcləri müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 23 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş hadisə yerindən götürülmüş 03 ədəd pambıq tanpon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd don, 01 ədəd kofta, 01 cüt corab və Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, 01 ədəd şalvarın Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-365/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-365/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver