Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-365/2024 10.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - "Arbitrium" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, ev 51-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, 5-ci mədən, yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, 03 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək azad olunmuş, həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 15 fevral 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş, 28 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ittiham elan edilərək Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Abşeron rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın başlanğıcının 12 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmış, hökm 12 iyun 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Yavər» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, «Yavər» adlı şəxsin «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı, sonuncunun ona bildirdiyi məlum olmayan tarixdə və ünvandan ümumi təmiz çəkisi 52,637 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq, «Yavər» adlı şəxsin «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə ona bildirəcəyi ünvanlara sonradan çatdırmaq məqsədi ilə ünvan 1nın yaxınlığına daşımış, 03 dekabr 2022-ci il tarixdə saat 01:00 radələrində həmin ünvanda Azərbaycan Respublikası DİN Baş Narkortiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satış məqsədi ilə qanunsuz əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli bilinib saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 13-cü Polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf selofan kəsiyi bükümündə təmiz çəkisi 52,637 qram olan qəhvəyi rəngli toz şəkilli maddə - kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. O, polis işçiləri tərəfindən döyülmüşdür. Sanksiya alınması üçün Sabunçu rayon məhkəməsinə aparıldıqda, hakim döyüldüyü üçün ona sanksiya verməmiş və onu buraxmışdır. Polis işçiləri onu döyərək ittihamda göstərilən narkotiki boynuna qoymuşlar. O, 6-7 nəfər polis əməkdaşları tərəfindən tutulmuş, 13-cü Polis bölməsində onu döyərək narkotiki boynuna götürməyə məcbur etmişlər. O, narkotik vasitə istifadəçisidir, onun iranlı ilə heç bir yazışması olmamışdır. Onu məcbur edərək təzyiq altında sənədlərə imza etdirmişlər. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, sonuncu dəfə tutulmamışdan 3-4 gün əvvəl narkotik vasitədən istifadə etmişdir. Əsasən narkotik vasitə kimi marixuana çəkmiş, arabir metamfetamin də qəbul etmişdir. O, Yavər adlı şəxsi tanımamış, iranlı heç bir tanışı olmamışdır. Özünə lazım olanda narkotik vasitəni internet yolu ilə almışdır. Polis işçiləri onu Bakıxanov qəsəbəsində Sülh küçəsində saxlamışlar. Onu birinci dəfə 2022-ci il dekabr ayının 2-də tutmuşlar, həmin vaxt Sabunçu rayon məhkəməsindən onu azad etmişlər. Dekabr ayının 2-də 13-cü Polis bölməsində onun üzərinə videoçəkilişlə baxış keçirilmiş, həmin gün onda xəsarət izləri olmamışdır. Üzərinə baxış zamanı müdafiəçisi iştirak etmişdir. Sanksiya verilməyib buraxıldıqdan sonra o, özünün axtarışda olduğunu bilməmişdir. Döyülməyi ilə bağlı harasa müraciət etməmişdir. Polis işçiləri onu gecə saat 12 radələrində saxlamışlar. O, hazırda məhkəmədə verdiyi ifadəni istintaq vaxtı müstəntiqə də demişdir. İfadəni müstəntiq yazmış, lakin yazıb qurtarandan sonra o, həmin ifadəni oxumadan imzalamışdır. Üzərinə baxış zamanı videoçəkiliş aparılanda başına gələnləri deyə bilməmişdir. Sonradan döyülməyi ilə bağlı ekspertizadan keçirilmişdir. Videoçəkiliş aparılarkən bədəni üzərində xəsarət izləri olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, evlidir, himayəsində 15 yaşlı Rasim və 17 yaşlı Nazim adlı iki övladı vardır. O, özü avtomobil təmiri ustası kimi işləmiş, hal-hazırda isə işləmir. Bir ildir ki, metamfetamini çəkməklə istifadə edir, lakin nakrotik vasitə heroindən istifadə etmir. O, 4-5 gün əvvəl narkotik vasitə əldə etmək üçün “instagram” sosial şəbəkəsində axtarış edərkən orada “hər şey satılır” adlı profilə rast gəlmiş və həmin profildəki şəxslə mesajlaşdıqda, həmin şəxs özünü İran vətəndaşı Yavər adı ilə təqdim etmiş və ona narkotik vasitə “kokos” və psixotrop maddə “patı” təklif etmişdir. O da, Yavərlə sosial şəbəkədə, sonradan isə özünə məxsus 077 ***-**-** mobil nömrənin “Vatsapp” şəbəkəsi vasitəsi ilə danışdıqdan sonra iranlı Yavər ona təklif etmişdir ki, ona öz istifadəsi üçün 5 qram, yəni 100 manatlıq metamfetamini pulsuz verə bilər, əvəzində isə ona dediyi ünvandan “kokos” adlanan narkotik bükümü götürüb dediyi ünvana çatdırıb atmalıdır. O da, Yavərlə razılaşmışdır. Yavər onun nömrəsinə xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Whatsapp” şəbəkəsində xatirində qalmayan nömrədən konum və şəkillər atmış, görmüşdür ki, həmin yer Xırdalan qəsəbəsində dairənin yaxınlığında Sumqayıt şəhəri istiqamətində yerləşir. O da, taksi ilə həmin yerə gedib işıq dirəyinin altına iranlı Yavərin onun üçün atdırdığı 5 qramlıq metamfetamini və 1 ədəd nisbətən böyük bükümdə “kokos” adlanan heroini götürmüşdür. Daha sonra razılaşdıqları kimi heroin bükümünü Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə aparıb gecə vaxtı “Whatsapp” proqramında ona atılan məkan üzrə daşın altına qoymuşdur. Bundan sonra isə daha o, heç bir narkotik və ya psixotrop maddə metamfetamini iranlı Yavərdən və ya digər şəxsdən almamışdır. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində iradə etdiyi özünə məxsus **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçərkən yolda avtomobilini saxlayıb marketdən siqaret almağa getmək istəyərkən, ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini Baş Narkotiklə Mübarizə idarəsinin polis əməkdaşları olmasını deyib onu ərazi üzrə Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə gətirmişlər. Həmin Polis bölməsində onu polislər sorğu-sual etdikdən sonra o, etiraf edərək bir dəfə narkotik vasitə heroini iranlı kimi özünü təqdim edən Yavər adlı şəxsdən onlayn əldə edib daşıdığını bildirmiş, lakin üzərində heç bir psixotorop və narkotik maddələr olmadığını demişdir. Lakin polis əməkdaşları onu döyüb, fiziki təzyiqlər edib ona 60 qrama yaxın narkotik vasitə heroin üzərində olması kimi sənədləşməyə razı olmasa daha da çox təzyiq edəcəkləri ilə hədələdiklərindən, o, məcbur razılaşmışdır. Vəkili kimi təqdim edilən Məzahir Şahmarovun iştirakı ilə üzərinə şəxsi axtarış keçirildikdə, o, gödəkçənin sol yan cibindən ona verilmiş narkotik vasitə heroin bükümünü çıxarıb Yavər adlı şəxsdən istifadə və təyin edilmiş yerlərə çatdırmaq məqsədi ilə aldığını etiraf etmişdir. Əslində isə həmin heroin onun üzərindən aşkar edilməmişdir. Həmin axtarış zamanı onun üzərindən 077 ***-**-** nömrəli “İphone” markalı mobil telefon da götürülmüşdür. O, yalnız bir dəfə 100 manatlıq 5 qram çəkidə metamfetamini pulsuz əldə etmək məqsədi ilə onlayn tanış olduğu Yavər adlı İran vətəndaşı kimi özünü təqdim edən şəxsdən yuxarıda göstərdiyi kimi heroini əldə edib, həmin maddəni onun təyin etdiyi ünvana çatdırmış, başqa heç bir narkotik vasitə satmamışdır (cild 1, iş vərəqi 72-74). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və qeydin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, istintaq vaxtı ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlər Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 02 dekabr 2023-cü il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə külli miqarda əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və onun rəhbərliyi ilə idarənin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 03 dekabr 2022-ci il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə piyada hərəkətdə olarkən onlar tərəfindən saxlanılmış və ərazi üzrə Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə gətirilmişdir. Bölmədə şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Sonra videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs ona edilmiş təklifdən sonra əynində olan gödəkçənin cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd “İphone” markalı mobil telefon da aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, qablaşma ilə birlikdə çəkisi 60 qram olmuşdur. Aşkar olunmuş həmin kütlə qablaşdırılaraq götürülmüş, zərfin üstü və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1 gün əvvəl Xırdalan şəhəri ərazisindən İran vətəndaşı kimi tanıdığı “Yavər” adlı şəxsdən öz istifadəsi və əvvəlcədən təyin olunmuş yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid - Azərbaycan Respublikası DİN Baş Narkotiklərlər Mübarizə İdarəsinin sabiq baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun 03 dekabr 2022-ci il tarixdə saat 01 radələrində həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılıb Sabunçu RPİ, 13-cü Polis bölməsinə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı külli miqdarda narkotik vasitə heroinin aşkar olunub götürülməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiyi, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 113-116). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işə əlavə edilmiş 03 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən onun əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf selofana bükülümüş narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd «İpfone» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1 gün əvvəl Xırdalan şəhəri ərazisində İran vətəndaşı kimi tanıdığı “Yavər” adlı şəxsdən istifadə və əvvəlcədən təyin olunmuş yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, başqa şəxslərə narkotik vasitə satmadığını və bağışlamadığını, əvvəllər məhkum olunduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 33-34). Cinayət işinə əlavə edilmiş 04 dekabr 2022-ci il baxış protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı həmin görüntülərin şəxsi axtarış protokolunda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 57-59). Məhkəmə-kimyəvi ekspertizasının 03 dekabr 2022-ci il tarixli 6/6866 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə, şübhəli şəxs: Təqsirləndirilən şəxs - imza, bir-imza: A.Aslanov-imza.” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 52,637 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının əraizisində dövriyyəsi qadağan edilmiş narkotik vasitiər” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 52,637 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 52,537 qramdır (cild 1, iş vərəqi 43-47). Məhkəmə-narkoloji ekspertizasının 11 fevral 2023-cü il tarixli 757 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 137-138). İbtidai istintaq orqanının 05 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 52,637 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 52,537 qram çəkidə nakotik vasitə heroin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 95-97). Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD formatlı disk və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair SMS mətnlərinin olduğu "xxxx" MMC-dən götürülmüş bir ədəd SD disk istintaq orqanının 21 aprel 2023-cü il tarixli qərarı ilə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 164-171). İbtidai istintaq zamanı Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə müvafiq əməliyyat tapşırığı verilmiş, lakin alınmış cavab məktubuna əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş heroini satış məqsədi ilə üzərində daşıması müəyyən edilmiş, lakin sonuncunun narkotik vasitəni satdığı hər hansı şəxs, fakt və məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 133). Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 02 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 60-61). Cinayət işinə əlavə olunmuş 20 aprel 2023-cü il tarixli protokola əsasən, "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı abonent nömrələrinə daxil olan, çıxan zənglərin, mesaj mətnlərinin və anten dairələrinə dair telefon məlumatları olan 1 ədəd diskə baxış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı diskdə 8 ədəd “pdf” formatlı “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması”, “Zənglərin Detallaşması” və “X1”, “X1” adlı faylların olması müəyyən edilmişdir. “SMS Tarixçəsi” faylları açıldıqda xx-xx-2022-ci il tarixdə saat 16:33:29-da 070 308-18-20 abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 077 311-49-16 abonent nömrəsinə göndərilmiş “Sen ne desiy gedeymisen yaxsiki eminkimi insanar var ay desiy 3 gundu seni yigiram eybi yox elediyierim burnunan gelsin men sene qardaş olmusam soxum senin g.t agzina get malini sat bariqa g.t cixma qabagima crix” məzmununda; xx-xx-2022-ci il tarixdə saat 16:00:53-də 051 519-33-46 saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 552-40-20 nömrəsinə göndərilmiş “Nazir 2 dene yari isdiler mende erazideyem nece edey men hövsandayam” məzmununda; xx-xx-2022-ci il tarixdə saat 09:31:28-də 099 713-00-43 saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 552-40-20 nömrəsinə göndərilmiş “Qaqa gelmirsense meni gozletmede gece 2den seni gozdurem.sene deyirem veziyet pisdi gelmirsense gozdemiyim” məzmununda; xx-xx-2022-ci il tarixdə saat 21:58:10-da 055 ***-**-** saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində 077 552-40- 20 mobil nömrəyə göndərilmiş “e gijgilag puluyla tema lazimdida mene am..g aye 20 qram ot atirlar mene he he yox yox isdeyirsen deyiwek var yoxun s..m am..g elemede bele hereket” məzmununda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə dəlalət edən SMS mesaj mətnlərinin göndərildiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 150-163). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon “İPHONE 6 S” markalı Çin istehsalı olan mobil telefondur, bir SİM nömrəlidir və üzərində 077 ***-**-** abonent nömrəsi vardır, əlavə yaddaş kartı yoxdur. Telefon açıldıqda orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı mesaj, səsli mesaj, aidio və video materiallar, fotoşəkillər aşkar edilməmiş, “WhatsApp” ani mesajlaşma tətbiqi silinmişdir (cild 1, iş vərəqi 108). İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən fiziki zorakılıqlara məruz qalaraq döyülməsi və ona xəsarət yetirilməsi barədə ifadələrində göstərdiyi xüsusatlar üzrə Bakı şəhəri, Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM- nin 39.1.7-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə həmin material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı qəbul edilmişdir. Sonradan həmin qərar Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir (cild 1, iş vərəqi 105-107). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azəraycan Respublikası CM-nn 177.1-ci maddəsi ilə qazancından hər ay 10% tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Abşeron RPİ-nin İstintaq şöbəsi tərəfindən istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Abşeron rayon məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdə həmin cinayət işi ittiham aktı ilə Abşeron rayon məhkəməsinə göndərilmişdir (cild 1, iş vərəqi 135-136). Abşeron rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmə əsasən cəzanın başlanğıcının 12 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 1(012)-453/2023 saylı göstərişinə əsasən, hökm 12 iyun 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitə istifadəçisi olduğunu, ittihamda qeyd olunan külli miqdarda narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin onun üzərinə Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qoyulduğunu bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, onları bir gün əvvəl Xırdalan şəhəri ərazisindən «Yavər» adlı İran vətəndaşından istifadəsi və əvvəlcədən təyin olunmuş yerlərə çatdırmaq məqsədilə əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan 077 ***-**-** və ***-***-**- ** saylı abonent nömrələrinə daxil olan və çıxan çoxsaylı SMS yazışmalarının mətnlərindən də görünür ki, hazırkı iş üzrə cinayət məsuliyyətinə cəlb olunmamışdan əvvəlki dövrlərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə ayrı-ayrı mobil nömrə istifadəçiləri tərəfindən çoxsaylı SMS-lər göndərilərək narkotik vasitələr sifariş verilmiş, təqsirləndirilən şəxsin həmin müştərilərə narkotik vasitə təşkil edərək satması öz təsdiqini tapmışdır. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 02 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İttihamda qeyd olunan narkotik vasitəni polis əməkdaşlarının fiziki təzyiqləri və onu döymələri nəticəsində etiraf etməsi barədə Təqsirləndirilən şəxs gətirdiyi dəlillə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, ibtidai istintaq zamanı bu halın yoxlanılması istiqamətində müvafiq araşdırma aparılmış və 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM- nin 39.1.7-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə həmin material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı qəbul edilmişdir. Sonradan həmin qərar Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrdən fərqli ifadə verməsini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış çoxsaylı sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaqın əvvəlində verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin onun üzərindən aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində ondan aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu səmimi etiraf etməsini, onun həbs olunmamışdan əvvəl də narkotik vasitələrin satışı ilə məşğul olması barədə çoxsaylı SMS yazışmalarının mövcudluğunu, həmçinin aşkar olunmuş narkotik vasitənin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmə əsasən cəzanın başlanğıcının 12 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmış və hökm 12 iyun 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmünə əsasən təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə hesab edir ki, həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən toplama yolu ilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalı, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmçinin məhkəmədə müəyyən edildi ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 04 dekabr 2022-ci il tarixədək 1 (bir) gün həbsdə olmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək azad olunmuş, həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 15 fevral 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş, 28 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərək Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində həbsdə olduğu 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Abşeron rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmünə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həmin tarixdən hesablanmışdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 11 fevral 2023-cü il tarixli 757 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş maddi sübut - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 52,537 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair SMS mətnlərinin olduğu "xxxx" MMC-dən götürülmüş bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş, vəkilə müdafiə xərcləri kimi 240 (iki yüz qırx) manat hesablanmışdır. Odur ki, qeyd olunan pul vəsaiti həmin vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş cəzaya Abşeron rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplama yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırkı iş üzrə 03 dekabr 2022-ci il tarixdən 04 dekabr 2022-ci il tarixədək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə olduğu 1 (bir) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 11 (ay) 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 52,537 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair SMS mətnlərinin olduğu "xxxx" MMC-dən götürülmüş bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün; İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-365/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-365/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver