Məhkəmə qərarları › İş №1(101)-366/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-366/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-366/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 24 iyun 2021-cı il Bakı şəhəri Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X9 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxx 1974-cü ildə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏNnin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə, qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, əvvəllər qəsdən törətdiyi cinayətə görə Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 1(012)-497/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1040 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Novxanı kəndində yaşadığı evin qarşısına qanunsuz daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 mart 2020-ci il tarixdə saat 23:00-da Abşeron rayonu, Novxanı kəndində yaşadığı evin qarşısında saxlanılıb üzərinə baxış keçirilən zaman sol əlində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd polietilen torbada 1040 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 3 mart 2020-ci il tarixdə axşam vaxtlarında yaşadığı evdə Eldar və Aslan adlı dostları ilə oturduqları zaman həyətdə itlərin hürmək səslərini eşitmişdir. O yaşadığı evin həyətinə çıxanda bir neçə polis əməkdaşının həyətdə olduğunu görmüşdür. Polislərdən biri ondan həyətdə olan iti bağlamağı xahiş etmiş, o da sonuncu ilə razılaşaraq iti bağlamışdır. Polis əməkdaşı qonşuluqda olan evdə narkotik vasitələrin olduğunu, qonşunun evində əməliyyat apardıqlarını, qonşunun isə paketdə olan narkotik vasitənin onun həyətinə atdığını bildirmişdir. Daha sonra polislər həyətdə olan narkotik vasitəni götürürək onunla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Orada polis əməkdaşları onun qarşısına sənəd qoyaraq, həyətdən aşkar olunan narkotik vasitənin ona məxsus olması barədə ifadələr verməyə məcbur etmişlər. O da polis əməkdaşları ilə razılaşmadığı üçün polis əməkdaşları onu döyərək, həmin sənədi imza etməyə məcbur etmişlər. Polis əməkdaşlarının həyətdən aşkar etdikləri həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, əvvəllər qanunsuz olaraq odlu silah saxladığına və narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə saxlanılmazdan 4 ay əvvəl azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra da narkotik vasitə marixuana istifadə etmişdir. Hər gün narkotik vasitədən 2-3 qram istifadə etmişdir. Həbs olunmamışdın 3 gün əvvəl Abşeron rayonu, Novxanı kəndində yaşadığı evin yaxınlığında yerdən bir ədəd torbada narkotik vasitə qurudulmuş marixuana tapmış və özü istifadə etmək məqsədilə götürərək yaşadığı evə gətirmişdir. Həmin narkotik vasitəni evdə saxlamağın təhlükəli olduğunu fikirləşdiyindən onu tullamaq qərarına gəlmiş və bu məqsədlə 02 mart 2020-ci il tarixdə saat 23:00-da içərisində qurudulmuş marixuana olan bir ədəd qara rəngli torbanı götürərək yaşadığı evdən çıxdıqdan sonra bir neçə mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polislər ondan özünü təqdim etməsini bildirmişlər, o da özü barədə onlara məlumat verdikdən sonra polis əməkdaşları ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış edərək mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsində şübhəli olduğunu və dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə üzərində və yaşadığı evdə olan qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. O da sol əlində saxladığı bir ədəd qara rəngli polietilen torbanı, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən «Samsung» markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir ədəd qara rəngli polietilen torbada olan maddənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları həmin torbanı açmış və orada tünd yaşıl rəngli, narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Torba maddə ilə birlikdə qablaşdırılaraq möhürlənmişdir. O da həmin torbanın üzərinə imza etmişdir. «Samsung» markalı mobil telefonu isə götürülmüşdür. Bundan sonra üstü yoxlanılmış və əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra ona yaşadığı evə də baxış keçirmək istədiklərini bildirmişlər və o yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə vermişdir. Yaşadığı evə və həyatyanı sahəsinə baxış keçirilmiş və heç nə aşkar edilməmişdir. O, polis əməkdaşlarına narkotik vasitəni tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə müdafiəçi dəvət edilərək ona təqdim edilmiş bundan sonra baş verənlər barədə protokol tərtib edilmişdir. Doğru tərtib edildiyi üçün imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri polis əməkdaşlarının təzyiqlərinə məruz qaldığı üçün məcbur olub imzalamışdır, həmin ifadələri təsdiq etmir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi Baş İdarəyə 02 mart 2020-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində yaşayan, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Abşeron rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Bundan sonra keçiriləcək tədbirdə iştirak etmələri üçün Baş İdarəyə iki nəfər hal şahidi dəvət edilərək onlara keçiriləcək tədbirin mahiyyəti, eləcə də hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə 02 mart 2020ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Abşeron rayonu, Novxanı kəndinə gedərək orada əməliyyat mövqeyi seçmişlər. 02 mart 2020-ci il tarixdə saat 23:00-da Abşeron rayonu, Novxanı kəndində özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlamışlar. Həmin şəxs özünü xx.xx.1974-cü ildə Abşeron rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Ona mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsində şübhəli olmasını izah edib üzərində və yaşadığı evdə qeyriqanuni əşya saxlayırsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs hal şahidlərinin iştirakı ilə sol əlində saxladığı bir ədəd qara rəngli polietilen torbanı, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim edərək bir ədəd qara rəngli polietilen torbada olan maddənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin torba açıldıqda orada bitki mənşəli, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuşdur. Torba maddə ilə birlikdə qablaşdırılaraq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri, tədbir iştirakçıları və Təqsirləndirilən şəxs həmin torbanın üzərinə imza etmişdir. «Samsung» markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılsa da əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs tədbir iştirakçılarını və hal şahidləri yaşadığı ünvana dəvət etmişdir. Onun yaşadığı evə və həyətyanı sahəyə hal şahidlərinin iştirakı ilə baxış keçirilsə də əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd torbada olan marixuananı təxminən 3 gün əvvəl Abşeron rayonu, Novxanı kəndində yaşadığı evin yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları, hal şahidləri və Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona müdafiəçi təqdim edildikdən sonra keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə satdığı adamları tanımadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, 02 mart 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin tarixdə Abşeron rayonu, Novxanı kəndinə getmişlər. 02 mart 2020-ci il tarixdə saat 23:00-da polis əməkdaşları Abşeron rayonu, Novxanı kəndində bir nəfər şəxsə yaxınlaşaraq onu saxlamışlar. Sorğu zamanı həmin şəxs özünü Abşeron rayonu, Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polislər ona özlərini təqdim etdikdən sonra həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qeyri-qanuni əşya saxlayırsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onun və digər hal şahidinin yanında sol əlində saxladığı bir ədəd qara rəngli polietilen torbanı, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən «Samsung» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim edərək bir ədəd qara rəngli polietilen torbada olan maddənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları torbanı açmış və orada bitki mənşəli marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Torba maddə ilə birlikdə qablaşdırılaraq möhürlənmişdir. Üzərinə o da imza etmişdir. «Samsung» markalı mobil telefon da götürülmüşdür. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üstünü yoxlasalar da əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilsə də oradan da heç bir əhəmiyyətli əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd torbada olan marixuananı təxminən 3 gün əvvəl Abşeron rayonu, Novxanı kəndində yaşadığı evin yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Orada keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Şahid5 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə həmçinin aşağıdakı sübutlar araşdırılmışdır. Cinayət işinin ilkin materiallarında olan Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 03 mart 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 mart 2020-ci il tarixdə saat 23:00-da Abşeron rayonu, Novxanı kəndində yaşadığı evin qarşısında saxlanılmış və sol əlində saxladığı bir ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər küt aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 04 mart 2020ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 mart 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2020-ci il tarixli 7/08 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan 01(bir) ədəd qara rəngli polietilen torbadakı təmiz çəkisi-1040qram(1kq40qram), olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji ekspertizasının 24.04.2020-ci il tarixli 1035 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı çətənə bitkisi preperatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda X1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 1(012)-497/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 01 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 06 noyabr 2018-ci il tarixdən hesablandığından cəza çəkməkdən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə bu nəticəyə gəlir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 07 may 2020-ci il tarixli diskə baxış keçirilməsi protokolundan məlum olur ki, «xxxx» MMC-dən əldə olunmuş diskə baxış keçirilərkən diskdə olan fayllarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumat əldə olunmamışdır. (cild 1, iş vərəqi 105) Cinayət işinin materiallarında olan 07 may 2020-ci il tarixli mobil telefona baxış keçirilməsi protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung» markalı mobil telefona baxış keçirilərkən narkotik vasitələrin satışı ilə bağlı məlumat əldə olunmamışdır. (cild1, iş vərəqi 106) Cinayət işinin materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbüulfət Rzayevə ünvanladığı 15 may 2020-ci il tarixli məktubun məzmunundan məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, narkotik vasitələri satmasını görən şahidlər müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin "satış məqsədi" daşıyıbdaşımaması ilə bağlıdır. Dindirilmiş şahid ifadələrindən görünür ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar onlarda heç bir məlumat olmamışdır. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs "təqsirsizlik prezumpsiyası"nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddə ilə tövsif edilmiş və nəticədə onun üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi" qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən "hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir". Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. "İnsan Hüquqlarının və X4 haqqında Konvensiya"nın "ədalətli məhkəmə araşdırması hüququ"ndan və "qanunsuz cəzalandırılmamaq"dan bəhs edən müddəalarına əsasən "cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir". (mad. 6) "Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz". (mad.7) "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 28 iyun 2005-ci il tarixli qanun"la təsdiq edilmiş siyahıya əsasən 500 qramdan artıq miqdarda marixuana növündə narkotik vasitə "külli miqdar" hesab olunur. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə, göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Başqa sözlə qanunsuz əldə edilmiş həmin narkotik vasitənin şəxsi istehlakı da mümkün ola bilər. Buna əsas da vardır. Belə ki, cinayət işində olan şahid ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin "əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi" barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin "sübutların kifayət etməsi"ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin" sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi"ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Qanunun bu tələbləri pozularaq, iş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); - ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. (mad. 145.3) "Məhkəmənin ittiham hökmü ehtimallara əsalana bilməz və yalnız məhkəmə baxşı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır". (mad. 351.2) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə- satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törəğməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv sayılır. Cinayət işinin materiallarına əlavə olunmuş ailə tərkibi haqqında arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü Qurbanova nərgiz Əlibala qızı adında bir qız övladı vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal himayəsində azyaşlı övladının olmasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci və 56.1.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdr. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 1039,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə ekspertizanın dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 02 mart 2020ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq və məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7 378 manat, Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili X5 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 02 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsin, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 1039,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə aparılmış ekspertizasının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7 378 manat, Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili X5 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar