Məhkəmə qərarları › İş №1(101)-366/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-366/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-366/2025 17.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X5 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, X4 küçəsi, ev 49 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ş\Y sahəsi, döngə 14-də nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 10,14 qram qurudulmuş marixuana və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,605 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 19 fevral 2024-ci il tarixdə, saat 15:10-da Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ş\Y sahəsi, döngə 14-də nömrəsiz evin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbaliyev 18 ünvanında yerləşən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 10,14 qram bitki mənşəli narkotik maddə olan qurudulmuş marixuana və gödəkcənin sağ cibindən şəffaf sellofanın içərisində təmiz çəkisi 3,605 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, döngə 14-də yerləşən nömrəsiz evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu saxlamışlar. Daha sonra onu Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı ona verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş həmin maddələri öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, barəsində olan cinayət işinin ibtidai istintaqı dövründə ona heç bir təsir, təzyiq olmamış, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Onun üzərindən aşkar edilmiş maddələri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən götürmüşdür. Eyni zamanda bildirir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Bundan başqa, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs verilmiş sullara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış keçirilərkən üzərindən həmçinin iki ədəd mobil telefon aşkar edilmişdir. Onun telefonlarında narkotik vasitə ilə bağlı mesajlar aşkar edilməmişdir. O, həm ibtidai istintaq dövründəki, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrini təsdiq edir. Həmin ifadələri verərkən ona heç bir kənar təsir, təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə məhkəmə baxışı zamanı verdiyi ifadələri eyniməzmunlu olsa da, məhkəməyədək icraat zamanı daha təfərrüatlı ifadələr verdiyindən həmin ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 21 fevral 2024-cü il il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, metamfetamin və marixuananı çəkmək yolu ilə istifadə edir. 17 fevral 2024cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və qurudulmuş marixuananı alıb sonra istifadə etmək üçün üzərində saxlamışdir. 19 fevral 2024-ci il tarixdə, saat 15:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ş/Y sahəsi, döngə 14-də nömrəsiz binanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra narkoik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu deyərək onu Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasında ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağının zəruri olmasını bildirmiş, sonra isə videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya pretmet varsa təqdim etməsi təklif olunduqda üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra əynində olan qəhvəyi rəngli gödəkcənin sol yan cibindən «Samsung» və «Poco» markalı mobil telefonları, sağ yan cibindən isə 1 (bir) ədəd kibrit qutusunun işərisində 1 (bir) ədəd metal predmet və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət kütləni və 1 (bir) ədəd üzərində “Mentos” yazısı olan ağ rəngli saqqız qutusunun içərisində 1 ədəd şəffaf bükümü təqdim edərək içərisində narkotik maddə qurudulmuş marixuananı çıxarıb təqdim etmiş, həmin bükümlərdən birinin içərisində narkotik vasitə qurudulmuş marixuana, digərinin içərisində isə psixotrop maddə metmfetamin olmuşdur. Narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini 10 manata öz şəxsi istifadəsi üçün alıb üzərində saxdadığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılaraq götürülmüş, zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır (iş vərəqə: cild İ, səh. 58-59, 72-73). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rəhbərliyə raportla məruzə olunmuşdur. Bundan sonra bölmənin digər əməkdaşı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, döngə 14-də yerləşən nömrəsiz evin yaxınlığında olacağı bildirilmişdir. Onlar həmin ünvana yollanıb, Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Bölmədə üzərinə video-çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə və 01 ədəd marixuanaya bənzər maddələri çıxarıb könüllü təqdim etmişdir. Digər cibindən telefon aşkar edilmişdir. Həmin maddələr qablaşdırılaraq zərfə qoyulmuş və məhkəmə ekspertizasına göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələrin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı iki nəfər polis əməkdaşları olmuşlar. Onlar Təqsirləndirilən şəxs saxlayarkən sonuncu tək olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmiş və ya müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərində həmin maddələrin olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir təsir, təzyiq olmamışdır. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid2 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin Cinayət axtarışı üzrə kiçik inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı idarə rəhbərliyinə məruzə edilmişdir. İdarə rəisinin əmri ilə Şahid1 rəhbərliyi ilə və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Şahid1 Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmiş və onlar birlikdə əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 19 fevral 2024-cü il tarixdə, saat 15:10 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ş\Y sahəsi, döngə 14-də yerləşən nömrəsiz evin yaxınlığında olduğunu müəyyən etmişlər və orada onu saxlamışlar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsa videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş və təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşa, vasitə və predmet varsa təqdim etsin. Bu təklifdən sonnra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sol yan cibindən bir ədəd «Samsung» və «Poco» markalı mobil telefonu, sağ yan cibindən isə 1 (bir) ədəd kibrit qutusunun işərisində 1 (bir) ədəd metal predmet və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət kütləni və 1 (bir) ədəd üzərində “Mentos” yazısı olan ağ rəngli saqqız qutusunun içərisində 1 ədəd şəffaf bükümü təqdim edərək içərisində narkotik maddə marixuananı çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi 1 (bir) ədəd bükümün içərisində olan kütlə psixotrop maddə metamfetamin, “Mentos” yazısı olan saqqız qutusunun işərisində şəffaf sellofanda isə marixuanadır. Həmin marixuananı və psixotrop maddə metamfetamini tanımadığı şəxsdən 10 manata almışdır və özü istifadə etməsi üçün üzərində də saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin maddələr qablaşdırılmış, bu barədə protokokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokol və möhürlənmiş zərfin üzəri imzalanmışdır (iş vərəqə: cild İ, səh. 92-94). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 21 fevral 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynidəki qəhvəyi rəngli gödəkcənin sol yan cibindən “Samsung” və “Poco” markalı mobil telefonları, sağ yan cibindən isə 1 (bir) ədəd kibrit qutusunun işərisində 1 (bir) ədəd metal predmet və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olmasını və 1 ( bir) ədəd üzərində “Mentos” yazısı olan ağ rəngli saqqız qutusunun içərisində 1 ədəd şəffaf sellofan bükümü təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, 17 fevral 2024-cü il tarixdə Əmircan qəsəbəsində tanımadığı şəxsdən hər birini 10 manat müqabilində şəxsi istifadəsi üçün alıb üzərində saxlayıb gəzdirməsini bildirmişdir. Aşkar edilmiş həmin maddələr və mobil telefonlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 32- 33, 74). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/280 nömrəli rəyindən görünür ki, üzərində «Nağıyevin üzərindən aşkar edilmiş maddə....» sözləri yazılmış bir ədəd zərfdə təmiz çəkisi 10,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (iş vərəqə: cild İ, səh. 41-43). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/993 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “A. Nağıyevin üzərindən aşkar edilmiş maddə..... ” yazı və imzalar olan zərfdə 01 (bir) ədəd kibrit qutusunda şəffaf polietilen torbacıqda təmiz çəkisi 3,605 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfin içərisində olan 01 ədəd metal predmetin üzərində psixotrop maddə-metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir (iş vərəqə: cild İ, səh. 45-48). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin 29 aprel 2024-cü il tarixli, 2794 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsinlə yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 101-102). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 mart 2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefonun yaddaşında iş üzrə sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh. 88-89) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 mart 2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Poco” markalı mobil telefonun yaddaşında iş üzrə sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh. 90- 91) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, iş üzrə ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,555 qram psixotrop maddə metamfetamin və 10,090 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild 1, səh. 103-110). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (iş vərəqə: cild İ, səh. 23). Cinayət işinin materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi barədə qərar”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olunmuşdur (iş vərəqə: cild İ, səh.81-82). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə: cild İ, səh. 100). Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (iş vərəqə: cild İ, səh. 96). Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Bununla bağlı həmçinin qeyd edilir ki, məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olub-olmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da müəyyən edilmiş həmin psixotrop maddənin külli miqdar həddindən artıq miqdarda olmuş, qurudulmuş marixuana” narkotik maddəsinin miqdarı isə xeyli miqdardan artıq olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması “şəxsi axtarış və götürmə haqqında” protokol, şəxsi axtarışın video görüntüsününü əks olunduğu disk, maddi sübut, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, təqsirləndirilən şəxsin özünün həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri və cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, həmçinin onun həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini səmimi etiraf etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, eyni zamanda barəsində olan cəzasını yüngülləşdirən halları da nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının daxilində, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2024-cü il tarixli, 2794 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 10,09 qram narkotik vasitə qurudulmuş marixuana və 3,555 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 10,09 qram narkotik vasitə qurudulmuş marixuana və 3,555 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar