Məhkəmə qərarları › İş №1(101)-367/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-367/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-367/2022 26.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə) 26 yanvar 2022-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, hakimlər Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçilər, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən 07 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılaraq ibtidai istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması faktına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci ildə cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuş, 08 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, qeyd edilən tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə, həbsetmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi qismində dəvət edilmiş Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyə yazılı vəsatət verərək və Bakı şəhəri 248 saylı tam orta məktəbdən əldə olunmuş arayışı təqdim edərək ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntuları ilə bağlı cinayət işinin baxılmasına xitam verilməsi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş etmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs rusdillidir, anası milliyyətcə rusdur, təhsilini orta məktəbdə rus dilində alıb, fikirlərini Azərbaycan dilində məhdudiyyətlə ifadə edir. Ona ibtidai istintaqda tərcüməçi təqdim edilmədiyindən təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə vəsatətlə bağlı cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək, onların təqdim etdikləri təsdiqedici sənədləri və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, Müdafiəçi vəsatəti qismən əsaslı olduğundan qismən təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs təhsil aldığı Bakı şəhəri 248 saylı tam orta məktəbdən daxil olmuş arayışa görə, təqsirləndirilən şəxs 2009-cu ildə həmin məktəbin rus bölməsinin 9-cu sinfini bitirmiş, təhsil aldığı müddət ərzində onun ana dili rus dili olmuş, təhsil müddətində Azərbaycan dili fənnini keçsə də, bu fəndən qiyməti 3 (kafi) olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.5-ci maddəsinə əsasən cinayət işinin materialları məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsindən ibtidai istintaqın sonunadək tərcüməçi təqdim edilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində olan prosessual sənədlərdə qeyd edilən təqsirləndirilən şəxsin Bakı şəhərində anadan olması, azərbaycanlı olması, Azərbaycan dilində sərbəst şəkildə oxuyub-yazmağı qeyd edilsə də, ibtidai istintaqı aparan müstəntiq tərəfindən göstərilən halları təsdiq edən heç bir sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan dilini bilməsini mübahisələndirməsə də, cinayət işinə məhkəmənin hazırlıq iclasında baxıldığı vaxt atasının azərbaycanlı olması ilə bərabər, anasının rus milliyyətindən olmasını, ailədə əsasən rus dilində danışmalarını, orta təhsilini rus dilində almasını, Azərbaycan dilini danışıq səviyyəsində bilməsini, lakin rəsmi səviyyədə Azərbaycan dilini yaxşı başa düşməməsini, bu səbəbdən ibtidai istintaq zamanı ona izah olunan hüquqlarını yaxşı başa düşməməsini, ibtidai istintaq zamanı istintaq hərəkətlərində tərcüməçinin iştirakını istəməsini, lakin tərcüməçi ilə təmin olunmamasını, tərcüməçiyə ehtiyacının olmaması ilə bağlı öz əli ilə yazdığı ərizədəki sözlərin ona aid olmamasını, ərizəni hazır mətndən köçürməsini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ana dili olan rus dilində təhsil alması, habelə təhsil aldığı müddətdə Azərbaycan dili fənni üzrə 3 (kafi) qiymət alması barəsində cinayət təqibi aparılan Azərbaycan dilini zəif bilməsinə dəlalət edir. Onun ibtidai araşdırma zamanı Azərbaycan dilində yazıboxumasını bildirməsi faktı özü-özlüyündə bu faktın həqiqət olmasına təsdiq etmir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar Təqsirləndirilən şəxs Azərbaycan dilini sənədləri qavrayacaq dərəcədə bilməməsinə dəlalət edir və o anlama gəlir ki, cinayət işi üzrə həyata keçirilmiş prosessual hərəkətlərin, habelə ona elan olunmuş ittihamın mahiyyətini dərk etməsi şübhəlidir. Bu halların məhkəmə tərəfindən qəbul edilməməsi mümkünlüyü təqsirləndirilən şəxs barəsində gələcəkdə məhkəmə tərəfindən qəbul ediləcək yekun məhkəmə aktının şübhə altına alınmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin dil hüququnun təmin edilməməsi (tərcüməçi ilə təmin edilməməsi) məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 303.3.2-ci maddəsinə müvafiq olaraq cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması, bunun da həmin Məcəllənin 303.3.1-ci maddəsində qeyd edilmiş təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin dil və müdafiə hüququnun pozulması kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci və 303.3.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Hansı ki, göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və belə olan halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin ifadə etdiyi mənada cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 80-ci maddəsinin tələbinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Konvensiyanın 13-cü maddəsinə görə, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Göründüyü kimi, istər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı pozulmuş müdafiə hüququ (tərcüməçinin təqdim edilməməsi) mümkün qədər bərpa olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində belə nəticəyə gələrkən, həmçinin ona əsaslanır ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham ağır cinayətlər kateqoriyasına aiddir və belə ittiham üzrə cinayət işinə məhkəmədə mahiyyəti üzrə baxıldığı zaman müdafiə hüququ ilə bağlı bütün təminatlar yüksək səviyyədə qorunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müdafiəçinin vəsatəti ilə bağlı məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib belə hesab edir ki, Müdafiəçi həmin vəsatəti əsassızdır və təmin olunmadan rədd edilməlidir. Belə ki, cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə Təqsirləndirilən şəxs azadlıqda qalarkən cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın və ya məhkəmə baxışınin normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədərək cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesinin həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq ehtimalının olmasını nəzərə almış və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən nəzərə alınmış mühüm olan halların aradan qalxmamışdır. Müdafiə tərəfi həmin halların aradan qalxdığı barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanmasının 4 aylıq müddətinin 2022-ci ilin fevralın 6-da bitəcəyini, işin prosessual rəhbərliyi həyata keçirən prokuror vasitəsilə ibtidai istintaq orqanına çatdırılmasına sərf olunacaq vaxtı nəzərə alınmaqla hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti 1 ayadək, yəni 2022-ci ilin martın 6-na kimi uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Müdafəçi, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi vəsatəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müdafiəçinin vəsatəti əsassız olduğundan təmin olunmadan rədd edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin və onun həbsdə saxlama müddəti 01 ayadək, yəni 06 mart 2022-ci il tarixə kimi uzadılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Telman Hüseynov Hakimlər Əli Məmmədov Fikrət Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar