Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-368/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxxx 1989-cu il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xocavənd rayonu, Günəşli kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 2 saylı Uşaq baxçasında müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmək məqsədi ilə «İnstagram» sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində əvvəlcədən qeyrisi ilə aralarında olan razılaşmaya əsasən sonuncunun ona «WhatsApp» proqramı vasitəsi ilə şəkilini çəkib göndərdiyi yerdən, yəni Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” küçəsində yerləşən «Qızıl Tac» şadlıq sarayının arxasından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 1015,2 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 23 yanvar 2023-cü il tarixdə saat 18:20-də Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının qarşısında saxlanılaraq 4-cü Polis Şöbəsinə aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə qara rəngli şəffaf sellofana bükülmüş külli miqdarda - təmiz çəkisi 1015,2 qram təşkil edən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, evlidir, himayəsində iki və beş yaşlarında olmaqla azyaşlı uşaqları vardır, ailəsi ilə birlikdə 2 saylı Uşaq baxçasında yaşamışdır. O, həm də X1 adlı qadınla qeyri-rəsmi münasibətdə olmuş, mütəmadi olaraq onun evinə gedib gəlmişdir. Hətta Seyidzəhra üçün restoranda ad günü də keçirmişdir. Tutulması ərəfəsində son günlər Seyidzəhra ilə münasibəti pozulmuşdur. Belə ki, Seyidzəhranın yaşadığı mənzili əxlaqsızlıq yuvasına çevirdiyini və bu yolla pul qazandığını bilmişdir. Yəni, Seyidzəhra öz mənzilini pul müqabilində müxtəlif tanışlarına intim münasibətdə olmaq üçün təqdim etməsini bilmişdir. Tutulduğu gündən bir gün əvvəl yenə Seyidzəhranın evinə gedib onunla mübahisə etmiş, hətta onu möhkəm vurmuşdur. Buna görə o, 23 yanvar 2023-cü ildə Seyidzəhranın ünvanına gedib üzrxahlıq etmək istəmişdir. Səhər saatlarında oraya getmiş, bir qədər söhbətləşib vaxt keçirdikdən sonra həmin ünvandan çıxmışdır. Mənzildən düşüb blokdan çıxanda ora bir nəfər orta yaşlı kişi gəlmişdir. Hiss etmişdir ki, həmin şəxs kiminləsə, yəni hansısa qadınla görüşməyə gəlmişdir. Elə blokda gözləyən zaman polis əməkdaşları ona yaxınlaşıb saxlamış, ona təzyiq edərək Polis Şöbəsinə aparmışlar. Şöbədə ona təzyiq göstərərək onu həmin mənzilə aparıb üstünə 5 kiloqram narkotik qoyacaqlarını deməklə hədələmiş, üstünə 1 kq narkotik qoyaraq sənədləşdirib işini bağlamışlar. Yəni, əslində o, şərlənmişdir. Özü narkotik vasitə istifadə etməmişdir. Ona görə də bütün bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmir, qanından analiz götürüb bunu yoxlatdırıb əmin olmaq olar. ***-***-**-** saylı mobil telefon nömrəsi həqiqətən onun istifadəsində olmuşdur. O, Seyidzəhranın evinə tez-tez gedib-gəlmişdir. Seyidzəhra evini əxlaqsız yuva eləməklə pul qazanmış, o da biləndən sonra buna görə Seyidzəhranı döymüşdür. Polisdə hər şeyi təsdiq, etiraf etməyə məcbur olmuşdur. Əslində onda heç bir narkotik vasitə olmamışdır, istifadə etdiyi mobil nömrəsinə gələn mesajlar ona məxsus deyildir. O, ümumiyyətlə hər hansı iranlı ilə danışmamışdır. Onu 9-cu mikrorayondakı «Tərlan» şadlıq sarayının yanında yerləşən "xxxx" MTK-nın 1-ci binasının 3-cü blok, 12-ci mərtəbəsi, 139 nömrəli mənzilin yanında tutmuşlar. Polislər onu faktiki saat 13:00 radələrində saxlamışlar. Əslində ***-***-**-** saylı nömrəli telefonu Seyidzəhra istifadə etmişdir, Seyidzəhranın narkotik vasitədən istifadə etməsini görməmişdir. Polis əməkdaşlarının ona olan qərəzinin səbəbi Seyidzəhradır. Seyidzəhranı döydüyünə görə sonuncu polislərlə əlaqəyə girib onu tutdurmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir, əvvəllər Cinayət Məcəlləsinin 127.1-ci və 234.1-ci maddələri ilə məhkum olunmuş, sonuncu dəfə azadlığa çıxdıqdan sonra rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuş, son zamanlar isə işsiz olduğu üçün maddi imkanı olmadığından narkotik vasitə əldə edə bilməmişdir. 22 yanvar 2023-cü il tarixdə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə tanış olduğu, lakin tanımadığı və üzünü görmədiyi özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə əlaqə saxlamış və ona «narkotik vasitə göndər, mən həmin narkotik vasitəni satıb pul əldə edim və sənin pulunu göndərim» demiş, həmin tanımadığı İran İslam Respublikasının vətəndaşı da onunla razılaşmışdır. 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində İran İslam Respublikası vətəndaşı «WhatsApp» mesajlaşma şəbəkəsi vasitəsi ilə +98 ***-***-**-** saylı mobil nömrə ilə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” küçəsində yerləşən «Qızıl Tac» şadlıq sarayının arxasında olan yerin “konum”unu göndərmiş, sonra həmin ünvana gedərək şəffaf sellofanda olan narkotik vasitəni götürmüş, üzərində olan sellofanı orada olan zibil qutusuna atmış, narkotik vasitə olan heroini isə əynindəki qara rəngli gödəkçənin sol iç cibinə qoyaraq yaşadığı evə tərəf hərəkətə başlamışdır. Həmin günü saat təxminən 18:20-də Binəqədi rayonu, Mir Cəlal küçəsi 59 ünvanında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını, ona üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirib 4-cü Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış aparılacağı bildirilərək hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, həmin vaxt ərizə ilə müraciət edərək baxış keçirilməsində vəkilinin iştirak etməməsini xahiş etmiş, çünki üzərində narkotik vasitə olduğundan vəkilinin gələcəkdə onu yaxşı müdafiə edə bilməsi üçün aşkar olunacaq narkotik vasitəni gözləri ilə görməsini istəməmişdir. Daha sonra Polis Şöbəsində xidməti otaqların birində vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə və ya qeyri qanuni əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkçənin sol iç cibində saxladığı, qara rəngli şəffaf sellofana bükülmüş bir ədəd bükümdəki narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin oluğunu və həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını, 23 yanvar 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşının narkotik vasitəni qoyduğu Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” küçəsində yerləşən «Qızıl Tac» şadlıq sarayının arxasından götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üstünə baxış keçirilmiş, bu zaman əynindəki boz rəngli şalvarının sağ yan cibindən içərisində ***-***-**- ** saylı "xxxx" nömrəsi olan 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Sonra polis əməkdaşları tərəfindən üstündən aşkar olunaraq götürülmüş bir büküm narkotik vasitə olan heroin və 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefon qablaşdırılaraq götürülmüş, sonra üzərinə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra o, göstərmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş heroindən başqa heç bir yerdə narkotik vasitə saxlamamış, polis əməkdaşları tərəfindən saxlanılarkən və Polis Şöbəsinə aparılarkən onlara tabe olmuş, bu səbəbdən ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməmişdir (cild 1, iş vərəqə 74-76). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin Cinayət-Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuş və bu məsələ ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs saat 18:20-də Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən “Favorit market”in arxasında olan zaman saxlamışlar. Sonra ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd qara rəngli şəffaf sellefona bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərinə axtarış davam etdirilmiş, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüş, qanunla qadağan edilmiş başqa heç bir predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə heroinə bənzər kütlə və 01 ədəd «Samsung» markalı mobil telefon sübut əhəmiyyəti olduğu üçün təhqiqatçı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən tanımadığı, sosial şəbəkədə tanış olduğu şəxsin qoyduğu Nəsimi rayonu, “20 Yanvar” küçəsində yerləşən «Qızıl Tac» şadlıq sarayının arxasından götürdüyünü bildirmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 iş üzrə dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dəvət olunaraq dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, tanıyır. Onunla dostluq münasibətləri olmuşdur. Farizin tutulmasından bir qədər əvvəldən evində gəlini olduğu üçün özünün ayrı yaşaması məqsədilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, altında “Favorit market” yerləşən binadə mənzil kirayələmişdir. Şalhazırda isə Xırdalan şəhərində yaşayır.Əvvəllər özü Təqsirləndirilən şəxs evlərində olmuş, anasını da tanımışdır. Farizlə aralarında çox dava-dalaş olmuşdur. Həmin gündən qabaq onunla dalaşmış, hətta vurmuşdur. Farizin tutulmağından xəbəri olmamışdır. Özü Farizdən dəfələrlə sonuncunun onunla kobud rəftarına görə şikayət etmiş, amma şikayətinin dalınca getməmişdir. Sonuncu dəfə Farizi tutulduğu gün görmüşdür.Tutulan gün səhər onun yaşadığı mənzilə gəlmiş, bir az söz-söhbət düşmüş, sözlü mübahisələri olmuş və Fariz getmişdir. Sonra Fariz yenidən qayıdıb gəlmiş, o da Farizdən evinə qonaq gələcəyi üçün çıxıb getməsini xahiş etmişdir. İş yoldaşı olan evinə gələn qız gəlib çatandan sonra blokun qarşısından polislərin Farizin qoluna girib apardığını demişdir. Fariz tutulduqdan bir-iki gün əvvəl iki nəfər mülki geyimdə olan şəxs onun qapısını döyüb, Farizi soruşmuşlar. Bunu Farizə, anasına, xalası oğluna demişdir. Farizi yeni tanıyanda bir dəfə “ot” çəkdiyini görmüşdür. Farizin narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumatı olmamış, onun belə işlərlə məşğul olmasından şübhələnməmişdir. Farizin tutulması üçün polisə müraciət etməmiş, mənzilində başqa şəxslərin görüşmələri üçün şərait yaratmamışdır. Farizin bununla bağlı bildirdikləri tam yanlışdır. Farizlə nə qədər mübahisələri olsa da, yenə birbirlərini istəmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki əşyaları könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd qara rəngli şəffaf sellefon bükülünü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, 23 yanvar 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşının qoyduğu narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” küçəsində yerləşən «Qızıl Tac» şadlıq sarayının arxasından götürdüyünü, şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 35-37, 57-58). Məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2023-cü il tarixli 6/439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1015,2 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1015,1 qram təşkil etmişdir (cild 1, iş vərəqə 45-49). Diskə baxış keçirilməsi haqqında 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:48:43 dəqiqədə 99***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı nömrəyə «20 manat var qaqaşda 04 verə bilərik ona deyim gəlsin», xx.xx.2022-ci il tarixdə saat 15:46:52-də 99***- ***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı nömrəyə «Qaqi mən səndən xəbər gozduyurem məhlədəym ona deymedim imkan olsa»,«Qaqi bir təhər mənən əlaqə saxla tez imkan vars», «biryerdən yıg mani o birisinidə həll edək», xx.xx.2022-ci il tarixdə saat 18:19:16 dəqiqədə 99***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı nömrəyə «indi de elvin yıqıb ki 25 var; 5 var dedim xəbər edərəm varınsa deyim gelsin deysin sene ozu», «Buna deyim gəlsin varıdı», «Qaqi dediyin yerdəyəm balkonda durmuşam 12 mərtəbə», xx.xx.2022-ci il tarixdə saat 23:36:04-də 99***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı nömrəyə «Agsamin xeyir qaqas bu ne poxdu vermisen mene yeke oğlansan malun nece vermisen elede qalir sabax getirecem» məzmunlu mesajların daxil olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə 12:10:15-dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsindən 99***-***-**-** saylı nömrəyə göndərilmiş «Mama oglu 9mk terlan sadlix evin yana gel var isdemir tel cat ylg», xx.xx.2022-ci il tarixdə saat 12:13:12 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrədən 99***-***-**-** saylı nömrəyə «Cat bura yig meni dusum asagi senin sesin gelir bildim 05 lasimdi sene burdayam sefdaforu keçmə», xx.xx.2022-ci il tarixdə saat 12:35:59 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı nömrədən 99***-***-**-** saylı nömrəyə «25.05/1q 50», xx.xx.2022-ci il tarixdə saat 14:08:04 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı nömrədən 99***-***-**-** saylı nömrəyə «Gel 65 kanecine iki mertebe var çayxana ordayam 2 manat getir», xx-xx-2022 tarixdə saat 15:59:00 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı nömrədən 99***-***-**-** saylı nömrəyə «Qaqi lasim olsa de burdayam gorusduyum yerde», xx.xx.2022-ci il tarixdə saat 16:28:05 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı nömrədən 99***-***-**-** saylı nömrəyə «Birde de camahat gosduyur», 18:20:11 dəqiqədə, «Qaqi gelde bura dedin favarite», saat 18:32:58 dəqiqədə «Hede qaqi var falqa gotur gel da» məzmunlu mesajların daxil olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 149-155). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli 1453 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 159-160). Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 27 mart 2023cü il tarixli 794 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, əvvəllər psixiatrik müəssisələrə müraciət etməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilmiş, ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, nümayişkaranəlik, eqosentrizm, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir, Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 1, iş vərəqə 162- 164). İbtidai istintaq orqanının 12 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 188-190). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il və xx.xx.2021ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 120-121). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci və 331.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 11 mart 2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Milli Məcəlləsinin 07 may 2013-cü il tarixli “Amnistiya” qərarının 1.1 bəndinə əsasən azad olunmuşdur (cild 1, iş vərəqə 125-126, 128-131). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs ona saxlanarkən polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı bildirdikləri aparılan araşdırma zamanı öz təsdiqini tapmadı. Bu xüsusatla bağlı hər hansı dəlilin müəyyən edilməməsi təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsinin də özünümüdafiə məqsədi daşıması ilə bağlı qənaətə gəlinməsi üçün əsas verir. Məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müdafiə tərəfinin irəli sürdüyü dəlillər hərtərəfli araşdırılmış, əlavə şahidin dindirilməsi və məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi ilə bağlı vəsatətləri təmin olunmuşdur. Dindirilmiş əlavə şahid - Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətlərdə olmuş Şahid4 onun bildirdiklərini təkzib etmiş, eyni zamanda, iş üzrə irəli sürülmüş ittihamla birbaşa əlaqəsi olmasa da, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən müəyyən xüsusatları bildirmiş, həm də narkotik vasitədən istifadə etməsi faktının şahidi olduğunu qeyd etmişdir. Bu hal isə ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini bildirən, əslində əvvəllər narkotik vasitə istifadəsi ilə bağlı məhkum edilmiş Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Digər bir xüsusat isə ondan ibarətdir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq zamanı tərtib edilmiş çoxsaylı istintaq hərəkətləri protokollarında və digər sənədlərdəki imzaların əslində ona məxsus olmadığını, həmin sənədləri imzalamadığını bildirmişdir. Bu səbəbdən müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, alınmış ekspert rəyi məhkəmədə tədqiq olunmuşdur. Həmin 6 fevral 2024-cü il tarixli 4/2074 nömrəli ekspert rəyi ilə Təqsirləndirilən şəxs bildirdikləri təkzib olunmuş və cinayət işinin materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Natiq Teymurova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin sonundakı imza qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 31-32), şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldakı səhifənin yuxarı hissəsində “Təqsirləndirilən şəxs” yazısından əvvəl çəkilmiş imza və “şübhəli şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 36), şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldakı “şübhəli şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 41), Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş təhqiqatçısı Şəhriyar Hacıyevə verilmiş xx.xx.2023-cü il tarixli izahatın birinci səhifəsindəki imzalar və ikinci səhifəsindəki “şübhəli şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 43-44), xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun birinci və ikinci səhifəsindəki imzalar, o cümlədən sonuncu səhifədə “şübhəli şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 54-56), videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldakı təqsriləndirilən şəxs qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 58), təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi haqqında sənəddə təqsirləndirilən şəxs qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 67), təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023cü il tarixli bildirişdəki “təqsirləndirilən şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 70), cinayət prosesini həyata keçirən proses iştirakçılarına qarşı etirazın edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldakı “təqsirləndirilən şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 72), xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunun birinci səhifəsindəki “imza” qrafalarının qarşısındakı imzalar, ikinci səhifədəki səhifənin yuxarı hissəsində “müstəntiq tərəfindən mənim ifadəmin kompüter vasitəsi ilə yazılması etiraz etmirəm. Azərbaycan dilini bilirəm, latın qrafikası ilə yazmağı və oxumağı bacarıram” yazısının altındakı imza və “Təqsirləndirilən şəxs” sözləri, həmin protokolun sonuncu səhifəsində “Təqsirləndirilən şəxs” sözündən əvvəl atılmış imza (cild 1, iş vərəqə 74-76), ekspertiza təyin olunması haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldakı “təqsirləndirilən şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 99), telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldakı “təqsirləndirilən şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 170) və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunun birinci səhifəsindəki “imza” qrafalarının qarşısındakı imzalar, ikinci səhifəsindəki “müstəntiq tərəfindən mənim ifadəmin kompüter vasitəsi ilə yazılmasına etiraz etmirəm. Azərbaycan dilini bilirəm, latın qrafikası ilə yazmağı və oxumağı bacarıram” yazısının altındakı və səhifənin sonundakı imza, üçüncü səhifəsindəki səhifənin sonunda atılmış imza və sonuncu səhifəsindəki “imza” qrafasının qarşısındakı imzaların (cild 1, səhifə 171-174) məhz Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu təsdiq olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü madəsinə əsasən, hazırda məhkumluğunun olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 23, 86-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1015,1 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1015,1 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-368/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-368/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver