Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-369/2022 28.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 Nəsən oğlunun, Dövlət ittihamçısı3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 və 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 06 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 73, mənzil 15-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 13 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab olunan metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanda yerləşən "Sapfir Saray" adı ilə fəaliyyət göstərən şadlıq sarayının yaxınlığında gizlədilmiş ümumi təmiz çəkisi 10,839 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini satmaq məqsədilə qanunsuz əldə edib bükümlərə bölərək üzərində saxlamaqla 12 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 138A saylı ünvanda yerləşən "Askar Hotel" adı ilə fəaliyyət göstərən mehmanxanaya daşımış, 13 sentyabr 2021-ci il tarixdə, saat 12:00 dəqiqədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin (bundan sonra: RPİ, NMB, PŞ) əməkdaşlarının həmin mehmanxanada birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Nərimanov RPİ-nin inzibati binasına aparıldıqdan sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şortun sağ yan cibindən külli miqdarda - ayrı-ayrılıqda çəkiləri 9,485 qr., 0,821 qr., 0,168 qr. və 0,365 qram olmaqla, ümumi təmiz çəkisi 10,839 qram təşkil edən 4 ədəd bükümdə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlama cinayət əməlini satış məqsədilə yanaşı, həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində Səbail rayonu, M.Hüseyn küçəsi, ev 73, mənzil 15-də qeydiyyatda olsa da, faktiki ünvan 1-da həyat yoldaşı, azyaşlı qızı və qayınanası Nərminə Hüseynova ilə birlikdə yaşamışdır. Tutulanadək istifadəsində "Redmi Note 9" markalı mobil telefonu olmuş, həmin mobil telefona +**********07 və +**********92 saylı nömrələr taxaraq onlardan istifadə etmişdir. Telefonun kilid kodu 14863 olmuşdur. Markasını qeyd etdiyi mobil telefon web proqramları dəstəklədiyindən, həmin telefona taxılmış +**********07 və +**********92 saylı nömrələr vasitəsilə 2 "WhatsApp web" proqramı açaraq istifadə etmişdir. Təqribən son 5 ildə taksi sürücüsü işləmiş, əsasən xarici qonaqları otellərə, otellərdən turistik yerlərə və qarşılayıb yola salmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, taksi sürücülüyü ilə məşğul olduğundan ona bəzən gecələri oyaq qalmaq lazım olmuş, həm də həddən artıq kök olmuşdur. Metamfetamin psixotrop maddəsinin yuxusuzluq gətirdiyini və insanı arıqlatdığını öyrənib, tutulmazdan təqribən 2 il əvvəl psixotrop maddə hesab olunan metamfetamindən çəkmə yolu ilə könüllü istifadə etməyə başlamışdır. Belə ki, buna onu heç kim təhrik etməmiş, heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. 2 il ərzində çəkisi 135 kiloqramdan 95 kiloqrama düşmüşdür. İstifadə etdiyi psixotrop maddəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən alıb əldə etmişdir. Tutlmazdan təqribən 15-20 gün əvvəl isə soyadını və atasının adını bilməsə də, özünü ona İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı "Rza" kimi təqdim edən şəxsdən alıb əldə etmişdir. Özünü "Rza" adı ilə təqdim edən şəxsi sosial şəbəkə vasitəsilə qiyabi tanısa da, heç vaxt onunla görüşməmiş və "Rza"nın +**********68 saylı telefon nömrəsindən qoşulduğu "WhatsApp web" proqramı vasitəsilə sonuncu ilə əlaqə saxlamışdır. 2-3 dəfə müxtəlif məbləğdə pul müqabilində "Rza" adlı şəxsdən psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. Belə ki, ona psixotrop maddə lazım olduqda, o, qeyd etdiyi nömrədən qoşulduğu "WhatsApp web" proqramı vasitəsilə "Rza"nın "WhatsApp web" proqramına qoşulduğu +**********68 saylı nömrə ilə əlaqə saxlamış, onunla danışıb ona metamfetamin sifariş verdikdən sonra, müxtəlif yerlərdə quraşdırılmış pul köçürmə aparatları vasitəsilə "Rza" adlı şəxsin ona bildirdiyi, lakin hazırda xatırlamadığı hesablara alacağı psixotrop maddə müqabilində hər bir qramı 20 manata olmaqla pul köçürmüş və bundan sonra "Rza" adlı şəxsin mobil əlaqə vasitəsi ilə dediyi və ya şəkilini çəkib atmaqla göstərdiyi ayrı-ayrı yerlərə gedib metamfetamini oradan götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında üzərindən psixotrop maddə hesab olunan metamfetamin aşkar olunması ilə əlaqədar göstərdi ki, 11 sentyabr 2021-ci il tarixdə "WhatsApp web" proqramı vasitəsilə Rza adlı şəxslə əlaqə saxlayıb ona 15 qram çəkidə metamfetamin psixotrop maddəsi sifariş vermiş, sonuncu həmin çəkidə metamfetamini göndərə biləcəyini ona demişdir. Aralarında razılıq əldə olunduqdan sonra, o, Rzaya ona göndərəcəyi 15 qram metamfetaminin müqabilində elə həmin tarixdə göndəriləcək hesaba pul köçürmə aparatı vasitəsi 200 manat pul köçürəcəyini bildirmiş, 100 manat pulu isə sonra göndərəcəyinə söz vermişdir. Rza buna etiraz etməmiş və pulun qalan hissəsini tez köçürməyi ona tapşırmışdır. 11 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində özünün idarə etdiyi maşınla deyil, tanımadığı başqa bir şəxsin taksi kimi idarə etdiyi avtomobillə Rza adlı şəxsin onu dediyi yerə, yəni ünvan 4 ünvanda yerləşən "Sapfir" şadlıq sarayının yaxınlığına gedərək orada "WhatsApp web" proqramı vasitəsilə Rza adlı şəxsin ona koordinatlarını izah etdiyi yerdən sellofan bükülüdə olan psixotrop maddə metamfetamini götürmüş və metamfetamini götürməsi barədə Rzanı məlumatlandıraraq geri qayıtmışdır. Qayıtdıqdan sonra aldığı metamfetamini bir neçə bükümə bölüb üzərində saxlayaraq ondan hissə-hissə istifadə etməyə başlamışdır. 2 gün ərzində həmin metamfetaminin 5 qrama yaxın hissəsindən istifadə etmiş, qalan 4 ədəd bükümdə olan metamfetamini isə əynindəki göy rəngli cins şortun sağ yan cibində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 12 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində sifarişli müştəri gözlədiyindən ailə üzvlərini narahat etməmək üçün gecələmək üçün Bakı şəhəri Nərimanov rayonu, X10 küçəsi, 138A saylı ünvanda yerləşən "Askar Hotel" adı ilə fəaliyyət göstərən mehmanxanaya getmişdir. Ərəb turistlərin yaşadıqları otellərdə demək olar ki, onu tanımış və hörmət qoymuşlar. Həmin gün "Askar Hotel" oteldə də özünə 1 otaq götürmüş, bir-iki dəfə metamfetamindən istifadə edərək yatmış, müştəri onunla əlaqə saxlamadığından o, oteldə yatıb qalmışdır. 13 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində "Askar Hotel"-də otaqda tək olarkən mülki geyimdə olan 3 nəfər kişi otağa daxil olub özlərini polis əməkdaşları kimi təqdim etmiş, səs-küy salmamağı tapşırıb onlarla birlikdə Nərimanov RPİ-yə getməsini tələb etmişlər. Həmin vaxt sonuncu dəfə Rzadan aldığı metamfetaminin qalıq hissəsi onun cibində olmuşdur. Başqa çıxış yolu olmadığını dərk etdiyindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-yə getmiş, orada polis əməkdaşlarının təklifi və müşayiəti ilə idarənin inzibati binasının 3-cü mərtəbəsində yerləşən xidməti otaqların birinə getmişdir. Təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmuş, ona hüquq və vəzifələrini izah edilmişdir. O, vəkildən imtina etməmişdir. Üzərində şəxsi axtarış aparılacağı bildirildikdə o, etiraz etməmişdir. Bundan sonra ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoyması təklif edildikdə, o, yenə də etiraz etməmiş və əynində olan göy rəngli cins şortun sağ yan cibindən içərisində metamfetamin psixotrop maddəsi olan 4 ədəd bükümü, həmin şortun sol yan cibindən 1 ədəd 10 manatlıq pulu və 1 ədəd qara rəngli "Redmi Note 9" markalı mobil telefonunu çıxarıb könüllü olaraq təqdim etmişdir. Bükümlərin içərisində olan predmetlə maraqlanıldıqda o, səmimi olaraq 4 ədəd bükümün içərisində psixotrop maddəmetamfetamin olduğunu və onu özünü İran vətəndaşı kimi "Rza" adı ilə təqdim edən şəxsin vasitəsi ilə alıb əldə etdiyini bildirmiş, əldə etmə tüsulunu demişdir. Bundan sonra, təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılsa da, başqa hər hansı qanunsuz əşya aşkar olunmamışdır. 4 ədəd bükümdə onun təqdim etdiyi metamfetamin psixotrop maddəsi ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bütün şəxsi axtarış prosesi onun icazəsiylə videoçəkiliş vasitəsilə aparılmışdır. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Psixotrop maddələrin qəbulu ilə məşğul olmasına görə əməlindən səmimi peşmandır, lakin heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Hər bir halda tutduğu əməldən səmimi peşimandır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. Tədqiq olunan həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs əsasən məhkəmədəki ifadəsinə uyğun ifadə versə də, məhkəmədəki ifadəsindən fərqli olaraq həmin ifadəsində «metamfetaminin satışı ilə məşğul olmasa da, arabir psixotrop maddələrin istifadəçisi olan tanımadığı psixotrop maddələrin istifadəçilərinə 10 manat pul müqabilində metamfetamin satmışdır» kimi bir fikir qeyd edilmişdir (iş vərəqə: səh. 52-55, 65-70). Məhkəmə istintaqı zamanı ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs göstərdi ki, kiməsə 10 manat pul müqabilində kiməsə metamfetamin psixotrop maddəsi satması barədə fikirlər ona aid olmamışdır. O, məhkəmədəki ifadəsində qeyd etdiyi kimi, özünün istifadəsi üçün lazım olan metamfetamin psixotrop maddəsini bir qramını ən azı 20 manata alıb əldə etmişdir. Bəzi hallarda isə bu 30 manata başa gəlmişdir. Belə olan halda 10 manat pul müqabilində metamfetamin satmaq gülünc bir şey olardı. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaqda verdiyi ifadələrini oxumadan imzalamışdır. Artıq həmin ifadələrdə nə yazılması isə müstəntiqin işidir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əməliyyat məlumatı ilə bağlı sonradan tanımış, onunla əvvəllər hər hansı münasibəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə edib Bakı şəhəri Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması və əldə etdiyi psixotrop maddəni üzərində saxlayaraq 13 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri Nərimanov rayonu, X10 küçəsi, 138A ünvanda yerləşən "Askar Hotel" adı ilə fəaliyyət göstərən mehmanxanada olacağı barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Nərimanov RPİ-nin NMB-nə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunu ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün xidmət etdiyi idarənin rəisinə raportla məruzə etmişdir. Rəhbərliyin razılığı əsasında onun tərəfindən əməliyyat tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və qabaqcadan hazırlanmış plana əsasən o, əməliyyat tədbirinə cəlb edilmiş Nərimanov RPİ-nin NMB-nin digər əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə 13 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində əməliyyat məlumatında göstərilən "Askar Hotel" adı ilə fəaliyyət göstərən mehmanxanaya getmiş və mehmanxanada yerləşən otaqların birində Vaqif Əsgərovu təkbaşına aşkar etmişlər. Polis əməkdaşları olduqlarını elan edib, onun şəxsiyyəti haqqında maraqlanmış və həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs yayınmaq istəsə də, tərəflərindən saxlanılmış və üzərində şəxsi axtarışın aparılması məqsədilə onu Nərimanov RPİ-yə dəvət etmişlər. Onun başqa çıxış yolu olmamış və etiraz bildirmədən onlarla birlikdə RPİ-nin inzibati binasına getmişdir. Müvafiq raportdan sonra araşdırmanın aparılması idarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 həvalə olunduğundan, Təqsirləndirilən şəxs təhqiqatçı üçün ayrılmış xidməti otağa aparmışlar. X4 "Yusifbəyli və Partnyorları" Vəkil Bürosunun vəkili X3 dəvət edib Təqsirləndirilən şəxs təqdim edəndən sonra, sonuncunun üzərində şəxsi axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Sonra X4 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs bundan sonra əynindəki göy rəngli cins şortun sağ yan cibindən sellofan kəsiyinə bükülmüş 4 ədəd bükümü, həmin şortun sol yan cibindən 1 ədəd 10 manatlıq pul əsginasını və 1 ədəd qara rəngli "Redmi Note 9" markalı mobil telefonu çıxarıb təqdim etmiş və üzərində digər hər hansı əşya və ya predmetin olmadığını bildirdi. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs səmimi şəkildə bükümlərin içərisində psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamini 11 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən "Sapfir" adı ilə fəaliyyət göstərən şadlıq sarayının yaxınlığında dəqiq şəxsiyyəti haqqında məlumatı olmayan, lakin "Rza" adı ilə İİR vətəndaşı kimi tanıdığı şəxsdən özünün şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra, vizual müşahidə zamanı 4 ədəd sellofan kəsiyinin içərisində ağ rəngli kristal formalı maddənin olması məlum olmuşdur. Sonda təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin maddələri ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd 10 manatlıq pul əsginası onun özünə qaytarılmış, lakin mobil telefon istintaq məqsədləri ilə əlaqədar götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və metamfetamin psixotrop maddəsinə oxşar maddənin aşkar olunması prosesi videoçəkilişdən istifadə edilməklə aparılmışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən əməliyyat qrupunun üzvü, polis əməkdaşı Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Daha sonra məhkəmə baxışı zamanı iştirakı təmin olunmamış əməliyyat qrupunun üzvü, polis əməkdaşı Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid2 tədqiq olunan həmin ifadəsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir(iş vərəqə: səh. 135-139). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 13 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə üzərində videoçəkiliş müşaiyəti altında şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şortun sağ yan cibindən 4 ədəd sellofan kəsiyində olan bükümlərdə metamfetamin psixotrop maddəsinə şübhəli maddələri çıxararaq təqdim etmiş, həmin 4 ədəd sellofan kəsiyində bükümlərdə olan şübhəli maddələr zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür(iş vərəqə: səh. 24-25). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD-R formatlı diskdəki videogörüntülərlə müəyyən olunur ki, şəxsi axtarış və götürmənitn videogörüntüləri məhkəmə baxışı zamanı tədqiq olunan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 13 sentyabr 2021-ci il tarixli protokolun məzmununa uyğundur və prosessual pozuntu müəyyən edilməmişdir (iş vərəqə: səh. 26). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD-R formatlı diskə baxış keçirilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, protokolun məzmunu həm məhkəmə baxışı zamanı tədqiq olunan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 13 sentyabr 2021-ci il tarixli protokolun və həm də videogörüntülərlə uyğun tərtib edilmişdir (iş vərəqə: səh. 71-72). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 14 sentyabr 2021-ci il tarixli, 6/4039 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş 4 ədəd bükümdəki şübhəli maddələr, ayrı-ayrılıqda təmiz çəkiləri 9,485 qr., 0,821 qr., 0,168 qr., və 0,365 qram olmaqla ümumi təmiz çəkisi 10,839 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsidir. Tədqiq olunan həmin rəylə müəyyən olunur ki, metamfetamin psixotrop maddəsi 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr"in İİ siyahısına daxildir (iş vərəqə: səh. 42-44). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş "Redmi Note 9" markalı mobil telefona baxış keçirilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Vaqif Əsgərovun həmin mobil telefonda "xxxx" MMC-ə məxsus +**********07 və "xxxx" MMC-ə məxsus +**********92 saylı sim kartlardan istifadə etməsi və həmin nömrələrdən "Vaqif" və "Vako" ləqəbləri ilə "WhatsApp web" proqramında qeydiyyatdan keçməsi, müxtəlif mobil telefon nömrələri ilə "WhatsApp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslərlə danışıqlar və yazışmalar aparmış, bununla bağlı bir-birilərinə səs yazıları göndərmişdir(iş vərəqə: səh. 73-74). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən təqdim olunmaqla texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı diskə baxışı keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********92 saylı mobil nömrə ilə ayrı-ayrı – məhkəməyədək icraat mərhələsində müəyyənləşdirilməmiş şəxlərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair qarşılıqlı danışıqlar və yazışmalar aparmışdır. Tədqiq olunan protokoldan görünür ki, baxışda iştirak etmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair qarşılıqlı danışıqlar və yazışmalar aparmasını inkar etməmiş, danışıqlar və yazışmalar yolu ilə əlaqə saxladığı şəxsiyyətləri və olduqları yer barədə məlumatı olmadığını göstərmişdir(iş vərəqə: səh. 181-184). Məhkəmə baxışı zamanı işdə olmaqla tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən verilən əməliyyat tapşırığına alınmış müvafiq cavab məktubunun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəmetamfetamini onun satış məqsədilə əldə edib saxladığı müəyyən edilmişdir(iş vərəqə: səh. 119-120, 149). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 4303 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və və psixotrop maddə-metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Tədqiq olunan rəyə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: səh. 177-178). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanına aid müvafiq qərarlarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsi, sonuncuya məxsus bir ədəd "Redmi Note 9" markalı mobil telefon və "xxxx" MMC-dən təqdim olunmaqla texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən bir ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,679 qram metamfetamin psixotrop maddəsi, "Redmi Note 9" markalı bir ədəd mobil telefon Nərimanov RPİ-də məsul saxlanışa verilmiş, "xxxx" MMC-dən təqdim edilmiş bir ədəd CD formatlı disk isə cinayət işinə əlavə edilmişdir(iş vərəqə: səh. 77-78, 79-80, 185-186). Ən nəhayət, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 oktyabr 2021-ci il tarixli, 2488 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı mərhələsində Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. O, əməli törədən vaxt və hazırda (ekspertiza tədqiqatı mərhələsində) öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk və onları idarə etmə iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs anlaqlı hesab edilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: səh. 175-176). Məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin müəyyənləşdirilməmiş mənbəyi ilə əlaqədar baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda başqa cinayət işi ayrılmışdır(iş vərəqə: səh. 187-202, 203-204). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin külli miqdar həddindən təxminən 5 dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin külli miqdar təşkil etməsi və külli miqdar təşkil edən həmin psixotrop maddənin çəkilməklə 9,485 qr., 0,821 qr., 0,168 qr. və 0,365 qram olan ayrı-ayrı 4 ədəd bükümlərdə qablaşdırılması, psixotrop maddələrin və ya narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrlə qeyriləri arasında aparılan sms yazışmaları və danışıqlar aparması təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda psixotrop maddəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 140-141). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəlidir, onun himayəsində bir nəfər azyaşlı uşağı vardır, əvvəllər məhkum olunmamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur(iş vərəqə: 166-172). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və səmimi peşimanlığını isə Cinayət Məcəlləsinin 59-cu maddəsində həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxsnpa qarşı ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etməsini, daşımasını və saxlamasını qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmiş, həmçinin tamah məqsədini onun cəzasını ağırlaşdıran hal qismində ittiham aktına əlavə etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğundan "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 4303 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 13 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 10,679 qram psixotrop maddə metamfetamin məhv edilməli; - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd "Redmi Note 9" markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli; - "xxxx" MMC-dən təqdim olunmaqla texniki vasitələrlə ötürülən məlumatlar yerləşdirilmiş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 10,679 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd "Redmi Note 9" markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin; - "xxxx" MMC-dən təqdim olunmaqla texniki vasitələrlə ötürülən məlumatlar yerləşdirilmiş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: CAVİD HÜSEYNOV HAKİMLƏR: ELDAR İSMAYİLOV SAMİR ƏLİYEV
Məhkəmə qərarları › İş №1(101)-369/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-369/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver