Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-370/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və “Arbitrium” Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci iİ tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı «Röya» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup halında birləşərək külli miqdarda psixotrop maddəni satmaq, onun isə psixotrop maddəni alıcılara çatdırmaq rollarını bölüşdürdükdən sonra, 14 noyabr 2022-ci il tarixdə o, «Röya» adlı şəxsin Bakı şəhəri, Yasamal rayonu ərazisindəki «Musabəyov» parkında yerləşdirdiyi 4 ədəd bükümdə hər birində ayrı-ayrılıqda 0,901 qram, 0,538 qram, 0,452 qram və 0,927 qram olmaqla, külli miqdar təşkil edən 2,818 qram psixotrop maddə metamfetamini oradan götürməklə satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra idarə etdiyi “Nissan Tiida” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuq altındakı saxlanc yerində saxlamış, xx.xx.2022-ci il tarixdə «Röya» adlı şəxsin «WhatsApp» proqramı vasitəsi ilə verdiyi tapşırıq əsasında 0,927 qramını 50 manata satdığı Şahid3 qızma çatdırmaq üçün ünvan 3 ünvanında yerləşən “Nəriman Nərimanov” istirahət parkına daşıyaraq, 0,927 qram psixotrop maddəni parkda quraşdırılmış məişət tullantıları qabının yanında gizlədib, həmin ünvanın fotoşəklini çəkərək «WhatsApp» proqram vasitəsilə «Röya» adlı şəxsə göndərdikdən sonra həmin yerdən uzaqlaşmış, «Röya» adlı şəxsin tapşırığı ilə həmin psixotrop maddəni Şahid3 gizlətdiyi yerdən götürüb birbaşa təqdim edərək satmaq məqsədilə parka qayıdanda 18 noyabr 2022-ci il tarixdə saat 04:20 radələrində Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə saxlanıldıqdan sonra ünvan 5 ünvanında yerləşən “Nəriman Nərimanov” adına istirahət parkına baxış keçirilərək, həmin parkdakı məişət tullantısı qablarının yanından “Prima” markalı siqaretin qutusunun içərisinə qablaşdırdığı şəffaf sellofan kəsiyinə bükülmüş 0,927 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və onun idarə etdiyi “Nissan Tiida” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin ünvan 7 ünvanında yerləşən inzibati binasına gətirilərək inzibati binanın həyətində idarə etdiyi avtomobilə keçirilən baxış zamanı salondakı qoltuqaltının saxlanc yerindən şəffaf sellofan kəsiklərinə bükülmüş 03 ədəd bükümlərdə hər birində ayrıayrılıqda 0,901 qram, 0,538 qram və 0,452 qram psixotrop maddə - metamfetamin olmaqla cəmi 2,818 qram külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür . Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, o narkotik vasitənin istifadəçisidir. Taksi fəaliyyəti ilə məşğul olur. 14 noyabr 2022-ci il tarixdə iki qram narkotik vasitə almış, aldığı narkotik vasitənin bir qramını həmin ayın 18-inə kimi çəkmiş, bir qramını isə maşında güzgünün üzərində olan eynək yerində saxlamışdır. Sifariş üzrə müştərini düşürtdükdən sonra Nəriman Nərimanov rayonu ərazisində maşını saxlayıb siqaret almaq üçün gedərkən polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis bölməsində həm fiziki, həm psixi təzyiqə məruz qalmışdır. Lakin aldığı xəsarətlər barədə heç kimə məlumat verməmiş, təcridxanaya daxil olarkən tibbi müayinədən keçirilməmişdir. Polis bölməsində bir qız ondan narkotik vasitə aldığını qeyd etmişdir. Maşını evakuator vasitəsilə 18-ci polis bölməsinin qarşısına gətirilmiş, avtomobildən bir qram narkotik vasitə aşkar olunmuşdur. Şahid3 ətrafındakı dost tanışı vasitəsilə bir ilə yaxın olar ki, tanımış, sonuncunun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Təranə hadisə yerində polisə onun Rövşən olduğunu və narkotik vasitəni onun gətirdiyini bildirmişdir. Polis karton qutunun ağzını açdıqda narkotik vasitənin orada olmadığını və düşdüyünü qeyd etmiş, başqa narkotik vasitə gətirərək sellofanun içinə qoymuşdur. O da Röya adlı şəxsdən narkotik vasitə alır, sonuncu ilə əlaqə saxlanılarkən kart nömrəsi göndərilir, həmin karta pul qoyulduqdan sonra narkotik vasitə müvafiq ünvana qoyulur və narkotik vasitənin qoyulduğu yer barəsində məlumat verilir. Şahid3 narkotik vasitəni haradan aldığını bilmir. O,Təranə adlı xanıma narkotik vasitə satmamış, Təranənin dediyi yerə narkotik vasitə qoymamışdır. Hadisə günü onun üzərində narkotik vasitə olmamış, narkotik vasitənin hamısı idarə etdiyi avtomobildən aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, təqsirləndirilən şəxs Bakı şəhəri, Nəriman Nərimanov rayonu ərazisində “Nissan Tiida” markalı qızılı rəngdə olan minik avtomobilində saxlanılmış, Polis Bölməsinə aparılmış, orada avtomobilə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxsin üzərindən narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 18-ci Polis Bölməsində çalışan Emin adlı polis əməkdaşı onlara yaxınlaşaraq bir qadın saxladıqlarını həmin qadının üzərinə baxış keçirilməsi üçün iki nəfər şəxsin lazım olduğunu bildirmişdirlər. Onlar yemək yediyi yerdən qalxaraq polis əməkdaşının dediyi yerə getmişdirlər. Qeyd edilən qadının üzərinə baxış keçirilərkən onun üzərindən heç nə aşkar olunmamışdır. Təranə qadın olduğundan polis əməkdaşı onun üzərini axtarmağı onlara tapşırmışdı. Təranənin üzərinə baxış keçirilərkən onun üzərindən heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o özü süpügəçi işləyir. Emin adlı polis əməkdaşı bir nəfər xanım saxladıqlarını, onun üzərinə baxışı onların keçirməsini xahiş etmişdir. Onlar həmin xanımın üzərinə baxış keçirərkən sonuncunun üzərindən heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Son 7 aydır ki, narkotik vasitə istifadə etmir. Narkotik vasitələri internet vasitəsilə əldə etmişdir. O, Rövşəni bir neçə dəfə digər dostları ilə eyni masada olarkən görmüşdür. 18 noyabr 2022-ci il tarixdə internet vasitəsilə sifariş verdiyi narkotik vasitə Nərimanov parkına qoyumuş, həmin ünvana çatarkən orada polis əməkdaşlarını görərək həyəcanlanmışdır. Narkotik vasitənin oraya Rövşən tərəfindən qoyulduğunu bilməmişdir. Polis əməkdaşlarının ona “burada nə axtarırsan” sualını narkotik vasitə əldə etmək üçün gəlməsi məzmunda ifadə verərək cavablandırmışdır. Narkotik vasitə polis əməkdaşları tərəfindən ona göndərilmiş ünvandan tapılmışdır.Bundan sonra polis əməkdaşları onun telefonunu götürərək İranlı bildiyi şəxsə mesaj yazmış, narkotik vasitəni tapa bilmədiyini, gəlib özünün götürməsini xahiş etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Rövşən hadisə yerinə gəlmiş və polis əməkdaşları onu saxlamışdırlar. Polis əməkdaşları narkotik vasitəni tapa bilməmələri barədə İran vətəndaşına yazdıqdan sonra Rövşən narkotik vasitənin olduğu yerə gəlmişdir. Onun Rövşənlə əvvəlcədən tanışlığı olmuşdur. O, Rövşəni narkotik vasitə istifadəçisi kimi tanısa da onun narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. O hadisə yerinə Rövşənin narkotik vasitə qoyduğunu görməmiş, polis əməkdaşları narkotik vasitəni götürdükdən təxminən 10 dəqiqə sonra Rövşən oraya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən parkda xidmət apararkən Şahid3 bir nəfər şəxsdən şübhələndiyini ona bildirdikdən sonra o, həmin narkotik olan bağlamanı götürmək üçün yaxınlaşan şəxsi saxlayaraq hər ikisini 18-ci Polis Şöbəsinə təhvil vermişdir. Şahid3 şübhələndiyi şəxsin xarici görünüşünü ona təsvir etməmiş, Təqsirləndirilən şəxs göstərərək ondan şübhələndiyini bildirmişdir. O, təqsirləndirilən şəxsdən hadisə yerinə nə üçün gəldiyini soruşduqda sonuncu gəzməyə gəldiyini bildirmişdir. Məhkəmə iclasında Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə xidmətdə olarkən təxminən saat 04:20 radələrində Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidmətinin Bölməsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanında yerləşən X3 adını sonradan bildiyi Təqsirləndirilən şəxs saxlanaraq idarə etdiyi Nissan Tiida markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq 18-ci Polis Şöbəsinə gətirilmişdir. Həmin vaxt xidməti otaqda Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya vasitənin olması soruşuldu və əgər vardırsa, könüllü olaraq təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, qanunla saxlanılması qadağan olunmuş əşya, maddə və ya vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında onun idarə etdiyi Nissan Tiida markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı onun salonundakı qoltuqaltının saxlanc yerində «Spazmalqon» adlı dərman həbi və 03 ədəd selofon kəsiyinə bükülmüş şəffaf rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Avtomobilin salonuna baxış zamanı oradan başqa hər hansı saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Nissan Tiida markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilindəki qoltuqaltının saxlanc yerindən aşkar edilmiş 3 ədəd bükümdə olan kütlə psixotrop maddə şüşədir və həmin kütlələr onun özünə məxsusdur. Belə ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, tanışı Röya adlı qadından 110 manata 3 qram psixotrop maddə şüşə almış və həmin psixotrop maddə Yasamal rayonu ərazisində Musabəyov parkına qoyulmuş, o, həmin psixotrop maddəni göstərilən yerdən götürdükdən sonra Röya onunla əlaqə saxlayıb ona satdığı 3 qram psixotrop maddə şüşənin 1 qramını Təranə adlı qadına verməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs da həmin psixotrop maddə şüşənin 1 qramını Nərimanov adına parkda zibil qutusunun yanına qoyub şəklini çəkərək həmin Röya adlı qadına atmış, qalan kütlələri isə avtomobilində qoltuqaltındakı saxlanc yerində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 18 noyabr 2022-ci il tarixdə xidmətdə olarkən saat 04:20 radələrində ünvan 5 ünvanında yerləşən Nərimanov adına istirahət parkından əvvəllər tanımadığı, adını sonradan bildiyi 1997-ci il təvəllüdlü Şahid3 saxlanılaraq Nərimanov rayonu Polis İdarəsinin 18-ci Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Şahid3 ilə sorğu sual aparılmış, Şahid3 bildirmişdir ki, o, bir neçə dəfə İran İslam Respublikasının vətəndaşı olan «Röya» adlı qadından vatsap vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitə olan şüşə almışdır. Lakin «Röya» adlı qadını hüquq mühafizə orqanlarına təhvil vermək üçün xx.xx.2022-ci il tarixdə gecə saatlarında «Röya» adlı qadının verdiyi hesab nömrəsinə 50 manat pul göndərmişdir. Bir qədər sonra isə «Röya» adlı qadın X3 zibil qutusunun birinin yanında 1 qram narkotik vasitə narkotik vasitə olan şüşə olduğunu bildirmişdir. Şahid3 bu barədə X3 olan polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra ünvan 5 ünvanında yerləşən Nərimanov adma istirahət parkına baxış keçirilmişdir. Baxış zamanı parkın əsas girişindən fəvvarə istiqamətinə gedərkən gümüşü rəngli zibil qutusunun arxasında yerdə qoyulmuş üzərində «Prima» yazısı olan siqaret qutusu aşkar edilmişdir. Siqaret qutusunun içərisində isə bir ədəd selofon kəsiyinə bükülmüş kütlə olmuş, bükümün içərisini açdıqda orada ağ rəngli kristal şəkilli, spesifik qoxuya malik narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədlərini də sübut növləri kimi qəbul edir. 18 noyabr 2022-ci il tarixli Şahid3 məlumatına əsasən aparılmış axtarış və götürmə istintaq hərəkətinin protokolundan görünür ki , Nərimanov İstirahət parkının ərazisində zibil qutusunun arxasında yerdə “Prima” yazısı olan siqaret qutusunun içində narkotik maddəyə bənzər maddə aşkar edilmişdir. Şahid3 izahat verərək göstərmişdir ki, həmin maddəni “Röya” adlı İran İslam Respublikası vətəndaşından almış, lakin həmin maddənin kimin tərəfindən qoyulmasını və həmin şəxsin ifşa edilməsi məqsədilə sonuncuya narkotik vasitəni tapmadığını bildirmiş, “Röya” ona gözləməsini və müvafiq maddənin ona çatdırılacağını söyləmiş və bu zaman Rövşən adlı şəxs gəlmişdir. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır (cild 1, iş vərəqə 59-60). 18 noyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, təqsirləndirilən şəxs hazırda etibarnamə vasitəsilə idarə etdiyi Nissan Tiida markalı, 77-F-471 dövlət qeydiyyat nişanlı avtomaşında axtrış aparılmasına icazə vermişdir (cild 1, iş vərəqə 61). “Şübhəli şəxsin avtomobilində ərizə əsasında axtarış və götürmə aparılması haqqında” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, avtomobilə keçirilən baxış zamanı salondakı qoltuqaltının saxlanc yerindən şəffaf sellofan kəsiklərinə bükülmüş 03 ədəd bükümdə olmaqla 0,901 qram, 0,538 qram və 0,452 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərəк götürülmüşdür (cild 1, iş vərəqə 62-63). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №224” dairəvi möhür əksləri olan iki ədəd zərfdə olan, -üzərində «şübhəli şəxs (imza)Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,901 qram, 0,538 qram və 0,452 qram, ümumi təmiz çəkisi 1,891 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir. - üzərində «iştirak etdilər Şahid7, Qasımov, Şahid3...» sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,927 qram ağ rəngli kristalşəkilli maddə kütləsi psixotrop maddə - metamfetamindir. - Təqsirləndirilən şəxs aşkar olunmuş ümumilikdə dörd ədəd bükümdə olan metamfetaminin ümumi təmiz çəkisi 2,818 qramdır və kimyavi komponentlərinə təlqram təşkil etmişdir (cild 1, iş vərəqə 71-75). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 mart 2023-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 185-187). Komputer texniki ekspertizasının 27 aprel 2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və «Android 8.1.0» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiomi Redmi 5» markalı «MDG1» modelli «**********46702, **********6710» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş «Xiomi Redmi 5» markalı «MDG1» modelli startfonun yaddaşından toplanması mümkün ola biləcək hal hazırda mümkün olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, buraxılmış zənglər, foto, video fayllar, «Whatsapp», «Whatsapp Business», «Azar» proqram təminatında aparılmış məlumat mübadiləsi və s) müəyyən olundu. Təqdim edilmiş «Xiomi Redmi 5» markalı «MDG1» modelli smartfonun yaddaşından toplanmış məlumat içərisində xx.xx.2022-xx.xx.2022-ci il zaman intervalına aid məlumatın olub-olmaması «UFED TOUCH 2» markalı qurğu vasitəsi ilə əldə olunmuş «Report- Hesabatında» öz əksini tapmışdır (cild 2, iş vərəqə 45-49). Komputer texniki ekspertizasının 27 aprel 2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiomi Redmi» markalı, arxa məlumat lövhəsinə görə «M1803E6G» modelli mobil smartfondur. Təqdim edilmiş «Xiomi Redmi» markalı, arxa məlumat lövhəsinə görə «M1803E6G» modelli mobil smartfon deaktiv (kilidlənmiş) vəziyyətdə olduğundan onun «Menyu» hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumat lövhəsində və «SİM» danışıq kartı yerləşən yuvada imei kodu göstərilmədiyi üçün onun imei kodunu müəyyən etmək mümkün olmadı. Rəyin «Tədqiqi hissəsi»nin 2-ci hissəsində göstərilən səbəblərə görə həmin təqdim edilmiş «Xiomi Redmi» markalı, arxa məlumat lövhəsinə görə «M1803E6G» modelli mobil smartfonla «UFED TOUCH 2» markalı qurğu arasında əlaqə yaranmadığı üçün mobil smartfonun yaddaşından hər hansı tədqiqatın aparılması mümkün olmadı (cild 2, iş vərəqə 50-52). “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 11 may 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,818 qram psixotrop maddə metamfetamin, 18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilinə videoçəkilişlə baxış keçirilməsi prosesinin köçürüldüyü və 18 noyabr 2022-ci il tarixli ünvan 5 ünvanında yerləşən "Nəriman Nərimanov” adına istirahət parkına “baxış və götürmə aparılması” prosesinin köçürüldüyü bir ədəd DVD diski, «Android 8.1.0» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiomi Redmi 5» markalı «MDG1» modelli «**********46702, **********6710» imei kodlu mobil startfonun yaddaşının köçürüldüyü 5 ədəd DVD-R diski, «Xiomi Redmi 5» markalı «MDG1» modelli «**********46702, **********6710» imei kodlu mobil smartfon və «Xiomi Redmi» markalı, «M1803E6G» modelli mobil smartfon sübut əhəmiyyətli olduğundan maddi sübüt kimi tanınmış, tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq qalmış 2,618 qram hissəsinin və «Xiomi Redmi» markalı, «M1803E6G» modelli mobil smartfonun saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Saxlanc yerinə təhvil verilməsi, «Xiomi Redmi 5» markalı «MDG1» modelli «**********46702, **********6710» imei kodlu mobil smartfonuvun sahibi Şahid3 qaytarılmasının nəzərə alınması, 06 ədəd DVD diski iş materiallarına əlavə edilməsi müəyyən edilmişdir (cild 2, iş vərəqə 63-82). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 157-158). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin əməllər, qabaqcadan əlibir olmuş bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiya) Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Şahid3 tərəfindən verilmiş məlumata əsasən aşkar edilmiş narkotik vasitəni pul müqabilində deyil ,“Röya” adlı İran İslam Respublikasının vətəndaşından alaraq öz üzərində öz şəxsi istifadəsi üçün saxladığı psixotrop maddədən ayıraraq sonuncunun xahişi ilə Nərimanov Parkındakı əraziyə yerləşdirmişdir. Məhkəmə iclasında isə fiziki təzyiqə məruz qalması səbəbindən həmin məzmunda ifadə verdiyini, avtomobildən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu göstərsə də Şahid3 üçün hər hansı ünvana narkotik vasitə yerləşdirmədiyini bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından göndərilən 01 mart 2024-cü il tarixli məktuba əlavə edilmiş tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs xəsarət aldığını bildirsə də üzərində yeni xəsarət izləri aşkar edilməmişdir. Digər tərəfdən məhkəmə iclasında ifadə verən Şahid3 bir daha ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək polis əməkdaşları ilə birgə qurulmuş əməliyyat tədbiri çərçivəsində əldə etməli olduğu narkotik vasitəni tapa bilmədiyini “Röya” adlə şəxsə məlumat verdikdən, sonuncunun Təranəyə “orda gözlə” deməsindən sonra həmin narkotik vasitəni təqdim etmək üçün Təqsirləndirilən şəxs hadisə yerinə gəldiyini bildirmişdir. Bundan əlavə məhkəmə kimyəvi ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həm Şahid3 məlumatına əsasən Nərimanov parkından aşkar edilərək götürülən, həm də Rövşən Pənahobun avtomobilindən aşkar edilərək götürülən psixotrop maddə metamfetamin eyni tərkiblidir. Qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, Şahid3 üçün hər hansı narkotik vasitə yerləşdirməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, eləcə də təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilmə protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, ekspert rəyi ilə birgə müqayisə edərək qiymətləndirməklə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına daxildir və Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 11 mart 2024-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməllərində həmin maddədə nəzərdə tutulan cinayət tərkibinin olmaması əsası ilə ittihamdan imtina etmiş, məhkəmənin 11 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərər alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxsbarəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 49), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 120-124). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Ambulator məcburi-narkoloji ekspertizasının 03 mart 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 175- 176). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Nərimanov Rayon Polis İdarəsinin Saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,618 qram təşkil edən psixitrop maddə metamfetamin ləğv edilməli, təsirləndirilən şəxsə məxsus «Xiomi Redmi» markalı, «M1803E6G» modelli mobil startfon onun ailə üzvlərinə qaytarılmalı, 18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilinə videoçəkilişlə baxış keçirilməsi prosesinin köçürüldüyü və 18 noyabr 2022-ci il tarixli ünvan 5 ünvanında yerləşən "Nəriman Nərimanov” adına istirahət parkına “baxış və götürmə aparılması” prosesinin köçürüldüyü bir ədəd DVD diski, «Android 8.1.0» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiomi Redmi 5» markalı «MDG1» modelli «**********46702, **********6710» imei kodlu mobil startfonun yaddaşının köçürüldüyü 5 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 162 manat 30 qəpik (yüz altmış iki manat otuz qəpik) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 71-75; cild 2, iş vərəqə 45-49, 50-52 ) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin hazırlıq iclası zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 6 iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,618 qram təşkil edən psixitrop maddə metamfetamin məhv edilsin; - 18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilinə, habelə həmin tarixdə ünvan 5 ünvanında yerləşən "Nəriman Nərimanov” adına istirahət parkında keçirilmiş baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, «Android 8.1.0» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiomi Redmi 5» markalı «MDG1» modelli «**********46702, **********6710» imei kodlu mobil startfonun yaddaşının köçürüldüyü 5 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus «Xiomi Redmi» markalı, «M1803E6G» modelli mobil startfon onun ailə üzvlərinə təhvil verilsin. Təqsirləndirilən şəxs 162 manat 30 qəpik (yüz altmış iki manat otuz qəpik) ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 6 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına vəkil X12 üçün 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-370/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-370/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver