Məhkəmə qərarları › İş №1(101)-372/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-372/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-372/2024 26.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsinə bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi, ev 20 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Qasım” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Qasım” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə göndərdikləri satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,467 qram çəkidə narkotik vasitə heroini, 1,297 qram çəkidə psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən ümumilikdə 15 ədəd narkotik vasitə metadon həbini əldə edib satışını həyata keçirmək məqsədi ilə üzərində daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə saat 21:00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində həmin tarixdə saat 22:50-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibində olan pul qabının içərisindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq daşıdığı 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,275 qram, 1,074 qram, 0,837 qram və 0,281 qram olmaqla külli miqdarda ümumilikdə 3,467 qram çəkidə kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,955 qram və 0,342 qram olmaqla, ümumilikdə 1,297 qram çəkidə kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” göstəricisi olan 2 ədəd konvalyutda, ümumilikdə 15 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2 ilə yaxın müddət ərzində narkotik vasitə olan heroindən istifadə etmişdir. Polislər onu Günəşli qəsəbəsində, “Araz Market”in həyətində saxlamışlar. Narkotik istifadəçisi olmuş, lakin narkotikin satışı ilə məşğul olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o Qasım adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə öz istifadəsi üçün narkotik vasitə almaq məqsədilə tanış olmuşdur. Qasım adlı şəxsin narkotikin satışı ilə məşğul olmasını ona heç kim deməmiş, özü internet vasitəsilə tapmışdır. O, 2 il ərzində narkotiki yalnız Qasımdan almışdır. Həm metadon, həm də narkotik vasitə almışdır. Metadonu narkotikdən istifadə etməyi yavaş-yavaş tərgitmək üçün almışdır. Narkotiki müxtəlif ünvanlardan götürmüşdür. Qasımdan aldığı maddələri öz istifadəsi üçün almış, heç kəsə çatdırmamışdır. Heç kimlə birlikdə narkotik istifadə etməmişdir. Narkotiki əldə etmək üçün anasından 50-100 manat pul alırmış. Polislər tərəfindən saxlanıldığı gün Günəşli qəsəbəsində yerləşən “Araz Market”ə getmiş, marketdən çıxdıqdan sonra taksi maşına minmiş, polislər də gəlib qapını açıb maşına daxil olub oturmuş və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Saxlanılan zaman üzərində sadəcə pul qabı olmuş və polislər həmin pul qabının içərisinə baxmışlar. Üzərinə videoçəkilişlə və vəkilin iştirakı ilə axtarış keçirilmiş, axtarış nəticəsində üzərindən 1,5 qram heroin, 1,5 qram metamfetamin çıxmışdır. Həblərin hardan çıxarıldığını bilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitə heroindən çəkmə yolu ilə istifadə etməyə başlamışdır. Həmçinin bir müddətdir ki, psixotrop maddə metamfetamindən də istifadə edir. Lakin işləmədiyi üçün və narkotik vasitəyə tələbatını ödəməkdən ötrü narkotik vasitələrin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Əldə etdiyi qazancdan da narkotik vasitəyə olan tələbatını ödəməyi düşünmüşdür. Bir müddət əvvəl sosial şəbəkələrin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı özünü Qasım kimi təqdim edən şəxslə tanış olmuşdur. Tanış olduğu müddət ərzində həmin şəxsdən bir-iki dəfə istifadə etmək üçün narkotik vasitə sifariş verib almışdır. Belə ki, onun göndərdiyi hesaba ödəmə terminalı vasitəsilə pul köçürdüb qəbzi Qasıma göndərmiş, bundan sonra isə Qasım onun sifariş verdiyi narkotik vasitəni yerləşdirdiyi yerin şəklini ona göndərmiş, o isə həmin yerdən gedib götürmüşdür. Belə münasibəti yaranmışdır. Qasımdan aldığı narkotik vasitələri balaca hissələrə bölüb satmış, həm də özü istifadə etmişdir. Tutulmamışdan iki gün qabaq yenə də Qasıma bir qədər narkotik vasitə heroin, bir qədər psixotrop maddə metamfetamin və metadon həbləri sifariş vermiş və sonuncunun göndərdiyi bank hesabına 300 manat pul ödəmişdir. Sonra ona xəritə üzərində məkanı göndərmişdir. Tanışı, çox zaman bir ünvana getdiyi Elbrus adlı taksi sürücüsünə zəng etmiş və onu göndərilən ünvana aparmasını xahiş etmişdir. Elbrusa narkotik vasitə arxası ilə getdiyini deməmişdir. Bildiyinə görə göndərilən ünvan Xırdalan şəhəri olmuşdur. Lakin lap dəqiq ünvanı xatırlamır. Elbrusla telefon vasitəsi ilə əlaqə saxlayıb taksi sürücüsü kimi ona sifariş vermişdir. Elbrusu mobil telefonunda "Ceyhun” adı ilə qeydiyyata almışdır. Ünvana çatdıqdan sonra Elbrusa onu gözləməsini tapşırmış, daha sonra avtomobildən düşüb göndərilən ünvanda qeyd olunan məhəlləyə getmiş, oradan bağlamanı götürüb yenidən avtomobilə qayıtmış və onu qaldığı ünvana gətirməsini xahiş etmişdir. Qasımın göndərdiyi maddələr heroin, metamfetamin və metadon həbləri olmuşdur. Bundan sonra həmin maddələri üzərində saxlamışdır. 09 fevral 2023-cü il tarixdə yenidən Elbrusa zəng etmiş və onu Qaraçuxur qəsəbəsində yerləşən "Araz Market”ə aparmasını xahiş etmişdir. Həmin zaman Qasım adlı şəxsin göndərdiyi maddələr onun üzərində olmuşdur. Lakin Elbrusun bundan xəbəri olmamışdır. “Araz Market”in yaxınlığında olduğu zaman bir neçə mülki geyimli şəxslər yaxınlaşıb özlərini DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtanş tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Bundan sonra polis əməkdaşları onu Baş idarəyə dəvət etmiş, Elbrus da onun yanında olduğu üçün onu da idarə etdiyi avtomobillə birgə polis idarəsinə gətirilmişdir. Ora gəldikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtanşda müdafiəçi və Elbrus da iştirak etmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilən əşyaların olub-olmaması soruşulmuş, olduğu təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra üzərində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və “kokos” kimi tanıdığı narkotik vasitə heroin, eləcə də metadon həblərinin olduğunu bildirmiş və əynində olan gödəkçənin cibindən pul qabını, 02 ədəd “Samsung” markalı mobil telefonu masa üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra pul qabında qeyd etdiyi maddələrin olduğunu bildirmişdir. Həmin pul qabına baxış keçirilərkən pul qabında 08 ədəd sellofan büküm, 15 ədəd metadon həbi aşkar edilmişdir. Aşkar edilmiş 08 ədəd sellofan bükümün 04 ədədində psixotrop maddə metamfetamin, digər 4 ədədində isə narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan başqa pul qabından ona məxsus 3 ədəd plastik bank kartı və 103 manat aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərində başqa hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 04 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 04 ədəd bükümdə narkotik vasitə heroin və 15 ədəd metadon həbləri bir ədəd zərfə qoyulmaqla qablaşdırılmış və üzəri möhürləndikdən və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı üzərində aşkar edilmiş maddələrin ona məxsus olduğunu, həmin maddələri tutulmamışdan iki gün qabaq Qasım adlı şəxsin göndərdiyi yerdən götürdüyünü, buna görə Qasıma 300 manat pul ödədiyini, üzərində olan maddələrdən Elbrusun xəbərinin olmadığını bildirmişdir. Elbrus da bunu təsdiq edərək üzərində olan narkotik vasitələrdən xəbərsiz olduğunu qeyd etmişdir. Bundan sonra şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid6 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Lakin avtomobildən də hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 87-92). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 9 fevral 2023-cü il tarixində onlara Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs yeri Bakı şəhəri, Suraxanı rayonu, 5-ci Qaraçuxur 103 ünvanı yaxınlığında, “Hyundai” markalı avtomobilin yanında müəyyən olunmuşdur. Günelin yanında Elbrus adında bir kişi də olmuşdur. Onlar Təqsirləndirilən şəxs saat 9 radələrində yaxınlaşmış, hər iki şəxsə özlərini təqdim edib qərarla tanış etmiş, onlarla baş idarəyə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Baş idarədə istintaq hərəkətləri yerinə yetirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilmiş və üzərindən narkotik vasitə metamfetamin, heroin, metodona bənzər maddə aşkar edilmişdir. Həmin maddələri təhqiqatçı sənədləşdirib ekspertizaya göndərmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitəni satdığını etiraf etmişdir. Onun üzərindən pul da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni Qasım adlı İran vətəndaşından kartına pul ataraq əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən 4 büküm heroinə bənzər, 4 büküm metamfetaminə bənzər, 15 ədəd metadon həbi aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində verdikləri və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadələrində polis əməkdaşları Şahid2 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər (cild 1, iş vərəqi 183-186, 193-195). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində Şahid6 göstərmişdir ki, o, şirkətə məxsus “Hyundai Verna” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Bir müştəri kimi Təqsirləndirilən şəxs ilə tanış olmuş, yaxşı münasibətləri olmuşdur. Aralarında heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu üçün onun nömrəsini götürmüş və harasa getmək lazım olan zaman ona zəng etmiş və Güneli istədiyi ünvana aparmışdır. İki gün qabaq ondan xahiş etdiyindən Güneli Qaraçuxur qəsəbəsinə dediyi ünvana aparmışdır. Orada Günel onun gözləməyini xahiş etmiş və bir ara məhəllələrlə getmişdir. O, Güneli yarım saat gözlədikdən sonra yenidən avtomobilə qayıtmış və o, Güneli yaşadığı evinə gətirmişdir. Günelin narkotik vasitələri istifadə etdiyini, həmçinin iranlı bir şəxslə əlaqədə olduğunu və sonuncunun vasitəsilə narkotik vasitə əldə etdiyini bilmişdir. Çünki, özü də arada psixotrop maddə metamfetamindən istifadə etmiş, Günel bunu bildiyi üçün arada ona çəkmək üçün bir neçə dəfə psixotrop maddə metamfetamin vermişdir. Lakin Günelin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməmişdir. Günelə narkotik vasitə satmasında köməklik etməmişdir. Sadəcə onun özü üçün əldə etdiyini bilmişdir. 09 fevral 2023-cü il tarixdə Günel yenidən ona zəng edərək onu Qaraçuxur qəsəbəsində “Araz Market”in yaxınlığına aparmağını xahiş etmişdir. Güneli aparıb dediyi ünvanda düşürtmüşdür. Günel yenə də avtomobildən düşüb getmiş, onun isə gözləməyini xahiş etmişdir. Güneli düşürtdükdən sonra “Araz Market”ə getmişdir. Ordan çıxıb avtomobilə yaxınlaşmış və bir qədər sonra Günel də avtomobilə yaxınlaşmışdır ki, bu zaman mülki geyimdə bir neçə nəfər Günelə yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Günel özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Sonra Günel müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Günelə təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Günel üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib üzərində olan pul qabını və iki ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, həmin pul qabının içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Təqdim etdiyi pul qabına baxış keçirilərkən içərisindən 08 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümün dördündə narkotik vasitə heroin, dördündə isə psixotrop maddə metamfetamin olduğunu qeyd etmişdir. Bundan başqa pul qabıdan 103 manat pul və bank kartları aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Günel bildirmişdir ki, həmin maddələri tutulmamışdan iki gün qabaq iranlı Qasım adlı şəxsin göndərdiyi yerdən gedib götürmüşdür, əvəzində isə iranlıya 300 manat pul vermişdir (cild 1, iş vərəqi 74-76). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1993-cü ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5da yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.1993-cü ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5da yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə saat 21:00-da dəqiqədə ünvan 2 ünvanının yaxınlığında **-DR-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış, eləcə də Şahid6 üstünə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosesssual hərəkətlərin aparılmasından ötrü o saxlanıldığı yerdən Şahid6la birlikdə sonuncunun idarə etdiyi “Hyundai Verna” markalı, 77-DR- 241 qeydiyyat nışanlı avtomobillə Baş idarəyə gətirilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtariş və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdan sonra Təqsirləndirilən şəxs üzərində "şüşə" adı ilə tanıdığı psixotrop maddə və "kokos" adı ilə tanıdığı narkotik vasitə, eləcə də metadon həbi olduğunu bildirib, əynində olan gödəkçənin sağ yan cibindən qara rəngli pul qabını, əynində olan yaşıl rəngli idman şalvarının sol yan cibində olan 02 ədəd "Samsung" markalı mobil telefonu çıxardıb masanın üzerinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabının içərisində "kokos" adı ilə tanıdığı narkotik vasitə heroin, "Patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamin və metadon olduğunu bildirmişdir. Həmin pul qabına baxış keçirilərkən pul qabının içindən 08 ədəd sellofan büküm, 02 ədəd qəhvəyi rəngli konvolyutun üzərində "Methadone” sözləri qeyd edilmiş ümumilikdə 15 ədəd dərman həbi aşkar edilmişdir. 08 ədəd sellofan bükümə baxış keçirilərkən 04 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, 04 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Həmin pul qabının içərisindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, üzərilərində "**********117471", "**********622070", "**********740021" rəqəmləri qeyd edilmiş 03 ədəd plastik bank kartı və 103 manat pul aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, 04 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə və 02 ədəd qəhvəyi rəngli konvolyutun üzərində "Methadone" sözləri qeyd edilmiş ümumilikdə 15 ədəd dərman həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd "Samsung" markalı mobil telefon, 03 ədəd plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 103 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqi 28-31). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid6 idarə etdiyi “Hyundai Verna” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 35-37). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/826 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir zərfin içərisində 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,275 qram, 1,074 qram, 0,837 qram, 0,281 qram ümumi təmiz çəkisi 3,467 qram olan qəhvəyi rəngli maddə kütləsi kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,955 qram, 0,342 qram ümumi təmiz çəkisi 1,297 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,782 qram, 0,337 qram ümumi təmiz çəkisi 1,119 qram şəffaf rəngsiz kristallik maddə kütləsi sikloheksanamin maddəsidir; üzərində “Methadone40” göstəricisi olan 2 ədəd konvalyutda ümumilikdə 15 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadondur, 15 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram (üzərindəki göstəricilərə əsasən bir ədəd həbdə 0,04 qram) olması müəyyən edildi. Metadon 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr-in siyahısına (Siyahı İ) daxildir Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Sikloheksanamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik avsitələrin, psixotrop maddələrin habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekorsorlann siyahılarına” və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli iqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil deyildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 52-58). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 77). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid6 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir (cild 1, iş vərəqi 96-99). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 3,267 qram çəkidə narkotik vasitə heroin, 15 ədəd narkotik vasitə metadon həbi, 1,197 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 111-112, 114). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasına müraciət etməyib (cild 1, iş vərəqi 139). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 140). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyatakeçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 143-145). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinverdiyi xx.xx.2023-cü il tarixli, 386 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Babazadə X5 rayonu, Liman şəhəri, S.Vurğun küçəsi, ev 20 ünvanında qeydiyyatdadır, ailə üzvlərinin məlumatına əsasən ünvan 6 ünvanında yaşayır, xx.xx.2022-ci il təvəllüdlü X6 adında qızı vardır. Liman şəhərində yaşadığı müddət ərzində neqativ hərəkətlərə yol verməmiş, normal həyat tərzi keçirmişdir. Lakin son zamanlar narkotik vasitələrə aludəçiliyi barədə nümayəndəliyə məlumat daxil olmuşdur. Ondan yaşadığı müddət ərzində nümayəndəliyə şikayət və narazılıq daxil olmamışdır (cild 1, iş vərəqi 147-151). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 152). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, onun əvvəllər narkotik vasitə və psixotrop maddələri kimlərdən və hansı şəraitdə əladə etməsi, eləcə də İran İslam Respublikasının vətəndaşı olan Qasım adlı şəxsin şəxsiyyətinin müəyyən olunması istiqamətində müvafiq tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 154). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** sayli mobil nömrə vardır. xx-xx-2022-ci il tarixdə saat 09:45:21-də ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Günel salam Meftundu.yari kola lazimdi.berk ağrıyırdım”, xx-xx-2022-ci il tarixdə saat 17:26:21-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “15m patı düzəld”, xx-xx-2022-ci il tarixdə saat 23:38:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Nolar kolanı yari qoy xecaletinden cixaram 15 kola 5 de pati”, xx-xx-2022-ci il tarixdə saat 01:46:39-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Tez yig telfonu eritdim 05 kola lazimdi hardasiz”, xx-xx-2022-ci il tarixdə saat 18:20:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay ureyim varsa 2 dene dasda atda ora qadan alaram”, xx-xx-2022-ci il tarixdə saat 13:05:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Omrum 25 razı olmur 30m к pıtı qram 45m”, xx-xx-2022-ci il tarixdə saat 19:11:20-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “1 qram mal vere bilersen 35 m var”, xx-xx-2022-ci il tarixdə saat 19:14:12-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobi nömrəyə “160 m verim mene mal göturde 10 dene”, xx-xx-2022-ci il tarixdə saat 00:42:08-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Yetim 10 luq patida 1qoy 15 deq ordayam".07-10- 2022-ci il tarixdə saat 19:29:27-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı nömrəyə “Yetim 1 cola yari pati varsa gelim verde 60 manat pukuvu verem amma duz qoyda”, xx-xx-2023-cü il tarixdə saat 00:14:30-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Canimsan butdayam.nece var eledi falqadakinida kagiza qoymuwam.canimsan ya yari kola gonder ya pul para ki gedim tema götürüm”, xx-xx-2023-cü il tarixdə saat 23:40:17-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Onda gel günel 10 kolaya 4de taksi pulun vererem. Sen cani dawida getir seher iwdeyem gede bilmerem gelmesen meni pis vezyet qoyma sen meleyin cani gozduyurem”, xx-xx-2023-cü il tarixdə saat 21:59:35-də 055- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gunel yari cola alinar?” və s. tipli mesajlar yazılmışdır (cild 1, iş vərəqi 161-174). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus iki ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə orada narkotik vasitələrin satışı ilə bağlı istintaq əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 175). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nağd pulun maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 103 manat məbləğində pul maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmişdir (cild 1, iş vərəqi 176-178, 244). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2267 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 196-197). İşdə olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk, habelə Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqları ək edilmiş "xxxx" MMCdən daxil olmuş bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 198-209). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmiş, ********* nömrəli cinayət işinin materiallarından zəruri sənədlərin surəti çıxarılmaqla ayrılmış ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 211-212). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 216-217). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yalnız narkotik istifadəçisi olması, narkotiklərin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin müxtəlifliyini, narkotik vasitələrin və psxotrop maddənin ayrı-ayrı bükümlərə bükülməsini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, təqsirləndirilən şəxsin müxtəlif şəxslərə narotiklərin satışına dair SMS yazışmaıarlını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi, narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə edib saxlaması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 11 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 18, 106-110). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 09 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,267 qram çəkidə narkotik vasitə heroin, 15 ədəd narkotik vasitə metadon həbi, 1,197 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd DVD disk, habelə Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqları əks edilmiş "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 103 (yüz üç) manat pul vəsaiti xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,267 qram çəkidə narkotik vasitə heroin, 15 ədəd narkotik vasitə metadon həbi, 1,197 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs ayrıayrı şəxslərlə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqları ək edilmiş "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 103 (yüz üç) manat pul vəsaiti xüsusi müsadirə olunsun və dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar