Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-373/2021 22.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxsin hüquqi varisi X2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1978-ci il dekabrın 01-də Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 35-1.-ci maddəsinin tələblərini pozaraq, yəni Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Rusiya Federasiyası İrkutsk vilayətinin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəqisəsini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində dəyişdirməli olduğu halda bunu etməyərək 2020-ci il aprelin 03-də saat 22 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdəki «Chevrolet Captiva» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ilə «Neapol» dairəsi istiqamətindən Yeni Günəşli qəsəbəsinə doğru 60 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 1 ünvanının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaların tələbini pozaraq idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurmuş, bununla da ehtiyatsızlıqdan sonuncuya baş beynin və beyin kötüyünün əzilməsi, baş beynin sərt qişasında cırılma, ocaqlı qansızmalar, baş beynin yumşaq qişasına, toxumasına, beyin mədəciklərinə qansızmalar, başın sağ gicgah nahiyələrində qançır ilə qeyd olunan sağ gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli, xətti sınığı, alt çənə, qarın nahiyələrində əzilmiş yaralar, başın sol alın, sağ qaşüstü, sağ almacıq nahiyələrində əzilmiş səthi dəri yaraları, sağ göz orbitası, gözaltı nahiyədə qançır və bu fonda hər iki göz almasının ağlı qişasında qansızmalar, sol qaşüstü, burun, üst dodaq, sağ bazu, sağ dirsək sağ mil-bilək oynaqları, sağ əl, hər iki bud, sağ diz oynağı və hər iki baldır nahiyələrində sıyrıqlar, döş qəfəsi ilə qarın nahiyələrinin ön səthlərində çoxsaylı sıyrıqlar kimi xəsarətlər yetirib kəllə sümüklərinin sınığı, baş beynin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmadan ölümə səbəb olan xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, «Chevrolet Captiva» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili etibarnamə əsasında idarə etmişdir. 2020-ci il aprelin 03-də saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığındakı «Səbət» marketdən bazarlıq etdikdən sonra Neapol dairəsindən General Şıxlinski küçəsində yerləşən mənzilinə yollanmış, 50-60 km/saat sürətlə hərəkətdə olduğu zaman bir nəfər piyadanın, adını sonradan bildiyi Zərərçəkmiş şəxs yolun sol hissəsindən sağ hissəsinə doğru qaçışla anidən qarşısına çıxdığını görmüş, piyada ilə arasında 2-3 metr məsafə olsa da özünü itirdiyindən əyləci basmağı unudaraq sonuncunu vurmamaq üçün avtomobili yan tərəfə çəkmək istəsə də avtomaşının sağ yan qanadı ilə piyadanı vurmuşdur. O, dərhal avtomobili saxlayıb düşərək piyadaya yaxınlaşmışdır, sonuncu özünü yaxşı hiss etdiyini və ona çıxıb getməyi deməsinə baxmayaraq hadisə yerindəki dayanacaqda olan iki nəfərdən piyadanı sürdüyü avtomaşına yerləşdirmək üçün kömək etmələrini xahiş etmiş, həmin şəxslər piyadanı tərpətməyin məsləhət olmadığını söylədikdə o, mobil telefonla zəng edib avtoqəza haqqında xəbər verərək hadisə yerinə X17 briqadası çağırmış, təkrarən yaxınlaşdığı piyada səhhətində nasazlıq olmadığını yenidən deyib getməsini istəmiş, o isə onunla eyni mənzildə yaşayan, zəng vurduğu bacısı oğlu Şahid1 təxminən beş dəqiqə ötmüş hadisə yerinə çatmış, X17 avtomobilinin keçdiyini görərək o, əl edib onları saxlatmış, Rəsulla birlikdə X17 briqadasının əməkdaşlarına köməklik göstərərək piyadanı xəndəyə uzatmış, həkim pambıq ilə Sadatın sifətindəki qanı silib ona cavab olaraq xəstənin burnunun qanadığını və çənəsinin çapıldığını bildirmiş, piyada təzəlikcə ona narahat olmamasını və getməsini desə də o, həkim briqadasına kimliyi barədə məlumat verib ardınca Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına getmişdir. Orada xəstənin vəziyyəti ilə maraqlananda ona sonuncunun artıq evə buraxılması və ciddi bir probleminin olmaması bildirilmişdir. 2020-ci il aprelin 08-də piyadanın vəfat etdiyini və polis işçilərinin onu axtardıqlarını eşidərək dərhal Bakı şəhərinin Xətai Rayon Polis İdarəsinə gəlib təslim olmuşdur. Hadisə axşamı hava qaranlıq və yağışlı olmuş, küçə isə işıqlandırılmamışdır. Piyada həkimlərin düzgün müdaxilə etməməsi nəticəsində ölmüşdür. O, həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının vətəndaşı olduğundan, habelə Azərbaycan Respublikasının ərazisinə hər bir girişində 90 gündən az qaldığından Rusiya Federasiyasının vətəndaşı kimi hərəkət etmiş, hadisənin törədildiyi nəqliyyat vasitəsini Rusiya Federasiyasının verdiyi sürücülük vəsiqəsi ilə idarə etdiyindən əməlinin Azərbaycan Respublikasının CM-nin 263.1-1.-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Əməlindən peşmandır. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxsla 1989-cu ildə bağladıqları nikahdan iki övladı vardır. Sonuncu hadisə baş verənə qədər taksi sürücüsü kimi işləmişdir. 2020-ci il aprelin 04-də saat 01 radələrində yaşadıqları evdə olarkən zəng gəldiyi Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına onun xahişi ilə gedən kürəkəni X13 yarım saatdan sonra Sadatla gəri qayıtmışdır. Sonuncu Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi avtomaşınla yol-nəqliyyat hadisəsi törətdiyini, çağırdığı X17 briqadası çatan vaxt səhhəti yaxşı olduğuna görə Fuada hadisə yerini tərk etməsini dediyini bildirmişdir. O, narahat olduğu üçün özü X17a zəng vurduqda sonuncunu yenidən xəstəxanaya aparmış, 2020-ci il aprelin 04-də saat 12 radələrində həkimlər daxili qanaxma diaqnozu ilə ərini əməliyyata götürmüşlər, 2020-ci il aprelin 05-də saat 03 radələrində zəng olunaraq sonuncunun halının ağırlaşması barədə məlumat verilmişdir, xəstəxanaya gələndə həyat yoldaşının öldüyünü bilmişlər. İş üzrə şahid qismində dindirilən Şahid1 təqsirləndirilən şəxs olan dayısı Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verib əlavə olaraq göstərdi ki, sonuncu xəstəxanaya X17 briqadasının arxasınca gedərkən ondan yaşadıqları evə qayıtmasını tapşırmış, iki-üç saatdan sonra dayısı yaşadıqları mənzilə gəldikdə piyadanın sağlamlığı üçün heç bir təhlükə yaranmadığından xəstəxanadan evə buraxılması söyləmişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 Təqsirləndirilən şəxs ilə uyğun ifadə verib bununla yanaşı göstərdi ki, 1987-ci ildən etibarən 7 saylı X17 Stansiyasında həkim vəzifəsində çalışır, 2020-ci il aprelin 03-də saat 23 radələrində xidmət apararkən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə daxil olan məlumata əsasən göstərilən ünvana yollanmışdır. Müayinə vaxtı avtoqəzada zərər çəkən Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyətində olması aydın nəzərə çarpmışdır. İş üzrə əlavə şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, Bakı şəhərinin Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxanasında cərrah-travmatoloq vəzifəsində çalışır. 2020-ci il aprelin 03-də saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 1 ünvanının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən Zərərçəkmiş şəxs xəstəxanaya gətirildikdən sonra daxili orqanları, habelə qarın boşluğundakı orqanlarının ultrasəs müayinəsi keçirilmiş, sonuncunun bədən səthində sıyrıqlar müəyyənləşdirilmişdir. Xəstə içkili olduğundan baş beynin kompyuter tomoqrafiyasının və digər müayinələrin aparılmasına imkan verməmiş, xəstəxanada qalması məsləhət görülsə də sonuncu qulaq asmayaraq çıxıb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham olunduğu cinayəti tam etiraf edərək törətdiyi əməli təfsilatı ilə izah etmişdir (1-ci cild, iş vərəqi 133-136, 160-163 və 219-222; 2-ci cild, iş vərəqi 32-34). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 15 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 38). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 17 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 53-54). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 17 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il avqustun 15dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 74-76). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 05 aprel tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsindəki hadisə yerinə baxış vaxtı piyadanın hadisədən əvvəl yolu soldan sağa qaçışla keçmək üçün hərəkətdə olması, sonuncunun yolun sağ tərəfindən 3 metr asfaltın içərisinə doğru olan nöqtədə vurulması müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 88-95). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 04 aprel və 2020-ci il 05 aprel tarixli raportlardan, habelə Zərərçəkmiş şəxs 2020-ci il 04 aprel tarixli şifahi ərizə protokolundan görünür ki, X12 dayısı olan sonuncunun X17 briqadası tərəfindən Bakı şəhərinin Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxanasına gətirilməsi, üzərində xəsarət olması barədə DİN-in 102 xidmətinə məlumat verməklə dayısı 2020-ci il aprelin 03-də Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində öz ehtiyatsızlığı nəticəsində yıxılaraq xəsarət aldığı üçün şikayətinin olmadığını bildirmiş, sonuncu 2020-ci il aprelin 05-də saat 03:30-da aldığı ağır xəsarətdən və ürək çatışmazlığı diaqnozundan vəfat etmişdir (1-ci cild, iş vərəqi 97-99). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 04 aprel tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən dəmir və əlvan metal qəbulu yerinin hasarının qarşısına baxış zamanı orada gözətçi işləyən X14 2020-ci il aprelin 03-də saat 23 radələrində Zərərçəkmiş şəxs adlı şəxsin X17 briqadası tərəfindən xəstəxanaya aparıldığını, lakin sonuncunun xəsarəti hansı şəraitdə alması barədə məlumatsız olduğunu bildirmiş, hadisə yerindən bir ədəd DVD diski götürülmüş, fotocədvəlin kserosurəti protokolda əlavə edilmişdir (1-ci cild, iş vərəqi 100-102). İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyasının 7 saylı Bölməsinin 2020-ci il 07 aprel tarixli 39 №-li məktubundan görünür ki, 2020-ci il aprelin 04-də saat 02:15-də Zərərçəkmiş şəxs sağ yan nahiyənin yarası, üz nahiyəsinin hematomaları və yaraları diaqnozu qoyulmuşdur (1-ci cild, iş vərəqi 109). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 08 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə barəsində axtarış olduğunu bilmədiyini söyləyərək könüllü istintaq orqanına gəlmişdir (1-ci cild, iş vərəqi 110). İş materiallarında olan 2019-cu il 26 dekabr tarixli AD seriyalı 726033 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Chevrolet Captiva» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsusdur (1-ci cild, iş vərəqi 112). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 08 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 18:00-da Azərbaycan Respublikasının CM-nin 263.2.-ci və 264-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 125-126). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 2020-ci il 10 aprel tarixli 8/360 nömrəli ekspert rəyindən görünür ki, «Chevrolet Captiva» markalı **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; ekspertiza tədqiqatının dəyəri 100 manatdır (1-ci cild, iş vərəqi 141-143). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 10 aprel tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.2.-ci və 264-cü maddələrindən 263.2.-ci maddəsinə tövsif edilməklə sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 144-145 və 147-148). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 10 aprel tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 1 ünvanında baş verən hadisəni təfərrüatı ilə izah etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 164-167). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 10 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs idarənin müvəqqəti saxlama yerindən azad edilmiş və sonuncu barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 168-169). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 may tarixli protokoldan görünür ki, ünvan 3 ünvanının yaxınlığından götürülmüş bir ədəd «DVD-R» diskinə baxış vaxtı Təqsirləndirilən şəxs 2020-ci il aprelin 03-də saat 22:46:55-də ünvan 4 ünvanını ilə idarə etdiyi «Chevrolet Captivo» markalı avtomobillə yolu soldan sağa keçən piyadanı vurması, 22:46:58-də avtomobili yolun ortasında saxlayıb 22:47:11-də avtomobildən düşərək həmin piyadaya, 22:47:25-də qaçaraq avtomobilə yaxınlaşması, 22:47:45-də avtomobili yolun ortasından yolun kənarına çəkməsi, 22:48:17-də qaçaraq piyadaya yaxınlaşıb 22:48:43-də ətrafdakı insanlarla nəsə müzakirə etməsi, 22:48:52-də sürücü qaçaraq yenidən idarə etdiyi avtomobilə yaxınlaşması, 22:49:21 sürücü yenidən piyadaya yaxınlaşması, 22:49:35-də sürücü ətrafda olan şəxslər ilə nəsə müzakirə etməsi, 22:49:50-də əlində olan telefonla zəng etməsi, 22:49:52-də hadisə yerinə yaxınlaşan ağ rəngli avtomobildən 22:50:11-də bir nəfər şəxsin düşməsi və 22:50:24-də hadisə yerindən uzaqlaşması, 22:50:41-də kənardan keçən iki nəfər şəxslə birlikdə piyadaya yaxınlaşıb 22:50:42-də ağ rəngli avtomobildən düşən şəxsin də onlara yaxınlaşması, 22:50:42-də sürücünün həmin şəxslərlə nəsə müzakirə etməsi, 22:51:05-də həmin şəxslərin hadisə yerindən uzaqlaşmaları, 22:52:01də sürücünün telefonla danışması, 23:05:39-da hadisə yerində X17 stansiyasının avtomobilinin dayanması, 23:05:50-də həkimin həmin avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşması, 22:06:50-də sürücünün hadisə yerini tərk eməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olmasını bildirmişdir (1-ci cild, iş vərəqi 192-193). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsinin meyitin ekspertizasına dair 2020-ci il 30 aprel tarixli 43 saylı ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində baş beynin və beyin kötüyünün əzilməsi, baş beynin sərt qişasında cırılma, ocaqlı qansızmalar, baş beynin yumşaq qişasına, toxumasına, beyin mədəciklərinə qansızmalar, başın sağ gicgah nahiyələrində qançır ilə qeyd olunan sağ gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli, xətti sınığı, alt çənə və qarın nahiyələrində əzilmiş yaralar, başın sol alın, sağ qaşüstü, sağ almacıq nahiyələrində əzilmiş səthi dəri yaraları, sağ göz orbitası, gözaltı nahiyədə qançır və bu fonda hər iki göz almasının ağlı qişasında qansızmalar, sol qaşüstü, burun, üst dodaq, sağ bazu, sağ dirsək və sağ milbilək oynaqları, sağ əl, hər iki bud, sağ diz oynağı və hər iki baldır nahiyələrində sıyrıqlar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənməklə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olub baş verən ölümlə birbaşa əlaqəlidir, ölümə səbəb başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beynin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuş, sonuncunun meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkarlanmamış; fotocədvəllər rəylərə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 196-202). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 07 may tarixli toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, habelə 2020-ci il 18 may tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsindən 263-1.3.-cü maddəsinə tövsif olunmaqla sonuncuya həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasnını CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuşdur (1-ci cild, iş vərəqi 203-209 və 213-214). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il mayın 11-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 212). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin 2020-ci il 29 may tarixli 016-46678-1220 №-li məktubunun kserosurətindən görünür ki, qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasında Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilməsi barədə məlumat olmamaqla sonuncu sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur (1-ci cild, iş vərəqi 224). İş materiallarında olan ərizədən, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 29 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci və 263-1.3.-cü maddələrindən 128-ci və 263-1.3.-cü maddələrinə tövsif olunmaqla sonuncunun zərər çəkmiş şəxs X7 barışması nəzərə alınaraq cinayət işinə hissəvi xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.cü maddəsi ilə yeni məzmunda ittiham elan olunmuş, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 1 ünvanının yaxınlığından götürülməklə videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 221-ci və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs idarə etdiyi və yolnəqliyyat hadisəsini törətdiyi «Chevrolet Captiva» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınmaqla sahibinə təhvil verilməsi nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 244, 2-ci cild, iş vərəqi 1-18 və 21-23). İş materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisi X2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (2-ci cild, iş vərəqi 35). İş materiallarında olan AZE seriyalı 11154974 №-li şəxsiyyət vəsiqəsinin və Vİİ-JQ seriyalı 391633 №-li nikahın bağlanması haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Fuad Alı oğlu X5 Savelyeva ilə 2002-ci il fevralın 27-də bağladığı nikahdan 2007-ci il 24 dekabr təvəllüdlü Natiq adlı övladı var (2-ci cild, iş vərəqi 36-37). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 12 oktyabr tarixli qərarının surətindən və Bakı şəhəri Xətai Rayon Prokurorluğunun eyni tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməklə sonuncu həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltaizam qismində qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 62- 67 və 68-70). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 2020-ci il 23 noyabr tarixli 33/4047 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il yanvarın 07-də Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Tibb Universitetinin X3 2021-ci il 07 yanvar tarixli 02 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs aldığı baş beynin və beyin kötüyünün əzilməsi, baş beynin sərt qişasında cırılma, ocaqlı qansızmalar, baş beynin yumşaq qişasına, toxumasına, beyin mədəciklərinə qansızmalar, başın sağ gicgah nahiyələrində qançır ilə qeyd olunan sağ gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli, xətti sınığı, alt çənə, qarın nahiyələrində əzilmiş yaralar, başın sol alın, sağ qaşüstü, sağ almacıq nahiyələrində əzilmiş səthi dəri yaraları, sağ göz orbitası, gözaltı nahiyədə qançır və bu fonda hər iki göz almasının ağlı qişasında qansızmalar, sol qaşüstü, burun, üst dodaq, sağ bazu, sağ dirsək sağ mil-bilək oynaqları, sağ əl, hər iki bud, sağ diz oynağı və hər iki baldır nahiyələrində sıyrıqlar, döş qəfəsi ilə qarın nahiyələrinin ön səthlərində çoxsaylı sıyrıqlar kimi xəsarətlər yetirilib kəllə sümüklərinin sınığı, baş beynin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızma kimi travmatik zədələr olduqca ciddi xəsarətlər olmaqla yanaşı sonuncuya xəstəxana şəraitində vaxtında və adekvat reanimasion yardım göstərilməsi Zərərçəkmiş şəxs həyatını qurtarma ehtimalını əhəmiyyətli dərəcədə yüksəltmiş ola bilərdi. Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2021-ci il 22 fevral tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunan «X9 Kömək» İctimai Birliyinin 2021-ci il 26 aprel tarixli 320 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs birliyin fəal üzvü olmaqla nümayəndə qismində daim cəbhə bölgələrini ziyarət etmişdir, hazırda da ictimai fəal olaraq işlərini davam etdirir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.1.-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin məcəllənin 21.2.-ci maddəsinə görə, bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – «qəbul edən tərəf») əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 35-1.-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 35-1.-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisinə daxil olduğu 2020-ci il yanvarın 07-dən 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması, habelə sonuncunun Rusiya Federasiyası İrkutsk vilayətinin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəqisəsini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində dəyişdirməsi barədə məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni piyadanı vursa da sonuncunun həkimlərin düzgün müdaxilə etməməsi nəticəsində ölməsi, hadisənin baş verdiyi nəqliyyat vasitəsini vətəndaşı olduğu Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsi ilə idarə etdiyi üçün ittiham olunduğu əməli törətməməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özunun qismən etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin və əlavə şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən peşman olmasını, «X9 Kömək» ictimai birliyinin fəal üzvü olmasını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2020-ci il aprelin 08-dən 2020ci il aprelin 10-dək tutulduğu 02 (iki) gün, 2020-ci il avqustun 15-dən 2020-ci il oktyabrın 12-dək həbsdə saxlanıldığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün, cəmi 01 ay 29 gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1.-56.1.2.-ci maddələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində, beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CM-nin 45.1.-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Habelə Azərbaycan Respublikasının CM-nin 263-cü, 263-1.-ci, 264-cü və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla yanaşı onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmasını məqsədəuyğun sayır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışıb ona qarşı şikayətinin və ya tələbinin olmamasını nəzərə alır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınan ünvan 3 ünvanının yaxınlığından götürülməklə videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinin cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi «Chevrolet Captiva» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 08 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 48 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkməsinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.2.-ci maddəsi əsasında, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növündə cəza müəyyən müddətə azadlıqdan məhrumemə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 23-cü bəndində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının başlanğıcı o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli və müddət axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2020-ci il aprelin 08-dən 2020-ci il aprelin 10-dək tutulduğu 02 (iki) gün, 2020-ci il avqustun 15-dən 2020-ci il oktyabrın 12-dək həbsdə saxlanıldığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün, cəmi 01 (bir) ay 29 (iyirmi doqquz) gün ona təyin edilmiş 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il 10 (on) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilən azadlıqdan məhrumetmə cəzasının müddətinin başlanğıcı onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza qismində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası isə o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilsin və müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənədin icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 48 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış ünvan 3 ünvanının yaxınlığından götürülməklə videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinin cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi «Chevrolet Captiva» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-373/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-373/2021
22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver