Məhkəmə qərarları › İş №1(101)-373/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-373/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-373/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin satışı məqsədi ilə istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “Araş” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə heroinin satışını həyata keçirəcəyi barədə razılığa gəlib bunun icrası üçün sonuncunun təşkili ilə istintaqa məlum olmayan vaxt və şəraitdə Bakı şəhəri, Xətai rayonu, Bakı Metropolitenin “Xətai” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən 100 manat müqabilində 01 ədəd şəffaf sellofan bükülüdə külli miqdarda təmiz çəkisi 3,222 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq alıb əldə edərək üzərində saxlamaqla daşımış, 08 aprel 2023-cü il tarixdə saat 13:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış üçün hazırladığı həmin 01 ədəd şəffaf sellofan bükülüdə külli miqdarda təmiz çəkisi 3,222 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2023cü il tarixdə təxminən saat 11 radələrində meyvə dükanında olan zaman sahə müvəkkili onu çağırmış, Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmiş və ona bəzi suallar ünvanlamışlar. Hal şahidləri ilə birgə müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilmiş, qanunla qadağan olunan hər hansı predmet aşkarlanmamışdır. Təxminən saat 14:00 radələrində Polis bölməsində otaqdakı seyfdən narkotik vasitə olan bükümü polis əməkdaşları onun cibinə qoymuşlar. Cibində aşkar olunduğu deyilən narkotik maddələrin ona aid olmadığını və saxlanılan zaman üzərində olmadığını bildirmişdir. Polis əməkdaşları onu dövlətə xəyanətlə ittiham etməklə təhdid etmişlər. Üzərinə narkotik maddələrin qoyulma səbəbinin sahə müvəkkili Şahid2 ilə aralarında olan münaqişə olduğunu düşünmüşdür. Sahə müvəkkili Şahid2, ondan evinin qabağındakı meyvə dükanı ilə bağlı pul istəmiş, lakin o, istənilən pulun qeyri-qanuni olduğunu bildiyindən etiraz etmişdir. İstintaq orqanı əməkdaşları tərəfindən ona fiziki təsir, güc tətbiq edilməmiş, lakin təhqirlərə məruz qalmışdır. Üzərinə keçirilən baxış və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilməmiş, o, İİR-da olmamış və iranlı tanışı da yoxdur. O, Xətai metrostansiyası tərəflərdə 3 ilə yaxındır ki, olmamış, elan olunmuş, ittihamla da razı olmadığı üçün təqdim edilən sənədlərə də imza etməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN Binəqədi RPİ-in 6-cı PB-nin sahə rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. 08 aprel 2023-cü il tarixdə xidmətdə olduğu zaman xx xxxx 1990-cı il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat tərəflərindən keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi Qafur Məmmədov küçəsində yaşadığı məhəllədə bir qədər gizli müşahidə edildikdən sonra əlverişli şərait yarandığı zaman saat 13:00 radələrində saxlanılmışdır. Bu zaman onlar özlərini təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 6-cı PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşıb onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə gəlmişlər. Polis bölməsində bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmiş, bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Tural Məmmədova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində hal şahidləri dəvət olunmaqla Təqsirləndirilən şəxs razılığı ilə vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs axtarış qərarı elan olunmaqla, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, başqa əşyaları könüllü təqdim etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofandan olan büküm aşkar olunmuşdur. Daha sonra tərəflərindən aşkar olunmuş bükümün içərisinə baxış keçirilmiş və həmin bükümdə görünüşünə və kəskin iyinə görə narkotik vasitə heroine oxşar maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, həmin maddəni haradan və hansı məqsədlə üzərində gəzdirdiyi barədə soruşulduqda, sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirdi, lakin, həmin maddəni o, nə məqsədlə və haradan əldə etməsi barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə zərfə qablaşdırılaraq, möhürlənmiş və axtarışın nəticəsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman, ona qarşı hər-hansı bir fiziki zor və ya psixi təsir göstərilməmişdir. Hazırda Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitəni də sonuncu 100 manat müqabilində “Araş” adlı şəxsin göndərdiyi Bakı şəhəri, Xətai rayonu, metronun “Xətai” stansiyasının yaxınlığındakı yerdən satış məqsədi ilə götürüb əldə etmiş, təcrübəli cinayətkar olaraq ifşa edilməsinin çətinləşdirilməsi məqsədi ilə üzərində həmişə yalnız bir büküm belə vasitə gəzdirmişdir. Onun cinayətkar əlaqələrini, “Araş” adlı şəxsi və qeyrilərinin aşkara çıxarılması, narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsi, kimlərə hansı qiymətə satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlər davam etdirilmiş, lakin hazırda müsbət nəticə əldə olunmamışdır. Müsbət nəticələr əldə olunan kimi bu barədə dərhal istintaqa məlumat veriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməlliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. 08 aprel 2023-cü il tarixdə xidmətdə olduğu zaman xx xxxx 1990-cı il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat tərəflərindən keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi Qafur Məmmədov küçəsində yaşadığı məhəllədə bir qədər gizli müşahidə edildikdən sonra əlverişli şərait yarandığı zaman saat 13:00 radələrində saxlanılmışdır. Bu zaman onlar özlərini təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 6-cı PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşıb onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə gəlmişdir. Polis bölməsində bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Tural Məmmədova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində hal şahidləri dəvət olunmaqla Təqsirləndirilən şəxs razılığı ilə vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs axtarış qərarı elan olunmaqla, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, başqa əşyaları könüllü təqdim etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofandan olan büküm aşkar olunmuşdur. Daha sonra tərəflərindən aşkar olunmuş bükümün içərisinə baxış keçirilmiş və həmin bükümdə görünüşünə və kəskin iyinə görə narkotik vasitə heroine oxşar maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, həmin maddəni haradan və hansı məqsədlə üzərində gəzdirdiyi barədə soruşulduqda, sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, lakin, həmin maddəni o, nə məqsədlə və haradan əldə etməsi barədə məlumat vermədir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə zərfdə qablaşdırılaraq, möhürlənmiş və axtarışın nəticəsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi üçün sənədlərə imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, ona qarşı hərhansı bir fiziki zor və ya psixi təsir göstərilməmişdir. Hazırda Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitəni də sonuncu 100 manat müqabilində “Araş” adlı şəxsin göndərdiyi Bakı şəhəri, Xətai rayonu, metronun “Xətai” stansiyasının yaxınlığındakı yerdən satış məqsədi ilə götürüb əldə etmiş, təcrübəli cinayətkar olaraq ifşa edilməsini çətinləşdirilməsi məqsədi ilə üzərində həmişə yalnız bir büküm belə vasitə gəzdirmişdir. Onun cinayətkar əlaqələrini, “Araş” adlı şəxsi və qeyrilərinin aşkara çıxarılması, narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsi, kimlərə hansı qiymətə satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlər davam etdirilir, lakin hazırda müsbət nəticə əldə olunmamış, müsbət nəticələr əldə olunan kimi bu barədə dərhal istintaqa məlumat veriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 08 aprel 2023cü il tarixdə saat təxminən 14:30 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin qarşısından keçdiyi zaman, həmin bölmənin əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, bölmədə saxlanılmış şəxsin üzərinə keçiriləcək şəxsi axtarışda hal şahidi kimi iştirak etmək üçün onu bölməyə dəvət etmişlər. O, öz vətəndaşlıq borcunu yerinə yetirərək polis əməkdaşlarına razılıq vermiş və bölməyə daxil olmuşdur. Ondan başqa həmin vaxt digər vətəndaş da hal şahidi kimi dəvət edilmişdir. Orada ona əvvəllər tanımadığı şəxsi təqdim edərək, həmin şəxsin X3 olduğunu və həmin şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi, bu axtarışda onun da hal şahidi kimi iştirak edəcəyini bildirmişlər. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs axtarış qərarı elan olunmuş, onun və digər hal şahidinin, habelə başqa iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, başqa əşya təqdim etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofandan olan bir ədəd büküm aşkar olunmuşdur. Sonra polis əməkdaşları aşkar olunmuş bükümün içərisinə baxış keçirmiş və demişlər ki, həmin bükümdə görünüşünə və kəskin iyinə görə narkotik vasitə heroinə oxşar maddədir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, həmin maddəni haradan və hansı məqsədlə üzərində gəzdirdiyi barədə soruşulduqda, sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, lakin həmin maddəni o, nə məqsədlə və haradan əldə etməsi barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq Təqsirləndirilən şəxs başqa bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isə protokolu imza etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 10 ildir evlidir və bu evlilikdən 3 övladları vardır. Təqsirləndirilən şəxs həyətin qarşısında olan meyvə dükanında işləmişdir. 08 aprel 2023-cü il tarixdə saat 11:20-də evə gəlmiş və üzərində olan pulları, açarları və bank kartlarını evə qoymuş, polis bölməsinə çağrıldığını və gedib qayıdacağını demişdir. Təxminən 3-4 saat sonra Faizin əmisi oğluna zəng edib Faizin evə qayıtmadığı barədə məlumat vermiş, 6-cı polis bölməsinə yaxınlaşanda Faizin narkotik vasitənin dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını bilmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2056 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,222 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (Siyahı İ). Qeyd: heroin ümumi təmiz çəkisi: 3,222 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 3.122 qram (iş vərəqə 37-41) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2067 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 134-135) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 978 nömrəli rəyindən görünür ki, cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.(iş vərəqə 139-141) İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 640 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. (iş vərəqə 137-138) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixli 6660 saylı məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. ( iş vərəqə 133) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd Samsung markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış üçün hazırladığı həmin 01 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. (iş vərəqə 30-32) İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Buna baxmayaraq əməliyyat-axtarış tədbirləri davam etdirilir. (iş vərəqə 131) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 biri-binlərilə üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisi olduğunu bildirib, Şahid1 dediklərini təqsdiq etmədiyi üçün başqa ifadə verməyəcəyini, tutulması ilə razı olmadığına görə protokolu imza etməkdən imtina etmişdir. (iş vərəqə 66-69) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 biri-binlərilə üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs tutulması ilə razı olmadığına görə ifadə verməmiş və protokolu imza etməkdən imtina etmişdir. (iş vərəqə 70-72) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 biri-binlərilə üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs tutulması ilə razı olmadığına görə ifadə verməmiş və protokolu imza etməkdən imtina etmişdir. (iş vərəqə 73-76) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 biri-binlərilə üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisi olduğunu bildirib, Şahid2 dediklərini təsdiq etmədiyi üçün başqa ifadə verməyəcəyini, tutulması ilə razı olmadığına görə protokolu imza etməkdən imtina etmişdir. (iş vərəqə 79-82) Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ümumiyyətlə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, narkotik vasitənin polis əməkdaşları tərəfindən hədə-qorxu gəlməklə ona təqdim edilməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünün müdafiə üçün irəli sürdüyü fikirlər məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2056 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2067 nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 978 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokollarından, şahidlərin ifadələri, eləcə də, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən xx.xx.2023-cü il tarixli qismən etirafedici ifadəsi, həmçinin, digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özümü təqsirli bilməmiş, belə ki, o, narkotik vasitələrin yalnız istifadəçisi olmuş, satışı ilə məşğul olmamış, heç kimlə cinayət əlaqəsinə girməmiş, tutulmağını da əsassız sayır, ona görə də ifadə verməyəcəkdir və heç bir sənədi imza etməyəcəkdir. Verilmiş suallara cavab olaraq o, cavab verməkdən imtina etmişdir. (iş vərəqə 171-172) Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə, narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi məlumatı əsasında şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 18-19) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. (iş vərəqə 29-32) İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. (iş vərəqə 131) Göründüyü kimi, ibtidai istintaq orqanının şəxsə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürdüyü ittiham öz təsdiqini tapmamış, yalnız şübhələrdən ibarətdir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanı kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, tamamilə anlaşılmaz şəkildə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə 58-59) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin bükümlərə ayrılmaması, yalnız 01 ədəd bükümdə 3.222 qram çəkidə olması, hər hansı istehlakçı ilə razılıq əldə edilməsinə dair hər hansı məlumatın olmaması Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülüb-bükülməməsi, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdəinsan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı-ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən 01 ədəd şəffaf sellofan bükülüdə külli miqdarda təmiz çəkisi 3,222 qram olan qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq alıb əldə edərək üzərində saxlamaqla daşımış, 08 aprel 2023-cü il tarixdə saat 13:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış üçün hazırladığı həmin 01 ədəd şəffaf sellofan bükülüdə külli miqdarda təmiz çəkisi 3,222 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 129-130) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X2 olmaqla üç azyaşlı uşağı vardır. (iş vərəqə 142-144) Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və həmin Məcəllənin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-361/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 19; 120-123) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 2067 nömrəli rəyinə əsasən, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükülüdə külli miqdarda təmiz çəkisi 3,222 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,122 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,122 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar