Məhkəmə qərarları › İş №1(101)-375/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-375/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-375/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 3 iyun 1984-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 bükümdə təmiz çəkisi 7,020 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 1 bükümdə təmiz çəkisi 7,009 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 1 ünvanın yaxınlığına qədər daşımış, 20 fevral 2023-cü il tarixdə, saat 15 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 3-ci PŞ-nə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sağ yan cibindən külli miqdarda 1 bükümdə təmiz çəkisi 7,020 qram narkotik vasitə heroin və külli miqdarda 1 bükümdə təmiz çəkisi 7,009 qram psixotrop maddə metamfetamin, sol yan cibindən isə üzərində heroinin və metamfetaminin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 205.2.2 və 205.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 8 (səkkiz) ilə endirilmişdir. Saxlanılanadək fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitə istifadəçisi olmuş, sonuncu dəfə saxlanılmazdan bir gün əvvəl gecə saatlarında narkotik vasitə heroindən istifadə etmişdir. 20 fevral 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Sabunçu rayonu Stansiyayanı küçəsi 17 nömrəli evdə yatarkən, mülki geyimdə polis əməkdaşları icazəsiz evə daxil olub, onu yatdığı götürmüşlər. Həmin vaxt evdə qardaşı Teymur İbrahimov və sonuncunun qaynanası Marina Hüseynova da olmuşdur. İttiham aktında qeyd olunduğu kimi küçədə saxlanılmamışdır. Polis əməkdaşlarının evə daxil olmalarına həm qardaşı və qayınanası, həm də qonşular şahid olmuşlar. Buna baxmayaraq işin ibtidai istintaqını aparan müstəntiq həmin şəxsləri dindirməmişdir. Polis əməkdaşları icazəsiz evə daxil olub onun qoluna qandal vurub, evi axtarmağa başlamışlar. Evdən heç nə tapa bilmədikdiklərinə görə, onu döyüb hədələmiş, əgər onların dediklərini etməsə, qardaşını da cinayət məsuliyyətinə cəlb edəcəklərini demişlər. Daha sonra onu 12-ci PB-nə aparıb üzərinə narkotik vasitə və 2 ədəd tərəzi qoymuşlar. Polislər şəxsi axtarış zamanı onları çıxarıb təqdim etməsi üçün təzyiq göstərmişlər. Həqiqətdə üzərində nə narkotik vasitə, nə də tərəzi olmamışdır. Psixi təzyiq nəticəsində narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Əgər mobil nömrəsinin anten dairəsi çıxarılarsa, dediklərinin həqiqət olduğu bəlli olacaqdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə polis əməkdaşları tərəfindən yaşadığı evində saxlanıldığını və narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Həkim-narkoloqun müayinəsində olarkən sadəcə sorğu-sual edilmiş, ondan analiz götürülməmişdir. ***-***-**-** mobil nömrəsi onun istifadəsində olmuşdur. Həmin nömrədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı «sms» yazışmaları olmuşdur. Narkotik vasitə istifadəçiləri bir-biriləri ilə narkotik vasitələri bölüşdüyündən, o da kimdənsə narkotik vasitə almış və kimsə də ondan istədikdə həmin şəxsə narkotik vasitə vermişdir. Lakin heç vaxt pul müqabilində narkotik vasitə satmamışdır. Onun saxlanılmasında iş üzrə şahid qismində keçən polis əməkdaşları Şahid2 və Şahid1 iştirak etməmişdir, onları yalnız bölmədə görmüşdür. Polislərin diqtəsi ilə üzərində şəxsi axtarış həyata keçirilərkən aşkar olunmuş narkotik vasitənin ona aid olduğunu və İran vətəndaşından aldığını demişdir. Həqiqətdə isə narkotik vasitələri onunla eyni məhəllədə yaşayan bir nəfərdən öz istifadəsi üçün əldə etmişdir. Həmin şəxs barəsində polisə məlumat verməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə baş verənləri olduğu kimi danışmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə vaxtı Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 20 fevral 2023-cü il tarixdə saat 15 radələrində həmkarı Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birgə 12-ci PŞ-nin inzibati ərazisində xidmət apararkən özünü şübhəli apardığı üçün sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etmişlər. Sonuncunun narkotik tərkibli maddələrin təsiri altında olmasından şübhələndikləri üçün anket məlumatlarını soruşmuşlar. Təqsirləndirilən şəxs onlardan uzaqlaşmağa çalışmış və üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə aparılan sorğu zamanı Təqsirləndirilən şəxs qeyri-müəyyən cavablar verdiyindən onun üzərində narkotik tərkibli maddələrin olmasından şübhələnib onu 12-ci PŞ-nə aparmışlar. Orada xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, üzərində qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi tələb edilmişdir. Bundan sonra sonuncu əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 2 ədəd elektron tərəzini və «İphone» markalı mobil telefonu, şalvarının sağ yan cibindən isə birində qəhvəyi, digərində isə ağ rəngli maddələr olan 2 ədəd şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən bükümlər açılmış, birində toz halında qəhvəyi rəngli maddə, digərində isə kristal formalı ağ rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrdən istifadə etdiyini, son zamanlar isə satışı ilə də məşğul olduğunu, üzərindən aşkar edilmiş bükümlərin «kakos» və «şüşə» adlanan narkotik tərkibli maddələr olduğunu, narkotik tərkibli maddələri şəxsi istifadəsi və həm də satması üçün telefon vasitəsi ilə tanış olduğu, heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşına 400 manat ödədikdən sonra sonuncunun qoyduğu yerdən götürdüyünü, tərəziləri narkotik tərkibli maddələri satarkən çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edən başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər və 2 ədəd tərəzi təhqiqatçı tərəfindən 1 ədəd zərfdə, «İphone» markalı mobil telefonu isə digər zərfdə qablaşdırılmış, zərflər möhürlənmiş, iştirakçılar tərəfindən zərflər imzalanmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs onun və Şahid2 tərəfindən ünvan 1 ünvanın yaxınlığında saxlanılmışdır. Sonuncuya heç bir təsir-təzyiq göstərilməmiş, şəxsi axtarış zamanı o, üzərindəki bükümləri və elektron tərəziləri sərbəst şəkildə çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadələr verdi. İşin 46-48-ci vərəqlərindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur. Əvvəlcə polis əməkdaşları, daha sonra isə Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra 12-ci PŞ-nin təhqiqatçısı X3 İbrahimova saxlanılması ilə bağlı məlumat verir. X1 saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirir, bununla əlaqədar etirazının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs etirazının olmadığını deyir. X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmadığını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 2 ədəd elektron tərəzini və «İphone» markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyur. Daha sonra şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş, rənglərinə görə biri-birindən fərqlənən, yəni qəhvəyi və ağ rəngli bükümü çıxardaraq masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən bükümlər açılarkən qəhvəyi rəngli bükümdən toz halında qəhvəyi rəngli maddə, ağ rəngli bükümdən isə kristal formalı ağ rəngli maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, bir ildir ki, narkotik tərkibli maddələrdən istifadə edir. İki aydır ki, satışı ilə də məşğul olur. Üzərindən aşkar edilmiş bükümlər «kakos» və «şüşə» adlanan narkotik tərkibli maddələrdir. Narkotik tərkibli maddələri şəxsi istifadəsi və həm də satması üçün telefon vasitəsi ilə tanış olduğu, anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşına 400 manat ödədikdən sonra sonuncunun qoyduğu yerdən götürmüşdür. Tərəziləri, narkotik tərkibli maddələri satarkən çəkisini müəyyən etməsi üçün üzərində gəzdirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və üzərindən başqa heç bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd büküm və 2 ədəd tərəzi təhqiqatçı tərəfindən 1 ədəd zərfdə qablaşdırılır, «İphone» markalı mobil telefon isə digər zərfdə qablaşdırılır. Qablaşdırılmış zərflər möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərflər imzalanır və bununla da çəkiliş sona çatır. İşin 113-117-ci vərəqlərindəki Təqsirləndirilən şəxs istifadə etdiyi, adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən alınmış 4 may 2023-cü il tarixli 10256 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 avqust 2022-ci il tarixdən 20 fevral 2023-cü il tarixədək olan müddət ərzində SMS-lə narkotik tərkibli maddələrin satışını həyata keçirməsi əksini tapmışdır. Aşağıda həmin yazışmaların bir qismi göstərilmişdir; xx.xx.2022-ci il; saat 20:05:12 **********12-**********15 -Bidene oraynan danisaqda zehmet olmasa brat 05 kola ozum ucun isdirdim. xx.xx.2022-ci il; saat 20:07:38 **********15-**********12 -Ha danişaram. xx.xx.2022-ci il; saat 22:49:11 **********28-**********15 -Kola. xx.xx.2022-ci il; saat22:49:13 **********28-**********15 -1 dene xx.xx.2022-ci il; saat 22:49:15 **********15-**********28 -Köməy edaram xx.xx.2022-ci il; saat 22:49:39 **********15-**********28 -Kolanin qiymətin qaldiriblar qaqaş 40 xx.xx.2022-ci il; saat 22:49:42 **********28-**********15 -Eger 1 dene olmasa da qaqa 05 olsun ama 1 dene alinsa ela olar xx.xx.2022-ci il; saat 22:53:53 **********28-**********15 -05 danis qaqa xx.xx.2022-ci il; saat 23:18:50 **********28-**********15 -Karti at brat xx.xx.2022-ci il; saat 23:20:18 **********15-**********28 -4169-7377-0705-9446 xx.xx.2022-ci il; saat 23:21:01 **********15-**********28 -San pulu at amanatı qötürə bilsan qötür sora qal mahlaya xx.xx.2022-ci il; saat 23:21:29 **********15-**********28 -Sakitçiliy olsa habar ela qapinin ustunan amanati ötrüm sana xx.xx.2022-ci il; saat 23:54:53 **********28-**********15 -Qaqa qapdayam xx.xx.2022-ci il; saat 15:18:00 **********28-**********15 -Bidene qardasimsan oraynan danis brat 30 manatım var alinirsa qram gotrek axsam usdu 10 manat ataram karta alinmirsa eybi yox 30 manatliq olsun ele xx.xx.2022-ci il; saat 15:18:08 **********28-**********15 -Kola brat xx.xx.2022-ci il; saat 15:20:59 **********15-**********28 -Sabir ela xabar cixan kimi deyaram xx.xx.2022-ci il; saat 17:57:50 **********15-**********28- Duzalir 1 qalaninda dediyin kimi qaqaş axwam hal edarik xx.xx.2022-ci il; saat 17:58:15 **********28-**********15 -Yaxsi brat gelim? xx.xx.2022-ci il; saat 18:02:43 **********15-**********28 -Qaqaw bunuda karta ata bilsan əla olar xx.xx.2022-ci il; saat 18:02:50 **********15-**********28 -İmkan varsa xx.xx.2022-ci il; saat 18:03:20 **********15-**********28 -4169-7377-0705-9446 xx.xx.2022-ci il; saat 18:03:29 **********15-**********28 -Kapital xx.xx.2022-ci il; saat 18:03:40 **********28-**********15 -Yaxsi qaqa prablem yoxdu atiram 2 deyqeye xx.xx.2022-ci il; saat 18:04:52 **********15-**********28 -Ok at qalx bizim mahlaya sakit dunanki kimi qaqaw xx.xx.2022-ci il; saat 18:05:38 **********15-**********28 -Yaxwi qadan alaram qapinin ustundan veracam. xx.xx.2022-ci il; saat 19:07:18 **********64-**********15 -Salam necesen brat birdene oraynan damsa bilersen zehmet olmasa 05 kola xx.xx.2022-ci il; saat 19:23:24 **********15-**********64 -Pulu vur karta xx.xx.2022-ci il; saat 19:23:35 **********15-**********64 -Ozunda qal qapinin yanina xx.xx.2022-ci il; saat 19:27:49 **********15-**********64 -4169-7377-0705-9446 xx.xx.2022-ci il; saat 19:30:51 **********15-**********64 -San bilirsanda yarinin qiymati neciyadi? xx.xx.2022-ci il; saat 19:32:07 **********64-**********15 -25 manat xx.xx.2022-ci il; saat 19:35:15 **********15-**********64 -Pulu atandan sonra qapiya galarsan qapinin ustundan veracam. xx.xx.2023-cü il; saat 23:21:21 **********30-**********15 -Salam qaqas necesen. Qara koyneyin var dükanda xx.xx.2023-cü il; saat 00:40:51 **********15-**********30 -Gedib qotmay lazimdi koynayi xx.xx.2023-cü il; saat 00:40:56 **********15-**********30 -Pulu vurarsan xx.xx.2023-cü il; saat 00:41:28 **********15-**********30 -Gedib qoturaram sana xabar edanda çıxarsan xx.xx.2023-cü il; saat 00:41:35 **********15-**********30 -Ged vur xx.xx.2023-cü il; saat 00:56:40 **********15-**********30 -Pul catdi gözda deyacam xx.xx.2023-cü il; saat 01:06:21 **********30-**********15 -Qaqas yukledim pulu xx.xx.2023-cü il; saat 01:57:14 **********15-**********30 -San cix gal xx.xx.2023-cü il; saat 02:01:03 **********15-**********30 -Takarin altinda olacaq xx.xx.2023-cü il; saat 02:01:25 **********15-**********30 -Kent packasinda olacaq xx.xx.2023-cü il; saat 02:21:10 **********30-**********15 -Qaqas ne oldu, ne xeber xx.xx.2023-cü il; saat 03:55:05 **********15-**********30 -Gəl xx.xx.2023-cü il; saat 03:55:08 **********15-**********30 -Man catiram xx.xx.2023-cü il; saat 04:54:52 **********30-**********15 -Qaqas cixmisam gelem zapravkani kecirem xx.xx.2023-cü il; saat 05:05:27 **********15-**********30 -Qoyuram takarin altina yaxşi xx.xx.2023-cü il; saat 05:06:04 **********30-**********15 -Yaxsi İşin 28-33-cü vərəqlərindəkmi məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2023-cü il tarixli, 6/1042 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksi və «...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə maddələr və 2 ədəd tərəzi; Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza; iştirakçılar-iki imza, təhqiqatçı:imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi -7,020 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir; 1 ədəd bükümdə təmiz çəkisi -7,009 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. İşin 122-123-cü vərəqindəki məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2023-cü il tarixli 2189 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 77-ci vərəqindəki 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan 7,020 qram heroin, psixotrop maddə olan 7,009 qram metamfetamin və 2 ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 6,92 qram heroin, 6,909 qram metamfetamin və 2 ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmin qərarla həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarışının videogörüntü faylının olduğu 1 ədəd «DVD» disk maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. İşin 118-119-cu vərəqələrindəki 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən alınmış 4 may 2023-cü il tarixli 10256 nömrəli məktuba əlavə edilmiş 1 ədəd «CD» disk maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. İşin 74-76-cı vərəqlərindəki sənədlərdən görünür ki, şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd, üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan «İphone» markalı mobil telefonundan iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədiyindən mobil telefon faktiki arvadı X2 qaytarılmışdır. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə təcridxanaya yerləşdirilərkən xəsarət aldığını bildirsə də, bədəninə baxış zamanı xəsarət aşkar edilməmişdir. İşin 68-69-cu vərəqələrindəki Sabunçu rayon məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə fiziki təzyiqə və hədələrə məruz qaldığı barədə heç bir məlumat verməmişdir. İşin 161-162-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.3.1, 177.3.2, 205.2.2 və 205.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya məhkəməsinin 2 noyabr 2011-ci il tarixli qərarı ilə cəzası 8 ilə endirilmiş, 1 avqust 2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. İşin 18-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 68-69-cu vərəqlərindəki Sabunçu rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin 80-ci vərəqəsindəki sənəddən görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından başlayaraq mütəmadi olaraq narkotik tərkibli maddələrin satışı ilə məşğul olur. İşin 158-159-cu vərəqlərindəki 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli maddələrin mənbəyinə görə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 avqust 2016-cı il təvəllüdlü Fatimə İbrahimova adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, şəxsi axtarış zamanı üzərində aşkar olunan psixotrop maddə metamfetaminin və heroinin polis əməkdaşları tərəfindən üzərinə yerləşdirildiyini, qardaşının da polis həbs olunacağından ehtiyat etdiyi üçün üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. Onun bu ifadəsi məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 7,020 (tədqiqatdan sonra qalan 6,92) qram narkotik vasitə olan heroin və təmiz çəkisi 7,009 (tədqiqatdan sonra qalan 6,909) qram prisoxtrop maddə metamfetamin və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk və 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 7,020 (tədqiqatdan sonra qalan 6,92) qram narkotik vasitə heroin və təmiz çəkisi 7,009 (tədqiqatdan sonra qalan 6,909) qram prisoxtrop maddə metamfetamin və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk və 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar