Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-376/2022 22.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1 və Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs Adil oğlunun iştirakları ilə xx.xx.1980-ci il tarixdə Masallı rayonunun Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Türkoba kəndində qeydiyyatda olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə gecə saat 02 radələrində ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları 26-cı dalanda yerləşən yeni tikili evin qarşısına bacısının keçmiş əri Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə gələrək onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsi və hədələməsi səbəbdən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərindəki soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sinəsinə və qoluna qəsdən zərbələr endirərək sol əlin İİ barmağının bir ədəd kəsilmiş səthi yarası kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol bazunun bir ədəd deşilmiş kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qan və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ döş boşluğuna nüfuz edən yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Masallı rayonunda qeydiyyatda olsa da uzun müddətdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yeni sahədəki evdə ailəsi ilə birgə yaşayır. Daimi iş yeri yoxdur, fəhləlik edib pul qazanır. Failə və Familə bacılarıdır. Bacısı Failə bir müddətdir ki, əri Fərasətdən boşanmış, 8 azyaşlı uşaqları ilə onunla birlikdə bağ evində yaşamışlar. Son bir ildə ailəsi ilə boşanan bacısı Failə ilə münaqişələri olarkən, o, bacısını müdafiə etdiyi üçün Fərasətlə münaqişəli olmuş və bir müddət öncə Fərasət onu qolundan bıçaqlamış, onun barəsində Sabunçu rayon polis idarəsində cinayət işinin istintaqı aparılmışdır. Bir müddətdir ki, Fərasət mütəmadi olaraq onu, ailəsini və Failəni təhqir etmiş və hədələmiş, buna səbəb, guya Failənin əxlaqsızlıq etməsi, azyaşlı qızı Fidanı onun icazəsi olmadan nişanlaması olmuşdur. 05 avqust 2021-ci il tarixdə saat 22 radələrində Nardaranda işləyib qaldığı bağ evində təxminən yarım litr spirtli içki qəbul etmiş, 06 avqust 2021-ci il tarixə keçən gecə saat 00:15 radələrində bacısı Failə ona zəng edib, Fərasətin ora gələcəyini, münaqişə yaradacağını, onu hədələyib zor işlədəcəyi, qaldığı evi yandıracağı ilə hədələdiyini bildirmişdir. Belə ki, o, Fərasətin sərxoş halda, onun qaldığı evə gəlib dava-dalaş salacağından qorxub taksiylə evə getmiş, lakin Fərasət ora gəlməmiş, orada ailəsi, anası və bacısı ilə söhbət etmişdir. Sonra yoldan keçən taksi ilə qaldğı yerə qayıdan zaman Fərasət ora tanımadığı taksi ilə gəlmiş, onu görüb qaçmışdır. Təxminən 10 dəqiqə sonra Fərasət yenidən ora qayıtmış və ona hücum çəkib təhqir etmiş, sonra isə ona təpik atıb vurmaq istəyərkən onu təhqir etdiyi üçün özündə olan mətbəx bıçağı ilə ona sinə və qol nahiyələrinə iki dəfə bıçaq zərbəsi vurmuşdur. Fərasətə xəsarət yetirdiyi və onun yerə yıxılmasını görüb qorxmuş, onu bir daha bıçaqla vurmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Adil oğlu ifadəsində göstərmişdir ki, Fərrux onun boşandığı arvadı Failənin qardaşıdır. Failədən 8 azyaşlı uşaqları var. 06 avqust 2021-ci il tarixə keçən gecə içkili vəziyyətdə Failə, övladları və Fərruxun qaldığı Nardaran qəsəbəsindəki bağ evinin yanına taksi avtomaşını ilə gəlmiş, orada səs-küy yaranmış və o, orada bıçaq xəsarəti almışdır. Fərruxun 4 uşağı var, eyni zamanda onun 8 uşağına da Fərrux baxmış, cəmi 12 uşaq onun himayəsindədir. 12 uşağın xatirinə Təqsirləndirilən şəxs cəzadan azad edilməsini xahiş edir. Onu bağışlayır, şikayəti və tələbi yoxdur. O, yazıb-oxumağı bilmədiyi üçün ifadəsində nə yazıldığından xəbərsizdir, ifadəsi bir neçə dəfə dəyişdirilib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onunla 15 ildir ki, evlidir. Birgə nikahdan 4 övladları var. Fərruxun bacısı Failə əri Zərərçəkmiş şəxsla rəsmi olaraq boşanmışdır. Fərasətlə Failənin münasibətləri pis olmuş, belə ki, Fərasət Failəni əxlaqsız həyat sürməklə ittiham etmişdir. 06 avqust 2021-ci il tarixdə gecə saatlarında Fərasət yaşadıqları Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 26-cı dalanda yerləşən bağ evinə gələrək səs-küy qoparmış və onlar çölə çıxdıqda artıq Fərasət bıçaqlanmışdır, həmin bıçaq da Fərasətin əlində olmuşdur. Fərasət həmin vaxtı sərxoş vəziyyətdə olmuşdur. Fərasət özü ilə 03 ədəd bıçaq gətirmişdir. Zərərçəkmiş şəxs tez-tez onları narahat etmişdir, rəhmətlik qaynanası, baldızını hədələmiş, eyni zamanda, Fərruxa, bacısı Failənin başını kəsəcəyini demişdir. Zərərçəkmiş şəxs onun əri Təqsirləndirilən şəxs bıçaqlamamışdır. Zərərçəkmiş şəxs oğlu Mirfəqan bıçaqlamış, taksi sürücüsü Ramin və 2 nəfər qonşu hadisə baş verən zaman orada olmuşdur. Cinayət hadisəsi polis əməkdaşlarının gözləri qarşısında baş vermişdir, Fərasət vurulandan sonra onlar bıçağı Fərruxa vermişlər. Fərasətin 8 övladına onun həyat yoldaşı Təqsirləndirilən şəxs baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 qızının ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun 4 övladı var, Failə baldızı, Fərasət isə Failənin keçmiş həyat yoldaşı, Fərrux isə Failə və Familənin qardaşıdır. Fərasət alkoqolizm xəstəliyindən əziyyət çəkmişdir. Bunun səbəbi Failənin düz yolda olmaması, əxlaqsızlıq etməsi və eşitdiyinə görə qızı Fidanı ona demədən kiməsə nişanlaması olmuşdur. Bu barədə Fərasət özü də bilmişdir. Buna qədər isə Fərasətin və Fərruxun da ailəsi onlarda qalmış, onlara o baxmış, qayğı göstərmişdir. Onlar uzun illərdir ki, münaqişəli ailədirlər. X7 incitmişdir.Onların 8 uşağı vardır. 12 may tarixində Fərasət ailə münaqişəsi zəminində Fərruxu heç bir səbəb olmadan bıçaqlamış, hər ikisi sərxoş olmuş, sonrakı zamanda polis araşdırma aparmışdır. 05 avqust 2021-ci il tarixdə axşam 23 radələrində sərxoş vəziyyətdə olan Fərasət ona zəng etmiş, Ləhiş bağlarına gedəcəyini, Failə və Fərruxla məsələsini həll edəcəyini demiş, o zaman o, sərxoş olmuşdur. O, isə ora getməməyi məsləhət görmüş, ona yalvarmışdır. Səhər radələrində isə Fərasət zəng edib Fərruxun onu bıçaqlamasını, ağır xəsarət almasını bildirmiş, eləcədə demişdir ki, hadisə zamanı orada Failə və Samayə olmuş, uşaqlar həmin zaman yatmış, hadisə küçədə baş vermişdir. O və arvadı Fərasəti qızışdırmamış, əksinə onlara daima 12 uşağa baxmağa kömək etmişdir. Hadisənin səbəbi Fərasətin qızı Fidanın kiməsə nişanlanmağını eşitməsi, Failənin düz yolda olmaması olmuşdur. Fərasət sərxoş halda Fərruxun yanına getmiş və 06 avqust 2021 tarixdə gecə radələrində Fərrux Fərasətə bıçaqla xəsarət yetirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ailələrinə söyüş söymüş, hər zaman gəlib dava salmışdır. Hadisə baş verən günü atası ilə evdə olmuşdur. Evdə çörək olmadığı üçün qonşusu Raminə zəng edib çörək alıb gətirməsini xahiş etmiş və bu zaman Zərərçəkmiş şəxs gələrək Raminin maşının şüşələrini sındırmışdır. Zərərçəkmiş şəxs 2-ci dəfə gəlib maşınla atasını yerlə sürüyəndə dözə bilməmiş və ona 02 bıçaq zərbəsi endirmişdir. Atası onun törətdiyi cinayəti öz boynuna götürmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ümumiyyətlə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ailəsini rahat buraxmamışdır, bildiyinə görə, onlara hədə qorxugəlmişdir. Hadisə yerinə “102” xidmətinin çağırışı ilə gəlmişlər. Hadisə yerinə çathaçatda məlum cinayət hadisəsi baş vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla vurmuş, Təqsirləndirilən şəxs bıçağı özü könüllü şəkildə təqdim etmişdir. Onlar bıçağı Mirfəqanın əlindən alıb Təqsirləndirilən şəxs verməmişlər. Məlum hadisə baş verən zaman “Doblo” markalı xidməti avtomobildə olmuşdur. Maşında o, sürücüdən sağ tərəfdə əyləşmiş, hadisə təxminən 15 metr qarşıda baş vermişdir. Avtomobil həmin zaman hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 01 bıçaq zərbəsi ilə vurduğunu görmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə gecə saatlarında baş vermiş və onlar həmin zaman xidmətdə olmuşlar. Həmin ailə çox problemli olmuş, belə ki, Zərərçəkmiş şəxs tez-tez söz söhbət salmışdır. Onlar yaxınlaşanda bir nəfər sinəsini tutaraq maşına oturub qaçmaq istəmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs ailə üzvləri olmuşdur. Zərərçəkmiş şəxs onu Təqsirləndirilən şəxs bıçaqladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Ləyiş bağları 26-cı dalanda ailəsi ilə yaşayır. **-ZY-*** nömrə nişanlı “VAZ 2106” markalı avtomobil özünə məxsus mavtomobillə taksi kimi fəaliyyət göstərir. Failə və Fərruxun ailəsi yaşadığı evin yaxınlığında yaşayır, onların münaqişəli ailə olmasını bilir, Fərasətlə Failənin nikahlarının pozulmasını eşitmişdir. 05 avqust 2021 tarixində axşam 23 radələrində Fərrux onu evdən çağırdı və xahiş etdi ki, ona avtomobili ilə gedib çörək alıb versin. O, etiraz etməmiş, gedib 4 ədəd çörək alıb ona vermiş, sonra evinə getmiş, 06 avqust tarixdə saat 01 radələrində küçədən səs-küy eşidib dərhal küçəyə çıxıb orada Fərruxun və ailəsinin eləcə də polislərin olmasını görmüş, ona məlum olmuşdur ki, Fərrux Fərasəti münaqişə zəminində bıçaqla vurmuşdur. Hadisədən sonra ora gəlmiş, Fərasətin bıçaqlanmasında iştirak etməmiş, Fərasətin alkoqol düşkünü olmasını bilmiş, onların ailə işinə heç zaman qarışmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli 1217 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs oğunun məhkəmə tibbi ekspertizasına və xəstəlik tarixinə əsasən onda sağ tərəfli hemornevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ döş boşluğuna nüfuz edən 1ədəd; sol bazunun 1 ədəd deşilmiş kəsilmiş yaraları, sol əlin İİ barmağının 1 ədəd ədəd kəsilmiş səthi yarası müəyyən edildi. Xəsarətlər iti uca və kəsici kənara malik əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 06.08.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağ tərəfli hemornevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ döş boşluğuna nüfuz edən 1(bir) ədəd deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sol bazunun 1(bir) ədəd deşilmiş kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol əlin İİ barmağının 1 (bir) ədəd kəsilmiş səthi yarası sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasıyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kriminalistik ekspertizasının 18 avqust 2021-ci il tarixli 3M356 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsdən götürülmüş, zərərçəkmiş şəxsə xəsarət yetirilən bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə- psixoloji ekspertizasının 31.08.2021-ci il tarixli 1993 saylı rəyi ilə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllıq, psixiki xəstəliyin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmayıb. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixiki xəstəliyin əlamətləri aşkarlanmır, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli deyil. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixapatik cizgiləri qeyd olunur. Təqsirləndirilən şəxs hadisəni törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, hadisə yerini əyani şəkildə göstərmiş, fotocədvəl tərtib edilmiş, hadisənin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, yeni yaşayış sahəsində yaşadığı evin qarşısında küçədə baş verməsi müəyyən edilmişdir. İş üzrə götürülmüş bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün RPİ-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs bacısı Şahid4 və həyat yoldaşı Şahid3 ibtidai istintaq zamanı ifadələrində göstərmişlər ki, Fərruxun bacısı Failə əri Fərasətlə rəsmi olaraq boşanmış onlar 15 ilə yaxın evli olmuşlar. Fərasətlə hazırda Failənin münasibətləri pisdir, ona aliment ödəmir, Failənin əxlaqsız həyat sürməyiylə Fərasət onu ittiham edir. Onlar birlikdə Nardaran qəsəbəsində 26-cı dalanda bağ evində yaşayırlar, Fərasət əri Fərruxu təxmini olaraq 2-3 ay bundan öncə bədən nahiyələrindən bıçaqla xəsarət yetirmş, hazırda cinayət işi istintaq edilir. Familə adlı digər baldızı da vardır, Novruz onun əridir. 05 avqust 2021 tarixində axşam 22-30 radələrində Fərasət telefona Failəyə benzin götürüb, üzərindəki 3 ədəd bıçaqla onların hazırda yaşadıqları evə gələcək, evi yandıracaq, Failənin həyatına son qoyacağını demiş, sonra o telefonu qapatmış, Failə dərhal Fərruxa zəng edib bu barədə ona məlumat vermişdir. Fərrux isə sərxoş olmasını, dostlarıyla yemək yeməsini bildirmiş, lakin 1-2 saata evə gələcəyini demişdir. Sonra onlar Fərasətin ora gəlməyəcəyini düşünüb yatmışlar. Bundan bir neçə saat sonra səs-küyə oyanıb küçəyə çıxmış, Fərasət arada sərxoş vəziyyətdə azyaşlı qızını nişanlamalarını, arvadı Failənin əxlaqsızlıq etməsini deyərək evin qarşısında Fərruxla mübahisə və dava dalaş yaratmasını, Fərrux isə üzərindəki bıçaqla Fərasəti vurub xəsarət yetirdiyini görmüşdür. Sonra ora gələn polislərin köməyilə Fərasəti və Fərruxu polislər aparmışlar. Hadisə 06 avqust 2021 tarixində gecə saat 02 radələrində Nardaran qəsəbəsi, Ləhiş bağları 26-cı dalanda yaşadıqları bağ evinin qaşsısında baş vermiş, hadisənin şahidi Faile, o, qaynanası və hadisədən sonra ora gəlmiş qonşu Ramin olmuşlar. Onun digər baldızı X3 belə aqressiv olmasına səbəbkar olmuş, onlar Fərasətə Failənin əxlaqsız olmağını, azyaşlı qızı qızı Fidanı nişanlamasını bildirmişlər. Hadisənin səbəbi Fərasətin onların yaşadığı evə hücum çəkib arvadı Failənin əxlaqsızlıq etməsi, azyaşlı qızı Fidanı Fərasətin xəbəri olmadan nişanlamasını bildirməsi , təhqir etməsi olmuşdur, həmçinin ilk olaraq Fərasət Fərruxla əlbəyaxa olmuş, Fərrux isə üzərində olan bıçaqla Fərasəti vurmuşdur. Fərasət həmin vaxt sərxoş olmuş, oğlu Məmmədağa və ya digər oğlu Mirfəqan hadisə zamanı orada olmamışlar, qonşu Ramin isə ora Fərrux Fərasətə xəsarət yetirdikdən sonra gəlmişdir. Məhkəmə şahidlər Şahid4, Şahid3 və X4 məhkəmə iclasıda istintaq ifadələrindən fərqli ifadələr verərək Zərərçəkmiş şəxs Mirfəqan Cəfərov tərəfindən vurulmasını bildirməkdə onlar yalnız Təqsirləndirilən şəxs yaxın qohumları olmaqla onu məsuliyyətdən qurtarmaq məqsədini güdmüşlər. Məhkəmə onların ifadəsinə tənqidi yanaşaraq inandırıcı hesab etmir. Onların ifadələri Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, hadisə yerinə gəlmiş polis əməkdaşlarının ifadələri, iş üzrə ekspertiza rəyləri və digər şahidlərin ifadələri ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün könüllü etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında araşdırılmış digə sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi məhkəməsinin 08 avqust 2001-ci il tarixli hökmü ilə Cinayət Məcələsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 4 azyaşlı uşaqlarının olması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərəçəkmiş şəxslə barışması onun cəzasını yüngülləşdirən haldır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuna zidd hərəkətlərinin təsiri altında cinayəti törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs özündən və şahidlərdən başqa Zərərçəkmiş şəxs da bildirmişdir ki, o həyat yoldaşından ayrıldığı gündən onun 5-i azyaşlı olmaqla 8 övladına Təqsirləndirilən şəxs baxmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs özünün dörd övladından əlavə 8 nəfər də bacısının övladlarına baxması və ümumilikdə 9 u azyaşlı olmaqla 12 uşağın onun himayəsində olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən digər hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də, iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında cinayəti törətməsini, himayəsində 04 azyaşlı övladının və 05 i azyalı olmaqla 08 nəfər bacısının övladlarının və ümumilikdə himayəsində 9 azyaşlı olmaqla 12 nəfər uşağın onun himayəsində olmasını müstəsna hallar hesab edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2021ci il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli 06 avqust 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, 06 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Sabunçu Rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Sabunçu Rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərcləri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-376/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-376/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver