Məhkəmə qərarları › İş №1(101)-376/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-376/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-376/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X12 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8 qızı və X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci ildə Astara rayonu Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası CM-nin 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri təkrar külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və toplamışdır. Belə ki, X5 elan edilmiş ittihama əsasən o, 2022-ci ilin mart ayının sonlarında özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq Bağ massivi 1062 ünvanda yerləşən torpaq sahəsində əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 3875 ədəd- külli miqdarda, narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya edərək, 770 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini toplayaraq 07 ədəd torbalara yığmaqla həmin torpaq sahəsində saxlamış, 04 iyul 2022-ci il tarixdə saat 14 radələrində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq Bağ massivi 1062 ünvanda yerləşən torpaq sahəsindən torpağa əkilmiş vəziyyətdə 3105 ədəd, ümumi çəkisi 198 kq. 310 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin həmin torpaq sahəsindən 07 ədəd sintetik torbaların içərisində cəmi 770 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 35 kq. 750 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 2022-ci ilin aprel ayuıda yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maşatağa qəsəbəsi, 1-ci Albalılıq YYM, nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində əkilib- becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 15367 ədəd-külli miqdarda, narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 24 iyun 2022-ci il tarixdə saat 19 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən «xaş-xaş 2022» tədbirlər planına əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Maşatağa qəsəbəsi, 1-ci Albalılıq YYM, nömrəsiz fərdi yaşayış evin həyətyanı sahəsindən torpağa əkilmiş vəziyyətdə 15367 ədəd, ümumi çəkisi 3.500 kq narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs X9 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli hesab edir. İstintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Əməlinin cinayət olduğunu bilir. Səhv etmişdir. O malı zibil yeşiyindən tapmışdır. Arada zibilliyi axtarırmış. Əlil olduğundan heç bir işdə işləməmişdir. Əkdiyi sahə Şahid1 məxsus idi. Zibillikdə toxumu noyabr ayında tapdıqdan sonra əkin sahəsi üçün Şahid1 müraciət etmişdir. Maştağada narkotik maddə istifadə edən tanışlar var idi. Həmin uşaqlardan necə əkilməsini soruşmuşdur. Onlar bunu izah etdikdən sonra o həmin ardıcıllıqla əkmiş və qulluq etmişdir. Həmin malları 15 gün aralıqla əkmişdir. Faiqdən torpağı alanda göyərti əkmək adı ilə almışdır.Ondan əvvəl Faiq həmin torpağı nə məqsədlə istifadə etdiyini bilmir. Polislər onu həyətdən tutub apardılar. Onu tutan zaman şiddət etməyiblər. Ailəlidir. 3cü qrup əlildir. Əlilliyi anadangəlmədir. O bütün kolları bir əlimlə əkib becərmişdir. Torpaq üçün şlanqlara, təzyiq motoruna 9000 manata qədər pul çıxmışdır. Pulu həm kreditə, həm də borca götürmüşdür. Şlanqları hazırlayana demişdir ki, pomidor əkməyə hər 20 sm dən bir suvarma sistemi lazımdır.Kolların yetişməsi 105 gündür. O gübrədən istifadə etməmişdir. Mal onun özünün olmuşdur. O əvvəllər Rusiyada yaşamışdır. Orada qazancı çox olmuşdur. Torpağı almaq üçün 18 min manat pul vermişdir. Faiqlə razılaşmışlar ki, pulun hamısını verdikdən sonra onun adına rəsmiləkdirsin. Ona görə torpaq onun adına deyil. Kolların hamısını özü əkib becərmişdir. Qurutmağa yer düzəltməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxslə Astara rayonuna maşınla müştəri kimi aparanda tanış olmuşdur. Elə həmin vaxtda söhbət zamanı demişdir ki, torpağı var və o, torpağı satmaq istəyir. Faiq bildirdi ki, həmin torpağa baxmaq istəyir. Daha sonra Bakıda olarkən Maştağada olan torpağa baxmışlar və razılaşmışlar ki, pulu hissə-hissə versin. O ilkin olaraq 12 min manat vermişdir. Torpaq sahəsinə sənədi yoxdur. O əvvəllər xüsusi xidmət orqanlarında işləmişdir. Firuddin ilə aralarında söhbət elə olmuşdur ki, sənədsiz torpağın pulunu hissə-hissə verəcək. Razılaşmaya görə 1 il ərzində pulun hamısını verəcək. Firuddin həm də həmin evdə qalırmış. O isə bazarlıq edib aparırmış, lakin içəri girmirmiş. Qapıdan verib qayıdırmış. Elə vaxt olurdu ki, o gündə bir neçə dəfə bazarlıq etmişdir. Elə hal olurdu ki, həftədə üç dəfə gedirmiş.Ona bazarlıq etməyinin əvəzində o pul verirmiş. Ona demişdir ki, sitrus meyvəsi əkmək istəyir. Səhv etmirsə kinkon demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivi 1062 nömrəli ünvanda yerləşən torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin əkili-becərilməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin tarixdə tərəfindən Sabunçu RPİ-nin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 04 iyul 2022-ci il tarixdə saat 14 radələrində özü, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Sabunçu rayon İHB-nın Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyinin sürücüsü Oruc Abdullayevin və aqronom mütəxəssis Mərdan Tağıyevin iştirakları ilə videoçəkilişlə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivi 1062 nömrəli ünvanda yerləşən torpaq sahəsinə baxış keçirmək üçün həmin ünvanda həyətə giriş qapısı döyülmüş, lakin hər hansı bir şəxs küçəyə çıxmamışdır. Bundan sonra qeyd olunan ünvanın giriş qapısı açılaraq ünvana baxış keçirilməyə başlanılmış, baxış zamanı giriş qapısından içəri daxil olduqda boş torpaq sahəsində giriş qapısı ilə üzbə-üz daş hasarın yanından içərisində narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər olan 07 ədəd sintetik torbalar aşkar edilmişdir. Həmçinin qeyd olunan torbaq sahəsinə baxış zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsinin baş hissəsində bir otaqlı sanitar qovşaq, həmin sanitar qovşağın sol hissəsində bir otaqlı tikili vardır. Həmin tikilinin içərisində soyuducu, çarpayı, vayfay aparatı, soyuducunun içərisində ərzaq məhsulları və s. yaşamaq üçün avadanlıqlar vardır. Qeyd olunan tikilidən və sanitar qovşaqdan iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bir otaqlı tikilidən qeyd olunan ünvana aid yanları daş hasarla bağlanmış torpaq sahəsinə keçilmiş, həmin torpaq sahəsinə baxış zamanı torpaq sahəsindən sıra ilə torpağa əkilmiş vəziyyətdə 3105 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək kökü ilə birlikdə çıxarılmış, 3105 ədəd narkotik təbiətli çətənə bitkiləri ağ rəngli 32 ədəd sintetik torbalara qablaşdırılmış, tərəzidə çəkilmiş və möhürlənib götürülmüşdür. Sonradan müəyyən olunmuşdur ki, qeyd olunan torbaq sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərini Təqsirləndirilən şəxs əkib becərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatları daxil olmuş, həmin tarixdə tərəfindən Sabunçu RPİ-nin rəhbərliyinə raportla məruzə edilmiş və Xaş-Xaş 2022-ci il tədbirlər planına əsasən xx.xx.2022-ci il tarixdə saat 19 radələrində özünün, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 və aqronom mütəxəssis X6 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maşatağa qəsəbəsi, 1-ci Albalılıq YYM, nömrəsiz ünvana baxış keçirmək üçün həmin ünvanda həyətə giriş qapısı döyülmüş, Təqsirləndirilən şəxs həyət qapısından küçəyə çıxaraq həmin ünvanda yaşadığını, həmin ünvanın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat olduğunu, buna görə də yaşadığı ünvana baxış keçiriləcəyi bildirildikdə sonuncu qeyd olunan ünvana müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra yuxarıda adları qeyd olunan şəxslərin iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanılmış, baxış zamanı sonuncunun həyatyanı sahəsindən torpağa əkilmiş vəziyyətdə 15367 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunmuşdur. Həmin bitkilər 52 ədəd ağ rəngli sintetik torbalara, 42 ədəd sellofan bağlamalara qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, satış məqsədilə əkib becərdiyini bildirmişdir. Baxış zamanı qeyd olunan ünvandan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Təqsirləndirilən şəxs X3 yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X9 şübhəli şəxs qismində 24 iyun 2022-ci il tarixdə saat faktiki olaraq tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli saylı qərarından görünür ki, X3 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli X3 tutulduğu andan, yəni 24 iyun 2022-ci il tarixdən hesablanmışdır. “Əməlin tövsif edilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsindən həmin Məcəllənin 237.2.2 və 237.2.3-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. «Baxış keçirilmə və götürmə haqqında» 04 iyul 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivi 1062 nömrəli ünvanda yerləşən torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsində giriş qapısı ilə üzbə-üz daş hasarın yanından içərisində narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər olan 07 ədəd sintetik torbalar aşkar edilmişdir. Həmçinin qeyd olunan torbaq sahəsinin bir otaqlı tikili vardır. Həmin tikilidən qeyd olunan ünvana aid yanları daş hasarla bağlanmış torpaq sahəsinə keçildi. Həmin torpaq sahəsinə baxış zamanı torpaq sahəsindən sıra ilə torpağa əkilmiş vəziyyətdə 3105 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək kökü ilə birlikdə çıxarıldı. Baxış zamanı qeyd olunan ünvandan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilmir. «Baxış keçirilmə və götürmə haqqında» 24 iyun 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahəyə baxış zamanı sonuncunun həyatyanı sahəsindən torpağa əkilmiş vəziyyətdə 15367 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunur. Həmin bitkilər 52 ədəd ağ rəngli sintetik torbalara, 42 ədəd sellofan bağlamalara qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, satış məqsədilə əkib becərdiyini bildirir. Baxış zamanı qeyd olunan ünvandan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilmir. «Şəxsi axtarış və götürmə haqqında» 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə-bioloji ekspertizasının 05 iyul 2022-ci il tarixli, 7/728 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərlərində “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi 1062 ünvanda yerləşən torpaq sahəsindən torpağa əkilmiş vəziyyətdə.aşkar olunaraq götürülmüş bitkilər.” yazılar olan 32 ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 3105 (üç min yüz beş) ədəd, ümumi çəkisi 198 kq 310 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərlərində “.Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi 1062 ünvanda yerləşən torpaq sahəsindən torbaların içərisində aşkar olunaraq götürülmüş bitkilər.” yazılar olan 7 ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 770 (yeddi yüz yetmiş) ədəd, ümumi çəkisi 35 kq 750 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən 7 ədəd və 32 ədəd ağ rəngli sintetik torbalarda olan bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim edilmiş 7 ədəd və 32 ədəd ağ rəngli sintetik torbalarda olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər Məhkəmə-bioloji ekspertizasının 25 iyun 2022-ci il tarixli, 7/690 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərlərində “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş maddi sübutlar” yazılar və imzalar olan 94 ədəd (52 ədəd ağ rəngli sintetik torbalar, 42 ədəd sellofan bağlamalar) torbalarda və bağlamalarda yaş vəziyyətdə, ümumi sayı 15367 (on beş min üç yüz altmış yeddi) ədəd, ümumi çəkisi 3500 kq (3,5T) bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Təqdim edilmiş 15367 (on beş min üç yüz altmış yeddi) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3744 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.1 və 245-ci maddələrilə təqsirli bilinərək, 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahılarında «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər» siyahısında çətənə növlü bitkilərin 16 ədəd (31 hissə) və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 237.2.2 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X5 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyini məsələsini həll edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Onun əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarından görünür ki, Astara rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1 və 245-ci maddələrilə təqsirli bilinərək, 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır kateqoriyaya aiddir və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, cəza çəkilib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2016-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəzadan cəzasının sonu ilə xx.xx.2020-ci il tarixdə azad olmuş, azad olduğu tarixdən isə yeni cinayət törədənək 2 il müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, əsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs X3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmamasını, eləcə də cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, X5 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, X3 faktiki azadlığı 24 iyun 2022-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, X9 ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X9 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-də saxlanılan təqsirləndirilən şəxs X3 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 35750 qram qalmış narkotik vasitə çətənə bitkisi (kannabis) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə ekspertiza xərcləri cəmi 144 (yüz qırx dörd) manat pul vəsaiti təqsirləndirilən şəxs X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 384 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X9 Azərbaycan Respublikası CM-nin 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X9 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan təqsirləndirilən şəxs X3 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 35750 qram qalmış narkotik vasitə çətənə bitkisi (kannabis) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 144 (yüz qırx dörd) manat təqsirləndirilən şəxs X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, X5 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar