Məhkəmə qərarları › İş №1(101)-378/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-378/2020

24.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-378/2020 24.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Fizuli rayonu, İşıqlı kəndində qeydiyyatda olan, həbs olunanadək Sumqayıt şəhəri, 18-ci məhəllə, 1 nömrəli yataqxana, otaq 135-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə,Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 nömrəli yataqxananın 135 nömrəli otağının qarşısında olan dəhlizdə heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyub xuliqanlıq niyyətilə qonşusu Zərərçəkmiş şəxs yaxınlaşıb, orada əlində saxladığı bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq döş qəfəsinin ön sağ hissəsinin döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ tərəfli hemopnemotoraks, travmatik hemoragik şok İİİ dərəcə, üst dodağın orta hissəsinin, sağ mil-bilək oynağının iç səthinin, sağ bazunun orta 1/3-nin ön səthinin, sol saidinin 1/3-nin arxa səthinin, sağ qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həbs olunanadək heç yerdə işləməmişdir. Fizuli rayonu işğal olunarkən o, məcburi köçkün düşmüş və Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yataqxanada məskunlaşmışdır. Onun yaşadığı yataqxanada yan otaqda qonşusu Zərərçəkmiş şəxs öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Onun Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvləri ilə heç bir münasibəti olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində o, yaxınlıqdaki mağazaya getmiş və mağazadan 1 (bir) ədəd 250 qramlıq araq alaraq yaşadığı yataqxanaya qayıtmışdır. Bundan sonra o, yaşadığı evdə həmin spirtli içkini içmişdir. Spirtli içki içdikdən sonra nə baş verdiyi onun yadında qalmamışdır. Yadında qalan yeganə hal odur ki, xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 18:00 radələrində o, yaşadığı otaqdan ayaqyalın qaçaraq həyətə çıxmışdır. Lakin hansı səbəbdən həyətə çıxmasını o, bilməmiş və xatırlamamışdır. O, spirtli içki içdikdən sonra sərxoş olduğundan xx xxxxxxx 2019-cu il tarixdə nə baş verməsini xatırlamamışdır. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs bıçaqla vurmasını xatırlamasa da, ayaqyalın yataqxanadan qaçmasını xatırlayır. Təqsirləndirilən şəxs qeyd edilənlərin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi cinayət əməlini xatırlamaması və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 nömrəli yataqxanada ailə üzvləri ilə birgə yaşayır. Təqsirləndirilən şəxs onların yaşadığı yataqxanada qonşuları olmuşdur. Ancaq onların Təqsirləndirilən şəxsla heç bir münasibətləri olmamışdır. Çünki Təqsirləndirilən şəxs tez-tez spirtli içki içirmiş və gün ərzində özü-özünə nalayiq söyüşlər söyürmüş. xx xxxxxxx 2019-cu il tarixdə o, yaşadığı otağın qarşısında əllərini yuyurmuş. Həmin vaxt Həsən öz otağından çıxaraq əlində bıçaqla ona hücum etmiş və arxadan əli ilə onun ağzını tutmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bıçaqla ona dalbadal zərbələr endirmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla 7 (yeddi) dəfə vurmuş, həmin zərbələr onun sağ döş qəfəsinə, qoluna, ağzına endirilmişdir. O, təqsirləndirilən şəxsin əlindən çıxıb qışqırmağa başlamışdır. O, qışqıran vaxt Həsən ayaqyalın oradan qaçmışdır. Onun səsinə əri Mübariz otaqdan çıxmış və ona kömək etmək üçün yanına gəlmişdir. O, Mübarizə Həsənin onu bıçaqla vuraraq qaçdığını demişdir. Bundan sonra təcili tibbi yardım gəlmiş və onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslə barışmamış və bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 nömrəli yataqxanada arvadı Şəhla, oğlu, qızı və nəvəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşadığı otaq onların yaşadığı otağın yanında yerləşirmiş. Həsən spirtli içki qəbul edirmiş və tez-tez nalayiq ifadələr işlədirmiş. Ona görə də onların Təqsirləndirilən şəxslə heç bir münasibətləri olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə o, evdə olan zaman Şəhlanın qışqırıq səsini eşitmişdir. O, cəld otaqdan çıxmış və otaqdan çıxdıqda arvadı Şəhlanın yerdə qanın içində görmüşdür. O, Şəhladan kimin vurduğunu soruşmuşdur. Şəhla da halsız vəziyyətdə Həsənin bıçaqla vurduğunu ona demişdir. O, otaqdan çıxanda Həsən artıq oradan qaçmışdır. Sonra onlar təcili tibbi yardım çağırmışlar və köməyə gələn həkimlər Şəhlanı xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 nömrəli yataqxanada yaşayır. Zərərçəkmiş şəxs qonşuluqdakı otaqda ailəsi ilə birgə yaşayır. Zərərçəkmiş şəxs ilə qonşuluqda isə Təqsirləndirilən şəxs yaşamışdır. Təqsirləndirilən şəxs özünə aid otaqda tək yaşayırmış və spirtli içki aludəçi olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində o, yaşadığı otaqda olmuşdur. Dəhlizə çıxdıqda birdən Həsənin qaçdığını görmüşdür. O, dəhlizə baxdıqda Şəhlanın yerdə qanın içində uzandığını görmüşdür. O, Şəhlaya yaxınlaşmış və nə olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs isə Həsənin bıçaqla vurduğunu ona bildirmişdir. Həmin vaxt orada Şəhlanın əri Mübariz də olmuşdur. Bundan sonra digər qonşular Nübar və Bəsti Şəhlaya yaxınlaşmışlar. Bir müddətdən sonra qonşular təcili tibbi yardım xəstəxanasına zəng etmişlər və Şəhla xəstəxanaya aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşuluqdakı otaqda ailəsi ilə birgə yaşayır. Zərərçəkmiş şəxs ilə yan otaqda isə Təqsirləndirilən şəxs yaşamışdır. Təqsirləndirilən şəxs öz otağında tək yaşayırmış və spirtli içki aludəçisi olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində o, yaşadığı yataqxananın dəhlizində qonşusu Şahid3 ilə söhbət edirmiş. Bu zaman Şəhla su ilə dolu vedrə gətirərək öz otaqlarının qarşısındakı dəhlizə keçmişdir. Söhbətlərinə davam edərkən o, Şəhlanın qışqırığını eşitmişdir. Sonra o, Şəhlanın dəhlizə yıxıldığını görmüş və o, Şəhlaya yaxınlaşmağa gedərkən Həsən onların üstünə qaçmışdır. O Həsəndən qorxaraq öz otağına keçmişdir. Həsən qaçdıqdan sonra o, otaqdan çıxmış və Şəhlaya yaxınlaşmışdır. Bu zaman orada Şəhlanın əri Mübariz və qonşu Bəsirə də olmuşdur. Həmin vaxt Şəhla qan içində olmuşdur. Bundan sonra qonşular təcili tibbi yardım xəstəxanasına zəng etmişlər və Şəhla xəstəxanaya aparılmışdır. Bundan başqa, şahid ifadəsində, həmçinin göstərdi ki, o, Həsənin Şəhlanı vurmasını görməmişdir. Lakin Zərərçəkmiş şəxs qışqırıq səsi gələn vaxt Təqsirləndirilən şəxs oradan çıxaraq qaçmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (bax: cild İ, iş vərəqə 6-8) görünür ki, cinayət hadisəsi Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 nömrəli yataqxananın 3-cü mərtəbəsində Təqsirləndirilən şəxs və onun qonşusu Zərərçəkmiş şəxs yaşadıqları otaqların qarşısında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (bax: cild İ, iş vərəqə 22-23) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 2 nömrəli Şəhər Poliklinikasının 672 nömrəli arayışından (bax: cild İ, iş vərəqə 55) görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinikanın psixiatrik kabinetində dispanser qeydiyyatındadır və o, xx xxxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2012-ci il tarixədək Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədə olub. Ona “xroniki paranoid vəziyyət” diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (bax: cild İ, iş vərəqə 95) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (bax: cild İ, iş vərəqə 61-62) görünür ki, həmin gün saat 10:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-244/2019 saylı qərarından (bax: cild İ, iş vərəqə 84-87) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli xx xxxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli 3418 saylı arayışdan (bax: cild İ, iş vərəqə 90) görünür ki,Təqsirləndirilən şəxs Fizuli rayonundan məcburi köçkün düşmüş və Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 nömrəli yataqxanada məskunlaşmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən (bax: cild İ, iş vərəqə 91) görünür ki, yataqxananın sakinləri tərəfindən daima Təqsirləndirilən şəxs barəsində şikayətlər daxil olub. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının 2161 saylı rəyindən (bax: cild İ, iş vərəqə 108-110) görünür ki,Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Qeyd edilməlidir ki, yoxlanılan şəxsin 2012-ci ildə Sumqayıt Psixiatriya xəstəxanasında müalicədə olduğu zaman onda müəyyən edilmiş “Xroniki paranoid vəziyyət” diaqnozlu psixi xəstəlik əlamətləri hal-hazırda müəyyən edilmir. Cinayət işi materiallarından hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 1720 nömrəli canlı şəxsin ekspertizası rəyindən (bax: cild İ, iş vərəqə 119-121) görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: döş qəfəsinin ön sağ hissəsinin döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ tərəfli hemopnemotoraks, travmatik hemoragik şok İİİ dərəcə, üst dodağın orta hissəsinin, sağ mil-bilək oynağının iç səthinin, sağ bazunun orta 1/3-nin ön səthinin, sol saidinin 1/3-nin arxa səthinin, sağ qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmiş şəxsin Sumqayıt TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx xxxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə döş qəfəsinin ön sağ hissəsinin döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ tərəfli hemopnemotoraks, travmatik hemoragik şok yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər yəni - üst dodağın orta hissəsinin, sağ mil-bilək oynağının iç səthinin, sağ bazunun orta 1/3-nin ön səthinin, sol saidinin 1/3-nin arxa səthinin, sağ qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (bax: cild İ, iş vərəqə 134-135) görünür ki, Zərərçəkmiş şəxs cinayətin törədildiyi yerdə ona qarşı törədilmiş cinayətin törədilmə üsulunu və mexanizmini əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30922 nömrəli rəyindən (bax: cild İ, iş vərəqə 144-145) görünür ki,tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin tədqiqi hissəində təsvir edilən zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və ya bənzər xassəli alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Təqdim edilmiş köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilmə-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (bax: cild İ, iş vərəqə 147-151) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməsi, cinayət törədilərkən Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd qadın köynəyinin maddi sübut kimi tanınması və saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi barədə qərardan (bax: cild İ, iş vərəqə 154-155) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X9 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 nömrəli yataqxananın 135 nömrəli otağının və qonşusu Zərərçəkmiş şəxs yaşadığı otağın qarşısında olan dəhlizdə heç bir əsaslı səbəb olmadan qonşusu Zərərçəkmiş şəxs sərxoş halda yaxınlaşmış və əlində saxladığı bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda ardıcıl zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs döş qəfəsinin ön sağ hissəsinin döş boşluğuna keçən bir ədəd deşilmişkəsilmiş yarası, sağ tərəfli hemopnemotoraks, travmatik hemoragik şok İİİ dərəcə, üst dodağın orta hissəsinin, sağ mil-bilək oynağının iç səthinin, sağ bazunun orta 1/3-nin ön səthinin, sol saidinin 1/3-nin arxa səthinin, sağ qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan xəsarətlər almışdır. Zərərçəkmiş şəxs aldığı xəsarətlərin bəziləri, yəni döş qəfəsinin ön sağ hissəsinin döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ tərəfli hemopnemotoraks, travmatik hemoragik şok yetirilən anda həyat üçün təhlükəli olmuşlar və bu səbəbdən də həmin xəsarətlər sağlamlığa ağır zərərvurmaya aid edilmişlər. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti onun zərərçəkmiş şəxsə qarşı sərgilədiyi zorakı, qəddar və kobud hərəkətlərində, o cümlədən zərərçəkmiş şəxsə qarşı hörmətsizlik göstərən eqoizmini açıq nümayiş etdirməsində ifadə olunmuşdur. Belə ki, xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, cinayət törətdiyi şəxsə qarşı hörmətsizlik göstərən eqoizmin açıq nümayiş etdirilməsində və ona qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə cinayət törətməsi həm də onunla təsdiq olunur ki, cinayət hadisəsinin baş verməsinə nəyinki əsaslı səbəb mövcud olmuşdur, əksinə ümumiyyətlə heç bir səbəb mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər, yəni döş qəfəsinin ön sağ hissəsinin döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ tərəfli hemopnemotoraks, travmatik hemoragik şok yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət dərəcəsinə aid edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və məcburi köçkün olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qadın köynəyi hazırki hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş cəmi 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qadın köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar