Məhkəmə qərarları › İş №1(101)-379/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-379/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-379/2021 16.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 24, mənzil 112-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı ünvan 2 ünvanının həyətində yerləşən istixananın içərisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində külli miqdarda ümumilikdə 31 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib onların hissələrini toplayaraq kultivasiya etmiş və həmin çətənə (kannabis) bitkilərinin topladığı yarpaqlarını qurudaraq satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla külli miqdarda 1815 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etməklə qara rəngli sellefon bağlamaya yığıb istixanadakı dolabın içərisinə daşıyaraq gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxxx 2020-ci il tarixdə saat 23:20-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən istixananın içərisindən qanunsuz olaraq əkilib yetişdirilməklə kultivasiya edilmiş külli miqdarda, yəni ümumi çəkisi 4120 qram (4kq 120 qram) olmaqla 31 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və həmin istixanadakı dolabın içərisindən götürüb təqdim etdiyi satış məqsədi ilə saxladığı qara rəngli bağlamada külli miqdarda ümumi təmiz çəkisi 1815 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilirək, ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2007-ci ildə narkotikə görə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2019-cu ilin qış ayları idi, təxminən yanvar ayı olardı. Şüvəlan qəsəbəsində parkda bir nəfər skamyada əyləşmişdi, o da həmin şəxsin yanında oturdu. Bir qədər həmin şəxslə söhbətləşəndən sonra nəşə, yəni çətənə bitkisi barədə söhbət açıldı. Üstündə marixuana olub-olmadığını soruşduqda ona, marixuana yoxdur, ancaq marixuanın hazırlandığı çətənə bitkisinin toxumlarından var, həmin şəxsdən siqaret qutusunun üzərində olan şəffaf sellefonun içərisindəki çətənə toxumlarını götürdü və gətirib evdə saxladı. 2019-cu ilin mart ayında toxumları həyətdə istixanada əkdi, onlara su verməyə başladı. Təxminən 15-20 gün sonra torpağın üstündə çətənə bitkiləri görünməyə başladı. 2019-cu ilin təxminən iyun-iyun aylarında çətənə bitkiləri tam yetişdiyi üçün onları yığdı istixanın içərisində yerə sərib qurutmağa başladı. Bir qədər toxumu da növbəti il əkmək üçün saxladı. Çətənə kollarını qurutduqdan sonra hər gün istifadə edirdi. İl ərzində əkdiyi çətənə bitkilərini çəkib bitirdi. 2020-ci ilin mart ayında yenidən toxum əkməyə, qulluq etməyə başladı. Yetişən bitkiləri istixanada yerə sərib qurudurdu. Qalan bitkilərin isə yetişməyini gözləyirdi. Çətənə bitkilərini elə yerdə əkmişdi ki, kimsə görməsin. xx xxxx 2020-ci il tarixində saat təxminən 23 radələri idi, evin qarşısında olan zaman bir neçə şəxs ona yaxınlaşdı. Özlərini polis əməkdaşı kimi təqdim etdilər. Ondan anket məlumatlarını soruşdular, o da özünü təqdim etdi. Daha sonra ona narkotik tərkibli bitkilərin əkilib becərilməsində şübhəli olduğunu bildirdilər. Orda bir nəfər aqronom da var idi. Evində baxış keçirilməsinə etirazı olmadığı üçün polis əməkdaşlarından heç nəyi gizlətməyərək, onları istixananın içərisinə apardı. İstixananın içərisində əkibbecərdiyi çətənə kollarını polis əməkdaşlarına göstərib nə olduğunu etiraf etdi. Aqronom da onların çətənə olmasını təsdiq etdi. Daha sonra polislər həmin bitkiləri çıxarıb sellofon torbanın içərisinə yığdılar. Polis əməkdaşları ondan evdə, həyətdə, istixanada əlavə narkotik vasitə olub-olmadığını soruşduqda, o istixanada əkdiyi çətənə bitkilərindən qurutduğu marixuananın yerini də polislərə göstərdi. Polis əməkdaşları həmin narkotik vasitəyə baxış keçirdi və qara rəngli sellofon bağlamaya qoyulub möhürləndi. Üzəri də imzalandı. Evdə isə heç nə tapılmadı. Bundan sonra polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə getdilər. Orada protokol tərtib olundu və həmin protokol iştirakçılar tərəfindən imzalandı. Daha sonra vəkil dəvət etdilər, hüquq və vəzifələri izah olundu. Sonra isə üzərində şəxsi axtarış keçirildi və heç bir qanunsuz əşya aşkar olunmadı, istixanada polis əməkdaşları 31 ədəd çətənə bitkisi aşkar etməyib, orada daha az sayda bitki olub. Özünü tərkibində narkotik maddə olan çətənə bitkisi əkməkdə təqsirli bilir. Ancaq satış məqsədi olmayıb. Həmin bitkiləri şəxsi istifadəsi üçün, qurudub çəkmək üçün əkmişdi. Özünü qanunsuz olaraq narkotik vasitə olan çətənə bitkiləri əkməkdə təqsirli bilir. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Baş İdarəyə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. O, əməliyyat qrupunun rəhbəri olmaqla əməliyyat qrupu yaradıldı. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində əməliyyat qrupunun üzvləri və baxışda iştirak etmək üçün dəvət edilmiş Bitki Mühafizəsi və X3 X2 təcrübi stansiyasının aparıcı elmiş içşisi, alim-aqronomla birlikdə Təqsirləndirilən şəxs ünvanına getmişdirlər, ora yaxınlaşan zaman xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin piyada hərəkət etməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsində şübhəli olduğunu bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmasını və onun yaşadığı ünvana baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. Təqsirləndirilən şəxs ilk öncə yaşadığı ünvana tərəflərindən baxış keçirilməsinə etirazının olub-olması soruşulmuşdur. O, ərizə yazaraq yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə hər hansı bir etirazının olmadığım söyləmiş və bununla bağlı ərizə yazmışdır. Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli çətənə bitkilərinin əkib yetişdirməklə kultivasiya etməsi soruşulan zaman o, həyətindəki istixananın içərisində narkotik tərkibli çətənə bitkilərini əkdiyini və qulluq göstərməklə yetişdirməsini söyləmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs iştirakı ilə həyətə daxil olmuşlar. Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə hərəkət edib həyətdə yerləşən istixananın qarşısına gəlmişlər. İstixananın içərisinə daxil olub orada müxtəlif növ güllərin və narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin əkilməsini görmüşlər. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini kiminsə görməməsi üçün güllərin arasında əkdiyini bildirmişdir. Aqronomun göstərdiyi bitkilər torpaqdan çıxarılmışdır. Çıxarılan çətənə bitkilərinə oxşar bitkilərin ümumilikdə 31 ədəd olması müəyyən edilmişdir. Həmin çətənə bitkilərindən 13 ədədi boş ağ rəngli torbaya, 18 ədədi isə qara rəngli sellefona qoyulmuşdur. Bundan sonra həmin bağlamaların üzərində qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd olunan narkotik tərkibli çətənə bitkilərindən hazırlanan qurudulmuş marixuananın olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin istixananın giriş hissəsindən sol tərəfdə yerləşən taxta dolabın aşağı hissəsindən İçində yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd qara bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisinə baxış keçirilmiş və elektron tərəzidə ölçülərək 821 qram çəkidə olması müəyyən edilmişdir. Həmin bağlama üzəri imzalanmaqla qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra iştirak edən şəxslər və Təqsirləndirilən şəxs ilə birlikdə Baş İdarənin inzibati binasına gəlmişlər. Təhqiqatçı tərəfindən keçirilən baxış və götürmə aparılması ilə əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli "Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının arxa sağ cibindən 20 manat pul aşkar olunmuş və iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. “Samsung” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan çətənə bitkilərinin toxumlarını yaşadığı ünvanın yaxınlığında yerləşən istirahət parkında üzdən tanıdığı şəxsdən əldə etdiyini bildirmişdir. O, həmin toxumları 2019-cu ilin mart ayında əkdiyini və çətənə bitkilərinin yetişməsi nəticəsində həmin bitkilərdən əmələ gələn toxumları növbəti il əkmək üçün yığdığını, bitkiləri isə qurudaraq narkotik vasitə marixuana hazırladığını bildirmişdir. Hazırladığı narkotik vasitə qurudulmuş marixuananı il ərzində özü istifadə etməsini və hazırda aşkar edilmiş çətənə bitkilərini isə qeyd etdiyi bitkilərin toxumları nəticəsində əldə etməsini söyləmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid3 verdiyi ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi ev 60-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. O, pilləkan ustası kimi fərdi qaydada fəaliyyət göstərir. Təqsirləndirilən şəxs təxminən 3-4 il bundan öncə H.Əliyev adına hava limanından tanımışdır. Həmin vaxtlar hər ikisi qeyd olunan yerdə taksi fəaliyyəti göstərmişlər. Onlar bir-biri ilə mobil telefonla əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs xarici görkəminə görə narkotik vasitə istifadəçi olduğunu zənn edib ona narkotik vasitə olan marixuananı pul qarşılığında tapmasını bildirmişdi və Hikmət də hər hansı bir problemin olmadığını və lazım olan miqdarda narkotik vasitə olan marixuana sata biləcəyini demişdir. 2020-ci ilin mart-aprel ayında dəqiq xatırlamadığı tarixdə o, Hikmətlə watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb ona 20 manatlıq narkotik vasitə olan marixuana təşkil etməsini istəyəndə, Hikmət də problemin olmadığını demişdir. Bundan sonra Hikmətin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gedib yolun kənarında onunla görüşmüşdür və özü istifadəsi üçün 20 manat məbləğində pulu Hikmətə ödədikdən sonra o, kağıza bükülmüş halda qurudulmuş marixuananı vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan 09 iyul 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/413 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərindəmarixuana...kütlə...” yazısı və imza olan 01 (bir) ədəd qara rəngli sellefon bağlamadakı təmiz çəkisi- 1815 qram( 1 kq 815 qram), olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır.Tədqiqata təqdim edilmiş hər birinin üzərində: Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı” yazıları və imzalar olan 01 (bir) ədəd qara rəngli sellefon bağlamadakı və 01 (bir) ədəd ağ rəngli sintetik torbadakı ümumi sayı 31 (otuz bir ədəd) yaş vəziyyətdə ümumi çəkisi- 4120 qram, olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkiləridir. Aqranomun rəyinə əsasən təqdim edilmiş çətənə(kannabİs) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Marixuananın təmiz çəkisi 1815 qram, tədqiqata sərf edildi 0.1 qram qalıq 1814.9 qram, çətənə bitkilərinin ünumi çəkisi 4120 qram , tədqiqata sərf edildi 0.62 qram qalıq 4119.38 qram Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2451 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi milə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət gülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olunmasını cəzanə yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCQMİ-də maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 4119.38 qram cəmi 31 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 1814.9 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCQMİ-də maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 4119.38 qram cəmi 31 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 1814.9 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar