Məhkəmə qərarları › İş №1(101)-379/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-379/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-379/2022 13.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1988-ci il tarixdə Naxçıvan MR-nın Babək rayonunun, Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Naxçıvan MR-in Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd kağız paketdə bir bükümdə ümumi təmiz çəkisi 28,396 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 avqust 2021-ci il tarixdə saat 22:15 dəqiqədə qeyd edilən ünvanda saxlanılıb ünvan 3 şəhəri, Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək polis bölməsində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib saxladığı bir ədəd kağız paketdəki bir bükümdə külli miqdar hesab edilən 28,396 qram çəkidə narkotik vasitə olan heroin və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2013-cü ildən, 2015ci il tarixədək “Socar” neft şirkətinin 12 saylı məntəqəsində mühafizəçi işləmiş, oradan işdən çıxdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2 ilə yaxındır ki, ***-***-**-** saylı mobil telefon nömrəsini işlədir və həmin nömrə öz adına rəsmiləşdirilmişdir. 17 avqust 2021-ci il tarixdə kirayədə yaşadığı evdə birgə yaşadığı Turac adlı xanımla birgə olarkən saat 22 radələrində mülki geyimli polis əməkdaşları evin mülkiyyətçisi ilə birgə evə daxil olaraq onu saxlamışlar, evdə axtarış keçirərək, onu Xətai RPİ-nin 35-ci PB-nə aparmışlar. Polis əməkdaşları onu saxlayan zaman üzərində və ya mənzildə narkotik vasitə, eləcə də elektron tərəzi olmamışdır. Həmin narkotik vasitələrin ona məxsus olduğunu polis əməkdaşlarının təzyiqi nəticəsində boynuna almalı olmuşdur. Heç bir İİR vətəndaşı ilə əlaqəsi olmamış, narkotik vasitə əldə etməmişdir. Onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Xətai rayon ərazisində kirayədə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, onları daşıması, istifadə etməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı həmin məlumatın yoxlanılması üçün onun və həmin idarənin əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq həmin tarixdə saat 22:15 dəqiqədə qeyd edilən əməkdaşlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması ilə bağlı daxil olan məlumat əsasında ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ona özlərini təqdim edib, şəxsiyyəti barədə məlumat verməsini istəmişlər. Həmin şəxs özünü xx xxx 1988-ci il tarixdə Naxçıvan MR-nın Babək rayonunun, Zeynəddində kəndində anadan olmuş, əvvəllər Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum edilmiş, Naxçıvan MR-nın Babək rayonu, Zeynəddində kəndində qeydiyyatda olan və ünvan 5 ünvanında kirayədə yaşayan Quliyev Məhəddin Əbülfəz oğlu kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək narkotik vasitələrin istifadəsində və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və satması barədə onlarda məlumat olduğunu deyib paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə onu Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-nə getmişdir. Polis Bölməsində xidməti otaqlardan birində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün bir nəfər vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah etdikdən sonra bütün iştirakçılara prosessual hərəkətlərin aparılması zamanı videokamera vasitəsi ilə çəkiliş həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı barədə şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Quliyev Məhəddin Əbülfəz oğlu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan cins şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefon, **********602494, **********319673, **********015828 nömrəli plastik bank kartları və içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Sonra həmin heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisi 30 (otuz) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılıb möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon, bank kartları götürülmüş, siqaret qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşının vasitəsi ilə deyilən ünvanlara çatdırmaq üçün Xətai rayon ərazisində gizlədilən yerdən əldə etdiyini, əlavə olaraq hardasa narkotik vasitə saxlamadığını, polis əməkdaşları tərəfindən ona hər-hansı bir zor tətbiq olunmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında olan otaqların birində süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmışdır. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu bu barədə protokol tərtib etmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra baş təhqiqatçı tərəfindən məhkəmə-kimyəvi ekspertizası təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı 1 ədəd bükümdə olmaqla külli miqdar hesab edilən 28,396 qram çəkidə narkotik vasitə olan qəhvəyi rəngli heroindir. Daha sonra toplanmış material istintaq hərəkətlərinin aparılması üçün Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 17 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 17 avqust 2021-ci il tarixdə saat 22:15 dəqiqədə ünvan 2 evin, 28 saylı mənzilində kirayədə yaşayan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, külli miqdarda 28,396 qram çəkidə qəhvəyi rəngli narkotik vasitə olan heroin və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. (iş vərəqə 30-32) Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2021-ci il tarixli 6/3555 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ”Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-7” dairəvi möhür əksi olan, ”Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 28,396 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş» Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısında (Siyahı İ) daxildir. (iş vərəqə 38-42) Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş, üzərində ”Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-7” dairəvi möhür əksi olan, ”Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 28,396 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalmış 28,346 qram çəkidə narkotik maddə olan heroin və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi Bakı şəhəri Xətai RPİ-də saxlanılır. (iş vərəqə 147,167) Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 03 sentyabr 2021-ci il tarixli 3231 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 137-138) 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-də üzərində keçirilən axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsi ilə videoçəkilişlər aparılaraq cinayət işi materiallarına əlavə edilmiş və həmin videoçəkilişlər cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmışdır. (iş vərəqə 107) Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman “Sony” markalı videokamera vasitəsi ilə aparılmış videoçəkilişlərə baxış keçirilməsi haqqında 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 17 avqust 2021-ci il tarixdə saat 23:20 dəqiqədə süni işıqlandırma ilə işıqlandırılmış otaq Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-də xidməti otaqlardan biridir. Videogörüntüdən müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçı X1 tərəfində ayaq üstə dayanmış şəxs, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2dur. Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-nin xidməti otaqlarının birində baş təhqiqatçının qarşısında ortada ayaq üstə durmuş əynində qara rəngli köynək, qara rəngli cins şalvarı olan şəxs isə Təqsirləndirilən şəxsdur. Baş təhqiqatçı Nəcəf Aburşunun sol tərəfindən ayaq üstə dayanmış şəxs isə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2r. Təqsirləndirilən şəxs sol və sağ tərəfində dayanmış şəxslər adları video çəkiliş zamanı baş təhqiqatçı tərəfindən sadalanan Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı əməliyyat müvəkkili, polis mayoru Şahid2 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2r. Video çəkilişin davamında baş təhqiqatçı Nəcəf Aburşu qarşısında ortada dayanmış şübhəli şəxsə özünü təqdim etməyini, polis bölməsinə gətirilməsi ilə bağlı şikayəti olub olmadığını bildirir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına özünü təqdim etdikdən sonra heç bir şikayəti və vəsatətinin olmadığını bildirdikdən sonra baş təhqiqatçı ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, nə vaxt, haradan və kimlər tərəfindən Xətai RPİ-nin 35-ci polis bölməsinə gətirildiyini deyir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə gecə saat 22:15 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında dayandığı vaxt 2 nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyib onu sorğu-sual etdiklərini, özü barədə məlumat verməsini deyib ondan şübhələndiklərini və Xətai RPİ-nin 35-ci polis bölməsinə dəvət etdiklərini bildirir. Baş təhqiqatçı Nəcəf Aburşu şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik maddə qəbul edib-etmədiyini soruşduqda sonuncu narkotik maddə qəbul etmədiyini bildirir. Daha sonra Baş təhqiqatçı Nəcəf Aburşu şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olub olmadığını, olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofanın içərisində olan bir ədəd sellofan bükümün içərisindəki tünd qəhvəyi rəngli maddəni və həmin şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini çıxardıb masanın üstünə qoyur. Baş təhqiqatçı Nəcəf Aburşu, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində olan tünd qəhvəyi rəngli maddənin nə olduğunu soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin kakos olduğunu baş təhqiqatçıya bildirir. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni sellofan bükümün içərisindən iştirakçılara göstərərək onun insanlar arasında kokos kimi deylən heroin olduğunu bildirir. Baş təhqiqatçı həmin bükülünün tamlığının pozulmaması üçün onu bağlayır. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır və əynində olan cins şalvarının sol yan cibinə baxış zamanı sonu 5828, 9673, 2494 olan plastik bank kartları, 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefon və içərisində siqaret dənələri olan bir qutu siqaret qutusu aşkar olunur. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroini iştirakçılara göstərərək ağ rəngli elektron tərəzinin üzərinə qoyaraq çəkir və müəyyən edilir ki, həmin heroin 30 qram çəkidədir. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni və bir ədəd gümüşü rəngli elektron tərəzini iştirakçıların yanında bir ədəd zərfə qoyaraq qablaşdırılır, iştirakçılar həmin zərfi imzalayırlar. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin qablaşdırılaraq götürüldüyünü, habelə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş plastik bank kartlarının, bir ədəd mobil telefonun götürüldüyünü, içərisində siqaret dənələri olan bir qutu siqaretin Təqsirləndirilən şəxs qaytarıldığını iştirakçılara elan edir. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni nə vaxt, kimdən əldə etdiyini, nə məqsədlə üzərində saxladığını və daşıdığını ondan soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 17 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayon ərazisində yerləşən poçtun yanında İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirir. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu , şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni nə məqsədlə götürdyünü soruşduqda Təqsirləndirilən şəxs həmin maddəni harasa bir yerə qoyub gizlədəcəyini bildirir. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni üzərində saxlamaqda marağının nə olduğunu, narkotik maddə qəbul edib-etmədiyini soruşduqda sonuncu narkotik maddə qəbul etmədiyini, üzərindən aşkar edilmiş narkotik maddəni üzərində saxlamaqda məqsədinin narkotik maddəni hansısa bir yerə qoyacağını, əvəzində isə İranlının onun bank kartına pul qoyacağını bildirir. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə və ya başqa bir yerdə narkotik maddə saxlayıb-saxlamadığını soruşduqda sonuncu heç bir yerdə narkotik maddə saxlamadığını bildirir. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu, şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik maddə qəbul edib etmədiyini, kimlərəsə narkotik maddə satıb satmadığını soruşur, sonuncu isə narkotik maddə qəbul etmədiyini, heç kimə narkotik maddə satmadığını bidirir. Daha sonra baş təhqiqatçı Nəcəf Aburşu müdafiəçidən şübhəli şəxs Təqsirləndirilən şəxs sualı olub-olmadığnı soruşur, müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər-hansı bir qanunsuz hərəkətin edilib-edilmədiyini soruşduqda sonuncu, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirir. Bundan sonra baş təhqiqatçı Nəcəf Aburşu videoçəkilişin «Sony» markalı videokamera vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini, polis polkovnik-leytenantı Şahid1 tərəfindən aparıldığını bildirir. Qeyd olunan diskə tərəfindən baxış keçirildikdən sonra disk cinayət işi materiallarına əlavə olunmuşdur. (iş vərəqə 105-106) Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli 17 avqust 2021-ci il tarixli şəxsi axtarış və baxış protokolu, ona əlavə edilmiş CD diskdə olan videogörüntülər, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, habelə iş materiallarında olan digər mötəbər dəlillərlə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirmir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona AR CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda yaşayır.2009-cu ildə ailə həyatı qursada ailə daxilində baş vermiş mübahisələr səbəbi ilə 2020-ci ildə rəsmi olaraq boşanmışdır.10 yaşlı Həsən Quliyev adlı oğlu olsa da, o, anası ilə biryerdə yaşayır və onun himayəsində deyil. 2013-cü ildən, 2015-ci il tarixədək “Socar” neft şirkətinin 12 saylı məntəqəsində mühafizəçi kimi işləmiş, oradan işdən çıxdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2 ilə yaxındır ki, ***-***-**-** saylı mobil telefon nömrəsini işlədir və həmin nömrə öz adına rəsmiləşdirilmişdir. Ailəsi dağıldığından və maddi vəziyyəti pis olduğundan yaxşı qazanc əldə edib yenidən ailəsi ilə biryerdə yaşamağı düşünmüş və asan yolu narkotik maddələrin satışı ilə məşğul olmaqda görmüşdür. 16 avqust 2021-ci il tarixdə “Vhatsapp” proqramı vasitəsi ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslə əlaqə saxlayıb ona 30 qram narkotik vasitə heroin göndərməsini söyləmiş, iranlı 17 avqust 2021-ci il tarixdə Xətai rayon ərazisindəki Rabitə qovşağı binasının yanındakı kolluqdan narkotik vasitəni götürməsini söyləmişdir. 17 avqust 2021-ci il tarixdə ona deyilən yerə gedib kolluqların arasından heroini tapıb götürmüş, heroin bir ədəd sellofan bükümdə olmuşdur. Heroini götürüb oradan uzaqlaşıb kirayədə yaşadığı evə getmişdir. Heroini satarkən çəkmək üçün əvvəlcədən özünə elektron tərəzi almışdır. Həmin gün saat 22 radələrində kirayədə yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu Xətai RPİnin 35-ci PB-nə dəvət etmişlər.Bu zaman o, polis əməkdaşlarına üzərindəki narkotik vasitədən xəbərdar olduqlarını başa düşmüş və onlarla birlikdə polis bölməisnə getmşidir.Polis bölməsində xidməti otaqların birində polis əməkdaşı və ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində axtarış keçirilmişdir. İştirakçıların yanında üzərinə keçirilən axtarış zamanı əynindəki şalvarının cibindən içərisində narkotik maddə olan bükümü çıxardıb təqdim edərək bildirmişdir ki, bükümdəki narkotik vasitə heroindir.Onun üzərindən aşkar edilmiş narkotik maddə elektron tərəzidə çəkilidkdən sonra iştirakçıların yanında zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. (iş vərəqə 59-61) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkilişləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 20.09.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 1(007)-80/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vərəqə 115, 116, 124-127) Məhkəmə istinad olunan sənədləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan törədilmiş cinayət olduğundan Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan, Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 140) İş materiallarında olan 27.08.2021-ci il tarixli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 16.10.2020-ci il tarixdə cəzasını çəkmək üçün 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 1(007)-80/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərək cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, Təqsirləndirilən şəxs 16.10.2020-ci il tarixdən 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmış və hazırki törədilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 17 avqust 2021cu il tarixdə tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 03 il, 07 ay, 29 günü və 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası çəkilməmiş qalmışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 1(007)-80/2020 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, yəni 03 il, 07 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə və 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları ona təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 4(011)-352/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 21; 70-72) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli qərarından görünür ki, cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməldir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 28,346 qram olan külli miqdarda narkotik vasitə heroin və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 03 sentyabr 2021-ci il tarixli 3231 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs AR CM-in 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara sonrakı dəyişikliklərə və əlavələrə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 1(007)-80/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, yəni 03 il, 07 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə və 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları ona təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. AR Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-də saxlanılan qalıq çəkisi 28,346 qram olan narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar