Məhkəmə qərarları › İş №1(101)-379/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-379/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-379/2024 18.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 15 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 27 avqust 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, külli miqdarda psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, külli miqdarda təmiz çəkisi 5,926 qram olan psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbas 119 nömrəli ünvanda yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən külli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,926 qram olan ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “Tofaş” markalı, gümüşü rəngli “**-ET-***” dövlət qeydiyyat nömrəli avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sədyar Zeynalovu qonşuluqda yaşayan şəxs kimi “Sədi" olaraq tanımışdır. 09 fevral 2023-cü il tarixdə gün ərzində öz işləri ilə məşğul olmuşdur. Həmin gün Sədyar Zeynalov onun maşınına yaxınlaşaraq, qabaq oturacaqda əyləşmişdir. Sədyarın ardınca məhəllədə bir neçə dəfə gördüyü, lakin, tanımadığı şəxslər avtomobilə əyləşərək, Həzi Aslanov metrostansiyası tərəfə onları aparıb daha sonra geri gətirməyini xahiş edərək, bunun müqabilində ona 15 manat məbləğində pul verəcəklərini demişlər. O da razılaşmış, onları qeyd olunan əraziyə çatdırdıq da həmin üç nəfər şəxs maşından düşərək nəyisə axtarmağa başlamışlar. O, həmin şəxslərin kolluqda nəyisə axtardıqlarını görərək, onların narkotik vasitə götürmək üçün gəlmələrindən şübhələnmişdir. Lakin, uzun müddətdir narkotik vasitə istifadə etmədiyi və hər hansı qanunsuz hərəkətlərlə məşğul olmadığı üçün həmin yeri tərk etməyə ehtiyac olmadığını düşünmüşdür. Həmin şəxslər avtomobildən təxminən 100 metr aralanmış, bu zaman polis əməkdaşları yaxınlaşaraq, Sədyarı və onu saxlamışlarlar. Həmin şəxslər isə polisləri görərək qaçıb getmiş, Sədyar və o polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 25-ci Pş-nə gəlmişlər. Polis Şöbəsində psixotrop maddənin ona məxsus olmasını bildirərək, videoçəkiliş vasitəsilə baxış keçirmişlər. O, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmir, lakin xəstəxanada metodon suyu içməklə müalicə olunur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, onun üzərindən 5,926 qram psixotrop maddə metamfetamin aşkar edilməmiş, həmin psixotrop maddə onun sərnişin kimi daşıdığı şəxslərə məxsus olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı rütbəsindədir. 09 fevral 2023-cü il tarixdə Sədyar və Rəcəb adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə məşğul olmaları barədə daxil olmuş məlumat rəhbərliyə məruzə olunaraq həmin şəxslərin ifşa olunması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edilmişdir. Bundan sonra yaradılmış əməliyyat qrupu üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin ünvan 5 ünvanda olması müəyyən olunduqdan sonra həmin ünvana yollanmışlar. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, həmin şəxslər özlərini təqdim edərək X3 və Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Həmin şəxsləri Nizami RPİ-nin 25-ci PŞ-nə gətirmişlər. PŞ-də şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofanda, içərisində ağ rəngli maddə olan büküm aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının 09 fevral 2023-cü il tarixli 6/797 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №163» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,926 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. (iş vərəqə 43-45 İş materiallarında olan ambulator X1 14 aprel 2023-cü il tarixli 2184 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatoriarın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 217-218) Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 mart 2023-cü il tarixli 768 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıilıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədə bilərdimi barəsində qoyulmuş sual ekspert psixoloqun səlahiyyətinə aiddir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. (iş vərəqə 221-223) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nurlan Talıbov tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu və həmin gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, içərisində ağ rəngli maddə olan bükümü və 2 ədəd 1 manatlıq pul əskinazını çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq həmin psixotrop maddə olmasını, sərnişin qismində «Həzi Aslanova» apardığı İran İslam Respublikası vətəndaşından pul əvəzi aldığını, 2 ildir ki, psixotrop maddələrin qəbulu ilə məşğul olduğunu, tanışı X2 da narkotik vasitə aludəçisi olduğunu bildiyini bildirmişdir. (iş vərəqə 30-31) İş materiallarında olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» 12 fevral 2023ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nurlan Talıbov tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilir. Bu təklifədn sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu və həmin gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, içərisində ağ rəngli maddə olan bükümü və 2 ədəd 1 manatlıq pul əskinazını çıxarıb təqdim edir. Verilmiş suallara cavab olaraq həmin psixotrop maddə olmasını, sərnişin qismində «Həzi Aslanova» apardığı İran İslam Respublikası vətəndaşından pul əvəzi aldığını, 2 ildir ki, psixotrop maddələrin qəbulu ilə məşğul olduğunu, tanışı X2 da narkotik vasitə aludəçisi olduğunu bildiyini qeyd edir. (iş vərəqə 160) Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olmaması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizasının 09 fevral 2023-cü il tarixli 6/797 saylı, ambulator X1 14 aprel 2023-cü il tarixli 2184 saylı, məhkəmə-psixiatrik ekspertizasının 18 mart 2023-cü il tarixli 768 saylı rəyləri, «Şəxsi axtarış və götürmə haqqında» 09 fevral 2023-cü il tarixli, «Videogörüntüyə baxış keçirilməsi haqqında» 12 fevral 2023-ci il tarixli protokollar və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən, heroin və ya metamfetamini vaxtaşırı istifadə edir. Narkotik vasitə ehtiyac olanda üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən narkotik maddələr əldə edir. Həmin şəxsi təsadüfən görən zaman sonuncudan narkotik alır. Sədyar Zeynalovu az müddətdir ki, tanıyır. Onunla qonşuluqda yaşayır. Sədyarı “Sədi" kimi tanıyır. O, “Tofaş” markalı gümüşü rəngli ** ET *** dövlət qeydiyyat nömrəli avtomobillə taksi fəaliyyəti İlə məşğul olur. xx.xx.2023-cü il tarixdə gün ərzində öz işlərilə məşğul olmuşdur. Axşam saatlarında bir nəfər İran İslam Respublikası vətəndaşı ona yaxınlaşaraq taksi kimi onu Həzi Aslanov metrostansiyasının yaxınlığına aparmağını xahiş etmişdir. Həmin vaxt o, İçərişəhər metrostansiyasının yaxınlığında olmuşdur. O, razılaşmış və sonuncunu İçərişəhər metrostansiyasının yaxınlığından götürmüş, Həzi Aslanov metrostansiyasının yaxınlığına aparmışdır. Gecə saat təxminən 01 radələrində yolda gedərkən Sədi ilə danışmış və Sədi də həmin yerdə olduğunu bildirib, işi olmazsa görüşmələrini demişdir. Tanımadığı həmin İran vətəndaşı sonuncunun bildirdiyi Həzi Aslanov metrosunun yaxınlığına çatdıqda ona 12 manat yol pulu əvəzində narkotik vasitə verə biləcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Həmin şəxs ona 01 ədəd şəffaf bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin vermişdir. O da narkotiki gələcəkdə özü istifadə etməyi üçün götürüb gödəkcənin sağ yan cibinə qoymuşdur. O, həmin şəxsi orada düşürdükdən sonra avtomobilini yaxınlıqda park etmiş və Sədi ilə görüşməyə getmişdir. Avtomobili orada saxlamağının səbəbi avtomobillə üzərində narkotik vasitə ilə tutulmamaq olmuşdur. Sədi ilə görüşə gedərkən külək olduğundan yavaş hərəkət edib piyada sonuncunun olduğu yerə getmişdir. O, Sədi ilə görüşmüş və onlar piyada hərəkət etdikdə iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onların narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiklərini izah edib onları Polis şöbəsinə dəvət etmişlər və onlar polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 25-ci Pş-nə gəlmişdir. PŞ-də ona hüquq və vəzifələri elan edilmiş və üzərinə baxış keçirilməsi təklif edilmişdir. Bu zaman o əynində olan qara rəngli gödəkcəsinin sağ yan çibindən bir qədər əvvəl əldə etdiyi metamfetamin narkotikini çıxararaq təqdim etmişdir. Bundan sonra üzərinə baxış olmuş və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 5,926 qram təşkil edən psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-1 -ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Yasamal rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Səbail rayon xalq məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə, Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən barəsində CM-nin 76-cı maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın çəkilməmiş 03 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (iş vərəqə 153-155) Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X6 olmaqla bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 21; 136-140) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan, yəni, 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X11 Ambulator X1 14 aprel 2023-cü il tarixli 2184 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun onun arvadı X4 qaytarılması nəzərə alınmışdır. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda təmiz çəkisi 5,926 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,826 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun onun arvadı X4 qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,826 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun onun arvadı X4 qaytarılması nəzərə alınsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar