Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-380/2020 05.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi: x1 iştirakı ilə - Təqsirləndirilən şəxs (xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, N saylı hərbi zavodda fəhlə işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində həbs – qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 25.09.2019-cu il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 19 nömrəli binanın qarşısında tanışı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ona tərs-tərs baxdığını deyərək üzərinə yeriyib əli ilə bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməsindən hiddətlənib əlbəyaxa olduqları zaman üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış və soyuq silah hesab edilməyən bıçaqla qisas almaq məqsədilə qəsdən Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə ardıcıl iki zərbə vurub sonuncuya döş boşluğuna nüfuz edib ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı ön hissəsinin deşilmiş-kəsilmiş yarası kimi, yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid, kəskin qanitirmədən ölümünə səbəb olan bir ədəd və sol bud çanaq oynağının bayır səthinin deşilmiş-kəsilmiş yarası kimi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bir ədəd, cəmi iki ədəd xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 25 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində işdən evə gəlmiş və təxminən saat 20 radələrində həyətə düşmüşdür. Həyətə düşərkən qara rəngli qatlanan cib bıçağını da özü ilə götürmüşdür. Həmin bıçağı təxminən 3 il bundan öncə Bakı şəhərindən xatırlamadığı dükandan almışdır. Bir qədər gəzdikdən sonra Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsində 19 saylı binanın ətrafında əvvəllər tanıdığı Şəhriyarı görmüş, onunla bir anlıq göz-gözə gəlmişdir. Şəhriyar ona “mənə niyə belə baxırsan” deyə sual vermişdir. O, Şəhriyara bir anlıq göz-gözə gəldiyini, sadəcə gözünün ona sataşdığını demişdir. Şəhriyar ona sifətini yadında saxlamağını və birdə belə baxmamağını bildirmişdir. O, Şəhriyara yol ilə keçəndə göz-gözə gəldiyini, burda uzadılası bir məsələ olmamasını demişdir. Sonra Şəhriyar sağ əli ilə onun sol əlini, sol əli ilə isə yaxasından tutmuş, sonra sağ əli ilə başına zərbə vurmuşdur. Sonra Şəhriyar onun gödəkcəsini başına keçirib baş və boyun hissəsinə vuraraq onu döyməyə başlamışdır. O da başı aşağı cibində olan bıçağı çıxardaraq Şəhriyarın ayaq hissəsindən vurmaq istəmiş ki, onu buraxsın. Bıçağı çıxarıb görmədiyi tərəfə yelləmiş, Şəhriyar onu buraxmış və o çıxıb qaçmışdır. Daha sonra polis əməkdaşları tərəfindən tutulmuş və bıçağı da polislərə təhvil vermişdir. O, Şəhriyarı öldürmək istəməmiş, Şəhriyar onu döydüyü üçün və ona gücü çatmadığını görüb sonuncunun ayaq hissəsinə zərbələr vurub əlindən qaçmaq istəmişdir. Bıçağı da işə gedib gələndə yolunun üzərində olan itlərin hücumunun qarşısın almaq üçün üzərində gəzdirmişdir. O, əməlindən peşman olmasını bildirmişdir. Məhkəmə ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi x2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur, onunla birlikdə ünvan 3 ünvanda yaşamışdır. Şəhriyar 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə orta təhsil almışdır. Şəhriyar 2008-2009 cu illərdə Beyləqan rayonunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ona işlərində köməklik etmişdir. Şəhriyar 2010-cu ildə Jalə Eldarova ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 2014-cü ildə qızları Xədicə Eldarova dünyaya gəlmişdir. Şəhriyar bir müddət özünə məxsus “Opel” markalı avtomobillə Bakı şəhərində taksi kimi fəaliyyət göstərmişdir. Şəhriyar siqaret çəkmiş, lakin narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Şəhriyar spirtli içki içmiş, lakin içki aludəçisi olmamışdır. Bəzən dostları ilə məclislərdə içmişdir. Şəhriyar spirtli içki içdikdən sonra heç kimlə işi olmamışdır. Şəhriyarın kimləsə ədavəti, düşmənçiliyi olmamışdır. Şəhriyar ilə Mətləb arasında əvvəllər dava-dalaş və mübahisənin olması barədə məlumatı yoxdur. 25 sentyabr 2019-cu il tarixdə axşam radələrində Şəhriyarın dayısı sonuncunun xəstəxanada olduğunu demiş, o, xəstəxananın həyətinə çatdıqda Şəhriyarın meyitinin meyitxanada olduğunu bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəhriyar Mətləb ilə aralarında mübahisə zamanı sonuncu tərəfindən vurulmuşdur. Sumqayıtda camaaat arasında da Şəhriyarın Mətləb tərəfindən günahsız yerə öldürüldüyündən danışırlar. Eşitdiyinə görə Tural ilə Mətləb dalaşmışlar, Mətləb Turalın üstünə bıçaq çıxarmışdır. Tural isə qorxub qaçdığı üçün onun yanında olan oğlu Şahriyar ilə Mətləb arasında mübahisə olmuş və Mətləb Şahriyarı bıçaqla vurub öldürmüşdür. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, uşaqlıq illərindən valideynləri ilə ünvan 5 ünvanda yaşayır. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində N saylı sahə rəisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs ilə uşaqlıqları birlikdə keçmişdir. Şəhriyar ilə eyni binada yaşamışdır. Şəhriyarı çox zəhmətkeş, çılğın və səbirsiz bir uşaq kimi tanımışdır. Şəhriyar ilə münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs tanımamışdır. 25 sentyabr 2019-cu il tarixdə saat 20-21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində olmuşdur. Məhlədən keçən zaman Zavid onu səsləyərək Şəhriyar ilə içkili olduğunu və sonuncunun avtomobilini sürməyi təklif etmişdir. O, bu təkliflə razılaşaraq Şəhriyara məxsus “OPEL” markalı avtomobilin sükanı arxasına keçmişdir. O, mühərriki işə saldıqda benzinin az olduğunu bildirən sarı işığın yandığını görmüşdür. Şəhriyar isə 19 saylı binanın qarşısında yerləşən ərzaq dükanından 2 ədəd “GO” spirtli içkisi alaraq maşının arxa oturacağında Zavid isə onun sağında əyləşmişdir. Şəhriyar əlində olan içkinin birini Zavidə vermiş digərini isə özü içmişdir. Onlar birlikdə avtomobil ilə təxminən 10-15 dəqiqə ərzində H.Zeynalabdin qəsəbəsində gəzmişlər. Məhlənin girişində Şəhriyarın avtomobilinin benzini azaldığından avtomobil yerində əsməyə başlamışdır. Şəhriyar isə əlini sükana uzadaraq sükanı sağ və sol istiqamətə fırlatmağa başlamış və ona sən avtomobil idarə edə bilmirsən maşını saxla demişdir. Təxminən 40-50 metr getdikdən sonra avtomobilin yanacağı bitdiyindən maşın sönmüşdür. Onlar maşından düşmüşlər, Zavid siqaret almaq üçün dükana, oradan isə tualetə, Şəhriyar isə masından düşərək 19 saylı binaya tərəf gedərək gələcəyini demişdir. O, isə telefonla danışmağa başlamışdır. Təxminən 5-10 dəqiqə sonra məhlədə yəni 19 saylı binanın qarşısında səs-küy olduğunu eşitmişdir. O, 19 saylı binanın qarşısına yaxınlaşdıqda Şəhriyarın qan içərisində yerdə olduğunu görmüşdür. Daha sonra Şəhriyarı maşına qoyaraq dərhal təcili tibbi yardım xəstəxanasına aparmışlar. Lakin artıq gec olmuş Şəhriyar yolda ölmüşdür. 26 sentyabr 2019-cu il tarixdə Şəhriyarın Mətləb tərəfindən tərəfindən bıçaqla vurulduğunu eşitmişdir. Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumatı yoxdur. Bildiyinə görə Şəhriyar ilə Mətləb arasında əvvəllər hər hansı mübahisə və dava-dalaş olmamışdır. O, avtomobili Mətləbin üzərinə sürməmişdir. O, Mətləbi tanımamış və görməmişdir. Mətləb ilə aralarında mübahisə və dava-dalaş olmamışdır. Ona məxsus gödəkçə hadisə vaxtı deyil, hadisədən 5-10 gün öncə sökülmüşdür. Hadisədən 5-10 gün öncə dərziliklə məşğul olan Sevdanın qapısın döysə də qapını açan olmamışdır. Belə olan halda gödəkçəni hadisədən təxminən 2-3 gün sonra Sevda adlı dərziyə vermişdir. Avtomobil ilə təxminən 10-15 dəqiqə ərzində Zeynalabdin qəsəbəsində Zavid və Şəhriyar ilə birlikdə gəzərkən hər hansı şəxs ilə dava-dalaş və mübahisələri olmamışdır. Şəhriyar əlini sükana uzadaraq sükanı sağ və sol istiqamətə fırlatmış, lakin həmin zaman yol boş olduğundan heç kimin üzərinə maşın sürülməmişdir. Mətləbi isə ümumiyyətlə tanımamışdır. Yalnız hadisə baş verəndən sonra telefonda şəklini görmüşdür. Mətləb ilə aralarında dava-dalaş mübahisə olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs zəhmətkeş, sakit bir uşaq kimi tanımışdır. Şəhriyar spirtli içki qəbul edən olmuşdur. Şəhriyar özünə məxsus “Opel Astra” markalı avtomobillə Bakı şəhərində taksi kimi fəaliyyət göstərmişdir. Şəhriyarın kimləsə ədavəti, düşmənçiliyi olmamışdır. Övladları Tural, Amid və Vüsalın Şəhriyar ilə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs tanımamışdır. 25 sentyabr 2019-cu il tarixdə Sumqayıt şəhəri, 5-ci məhəllədə olmuşdur. Təxminən saat 23 radələrində Şəhriyarın bıçaqlanaraq öldürüldüyünü eşitmişdir. O, yaşadığı məhəlləyə gəlmişdir. x6 Siyəzən rayonunda dəfn mərasimində iştirak etmişdir. O, həmçinin Şəhriyara Sumqayıt şəhərində verilən yas mərasimində iştirak etmişdir. Sonradan Tural ilə söhbət zamanı ona məlum olmuşdur ki, Şəhriyar və Zavid içkili olduğundan sonuncular Turalı səsləyərək Şəhriyara məxsus avtomobili sürməyi təklif etmişdirlər. Tural isə onların təklifi ilə razılaşaraq Şəhriyara məxsus “OPEL” markalı avtomobilin sükanı arxasına keçmişdir. Məhlənin girişində Şəhriyarın avtomobilinin benzini azaldığından avtomobilin mühərriki sönmüşdür. Şəhriyar isə arxa qapıdan düşərək 19 saylı binanın qarşısına getmişdir. Tural artıq masından düşüb hadisə yerinə getdikdə Şəhriyarın qan içərisində yerdə olduğunu görmüşdür. Tural avtomobili Mətləbin üzərinə sürməmişdir. Həmçinin Tural ilə Mətləb arasında mübahisə və dava-dalaş olmamışdır. Turala məxsus gödəkçə hadisə vaxtı deyil hadisədən 5-10 gün öncə sökülmüşdür. Tural hadisədən 5-10 gün öncə dərziliklə məşğul olan Sevdanın qapısın döysə də qapını açan olmamışdır. Belə olan halda Tural gödəkçəni hadisədən təxminən 2-3 gün sonra Sevda adlı dərziyə verdiyindən Şəhriyarın valideynləri onun Turalla dalaşmasını düşünmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin ayrı-ayrı şəxslərin sifarişlərinə əsasən tikinti işlərində fəhləlik edərək bu yolla özünü və ailəsini dolandırır. 25 sentyabr 2019-cu il tarixdə təxminən saat 21 radələrində yaşadığı evdən məhləyə düşmüş və yaxınlıqdakı dükandan pivə alaraq binanın ətrafında içməyə başlamışdır. Təxminən 5-10 dəqiqə sonra Zavid, Tural və Şəhriyarın sonuncuya məxsus “Opel” markalı avtomobillə 19 saylı binanın yanından keçdiyini görmüşdür. Avtomobili Tural idarə edirmiş. Təxminən 5 dəqiqə sonra Şəhriyar 19 saylı binanın qarşısına gəlmiş, həmin vaxt Mətləb də 19 saylı binanın qarşısında imiş. Şəhriyar Mətləbə yaxınlaşaraq onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Şəhriyarın hərəkətlərindən içkili olması hiss olunurmuş. O, Mətləb və Şəhriyara yaxınlaşaraq nə baş verdiyini soruşduqda sonuncu kənara durmağı, ikisinin söhbət etdiyini demişdir. Şəhriyarın bu sözündən sonra o kənara çəkilmişdir. Təxminən 2-3 dəqiqə sonra Mətləb ilə Şəhriyarın bir-biri ilə əlbəyaxa olduğunu görüb onlara yaxınlaşmış, Şəhriyarı tutaraq kənara çəkmək istəyəndə sonuncunun qan içində olduğunu görmüşdür. Mətləb isə hadisə yerindən uzaqlaşmışdır. O dərhal evdən dəsmal gətirərək Şəhriyarın yarasının üzərinə qoymuş, daha sonra Şəhriyarı yoldan keçən maşınlardan biri ilə xəstəxanaya yola salmışdır. Təxminən 20 dəqiqə sonra Şəhriyarın artıq öldüyünü eşitmişdir. Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumatı olmamışdır. Həmçinin Şəhriyar ilə Mətləb arasında əvvəllər hər hansı mübahisə və dava-dalaş olmasını bilməmişdir. Hadisədən nə əvvəl nə də ki, sonra Mətləbin əlində bıçaq görməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 25 sentyabr 2019-cu il tarixdə təxminən saat 15 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində parkın içərisində yerləşən adını dəqiq xatırlamadığı kafedə tək oturaraq pivə içən zaman Şəhriyar və Zavid həmin kafeyə daxil olmuşlar. Şəhriyar və Zavid salamlaşdıqdan sonra onun sağındakı masada əyləşmişlər. O sonradan Şəhriyar və Zavidin əyləşdiyi masaya gedərək sonuncularla 1 bokal NZS pivəsi içmişdir. Şəhriyar və Zavid isə təxminən 3-4 bokal NZS pivəsi içmişlər. Kafedə olduqları müddətdə kiminləsə mühabisə və dava-dalaşları olmamış, təxminən 1 saat oturduqdan sonra həmin kafedən ayılaraq məhəlləyə getmişlər. O bir müddət sonra Şəhriyar və Zavid ilə sağollaşaraq evinə getmişdir. Həmin gün axşam saatlarında məhəllədə səs-küy olduğunu görüb həyətə düşmüş, Şəhriyarın anası Cəmilənin ağladığını görmüşdür. Sonradan eşitmişdir ki, Şəhriyar və Mətləb arasında mübahisə düşmüş, Mətləb bıçaqla Şəhriyarı vuraraq öldürmüşdür. Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumatı yoxdur. Şəhriyar ilə Mətləb arasında əvvəllər hər hansı mübahisə və dava-dalaş olması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2004-cü ildən tanımışdır. Şəhriyar ilə ailəvi olaraq dostluq münasibətləri olmuşdur. Şəhriyar özünə məxsus “Opel Astra” markalı avtomobillə Bakı şəhərində taksi kimi fəaliyyət göstərirdi. Şəhriyarın kimləsə ədavəti, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs təxminən 7-8 il bundan öncə tanımışdır. Mətləb ilə dostluq münasibəti olmamışdır. 25 sentyabr 2019-cu il tarixdə, saat təxminən 15 radələrində Şəhriyar ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində kafelərin birində adama 4 bokal NZS pivəsi içmişlər və sonra saat 16 radələrində həmin kafedən çıxaraq yaşadıqları məhləyə getmişlər. Məhlədə təxminən 30 dəqiqə söhbət etdikdən sonra hərə öz evinə getmişdir. Təxminən 45 dəqiqə sonra Şəhriyar ilə məhlədə yenidən görüşərək dükandan 4 ədəd tərkibində 8 % alkaqol olan "GO" enerji içkisi alaraq ikisini özü, ikisini də Şəhriyar içmişdir. Hava soyuq olduğundan Şəhriyar ilə birlikdə evə gedərək gödəkçəni götürmüşlər. Şəhriyar içkili halda özünə məxsus avtomobili idarə etmək istəsə də o, buna imkan verməmiş, həmin vaxt məhlədə olan Turalı səsləyərək Şəhriyarın avtomobilini sürməyi təklif etmişdir. Tural razılaşaraq Şəhriyara məxsus “OPEL markalı” avtomobilin sükanı arxasına keçmişdir. Birlikdə avtomobil ilə təxminən 10 dəqiqə ərzində Zeynalabdin qəsəbəsində gəzmişlər. Bu zaman Şəhriyar maşını saxladaraq yenidən spirtli içki qəbul etmək istədiyini demiş və avtomobildən düşərək 2 ədəd “GO” spirtli içkisi almışdır. Həmin içkinin birini o, digərin isə Şəhriyar içmişdir. Məhlənin girişində Şəhriyarın avtomobilinin benzini azaldığından avtomobil yerində əsməyə başlamış, Şəhriyar isə Turala “sən avtomobil idarə edə bilmirsən, maşını saxla” demişdir. Tural maşını Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 19 saylı binanın qarşısında saxlamışdır. Onlar maşından düşmüşlər. O, siqaret almaq üçün dükana girmiş, siqaret aldıqdan sonra isə tualetə getmişdir. Təxminən 10 dəqiqə sonra geri qayıtdıqda məhlədə, yəni 19 saylı binanın qarşısında səs-küy olduğunu görmüşdür. Ora yaxınlaşdıqda Şəhriyarın qan içərisində yerdə olduğunu görmüş, buna görə də Şəhriyarı maşına qoyaraq dərhal təcili tibbi yardım xəstəxanasına aparmışlar. Lakin Şəhriyar yolda ölmüşdür. 26 sentyabr 2019-cu il tarixdə Şəhriyarın Mətləb tərəfindən bıçaqla vurulduğunu eşitmiş, hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumatı olmamışdır. Şəhriyar ilə Mətləb arasında əvvəllər hər hansı mübahisə və davadalaşın şahidi olmamışdır. Məhkəmədə Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs uşaqlıqdan tanımışdır. Şəhriyar onunla eyni məhəllədə yaşamışdır. Şəhriyar ilə münasibətləri yaxşı olmuşdur. Şəhriyar içkiyə meyilli uşaq olmuşdur, lakin içki aludəçisi olmamışdır. Şəhriyar siqaret çəkmiş, lakin onun narkotik vasitələrdən istifadə etməsini görməmişdir. Şəhriyar ilə birlikdə içki içdikdən sonra aralarında 1-2 dəfə söz mübahisəsi olmuşdur. Təqsirləndirilən şəxs sakit və zəhmətkeş insan kimi tanımışdır. Mətləb onun yaşadığı məhəllədən 2 məhəllə kənarda yaşamışdır. Mətləb ilə heç bir münasibəti olmamış, məhlə uşağı kimi aralarında salam-sağol olmuşdur. Deyilənlərə görə sonuncuların aralarında əvvəllər hər hansı mübahisə olmamışdır. 25 sentyabr 2019-cu il tarixdə axşam saatlarında yaşadığı küçəyə gəlmişdir. O, məhlədə olduqda Şəhriyar ilə Mətləb arasında mühabisə olduğunu və sonuncunun Şəhriyarı bıçaqla vuraraq öldürdüyünü eşitmişdir. Hadisənin hansı səbəbdən baş verdiyi barədə barədə məlumatı olmamışdır. Cəmilə Eldarovanın onun barəsində istintaqa verdiyi ifadəsi ilə tanış olduqdan sonra göstərmişdir ki, 25 sentyabr 2019-cu il tarixdə məhləyə hadisə baş verəndən sonra gəlmiş hadisənin necə və hansı səbəbdəb baş verməsi barədə məlumatı olmamışdır. Cəmilə Eldarova istintaqa səhv məlumat vermişdir. Məhkəmədə şahid qisində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, hazırki cinayət işinin ibtidai araşdırmasını o aparmışdır. Cinayət işi üzrə Şahid6 şahid qismində gec dindirməyinin səbəbi o idi ki, Tural hərbiçi idi və bir neçə dəfə onun istintaqa ifadə verməyə dəvət etmiş, lakin onu dəvət edib dindirə bilməmişdir. Eyni zamanda Sevda adlı dərzi qadının da istintaqa dəvət edib ifadəsini ala bilməmişdir. Sevda adlı qadının ünvanına bildiriş göndərmiş, hətta müvafiq polis bölməsinə də tapşırıqlar verilmişdir. Lakin onun dəvət edib ifadəsini almaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 26 sentyabr 2019-cu il tarixli protokoldan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Səbail rayon məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 4(060)-233/2019 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 sentyabr 2019-cu il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallaında olan «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin 28.10.2019-cu il tarixli 88 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin sol mədəciyinin zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: kəskin daxili qanitirmə, ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sol aşağı ön hissəsinin bir ədəd deşilmiş kəsilmiş yarası, sol bud çanaq oynağının bayır səthinin deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti meyitin müayinəsindən 2-4 saat əvvəl olmaqla 25.09.2019-cu il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə - ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sol aşağı ön hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, sol bud çanaq oynağının bayır səthinin deşilmiş-kəsilmiş yarası adətən canlı şəxslərdə sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 1,4 %0 etil spirti aşkar edilmişdir ki, bu da müvafiq cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Meyitdən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində narkotik maddə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmişlə xəsarət yetirən qarşı-qarşıya, şaquli vəziyyətdə ola bilərdilər. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, yuxarıda qeyd olunan xəsarətlərin zərərçəkmişin özü-özünə yetirməsi istisna edilir. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlarn üzərində olan zədələrlə zərəçəkmişin bədəni üzərində olan xəsarətlər nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön səthində olan yara kanalının istiqaməti aşağıdan-yuxarıya, öndən-arxaya doğrudur. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənməsi istisna edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-lifli ekspertizasının 23 oktyabr 2019-cu il tarixli tarixli, 25326 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan paltarlardan tünd göy rəngli gödəkçəsi üzərindən tağılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan köynəyin tərkib liflərinə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus paltarlardan tünd boz rəngli şalvarı üzərindən tapılmış açıq göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 20 noyabr 2019-cu il tarixli tarixli 825/2019-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta(İİ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: AB(İV) -dür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus uzunqol kofta, şalvar, ona keçirilmiş kəmər, qolsuz mayka, tuman, bir cüt corab və bir cüt ayaqqabı, x3 məxsus şalvar, qısaqol kofta və uzunqol gödəkçə, bir ədəd qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrlə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "A" antigeni alınmış, "B" antigeni və aqqlyutinin isə alınmamışdır. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus uzunqol kofta və kəmər üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan tədqiqat metodları olmadığı üçün təqdim olunan maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti, canlı şəxsin və ya meyitin qanından əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının 29 noyabr 2019-cu il tarixli, 554/2019-MTKŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus paltarların ( qolsuz mayka və uzunqol kofta ) ön səthində solda 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itildikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus bir cüt corab, bir cüt ayaqqbı, tuman və şalvarın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin sol qolu birləşən dairəvi tikişində arxada və gödəkcənin arxa səthində solda olan tikişində, hər birində bir ədəd olmaqla sökülmələr vardır. Bu sökülmələr küt qüvvə təsiri ilə gödəkcənin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus sviter, şalvar və qısaqol mayka üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş maddi sübutlarda məhkəmə-tibbi bioloji tədqiqatı zamanı aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimidir: a) Zərərçəkmiş şəxs məxsus uzunqol kofta, mayka, şalvar, kəmər, tuman, bir cüt corab və bir cüt ayaqqabı üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə ( qanlı səth ilə ) statik ( hərəkətsiz ) və az dinamik ( hərəkətli ) kontakt nəticəsində, bəziləri isə (kofta, mayka, şalvar, kəmər, tuman, corablarda olan qan ləkələri) sonra materialına fiziki kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişdirlər. b) Təqsirləndirilən şəxs məxsus gödəkcə, qısaqol kofta və şalvar üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə ( qanlı səth ilə ) statik ( hərəkətsiz ) və ya az dinamik ( az hərəkətli ) kontakt nəticəsində, bəziləri isə ( koftada, şalvarda olan ləkələr ) sonra materialına fizikikapilyarlıq faktoru üzrə qismən hopması nəticəsində əmələ gəlmişlər. c) Təqdim edilmiş bıçağın tiyəsi üzərində aşkar edilmiş qan ləkələri yaxma xarakterli olub qan mənbəyi ilə ( qanlı səth ilə ) dinamik ( hərəkətli ) kontakt nəticəsində əmələ gələ bilərdi. d) Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağına aiddir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli 2034 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəylə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur gerilik əlamətləi aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstrevertdir ( psixi fəaliyyətin xarici aləmə yönəlməsi ). Nümayişkarənəlik, emosionallıq, eqosentrizm və s kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional iradi sferasında hərəkət və davranışını iradi olaraq tənzimləməsinədə hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs intelektual imkanları nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaq, onların mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik ( fizioloji affekt, stress, emosional-psixi gərginlik, güclü həyəcan və s. ) yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloj affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarından məlum olur ki, 25 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmiş və həmin baxışın nəticələrini əks etdirən protokoldan görünür ki, meyitin əynində olan paltarlar – bir ədəd boz rəngli şalvar, bir ədəd bozumtul rəngli tuman, bir ədəd bozumtul rəngli mayka, bir ədəd uzunqol kofta, bir cüt qara rəngli ayaqqabı və bir cüt qara rəngli corab müvafiq qaydada götürülmüşdür. 26 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən onun üzərində hadisə zamanı olan paltarlar – bir ədəd qara boz rəngli uzunqol sviter, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qısaqol mayka, bir ədəd tünd göy rəngli gödəkçə, həmçinin 01 ədəd qara rəngli olmaqla qatlanan tipli bıçaq müvafiq qaydada götürülmüşdür. 25 sentyabr 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 19 nömrəli yaşayış binasının yanıdır, həmin yerdən də qanabənzər ləkə pambıq tampona hopdurularaq götürülmüşdür. Hadisənin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli şalvar, bir ədəd bozumtul rəngli tuman, bir ədəd bozumtul rəngli mayka, bir ədəd uzunqol kofta, bir cüt qara rəngli ayaqqabı, bir cüt qara rəngli corab və Təqsirləndirilən şəxs məxsus bir ədəd qara boz rəngli uzunqol sviter, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qısaqol mayka, bir ədəd tünd göy rəngli gödəkçə, həmçinin 01 ədəd qara rəngli olmaqla qatlanan tipli bıçaq maddi sübut kimi tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu üçün və o, ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunun maddi sübütlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli şalvar, bir ədəd bozumtul rəngli tuman, bir ədəd bozumtul rəngli mayka, bir ədəd uzunqol kofta, bir cüt qara rəngli ayaqqabı, bir cüt qara rəngli corab və Təqsirləndirilən şəxs məxsus bir ədəd qara boz rəngli uzunqol sviter, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qısaqol mayka, bir ədəd tünd göy rəngli gödəkçə, həmçinin 01 ədəd qara rəngli olmaqla qatlanan tipli bıçaq hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə 108 (yüz səkkiz) manat 46 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 26 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 26 sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunun maddi sübütlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli şalvar, bir ədəd bozumtul rəngli tuman, bir ədəd bozumtul rəngli mayka, bir ədəd uzunqol kofta, bir cüt qara rəngli ayaqqabı, bir cüt qara rəngli corab və Təqsirləndirilən şəxs məxsus bir ədəd qara boz rəngli uzunqol sviter, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qısaqol mayka, bir ədəd tünd göy rəngli gödəkçə, həmçinin 01 ədəd qara rəngli olmaqla qatlanan tipli bıçaq hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə 108 (yüz səkkiz) manat 46 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-380/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-380/2020
05.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver