Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-380/2021 10.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs və nümayəndəsi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, “SOCAR” şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 81 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə yeznəsi Zərərçəkmiş şəxs onun bacısı Şahid1 boşanması üçün məhkəməyə ərizə verməsi barədə sonuncudan məlumat aldıqdan sonra, Zərərçəkmiş şəxsla bacısının boşanmasının səbəbləri barədə mobil telefonla danışarkən, sonuncunun onu nalayiq sözlərlə təhqir etdiyinə görə həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi, 20/7 saylı evin yaxınlığında onunla görüşərək aralarında onu təhqir etməsinə görə şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab olunmayan, dəstəyi birbirini növbəli əvəz edən ağ və mavi rəngli sərt plastmas materialdan hazırlanmış iki ədəd lövhədən ibarət, uzunluğu 108 mm, eni əsasında 25 mm, ortada 23 mm, sərbəst kənarında 26 mm və qalınlığı 15 mm olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir zərbə vurmaqla sonuncuya qarının ön divarının sol yarısında qarın boşluğuna sirayət edən qaraciyərin sol payının zədələnməsi və daxili qanitirmə ilə müşaiiət olunan kəsilmiş-deşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onun bacısıdır və sonuncu, Zərərçəkmiş şəxs Mail oğlu ilə 2017-ci ildə rəsmi nikahla ailə qurmuş, onlar ailə həyatı qurduqdan sonra Keşlə qəsəbəsinə köçüb orada yaşamışlar. 2020-ci ilin may ayında Elmirin atası rəhmətə getdikdən sonra Elmir anası ilə birlikdə sonuncuya məxsus Xətai rayonu, Mingəçevir küçəsində atasıgilin qonşuluğunda yerləşən fərdi yaşayış evində qalmağa başlamışdır. Elmirin anası onun bacısı Minəvərlə yola getmədiyi üçün həmin gündən bacısı iki uşağı ilə birlikdə həyat yoldaşı ilə deyil, atasıgildə qalmışdır. Minəvərlə qaynanası Flora arasında son zamanlar tez-tez mübahisələr baş vermişdir. xx xxxx 2020-ci il tarixdə öz ailəsi və qardaşı Teymurun ailəsi ilə birlikdə Şamaxı rayonunda olan zaman atası Teymura zəng vuraraq Floranın Minəvəri evdən qovduğunu söyləmiş və onlar həmin gün Şamaxı rayonundan Bakıya qayıtmışlar. Səhəri gün Teymurla birlikdə Floragilə gedib Elmirlə söhbət etmişlər. Elmir söhbət zamanı Minəvərdən boşanmaq istədiyini söyləmiş, lakin onlar Elmirin hirsli olduğu üçün belə danışdığını düşünüb sözlərinə əhəmiyyət verməmiş və heç bir söz demədən oradan çıxıb getmişlər. Bundan sonra Elmir və onun ailəsi ilə heç bir əlaqələri olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində evdə olan zaman anası Elmirin boşanma ərizəsi ilə məhkəməyə müraciət etdiyini söyləmiş və Minəvər bu xəbəri eşitdikdən sonra ağlamağa başlamışdır. Bundan sonra o, evdən çölə çıxaraq Elmirə zəng vurub harada olduğunu soruşmuş, sonuncu isə, evdə olduğunu söyləyib onunla kobud danışmışdır. O, Elmirlə görüşmək istədiyini və çölə çıxmasını söyləmiş, Elmir də onunla razılaşmışdır. Əvvəlcə onun məqsədi Elmirin bacısından boşanmaq səbəbini aydınlaşdırmaq olmuş, lakin Elmir mobil telefonda onun azyaşlı körpəsini təhqir etdiyi üçün Elmiri cəzalandırmaq qərarına gəlmişdir. Ailə üzvlərinin şübhələnməməsi üçün bir neçə dəqiqə evdə ləngimiş, uşaqlarını öpdükdən sonra mətbəxə keçərək dolabdakı mətbəx bıçağını götürüb əynindəki şalvarın cibinə qoymuşdur. Bıçağı götürdükdən sonra evdən çıxaraq Elmirin yaşadığı evin yaxınlığına gedərək, orada dayanıb Elmiri gözləmiş, bir neçə dəqiqədən sonra Elmir çölə çıxıb ona yaxınlaşmışdır. Onlar küçənin tin hissəsinə keçib orada dayanmış, o, Elmirdən nə üçün Minəvərdən ayrılmaq istədiyini soruşmuş, Elmir isə onunla kobud danışmağa başlamışdır. O, Elmirə söyləmişdir ki, bacısından boşansa axırı pis olacaq, Elmir isə yenidən onu təhqir edərək azyaşlı qızının barəsində nalayiq ifadə işlətmişdir. Bu zaman Teymur onlara yaxınlaşaraq Elmirlə söhbət etdiyi üçün ona acıqlanmış və qolundan tutaraq dartmışdır. Bu zaman o, cibindəki bıçağı çıxarıb Elmirin qarın boşluğuna tərəf itələmiş, bıçaq onun bədəninə daxil olan kimi bıçağı çıxarıb cibinə qoymuşdur. Bir neçə metr aralaşdıqdan sonra Teymura Elmiri vurduğunu söyləmiş, Teymur nə ilə vurduğunu soruşduqda o, cibindəki bıçağı Teymura göstərmiş və Elmiri həmin bıçaqla vurduğunu demişdir. Bundan sonra birlikdə evə getmişlər. Həyətə daxil olduqda atası da ondan nə baş verdiyini soruşmuş, atasına da Elmiri bıçaqla vurduğunu söyləmiş və əlindəki bıçağı yerə ataraq evin həyətində pilləkənin üstündə oturub polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir az keçdikdən sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bacısını Elmirin atası və anası yola vermədikləri üçün bacısının onlarda qaldığını, Elmiri söyüş söydüyü üçün vurduğunu və törətdiyi əmədən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şahid1 ilə xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikahla ailə həyatı qurmuş və bu nikahdan 2 övladı dünyaya gəlmişdir. Son vaxtlar o, ailəsi ilə Keşlə qəsəbəsində yaşamış, həyat yoldaşı Minəvərlə aralarında tez-tez ailəməişət zəminində mübahisələr baş vermişdir. 2020-ci il may ayının 16-da atası rəhmətə getdikdən sonra anasının tək yaşamaması üçün həmin gündən anası ilə qalmağa başlamışdır. Həyat yoldaşı və uşaqlarının onunla yaşamalarına anası razı olmadığı üçün Minəvər və uşaqları qayınatasıgildə qalmışlar. Atasının qırx mərasiminə kimi Minəvər hər gün anasıgilə gəlib yas mərasiminə kömək etmiş, lakin iyun ayının 25-də yas mərasimi qurtardıqdan sonra Minəvər daha onlara gəlməmişdir. Bundan sonra o, Minəvərlə yola getmədiyini görüb ondan boşanmaq qərarına gəlmiş və bununla bağlı ərizə ilə Xətai rayon məhkəməsinə müraciət etmiş, lakin övladının 1 yaşı tamam olmadığı üçün məhkəmə onun iddiasını təmin etməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində yeznəsi Seymur ona zəng vuraraq qapıya çıxmasını və onunla işi olduğunu söyləmişdir. Bir neçə dəqiqədən sonra o, yaşadığı evin qarşısına çıxaraq Seymurun onu gözlədiyini görmüşdür. Seymur onun qoluna girib ona sözü olduğunu söyləmiş və qonşuların eşitməməsi üçün kənara çəkilməyi təklif etmişdir. Onlar birlikdə evdən biraz kənarlaşmış və qaranlıq küçədə dayanıb söhbət etməyə başlamışlar. Söhbət zamanı Seymur ondan nə üçün Minəvərdən boşanmaq istədiyini soruşub onunla mübahisə etməyə başlamışdır. Qonşuluqda yaşayan Səyyar onların mübahisə etdiklərini görüb yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Seymur isə məsələnin ona aidiyyəti olmadığını və onları tək buraxmasını söyləmiş, o da, Səyyara demişdir ki, Seymurla söhbət etməsinə mane olmasın. Bundan sonra Səyyar onların yanından çıxıb getmiş, Seymur isə onunla mübahisə etməyə davam etmişdir. O, Seymura boşanmaq haqqında fikrinin qəti olduğunu söylədikdə, Seymur şalvarın cibindən bıçağı çıxarıb ona göstərərək demişdir ki, əgər boşansa, qan töküləcəkdir. O isə, Seymura söyləmişdir ki, onun üçün heç bir fərqi yoxdur, nə edirsə etsin. Bu sözdən sonra Seymur əlindəki bıçağı əynindəki şalvarın cibinə qoymuşdur. Bu zaman Seymurun qardaşı Teymur ona zəng vurub harada olduğunu soruşmuş, Seymur da məhəllədə onunla söhbət etdiyini söyləyib telefonu söndürmüşdür. Bundan sonra Teymur onlara yaxınlaşmış və onların söhbət etdiklərini görüb Seymura nə üçün onunla mübahisə etdiyini söyləyib, Seymurun qolundan tutaraq getməyi təklif etmişdir. Bu zaman Seymur yenidən cibindəki bıçağı çıxarıb həmin bıçaqla onun qarın boşluğuna zərbə vurmuş və onlar çıxıb getmişlər. Seymur bıçaqla ona zərbə vurduqdan sonra dizləri boşalmış, evə tərəf getmək istəsə də, yeriyə bilməmiş və yerə yıxılmışdır. O, yıxıldıqdan sonra qonşular ona yaxınlaşıb təcili tibbi yardıma zəng vurmuş və həkimlər gəlib onu 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs hadisədən sonra Təqsirləndirilən şəxsla barışdığını, hazırda təqsirləndirilən şəxsə qarşı iddia tələbi və şikayətinin olmadığını bildirərək, bu barədə xx.xx.2021-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ilin fevral ayının 25-də rəsmi qaydada ailə qurmuş və bu nikahdan 2 övladı dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət Həzi Aslanov metrosu yaxınlığında, daha sonra isə Keşlə qəsəbəsində fərdi yaşayış evində kirayə qalmışlar. Elmirin anası Şahid9 onunla yola getməmiş, 2020-ci ilin may ayının 16-da qaynatası rəhmətə getdikdən sonra Elmir anası ilə qalmağa başlamış, o da, tək qalmamaq üçün iki uşağı ilə birlikdə atasıgilə gedib onlarda qalmışdır. Qayınanasıgilin evi atasıgilin evinə yaxın olduğu üçün o, səhərlər onlarda təmizlik işləri görüb, gecələr isə atasıgilə geri qayıtmışdır. İyun ayının 26-da atasıgildə olan zaman qaynanası zəng vuraraq gəlib ona iynə vurmasını söyləmiş, o da, iynə vurmaq üçün onlara getmişdir. Qaynanası həmişəki kimi onunla mübahisə etməyə başlamış, bir qədər onu danladıqdan sonra o, atasıgilə qayıtmışdır. 31 iyul tarixdə saat 20 radələrində evdə olan zaman anası ona Elmirin boşanmaq üçün məhkəməyə müraciət etdiyini söyləmiş, bunu eşitdikdən sonra o, ağlamağa başlamışdır. Həmin vaxt qardaşı Seymur da evdə olmuş, onun ağladığını gördükdə Elmirlə danışıb məsələni həll edəcəyini söyləmişdir. Seymur onu bir qədər sakitləşdirdikdən sonra evdən çıxmış və Elmirlə görüşə getdiyini bildirmişdir. Bir neçə saatdan sonra polis əməkdaşları digər qardaşı Teymura zəng vuraraq Seymurun Elmiri bıçaqlamasını söyləmişlər. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərdi ki, bacısı Minəvər 2017-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, Elmir onların yaşadığı Xətai rayonu, Mingəçevir küçəsində yaşadığı üçün qardaşının və onun Elmirlə əvvəldən münasibətləri olmuşdur. Elmirlə Minəvər ailə qurduqdan sonra Keşlə qəsəbəsində kirayə yaşamağa başlamış, onların arasında ailə-məişət zəminində tez-tez mübahisələr baş vermişdir. 2020-ci ilin may ayında Elmirin atası rəhmətə getdikdən sonra Elmir anası ilə birlikdə anasına məxsus Xətai rayonu, Mingəçevir küçəsində onların qonşuluğunda yerləşən fərdi yaşayış evində yaşamağa başlamış, qaynanası Minəvərlə yola getmədiyi üçün həmin gündən bacısı iki uşağı ilə birlikdə qayınanasıgildə deyil, onlarda qalmışdır. Minəvər onlarla birlikdə yaşamağına baxmayaraq, hər gün qayınanasıgilə gedib yas mərasimini yola verməyə köməklik etmişdir. Minəvərlə qayınanası Flora arasında son zamanlar tez-tez mübahisələr baş vermişdir. xx xxxx 2020-ci il tarixdə öz ailəsi və qardaşı Seymurun ailəsi ilə birlikdə Şamaxı rayonunda olan zaman atası ona zəng vuraraq Floranın Minəvəri evdən qovduğunu söyləmiş və həmin gün onlar Şamaxı rayonundan Bakıya qayıtmışlar. Səhəri gün o, Seymurla birlikdə Floragilə gedib Elmirlə söhbət etmiş, Elmir Minəvərdən boşanmaq istədiyini söyləmiş, lakin onlar Elmirin hirsli olduğu üçün belə danışdığını düşünüb sözlərinə əhəmiyyət verməyərək oradan çıxıb getmişlər. xx xxxx 2020-ci il tarixdə Qurban bayramı münasibətilə Seymur öz ailəsi ilə birlikdə onlara gəlmiş və həmin gecəni onlarda qalmışdır. xx xxxx 2020-ci il tarixdə o, dostları ilə birlikdə Pirşağı qəsəbəsində dəniz kənarında olmuş, saat 21 radələrində evə qayıtmışdır. Evə qayıtdıqda anası ona Seymura zəng vurub yeməyə çağırmasını söyləmiş, o isə, Seymurun harada olduğunu soruşduqda, anası onun çölə çıxdığını, lakin haraya getdiyini bilmədiyini söyləmişdir. O, dəfələrlə Seymura zəng vursa da, qardaşı onun zənglərinə cavab verməmişdir. Bir neçə dəfə zəng vurduqdan sonra Seymur onun zənginə cavab verərək, nə istədiyini soruşmuşdur. O, Seymurdan harada olduğunu soruşduqda, qardaşı məhəllədə Elmirlə söhbət etdiyini söyləmişdir. Ailələri arasında baş verən mübahisələr səbəbindən Seymurla Elmirin dalaşacaqlarını düşünüb, onları sakitləşdirmək üçün evdən çıxıb Elmirgilin evinə tərəf qaçmağa başlamışdır. Məsafə yaxın olduğu üçün təxminən 1 dəqiqədən sonra onların yanına çatmış, oraya çatdıqda Elmirin dəmir dirəyə söykənmiş vəziyyətdə Seymurun qarşısında dayandığını və onların bir-biri ilə sakit tərzdə söhbət etdikərini görmüşdür. Onlara yaxınlaşıb salam verdikdən sonra Seymurun qolundan tutaraq nə üçün buraya gəldiyini soruşmuş və ailələr arasındakı münaqişəni valideynlərinin həll edəcəyini, məsələnin ona heç bir aidiyyəti olmadığını söyləyərək onu təhqir etmişdir. Bundan sonra Seymurun qolundan tutub dartaraq onu evə tərəf aparmağa başlamış, Elmir isə gəzərək əks tərəfə getmişdir. Bir az yol getdikdən sonra Seymur ona Elmiri vurduğunu söyləmişdir. O, Elmiri necə vurduğunu soruşduqda, Seymur ona Elmiri bıçaqladığını söyləmişdir. O, buna inanmadığını söylədikdə, Seymur cibindən bıçaq çıxarıb ona göstərmiş və Elmiri həmin bıçaqla onun qolundan tutub dartan zaman vurduğunu söyləmişdir. Bu zaman o, çönüb arxa tərəfə baxmış, lakin Elmirin artıq çıxıb getdiyini, həmin yerdə olmadığını görmüşdür. Bundan sonra Seymurla o, evə getmiş, atasıgil nə baş verdiyini soruşduqda, Seymur atasına Elmiri bıçaqladığını söyləmişdir. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur və onların yaxın nünasibətləri olmuşdur. Həmçinin, Seymur və Şahid2 qardaşlarını da tanımış, lakin sonuncularla yaxın münasibəti olmamışdır. Bir müddətdən sonra Elmir Seymurun bacısı Minəvər ilə ailə qurub onların yaşadığı küçədən köçmüş və başqa yerdə yaşamağa başlamışlar. 2020-ci ilin may ayında Elmirin atası Mayıl Hüseynov rəhmətə getdikdən sonra Elmir öz evlərinə geri qayıdaraq anası ilə birlikdə yaşamağa başlamış, Elmirin anası Flora əvvəldən oğlunun evliliyinə qarşı olduğu üçün gəlini Minəvərin onunla birgə qalmasına razı olmamış, buna görə də Minəvər onlarda deyil, öz atasıgildə qalmışdır. Elmir Minəvərdən boşanmaq üçün ərizə ilə məhkəməyə də müraciət etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində o, Elmir, qonşuluqda yaşayan Pərviz, Rəşad və Səyyar birlikdə Elmirgilin evinin yaxınlığında dayanıb söhbət edən zaman Elmir evə gedib əl-üzünü yuduqdan sonra geri qayıdacağını söyləmiş və birlikdə gedib pivə içməyi təklif etmişdir. Bunu dedikdən sonra Elmir evə getmiş, təxminən beş dəqiqədən sonra Seymurun Elmirgilin evinin yanına gələrək orada dayandığını görmüşdür. Bir neçə dəqiqədən sonra Elmir evdən çölə çıxmış və gedib Seymurla görüşmüşdür. Onlar görüşdükdən sonra o, onların bir-biri ilə acıqlı danışdıqlarını hiss etmişdir. Bu zaman Səyyar onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Elmir isə heç bir şey olmadığını və onlara müdaxilə etməməsini söyləmişdir. Hər ikisi bir az kənara çəkilmiş və bir qədər söhbət etdikdən sonra Seymur cibindən bıçaq çıxardaraq Elmirə onu vuracağaını söyləmiş, Elmir isə ona demişdir ki, hünərin varsa, vur. Bunu dedikdən sonra Seymur bıçağı cibinə qoymuşdur. Bu zaman Seymurun qardaşı Teymur kənardan onlara yaxınlaşaraq Seymura nə üçün Elmirlə söhbət etdiyini söyləyib, əli ilə Elmirin çiyin nahiyəsindən itələmiş və Seymurun qolundan tutub onu evlərinə tərəf itələməyə başlamışdır. Teymur onun qolundan tutarkən Seymur qəfildən cibindəki bıçağı çıxarıb, həmin bıçaqla Elmirin qarın boşluğuna zərbə endirmiş və Teymurla birlikdə evlərinə tərəf getmişlər. Bundan sonra Elmir onlara tərəf yeriməyə başlamış, o, Elmirə yaxınlaşdıqda onun qarın nahiyəsindən qan axdığını görüb, Elmirə ondan qan axdığını söyləmişdir. Elmir əlini qarın nahiyəsinə vurduqda qarnından qan axdığını görüb, Seymurun onu bıçaqladığını söyləmişdir. O, təcili tibbi yardıma və polisə zəng vurub bu barədə məlumat vermiş, həkimlər gələnə kimi Elmiri özünə məxus avtomobildə əyləşdirib ona ilkin tibbi yardım etmişdir. Bir az keçdikdən sonra həkimlər gəlib onu 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid6 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla eyni küçədə qonşuluqda yaşadıqlarını, onların hər ikisi ilə münasibətləri olduğunu bildirərək, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında dindirilən Şahid9 ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs 2017-ci ildə Şahid1 ilə ailə qurmuş, sonuncu, əvvəllər evli olub boşandığı üçün onunla həyat yoldaşı həmin nikaha qarşı olmuşlar. 2020-ci il may ayının 16-da həyat yoldaşı vəfat etdikdən sonra tək yaşamaması üçün oğlu Elmir onunla birlikdə qalmağa başlamış, o, yaşlı olduğu və səs-küy ona pis təsir etdiyi üçün gəlini və nəvələrinin onunla yaşamalarına etiraz etmiş, buna görə də onlar qudasıgildə qalmışlar. Minəvər hər gün gəlib yas mərasimini yola verməkdə ona köməklik etmişdir. İyun ayının 25-də yas mərasimini başa vurduqdan sonra evdə Elmirlə ikisi qalmağa davam etmişlər. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində evdə tək olan zaman digər oğlu Elşad evə daxil olaraq həyəcanlı şəkildə ondan pul istəmiş, o, Elşaddan nə baş verdiyini soruşduqda, Elşad ona Seymurun Elmiri bıçaqladığını söyləmişdir. Bundan sonra Elşadla birlikdə qaçaraq çölə çıxmış və qonşuların Elmiri maşına əyləşdirdiklərini, Elmirin isə qarın boşluğundan qan axdığını görmüşdür. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım gəlmiş və Elmiri 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs anası - iş üzrə Şahid8 Azərbaycan Respublikası Konstitusiyasının 66cı maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsində nəzərdə tutulan hüquqlarından istifadə edərək ifadə verməkdən imtina etdiyini məhkəməyə bildirdi və onun cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 2006-cı ilə kimi ailəsi ilə birlikdə Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşamış, 2006-cı ildə həyat yoldaşı Qaradağdakı evlərini satdıqdan sonra hazırda yaşadıqları ünvana köçmüşlər. Yaşadıqları müddət ərzində kiçik oğlu Şahid2 onlarla eyni küçədə yaşayan Zərərçəkmiş şəxsla yaxın münasibət qurmuşdur. 2017-ci ildə Elmir onlara gələrək qızı Minəvərlə evlənmək istədiyini, lakin ata və anasının bu evliliyə qarşı olduğunu söyləmişdir. Həyat yoldaşı Elmirin qızları ilə ailə həyatı qurmasına razılıq vermiş və Elmirlə Minəvər həmin il rəsmi nikahla ailə həyatı qurmuşlar. Elmirin valideynləri Minəvərin onlarla yaşamasına razı olmadıqları üçün qızı ilə kürəkəni müxtəlif ünvanlarda kirayədə yaşamışlar. 2018-ci ildə böyük oğlu Təqsirləndirilən şəxs ailə həyatı qurduqdan sonra Hövsan qəsəbəsində özünə həyət evi alıb ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Bundan sonra yoldaşı Elmirin kirayə pulunu ödəməkdə çətinlik çəkdiyini görüb ona və qızına onlarla birlikdə yaşamalarını təklif etmiş, onlar da bu təkliflə razılaşmışlar. Təxminən 1 ilə yaxın müddət ərzində Elmir, qızı Minəvər və onların iki övladı onların evində yaşamış, sonradan onların mübahisələri yarandığı üçün onlar evdən çıxıb başqa yerdə yenidən kirayədə yaşamışlar. 2020-ci ilin may ayında Elmirin atası Mayıl rəhmətə getdikdən sonra Elmir anasının yanına köçüb onunla yaşamış, Elmirin anası Flora Minəvərin onunla qalmasına razı olmadığı üçün Minəvər onlarda qalmışdır. Minəvər onlarla qaldığı müddətdə hər gün Floragilə gedib yas mərasiminə tədarük görməkdə ona kömək etmiş, bəzən o da, Minəvərlə birlikdə qudasıgilə gedib köməklik etmişdir. Mayıl Hüseynovun yas mərasimi başa çatdıqdan bir neçə gün sonra küçədə zibil atarkən qonşulardan Elmirin Minəvərdən boşanmaq üçün məhkəməyə müraciət etdiyini eşitmişdir. O, bu xəbəri eşitdikdən sonra həyat yoldaşına və Minəvərə bu barədə danışmışdır. Onlar boşanmaqla bağlı Elmirgillə heç bir söhbət etməmişlər. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında evdə olarkən Minəvərlə boşanmaq məsələsi barədə söhbət edərkən qızı kövrəldiyi üçün ağlamış, o da, Minəvəri görüb özünü saxlaya bilməmiş və ağlamağa başlamışdır. Bu zaman Seymur onların ağladığını görüb nə baş verdiyini soruşmuş, Minəvər Elmirin ondan boşanmaq istədiyini söyləmişdir. Bunu dedikdən sonra Seymur otaqdan çölə çıxmış, lakin başları qarışıq olduğu üçün Seymurun haraya getdiyini görməmişlər. O, Seymurun evdə olmadığını görüb yoldaşına Seymura zəng vurub onu yeməyə çağırmasını söyləmiş, yoldaşı Seymura zəng vurmuş, lakin onların nə danışdıqlarını eşitməmişdir. Bir qədər keçdikdən sonra Teymurun Seymuru itələyərək evin həyətinə saldığını görmüşdür. Həyat yoldaşı onlardan nə baş verdiyini soruşduqda, Seymur Elmiri bıçaqladığını söyləmişdr. Az sonra polis əməkdaşları gəlib Seymuru aparmışlar (cild 1, iş vərəqi 143-147). Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun həyat yoldaşı Şahid8 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 138-142). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bildirmişlər (cild 1, iş vərəqi 168-171). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid7 1 ədəd zavod üsulu ilə hazırlanmış, ağ-göy rəngli məişət təyinatlı mətbəx bıçağını istintaqa təqdim edərək oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Təqdim edilmiş bıçaq iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 35-26). Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, 1 ədəd mətbəx bıçağı iş üzrə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş və sonuncu təqdim edilmiş bıçaqlar arasından həmin bıçağı göstərərək Zərərçəkmiş şəxs onunla xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 55-56). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, 1 ədəd mətbəx bıçağı iş üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və sonuncu təqdim edilmiş bıçaqlar arasından həmin bıçağı göstərərək Təqsirləndirilən şəxs ona həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 136-137). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1772 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 159-161). Məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 412/2020 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin eskpertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur və həmin zədə müxtəlif şəraitdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur (cild 1, iş vərəqi 154-158). Məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 168/MEŞ nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs qarının ön divarının sol yarısında qarın boşluğuna sirayət edən qaraciyərin sol payının zədələnməsi və daxili qanitirmə ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir. Qeyd olunan deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 172-175). İbtidai istintaq orqanının xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş uzunqol, yaxalıqlı, boyun nahiyasinə daxildən üzərində “Fiesta line” və digər yazılar olan etiket tikilmiş, ağ-göy rəngli zolaqlı qarışıq materialdan hazırlanmış 1 ədəd köynək maddi sübut kimi tanınaraq, saxlanılması üçün Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 177-190). Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan himayəsində iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 84-87). Cinayət işinə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 115). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlindən peşman olması Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə hökmün çıxarıldığı tarixədək 7 ay 9 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun həbsdə saxlanıldığı 7 ay 9 gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyytinə cəlb olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin onunla yaxın qohum olmasını, sonuncunun təqsirləndirilən şəxsə qarşı iddia tələbi və şikayətinin olmamasını və tərəflər arasında barışıq əldə edilməsini nəzərə alaraq onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş uzunqol, yaxalıqlı, boyun nahiyasinə daxildən üzərində “Fiesta line” və digər yazılar olan etiket tikilmiş, ağ-göy rəngli zolaqlı qarışıq materialdan hazırlanmış 1 ədəd köynək məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. xx xxxxxx 2020-cı il tarixdən hökmün çıxarıldığı xx xxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 9 (doqquz) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, Suraxanı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd köynək məhv edilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-380/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-380/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver