Məhkəmə qərarları › İş №1(101)-380/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-380/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-380/2023 17.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 26 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi olmadan 1 ədəd bükümdə təmiz çəkisi 0,651 qram olan psixotrop maddə metamfetamin və külli miqdarda - 1 ədəd bükümdə təmiz çəkisi 2,701 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami rayon Polis idarəsi 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 avqust 2022-ci il tarixdə saat 00:15 radələrində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Baki şəhəri, ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,651 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsul ilə hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 2,701 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kütləsi küstar usul ilə hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. Hadisə günü metronun “Qara Qarayev» stansiyasına yaxın ərazidə həyətdən çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt onun üzərində iki qramdan bir az artıq «kokos» kimi tanıdığı heroin və az miqdarda «patı» deyilən metamfetamin olmuşdur. Polis şöbəsində də şəxsi axtarış keçirilən zaman həmin maddələr ondan aşkar edilərək götürülmüşdür. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onlayn qaydada əldə etdiyi nömrəyə taksofonla zəng etdiyini, həmin şəxsin adını bilmədiyini, ondan narkotik satıb-satmadığını soruşduğunu, müsbət cavab aldıqda isə həmin şəxsin kart hesabına «MilliÖn» aparatı vasitəsilə 70 manat pul köçürdüyünü, danışığa görə, həmin pula ona 2 qram heroin, 1 «çet» isə metamfetamin verilməli olduğunu, çetin içində yarım qram «mal» olduğunu, narkotiki satan şəxsin ona gecə saat 12 radələrində gedib plakatın altından həmin narkotikləri götürməsini bildirdiyini, onun deyilən vaxt həmin yerə gedib narkotikləri götürdüyünü və taksi ilə evə qayıtdığını, «Qara Qaryaev» metrostansiyasına yaxın ərazidə Əlif Hacıyev küçəsində saxlanıldığını, üzərində 2 qram heroin və 0,1 qram metamfetamin aşkar edildiyini, üzərində şəxsi axtarış aparılanda müdafiəçisinin iştirak etdiyini, təxminən üç il yarım müddətdir ki, narkotiklərdən istifadə etdiyini, narkotik vasitəni tüstüsünü çəkmək yolu ilə istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsirlər göstərilmədiyini, təcirdxanaya daxil olan zaman müayinədən keçirildiyini və bədənində hər hansı xəsarət izlərinin olmadığını, hər iki valideynini uşaq yaşlarında itirdiyini, əməlindən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən, onun məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 60-61). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, 25-ci Polis şöğəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xidmət etdiyi şöbəyə Nicat adlı şəxsin narkotik vasitələrin istifadəsində və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında ondan və Nizami RPİ, 25-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibarət ələiyyat qrupu yaradılmışdır. 26 avqust 2022-ci il tarixdə onlar qanunsuz olaraq narkotik vasitənin saxlanılması və daşınmasında şübhəli bilinən və zahiri əlamətləri onlara bəlli olan Nicat adlı şəxsi ünvan 2 ünvanının qarşısında saxlamışlar. Onun şəxsiyyətini dəqiqləşdirib Təqsirləndirilən şəxs oğiu olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin əldə edilib saxlanılmasında şübhəli olduğu bildirilmiş və şəxs Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilmişdir. Şöbədə təhqiqatçı tərəfindən onların iştiraki ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarışı keçirilmişdir. Saxlanılan şəxsə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə, təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli selofan bükümləri təqdim edib içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirildikdə, bir bükümdə ağ rəngli kristal şəkildə psixotrop maddə metamfetaminə bənzər maddə, digər bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri onlayn qaydada 25 avqust 2022-ci il tarixdə gecə tanımadığı şəxsdən 70 manata öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin iki ədəd bükümlər təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra protokol tərtib edilmiş, o da, digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında Bakı şəhəri, Nizami RPİ, 25-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun əməliyyat qrupunun üzvü kimi şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək 26 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanının qarşısında saxlanılması, 25-ci Polis şöbəsinə dəvət edilməsi və üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilərək göütürülməsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməsi, həmkarı Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 75- 77). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 01:30-dan 01:55-dək şübhəli şəxs şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, təhqiqatçı saxlanılan şəxsi bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli selofan bükümdə içərisində bir bükümdə ağ kristalik spesifik iyə malik olan psixotrop maddəyə bənzər maddəni, bir bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri onlayın qaydada xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 70 manata öz şəxsi istifadəisi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş iki ədəd bükümlər sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılmış, Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 31-32). Cinayət işində olan videogörüntülərə baxış keçirilməsi haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd DVD formatlı diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, həmin istintaq hərəkəti zamanı videodiskdə 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ, 25-ci Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair görüntülərin olması, bu zaman onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar edilməsi təsdiq olunur və videogörüntülər həmin tarixli protokolla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 53). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4558 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə» yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,651 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 2,701 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 39- 43). İbtidai istintaq orqanının 30 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,651 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsul ilə hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 2,701 qram qəhvəyi rəngli maddə kütləsi kustar usulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qaliq qalmış 1 bükümdə ümumi çəkisi 0,601 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 bükümdə ümumi çəkisi 2,601 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Bakı şəhəri, Nizami RPİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 ədəd DVD formatlı disk maddi sübüt kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 73). Ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5421 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 86-87). Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixlə qərarına əsasən, Bakı şəhəri, Nizami rayon Polis idarəsi, 25-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş həmin tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 72). Cinayət işinə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs valideynləri – atası Kərəm Həsənov 23 aprel 1998-ci ildə, anası Sara Həsənova isə 05 sentyabr 2013-cü ildə vəfat etmişlər. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 85). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlillər gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs gənc olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olunmasını, hər iki valideynini itirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nizami RPİ, 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 5421 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1 bükümdə 0,601 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 bükümdə 2,601 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabat arayışından görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında 25 saat vaxt sərf etməklə Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 150 (yüz əlli) manat pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qaliq qalan 1 bükümdə 0,601 qram çəkidə psixotrop maddə metamfetamin və 1 bükümdə 2,601 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı dövründə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 150 (yüz əlli) manat pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar