Məhkəmə qərarları › İş №1(101)-382/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-382/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-382/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X3, X2 və X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi, Bakı şəhər 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikası, ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq iki ədəd bağlamada hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 96,625 qram və 97,291 qram olmaqla, ümumilikdə külli miqdarda cəmi 193,916 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 26 may 2021-ci il tarixdə, saat 23:20 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman şübhəli şəxs qismində saxlanılıb, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd bağlamada hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 96,625 qram və 97,291 qram olmaqla, ümumilikdə külli miqdarda cəmi 193,916 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroİn aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, nə narkotik satışı ilə məşğul olur, nə də narkotik vasitə aludəçisidir,o, saxlanılan zaman üzərində narkotik vasitə aşkar olunmamışdır. O, 25 may 2021-ci il tarixdə saat 21:30 radələrində ünvan 4 ünvanında yerləşən “Rahat” marketin qarşısında taksidən düşmüş, orada yerləşən köşkdən siqaret alaraq həmin küçədə yerləşən qardaşının evinə getmişdir. Həmin vaxt sonradan adının İbiş olduğunu bildiyi şəxs onun üzərinə hücum çəkərək onu vurmağa başlamışdır. Sonradan təxminən altı nəfər şəxs onun üzərinə tökülərək onu döyməyə başlamışlar. Həmin şəxslərdən kim olduqlarını və onu nəyə görə döydüklərini soruşduqda, ona polis əməkdaşları olduqlarını deyərək avtomobilə mindirmişlər və ondan malın harada olduğunu soruşmuşlar. O, həmin şəxslərin dediklərini başa düşə bilməmişdir. Onu üç saata kimi “Rahat” marketin qarşısında avtomobilin içərisində saxlayaraq döydükdən sonra əynində olan paltarları cırıldığı üçün həmin şəxslər “Rahat” marketdən ona bir ədəd ağ rəngli kofta, palıd rəngli çəkələk və qara rəngli idman şalvarı almış və onu buraxmağı vəd edərək paltarları geyinməyə məcbur etmişlər. O da həmin şəxslərin ona aldıqları paltarları geyinmiş, lakin onu sərbəst buraxmamışlar və təxminən saat 01 radələrində Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə gətirib orada ona qarşı yenidən qeyri-qanuni hərəkətlər edərək təkrarən döymüşlər. Sonradan ona su təklif edilmiş, o, həmin suyu içdikdən sonra huşu getmişdir. Daha sonra həmin polis əməkdaşları külli miqdarda narkotik vasitəni boynuna almağı ondan tələb etmiş, bədənində olan ağrılara və verilmiş işgəncələrə dözə bilməyib öz razılığı ilə əynində olan qara rəngli idman şalvarının sağ cibindən içərisində narkotik vasitə olan iki ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Onun üzərinə keçirilən şəxsi axtarış və götürülmə aparılması zamanı videoçəkliş də aparılmış, videoçəkliş zamanı təqdim etdiyi narkotik vasitəni “İnstagram” sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Əslində həmin vaxtda kənarda bir nəfər şəxs dayanmış və o şəxs videoçəkilişə düşməmişdir. Həmin şəxs kənardan ona göz işarəsi ilə bu sözləri deməyə onu məcbur etmişdir, çünki onların dediklərini videoçəkliş zamanı deməyəcəyi təqdirdə ona daha da ağır işgəncələr verəcəklərini bilmişdir. Bunu etməkdə məqsədi o olmuşdur ki, polis əməkdaşları evinə narkotik vasitə qoyacaqlarını və ailə üzvlərini də gətirib məsuliyyətə cəlb edəcəklərini demişlər. Ona qarşı nalayiq söyüşlər, şəxsiyyəti alçaldan ifadələr işlətdiklərinə görə dözə bilməyib olmayan cinayəti boynuna götürməyə məcbur olmuşdur. Əlavə olaraq bildirir ki, ona xəsarətlər yetirən şəxslər onun şəxsi əmlakı olan bir ədəd “Samsung A51” markalı mobil telefonunu, bir ədəd ağ qızıl saatını, bir ədəd “Versaçe” üzüyünü, bir ədəd "xxxx" ASC-yə məxsus kartını götürərək özlərində saxlamışlar. Hazırda əmlaklarından xəbəri yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, polis əməkdaşları barəsində prokurorluq orqanlarına şikayət etmişdir. X15 Respublikası ilə heç bir əlaqəsi olmamışdır. Əvvəllər marixuana istifadə etmişdir. Polis bölməsində ilk dəfə heroin görmüşdür. İttiham aktında qeyd edilən mesajlar onun telefonuna gəlməmişdir və o, belə mesaj oxumamışdır. Telefon nömrəsi (070) ***-**-** olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hadisə zamanı Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, hazırda həmin Baş İdarədə şöbə rəisi vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərinə narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 26 may 2021-ci il tarixdə işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx xxxxxxx 1980-cı ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilərək təsdiq olunmuşdur. Əməliyyatın keçirilməsində ondan başqa əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da iştirak etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün təxminən saat 23:20 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək, onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşıb birlikdə Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs tutulması haqqında qərar qəbul olunaraq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, hüquqlarının müdafiə olunmasından ötrü maddi imkanının olmadığını bildirib, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq, ona Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş, sonra Təqsirləndirilən şəxs hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil bürosundan vəkil X8 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Nizami Omarov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Sonra mobil telefon vasitəsi ilə videoçəkiliş aparmaqla əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs də etiraz etməmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarışda Teymurun hüquqlarını müdafiə edən Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Kərim Bağırov da iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı təhqiqatçı X12 Vəliyevə təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd büküm, şalvarının sol yan cibindən 20 manat və bir ədəd “KGTEL” markalı mobil telefon çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi iki ədəd büküm təhqiqatçı Nizami Omarov tərəfindən açıldıqda içərisindən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq təqdim etdiyi iki ədəd bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini tutulduğu gündən 10 gün əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə 4 gün əvvəl Mehdiabad qəsəbəsi ərazisindən götürdüyünü, özünün təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik vasitə olan heroinin qramını 13 manatdan satışını həyata keçirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində maddələr olan iki ədəd bağlama qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, ərizə və şikayət daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən aldığı barədə məlumat müvafiq tədbirlər keçirilməsinə baxmayaraq hələ ki, əldə olunmamışdır. Məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur, üzərinə baxış keçirilən zaman narkotik vasitələri satmasını Təqsirləndirilən şəxs özü də etiraf etmişdir. Təqsirləndirilən şəxs nə saxlanılarkən, nə də polis şöbəsində ona qarşı heç bir təzyiq və ya döymə halı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26.05.2021-ci il tarixli, 008-3754-1221 saylı raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 26.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26.05.2021-ci il tarixli, 145 saylı raportdan görünür ki, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün o, 26 may 2021-ci il tarixdə saat 23:20 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 27.05.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00:45-də Təqsirləndirilən şəxs üzrərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra sonuncu, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 (iki) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və həmin şalvarın sol yan cibindən 20 (iyirmi) manat pul və 1 (bir) ədəd “KGTEL” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra təqdim edilmiş heroinə bənzər kütlələrin ümumi çəkisi 203,19 (iki yüz üç tam yüzdə on doqquz) qram olduğu müəyyən edilmiş, həmin kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd, “KGTEL” markalı mobil telefon götürülmüş, 20 (iyirmi) manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin kütlələrinin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə 4 (dörd) gün əvvəl Mehdiabad qəsəbəsi ərazisindən götürdüyünü, özünün təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik vasitə olan heroinin qramını 13 manatdan satışını həyata keçirdiyini, başqa yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 30-33). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27.05.2021-ci il tarixli, 6/2101 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 7” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 2 büküm narkotik vasitə olan heroinə bənzər kütlə......” yazı və imzalar olan zərfdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 96,625 qram və 97,291 qram olmaqla, ümumi çəkisi 193,916 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olub, xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 40-45). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 26.05.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 93-94). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən DVD diskdə olan video görüntüyə baxış keçirilməsi barədə 28.05.2021-ci il tarixli protokoldan görünür ki, 1 ədəd üzərindǝ ZYKLEN DVD-R yazı olan diskə “HP” markalı kompüterdə baxış keçirilərkən müəyyən olunur ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs polis bölməsinin inzibati binasında otaqlardan birində üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş video görüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, videoçəkliş zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov özünü şübhəli şəxs qismində bölməyə gətrilmiş Təqsirləndirilən şəxs təqdim edir, sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs və “Mərkəz” Vəkil bürosunun vəkili X8 özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçi Nizami Omarov, Teymur Vǝliyevə narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyinə görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 8 ünvanında saxlanılaraq 13-cü polis bölməsinə gətirildiyini deyərək, üzərində şəxsi axtarış aparılacağını bildirir və şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd büküm, həmin şalvarın sol yan cibindən 20 manat və bir ədəd mobil telefon çıxardaraq masanın üzərinə qoyur. Teymur Vǝliyevin masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçı Nizami Omarov tərəfindən açıldıqda içərisindən maddə aşkar olunur, həmin bükümlərin içərisində olan maddələrin qramlarının müəyyən olunması üçün Nizami Omarov tərəfindən elektron tərəzinin üzərinə qoyulur, bükümlərdən birinin çəkisi 102,43 qram, digər bükümün çəkisinin isə 100,74 qram təşkil etməsi müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində maddələr olan iki ədəd büküm təhqiqatçı Nizami Omarov tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq təqdim etdiyi iki ədəd bükümün içərisindan aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 10 gün əvvəl “İnstagram” sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan "Araz" adlı şəxsin vasitəsi ilə 4 gün əvvəl Mehdabad qəsəbəsi ərazisindən götürdüyünü, özünün təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik vasitə olan heroinin qramını 13 manatdan satışını həyata keçirdiyini dəyərək, Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən döyülmədiyini bildirir və bununla da çəkiliş sona çatır (cild 1, iş vərəqi 70-71). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında 05.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi zaman götürülmüş bir ədəd qara rəngli “**********84031”, “**********84049” imei kodlu, üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan "KGTEL B110" markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış keçirilmiş mobil telefon aparatı sadə üslubda olmaqla ekranında və arxa hissəsində zədələr aşkar edilmir, arxa hissəsinin qapağı yoxdur, işlək vəziyyətdə olması baxış zamanı müəyyən edilmişdir. Baxış zamanı mobil telefonun çıxış və daxil olan zənglər siyahısına, eləcə də mesajlar bölməsinə baxdıqda işi üzrə sübut əhəmiyyət kəsb edəcək məlumat aşkar edilmədi (cild 1, iş vərəqi 99). İşdə olan 23.10.2021-ci il ərizədən və 25.10.2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs məxsus, üzərinə şəxsi axtarış keçirildiyi zaman götürülmüş bir ədəd, qara rəngli “**********84031”, “**********84049” imei kodlu, üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan "KGTEL B110" markalı mobil telefon aparatı onun razılığı əsasında qardaşı oğlu X7 təhvil verilmişdir (cild 1, iş vərəqi 235-236). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin 09.07.2021-ci il tarixli məktubundan görünür ki, həmin MMC-də Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələr qeydiyyatdadır (cild 1, iş vərəqi 111). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin 22.07.2021-ci il tarixli məktubundan görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- ** mobil nömrələri Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir (cild 1, iş vərəqi 116-117). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin 05.08.2021-ci il tarixli məktubundan görünür ki, ***-***-**-** və ***-***-**-** mobil nömrələri Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir (cild 1, iş vərəqi 121-122). İşdə olan 12.07.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Sabunçu rayon prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması və qeyri-qanuni hərəkətlərə məruz qalması barədə araşdırılan 241-C-21 nömrəli material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmaması səbəbi ilə rədd edilmişdir (cild 1, iş vərəqi 113-115). İşdə olan maddi sübut kimi tanıma haqqında 13.09.2021-ci il tarixli qərardan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə, içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 96,625 qram və 97,291 qram olmaqla, ümumi çəkisi 193,916 qram olmuş narkotik vasitə heroin maddi sübut hesab olunmuş və tədqiqata 0,06 qram sərf edilməsi nəzərə alınmaqla 193,856 qram qalığı saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 137- 139). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məlumat daşıyıcısına baxışın keçirilməsi haqqında 29.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinə dair məlumatları özündə əks etdirən və məhkəmə qərarı əsasında "xxxx" MMC-dən əldə edilmiş CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, diskdə müxtəlif sms mətnlər, qeyd olunan mobil nömrələrin və həmin nömrələrə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və sms-i yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:

1. 11-04-2021-ci il tarixdə, saat 20:50:00-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - Gaga dunenkinin galifıni hemdeyene bewtene getir varsa pati, Temur тепе bir cavab de ki, mende iwimi bilim heleki gec deyil.

2. 02-05-2021-ci il tarixdə, saat 16:00:57-də **********85 saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - ami qadan alim gal vatsapa niya bela elisan man sana na pisdix elamişam. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, 099-376- 19-80 saylı mobil nömrələrin sonuncu anten əhatə dairəsində hərəkət etməsi aşağıdakı kimidir:

1. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə 24.05-2021-ci il tarixdə, saat 22:37:33-də Nizami rayonu, Qara Qarayev 65A ünvanında anten əhatə dairəsində hərəkət etməsi müəyyən edilmişdir.

2. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə 27.04-2021-ci il tarixdə, saat 18:53:59-da Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze qəsəbəsi ərazisində anten əhatə dairəsində hərəkət etməsi müəyyən edilmişdir. "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirildikdən sonra disk iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış və Sabunçu RPİ-nİn 48 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 165-177). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məlumat daşıyıcısına baxışın keçirilməsi haqqında 07.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrdə iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 178-180). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məlumat daşıyıcısına baxışın keçirilməsi haqqında 07.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrə dair məlumatları özündə əks etdirən və məhkəmə qərarı əsasında "xxxx" MMC-dən əldə edilmiş CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, diskdə müxtəlif sms mətnlər, qeyd olunan mobil nömrələrin və həmin nömrələrə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və sms-i yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:

1. 14-02-2021-ci il tarixdə, saat 17:15:00-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - 15 pati 10 kola qardasimsan taksini yola salmiramda bunanda gedecem de hazir elesin ezbeyovdayam.

2. 19-03-2021-ci il tarixdə, saat 01:05:58-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - brat burda bir qram yoxtu axi.

3. 19-03-2021-ci il tarixdə, saat 01:18:56-da ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə — brat burda 0,4 temiz mal var.

4. 20-03-2021-ci il tarixdə, saat 05:06:01-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - Brat ne hereket zaradkam kutarmişti indi gelib eve catmişam bu dolbayobu gezde ha gozde deyir neyşeni vermişəm sabah ya pulunuzu yada. Brat ayib deyil bizim aramızda bir birimize garşi alcaxlig eliyek salasan o malin icineki ona gore bir adimizi iki eliyek, sen menden hele hereket gozlutursen brat.

5. 20-03-2021-ci il tarixdə, saat 07:01:44-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - patinizi verecem.

6. 20-03-2021-ci il tarixdə, saat 20:20:54-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - Gaga bu cındır vaxtı uzadtigina görə sənin yanında yalançı cixmagir gətirirəm hələki 3 gram i galaninida ya gecə yada sabah axwam.

7. 28-03-2021-ci il tarixdə, saat 01:50:22-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - brat sen niye bele eliyirsen bu cekide aldatmax burda 18 qramdi ozude yarsi oxanti kimdi onu alan mene lazim deyil bele yvey cor сори yiqib vermisen seher hara qelim?

8. 02-04-2021-ci il tarixdə, saat 16:07:44-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - brat qelirem weyi qoturmeye hazir ele.

9. 03-04-2021-ci il tarixdə, saat 19:28:56-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə - Brat senin kanalında kola var? Patida var kanalinda? Brat mene bir cavab ver.

10. 09-04-2021-ci il tarixdə, saat 06:45:41-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - SALAM OLREM TEMUR EMİ 25 MANT1M VAR NESE ALNDİRDA NE OLAR.

11. 09-04-2021-ci il tarixdə, saat 14:57:02-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - 60 MANAT VAR 2 GİRAM GTRYDE OLRE AGRDANAXSAMİSLYB SENİNPLVU VRCM TBE. TL XARBDİ YAZ

12. 12-04-2021-ci il tarixdə, saat 01:19:13-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - SEHER RAYNA GEDCEMNE OLAR 2 GİRAM ALNDRDA.

13. 20-04-2021-ci il tarixdə, saat 00:12:47-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - pulu duzeltmisem yari duzelt olurem komey ele.

14. 16-05-2021-ci il tarixdə, saat 17:08:42-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə — 4169 7385 7552 882, 1500 vurasan heç ki Sonrada sil.

15. 17-05-2021-ci il tarixdə, saat 02:18:49-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - temur eke kiwis en sacin bawinda aqarib haçana kimi yalan daniw assan ayibdi allahaqqi bele cixirki yar im qramm senin sozunden ustun cixti.

16. 20-05-2021-ci il tarixdə, saat 21:49:44-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - heci dediyin kola durur?

17. 11-01-2021-ci il tarixdə, saat 17:20:53-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - Qaga pulu deyir em kesir ge time 240 ver e sen.

18. 19-03-2021-ci il tarixdə, saat 01:06:00-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - brat burda bir qram, brat burda 0.4 temiz.

19. 29-03-2021-ci il tarixdə, saat 19:45:05-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - brat neywe lazimiydi, brat 20 qr neywe lazımdı. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-** saylı mobil nömrələrin sonuncu anten əhatə dairəsində hərəkət etməsi aşağıdakı kimidir:

1. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə 25.05-2021-ci il tarixdə, saat 22:31:16-da Bakı şəhəri, Nizami rayonu, Naxçivanski 1119 ünvanında anten əhatə dairəsində hərəkət etməsi müəyyən edilmişdir.

2. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə 25.05-2021-ci il tarixdə, saat 05:32:24-də ünvan 11 ünvanında anten əhatə dairəsində hərəkət etməsi müəyyən edilmişdir.

3. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə 07.05-2021-ci il tarixdə, saat 21:22:30-da Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 63 saylı bina ilə üzbəüz 2403-cü məhəllədə anten əhatə dairəsində hərəkət etməsi müəyyən edilmişdir.

4. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə 23.05-2021-ci il tarixdə, saat 14:13:41-də Bakı şəhəri, Nizami rayonu, Naxçivanski 1119 ünvanında anten əhatə dairəsində hərəkət etməsi müəyyən edilmişdir. "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirildikdən sonra disk iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış və Sabunçu RPİ-nİn 48 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 181-204). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06.08.2021-ci il tarixli, 2715 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 207-209). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 23.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün yalan danışdığını, iki ədəd bağlamadakı heroini Təqsirləndirilən şəxs təqdim etməsini, bunu heç bir təzyiq olmadan könüllü etməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqi 223-227). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 14.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı əks etdirən bir ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış iki ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 243-254). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında 14.11.2021-ci qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitələri satan şəxs barədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 256-257). İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 02.10.2010-cu il təvəllüdlü Vəliyeva Aylin və 15.05.2012-ci il təvəllüdlü Vəliyev Məmməd adlı azyaşlı övladları vardır (cild 1, iş vərəqi 241-242). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 20.10.2021-ci il tarixli, 8958 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu adı göstərilən xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqi 240). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 30.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 119- 120). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun polislər tərəfindən döyülərək və təhqir edilərək narkotik vasitəni öz üzərinə götürərərk cinayəti boynuna alması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, onun şikayəti əsasında prokurorluq orqanlarının araşdırma aparması və polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı faktların təsdiqini tapmaması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, istifadə etdiyi mobil nömrələrlə narkotik vasitələrin satqısına dair yazışmaların aparılması, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan raportdan, protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 26 may 2021-ci il tarixdə saat 23:20 dəqiqədən məhdudlaşdırılmış, o, 27 may 2021-ci ildə saat 00:20-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 28 may 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 may 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 87-89, 161-163, 218-221). Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 26 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 193,856 qram qram narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 193,856 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar