Məhkəmə qərarları › İş №1(101)-382/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-382/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-382/2023 10.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs (12 mart 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsi, ev 5-də qeydiyyatda olan və barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İT-da saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilməmiş şəxsdən satış məqsədi olmadan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq külli miqdarda təmiz çəkisi 7,558 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşıyan zaman Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala stansiyası deyilən ərazidə xidmət aparan X6 Alayının 11-ci patrul Bölüyünün polis nəfərləri Təqsirləndirilən şəxs qaranlıq küçədə özünü şübhəli apararaq polis əməkdaşlarını görüb qaçmaq istədiyini görmüşlər. Polis əməkdaşları onun bu hərəkətindən şübhələnərək onun kimliyini müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs yaxınlaşanda Təqsirləndirilən şəxs özünü qəribə aparması və hərəkətindəki olan qeyri-səlislik onun narkotik vasitələrin təsiri altında olması şübhə yaratmışdır. Polis əməkdaşları bu səbəbədən onu Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirmiş, o, polis şöbəsində üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 04:30-da polis şöbəsinin xidməti otaqlarından birində videoçəkiliş ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli ağ-qırmızı xətli şortunun sağ yan cibindən, həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 7,558 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,625 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin gecə ona biri Aşur adlı şəxs olmaqla iki nəfər narkotik vasitə gətirmişlər. Ona zəng edib gəldiklərini demişlər, o da yola çıxmışdır. Daha sonra maşında söhbət edəndə polis maşını yolun qırağında gəlib yaxınlaşmış, maşında qabaqda oturan Aşur ona narkotik vasitəni maşının şüşəsindən atmasını demişdir. Narkotik vasitələr maşında oturan digər 2 şəxsə aid olmuş, həmin narkotik vasitələr ona məxsus olmamışdır. Polis əməkdaşları onu gecə vaxtı təxminən saat 4-də saxlamışlar. Həmin əraziyə Aşur və 2 nəfər gəlmişdi və o, Aşuru taksi kimi zəng edərək dükana getmək məqsədi ilə çağırmışdır. Həmin vaxt maşında onlar söhbət edəndə post patrul maşını gəlib maşını saxlamışdır. Həmin vaxt Aşur polisləri görəndə metamfetamini ona verərək maşından çölə atmasını demişdir. Onu əməliyyatçılar bölmədə döyüb narkotik vasitənin ona məxsus olduğunu deməyə məcbur etmişlər. O, narkotik vasitə olan kakosdan istifadə edirmiş və narkotik vasitəni maşında olan Aşur və Aşurun dostundan alırmış. Aşur onunla bir kənddə yaşayır. Həmin gecə Aşurun motosikleti olduğuna görə ona marketə getmək üçün zəng etmiş, həmin gün narkotik vasitə almağa çıxmamışdır. Onu döyən polislərdən Şəhriyar və «balaca» ləqəbli əməliyyatçı olmuşdur. O həmin günü narkotik vasitə almamış, narkotiki maşında ona Aşur və dostu maşından tullamaq üçün vermişdir. O, maşında arxada əyləşmişdir. Onu bölmədə 4 nəfər polis döyərək narkotik vasitənin ona aid olduğunu söyləməyə məcbur etmişlər. Üzərinə baxışla bağlı videoçəkiliş səhər saatlarında həyata keçirilmişdir. O, polislərə narkotik vasitənin ona aid olmadığını və maşında olan Aşur və digər dostuna aid olduğunu bildirmişdir. Polislər Aşur və digər dostunu otağa salıb, daha sonra onları buraxmışlar. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, Qala stansiyası adlanan yerdə polis əməkdaşları ona yaxınlaşaraq onun kimliyini soruşmuşlar. Bu zaman o, özünü şübhəli apardığı üçün polis əməkdaşları onun narkotik vasitələrin təsiri altında olduğundan şübhələnərək onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Orada onu narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün tutmuşlar və hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin edilmişlər. Daha sonra video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli ağ-qırmızı xətli şortun sağ yan cibindən iki ədəd sellofan büküm aşkar edilmişdir. Daha sonra həmin bükümlərin içinə baxış keçirilən zaman böyük bükümün içindən qəhvəyi rəngli toz halında heroin narkotik vasitəsinə oxşar maddə, digərindən isə ağ rəngli kristal halında metamfetamin psixotrop maddəsinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı qəhvəyi rəngli toz halında olan maddənin heroin narkotik vasitəsi, kristal halında olan kütlənin isə metamfetamin psixotrop maddəsi olduğunu bildirmiş və həmin gün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra üzərinə axtarış keçirilmiş və başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş hər iki büküm zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalar ilə təsdiq edilmişdir. Əlavə olaraq bir daha qeyd etmişdir ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Suraxanı rayonunda tanımadığı şəxsdən 100 manat pul müqabilində almışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs elan olunmuş ifadəsinin düzgün olmadığını, həmin ifadələri təyziq altında imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin X7 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Qala qəsəbəsi, Qala stansiyası adlanan yerdə hərəkətdə olarkən yolun sağında qara “Prius” markalı maşının dayandığını görüb maşına yaxınlaşmışlar. Maşında olan 3 nəfər şəxs özlərini şübhəli aparmışlar. Bu vaxt sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs onları görüb qaçmağa başlamış və həmin vaxt onun əlində büküm olmuş və o, polisləri görərək bükümü yerə tullamışdır. Ona bükümü yerdən götürməsini demişlər. Daha sonra həmin 3 nəfəri bölməyə gətirmişlər. Bölmədə videoçəkilişlə baxış keçirilən zaman iştirak etmiş, ancaq bükümdən nə qədər narkotik vasitə çıxması yadında deyildir. Saxlanılan şəxslərin vəziyyəti normal olmuş, saxlanılan şəxslərə qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs qaçsa da, digər 2 şəxs qaçmamış, onlar maşının yanında dayanmışlar. Narkotik vasitəni atılan yerdən Ziyad Kərimlinin özü götürmüşdür. Ona narkotik vasitəni atdığı yerdən götürməsini polislər demişlər. Narkotik vasitə siqaret qutusunda olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni hardan və kimdən alması barədə onlara heç nə deməmişdir. Digər saxlanılan 2 şəxsin üzərinə də bölmədə baxış keçirilmişdir, ancaq həmin baxışda iştirak etməyini xatırlamır. Məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə saat təxminən 04 radələrində 9678 çağırışlı avtopatrulda xidmət yoldaşları Şahid2 və Şahid3la birlikdə xidmət apararkən Xəzər rayonu Qala stansiya deyilən ərazidə 1 nəfər şəxsin yolun kənarında qaranlıq küçədə hərəkətdə olduğunu görüb onlara yaxınlaşmışdır. Özlərini təqdim etdikdən sonra həmin şəxsin özünün qeyri-səlis aparması onlarda şübhə yaratmışdır. Həmin şəxs, adını sonradan bildiyi Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin təsiri altında olması ilə əlaqədar həmin şəxsin onlarda şübhə yaratdığını görüb onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsi tələb olunmuşudr. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmiş və bu barədə raport tərtib etmişlər. Həmin raport əsasında araşdırma aparılması Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elgün Zülfüqarova həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur, daha sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Kərimə hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli ağ-qırmızı xətli şortunun sağ cibindən ayrı-ayrılıqda şəffaf selofana bükülmüş 02 bükümü cibindən çıxararaq təqdim etmişdir. Bir ədəd bükümün şəffaf selofana bükülmüş bükülünü açıb içərisinə baxan zaman içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər və digər bir ədəd bükümün şəffaf selofana bükülmüş bükülünü açıb içərisinə baxan zaman isə içərisində kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğunu gördükdə Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu, haradan əldə etməsini soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükülünün birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri öz istifadəsi üçün Suraxanı rayonundan 100 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və psixtorp maddələr qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı ifadəni özünun imzalamasını bildirmiş, ancaq ifadədəki mətni tam oxumadığını, məhkəmədə verdiyi ifadənin düzgün olmasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid1 məhkəmədə verdiyi ifadəsindəki halları təsdiq etmişdir. Məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindəki halları təsdiq etmişdir. Şahid2 ibtidai istintaq zamanı ifadəni özünun imzalamasını bildirmiş, ancaq ifadədəki mətni tam oxumadığını, məhkəmədə verdiyi ifadənin düzgün olmasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə saat təxminən 04 radələrində 9678 çağırışlı avtopatrulda xidmət yoldaşları Şahid2 və Şahid1 ilə birlikdə xidmət apararkən Xəzər rayonu Qala stansiyası deyilən ərazidə “ Toyota Prius” markalı maşının dayandığını, bir nəfərin maşında oturduğunu, digər iki nəfərin isə maşının yanında dayandığını görmüşlər. Onlara yaxınlaşıb, özlərini təqdim etmişlər. Onlar isə polisləri görəndə özlərini şübhəli aparmışlar. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onları görəndə əynində olan şortikin cibindən nə isə çıxarıb çəpərin digər tərəfinə tullamış və qaçmağa başlamışdır. 3 metr qaçdıqdan sonra onu tutub saxlamış, Kərimin yerə tulladığını axtarmışlar, lakin tapa bilməmişlər. Təqsirləndirilən şəxs öz maşınlarında, digər iki şəxsi isə onların öz maşınında polis bölməsinə aparmışlar. Bölmədə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən iki büküm şəffaf sellofanda narkorik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu bildirmiş, ancaq narkotik vasitənin ona məxsus olub-olmaması barədə nə deməsi yadında deyil. Məhkəmədə həmçinin aşağıdakı sübutlar və digər sənədlər tədqiq olunmuşdur; Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, həmin Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da hazırda məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2022-ci il tarixli 6/4201 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №157» dairəvi möhrü əksi «Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 7,558 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,625 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in, İ siyahısına daxildir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022ci il tarixli, 5758 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülü Cinayət işinə əlavə edilmiş Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan olan qara rəngli ağ-qırmızı xətli şortunun sağ cibindən ayrıayrılıqda şəffaf selofana bükülmüş 02 büküm olmaqla bir ədəd bükümün içərisində qəhvəyi rəngli spesifik qoxuya malik nakrotik vasitə heroinə bənzər və digər bir ədəd bükümün içərisində isə kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon prokurorunun böyük köməkçisi X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 dekabr 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN Xəzər RPİ-nin əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı öz təsdiqini tapmamışdır. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə 7,558 qram çəkidə olan narkotik vasitə heroinin ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalan 7,448 qramı və 01 ədəd bükümdə 1,625 qram çəkidə olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 1,575 qramı saxlanılması üçün Xəzər RPİ-nin MSS kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət tbrətməyə görə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq Xəzər RPİnin MSS kamerasına təhvil verilmiş cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə ümumi çəkisi 7,558 qram çəkidə olan narkotik vasitə heroinin ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalan 7,448 qramı və 01 ədəd bükümdə 1,625 qram çəkidə olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 1,575 qramı məhv edilməli, maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 114 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 05 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 05 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq Xəzər RPİnin MSS kamerasına təhvil verilmiş cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə ümumi çəkisi 7,558 qram çəkidə olan narkotik vasitə heroinin ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalan 7,448 qramı və 01 ədəd bükümdə 1,625 qram çəkidə olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 1,575 qramı məhv edilsin, maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 114 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar