Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-384/2024 08.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, 01 fevral 2023cü il tarixdə barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 7,916 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 30 yanvar 2023-cü il tarixdə saat 12:30-da Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,864 qram və 4,052 qram olmaqla, ümumi təmiz çəkisi 7,916 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixində saat 1-in yarısında 3-4 nəfər həyətdə dayanan adamlar onu çağırmış, bacısı oğlu həyətə çıxdıqda Ruhullahın o, olub olmadığını soruşmuş daha sonra o, həyətə daxil olmuşdur. Həmin şəxslər özlərini təqdim etmədən onlarla birlikdə bölməyə getməsini təklif etmişdirlər. O, yuxarı çıxıb paltarını dəyişdikdən sonra, polis əməkdaşları ilə birlikdə 31-ci polis bölməsinə getmişdir. Saat 1-ə qalmış polis bölməsinə çatmış, təxmini 3 saat sonra vəkil gəlmiş, narkotik vasitəni öz üzərinə götürməsi və videoçəkiliş zamanı təqdim etməsi barədə polis əməkdaşlarının təklifi ilə razılaşmadığından bölməyə iki nəfər hal şahidi gətirilmiş, masanın üzərinə iki büküm növünü bilmədiyi narkotik vasitə qoyulmuşdur. Narkotik vasitə olan bükümlərin mənim paltarı ilə ümumiyyətlə təması olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməmiş, barəsində hər hansı istintaq hərəkətinin həyata keçirilməsinə etiraz etməmişdir. Şərait imkan verməsinə baxmayaraq nə tutularkən evinin qarşısında, nə də polis əməkdaşları bölməyə daxil olmazdan öncə onun üzərinə baxış keçirilməmişdir. Hal şahidləri gəldikdən sonra polis əməkdaşları narkotik vasitəni stolun üzərinə qoymuşdurlar. O, bölmədə olarkən telefonu evdə olduğundan və ona icazə verilmədiyindən ailə üzvlərilə əlaqə saxlaya bilməmişdir. Polis əməkdaşlarının narkotik vasitəni stolun üzərinə qoyması ilə hal şahidlərinin gəlməsi arasında təxmini 1 saat yarım fərq olmuşdur. O, vəkildən imtina etmiş lakin polis əməkdaşları ona istintaq zamanı dövlətin təyin etdiyi vəkilin iştirak etməli olduğunu bildirmişdirlər. Narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olmamışdır. Ona ibtidai istintaq dövründə təqdim edilən sənədləri oxumadan imza etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə daxil olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq təqsirləndirilən şəxsin yaşadığı küçəyə getmişlər. Zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşdıqdan sonra onu Polis Bölməsinə dəvət etmiş, orada təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə etiraz etdiyindən dəvət edilmiş hal şahidlərinin iştirakı ilə həyata keçirilmiş baxış zamanı onun üzərindən bir neçə bükümdə qəhvəyi rəngli və toz şəklində olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Vüqar Bədəlov küçəsində, yaşadığı mənzilə yaxın ərazidə saxlanılmışdır. Hadisə yerinə o, Rasim və İzzətlə birlikdə getmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmiş, şəxsin üzərinə baxış keçirilərkən 200-300 manat pul vəsaiti, şəxsiyyət vəsiqəsi və digər sənədlər də aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, “Bolt Food” işləyir. Yol ilə gedərkən ona yaxınlaşan polis əməkdaşlarının şübhəli şəxsin üzərinə keçirilməsi planlaşdırılan baxış istintaq hərəkətində hal şahidi kimi iştirak etməsi barədə təklifi ilə razılaşaraq bölməyə getmiş, bölmədə təqsirləndirilən şəxs ona təqdim edilmiş, hadisələri yalnız kənardan müşahidə etməsi xahiş edilmişdir. Baxış zaman təqsirləndirilən şəxsin üzərindən iki ədəd kiçik sellofana bükülü vəziyyətdə narkotik vasitə aşkar olunmuşdur. Baxışın vaxtını bilməsə də hava qaranlıq olmamışdır. Ona təqsirləndirilən şəxsi göstərilmiş və yalnız kənardan durub hadisələri müşahidə etməsi bildirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən pul qabı da aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmamasını bildirmişdir. Şəxsi axtarış günortadan sonra saat 5-6 radələrində olmuşdur. Bölmədə bu şəxsdən başqa yanında bir nəfər də olmuşdur. Nicat adlı digər hal şahidi gəldikdə narkotik vasitə stolun üzərində olmuş, o Nicatı üzləşmə zamanı görmüşdür. Məhkəmə iclas zalında elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, 30 yanvar 2023-cü il tarixdə təxminən saat 14 radələrində şəxsi işi ilə əlaqədar olaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin yaxınlığından keçən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini və bu zaman hal şahidi qismində çıxış etməyi təklif etmişlər. O da razılaşmışdır. Bundan sonra təxminən saat 14:10 radələrində polis əməkdaşları onu 31-ci Polis Bölməsinə dəvət etmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonradan bir nəfər tanımadığı başqa hal şahidi də dəvət edilmiş və təxminən saat 15 radələrində Polis Bölməsində otaqların birində bir nəfər şəxsin üzərinə baxış keçirilməsinə başlanılmışdır. Əvvəlcə üzərinə baxış keçirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs olması bildirilmiş, baxış zamanı həmin şəxsin əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 02 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq içərisində toz şəkilli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən qara rəngli pul kisəsi aşkar olunmuşdur. Həmin pul kisəsi açılaraq içərisinə baxış keçirildikdə 261 manat pul, bank kartları və digər kartlar olması məlum olmuşdur. Sorğu zamanı Nurullah Novruzzadə pul kisəsi və onun içindəkin pul və kartların onun özünə məxsus olduğunu, lakin üzərindən aşkar edilmiş 02 ədəd bükümün ona məxsus olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə həmin 02 ədəd büküm və pul kisəsi içərisindəkki pul və kartlarla birlikdə götürülərək qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza olunmuşdur. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti izah edərkən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, həm izahatlardakı, həm də üzləşdirmə ptorokollarındakı imzaların ona məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, “kuryer” qismində fəaliyyət göstərir. Polis əməkdaşları tərəfindən ona hal şahidi olması barədə verilmiş təklif ilə razılaşmış, Ruhullahı tanımadığını bildirdikdən sonra, ad və soyadı öyrənilmişdir. O bölmədə olarkən stolun üzərində paketdə əşya görmüşdür. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə şahidlik etməmiş, stolun üzərində olan əşyaların mənbəyi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 30 yanvar 2023-cü il tarixdə təxminən saat 14 radələrində şəxsi işi ilə əlaqədar olaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin yaxınlığından keçən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini və bu zaman hal şahidi qismində çıxış etməyi təklif etmişlər. O da razılaşmışdır. Bundan sonra təxminən saat 14:10 radələrində polis əməkdaşları onu 31-ci Polis Bölməsinə dəvət etmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonradan bir nəfər tanımadığı başqa hal şahidi də dəvət edilmiş və təxminən saat 15 radələrində Polis Bölməsində otaqların birində bir nəfər şəxsin üzərinə baxış keçirilməsinə başlanılmışdır. Əvvəlcə üzərinə baxış keçirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs olması bildirilmiş, baxış zamanı həmin şəxsin əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 02 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq içərisində toz şəkilli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən qara rəngli pul kisəsi aşkar olunmuşdur. Həmin pul kisəsi açılaraq içərisinə baxış keçirildikdə 261 manat pul, bank kartları və digər kartlar olması məlum olmuşdur. Sorğu zamanı Nurullah Novruzzadə pul kisəsi və onun içindəkin pul və kartların onun özünə məxsus olduğunu, lakin üzərindən aşkar edilmiş 02 ədəd bükümün ona məxsus olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə həmin 02 ədəd büküm və pul kisəsi içərisindəkki pul və kartlarla birlikdə götürülərək qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza olunmuşdur. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti şahid onunla izah etmişdir ki, oxumağı və yazmağı bacarmır. Verdiyi izahatda adını isə ona astadan yazdırdıqları üçün yaza bilməsi ilə izah etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, Ruhullahın qaldığı evin qapısı məscidin həyətinə açılmış, o dəstəmaz alan zaman iki nəfər Ruhullaha yaxınlaşmış, Ruhullahı kiminsə çağırdığını eşitmişdir. Hadisə günorta namazından öncə, təxminən saat 12:30-da baş vermişdir. Dəstəmazı bitirdikdən sonra o məscidin içinə daxil olmuş, məscidin qarşısı şüşəli olduğu üçün iki nəfərin Ruhullah ilə söhbət etdiyini görmüş, etdikləri söhbətin məzmununu eşitməmiş, həmin şəxslərin Ruhullahın dostları olduğunu düşünmüşdür. Ruhullah çölə çıxdıqdan sonra həmin şəxslərlə söhbət edib yenidən içəri girmiş, 5-10 dəqiqə sonra çölə çıxıb həmin şəxslərlə birlikdə qara avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Ruhullah yas mərasimlərində və digər məclislərdə quran oxuduğuna görə o, Ruhullahın hansısa məclislə əlaqədar avtomobillə getdiyini düşünmüş, sonradan Ruhullahı polis əməkdaşlarının apardığını bilmişdir. Ruhullahın üzərində qanunsuz hansısa əşya olsaydı onu rahat şəkildə kənara ata bilərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə, günorta saat 12:30 radələrində iki nəfər mülki geyimli polis əməkdaşı həyətə daxil olmuş, o evin qapısından çıxdıqda ondan Ruhullah olub-olmadığı soruşulmuş, o Ruhullahın bacısı oğlu olduğunu bildirmişdir. O dayısı Ruhullaha onu iki nəfərin axtardığını, 2-3 dəqiqə sonra dayısının qayıdaraq onu 31-ci Polis Bölməsinə çağırdıqlarını və gedib-gələcəyini bildirmişdir. Onlar 3-4 saat Ruhullahdan xəbər ala bilməmiş, 31-ci Polis Bölməsinə zəng etdikdə Ruhullahın orada olmadığı onlara bildirilmişdir. Onlar bir neçə Polis İdarəsinə getsələr də Ruhullahın yerini müəyyən edə bilməmiş, evə qayıdarkən yenidən 31-ci Polis Bölməsinə getmək qərarına gəlmişdir. Onlar bölmənin içərisinə girdikdə xalası Ruhullahı telefon danışılan otaqda görmüşdür. Dayısı polislərlə danışıb evə qayıtdıqda tək olmuş və üzərində olan hansısa qanunsuz əşyanı atmaq imkanına sahib olmuşdur. Sonradan evə baxış keçirilməmişdir. Dayısı axşam 12 radələrində ev telefonuna zəng edərək onun üçün müdafiəçi tutulmasını istəmişdir. Onların evinin telefon nömrəsi ***-***-**-** olmuşdur. Polis əməkdaşları onunla danışarkən özlərini təqdim etməmişdirlər. O, dayısının polis əməkdaşları ilə etdiyi söhbətin məzmununu eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə, Ruhullah adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar “raportla” rəisə məruzə etdikdən sonra əməliyyat qurupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsi müəyyən edib, özlərini təqdim edərək Polis Şöbəsinə dəvət etmişdirlər. Şöbədə vəkil və hal şahidinin iştirakı ilə şəxsin üzərindən iki bükümdə narkotik vasitə aşkar olunmuş, təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə məlumatının olmadığını bildirmişdir. Əməliyyat məlumatı İzzət adlı polis əməkdaşına daxil olmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün şəxsi harada saxladıqlarını xatırlamır. Şəxsin üzərinə hal şahidi olmadığı üçün yerində baxış keçirilməmiş, vəkil şəxsi axtarış zamanı iştirak etmişdir. Onlar şəxsi günorta təxminən 11- 12 radələrində saxlamış, təqsirləndirilən şəxsi idarəyə apararkən onun əlinə qandal vurmamış, şəxsin üzərinə həmin gün baxış keçirtmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərilmişdir ki, Şahid3 daxil olmuş əməliyyat məlumatı əsasında xarici görünüşünə əsasən Əmircan qəsəbəsində, evinin yaxınlığında təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra 31-ci Polis Bölməsinə dəvət etmiş, təhqiqatçının otağında təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən onun üzərindən iki bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. O, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bir çox məqamları xatırlamır.Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, saxlanılarkən ona qarşı təzyiq göstərilməmiş, hava şəraiti isə tutqun olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən 1 saat sonra barəsində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış zamanı 5 nəfər iştirak etmiş, onlardan iki nəfəri hal şahidi 3 nəfəri isə polis əməkdaşı olmuşdur. Hal şahidləri təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən gəlmiş, təqsirləndirilən şəxsin üzərindən iki büküm narkotik vasitə və pul qabı aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində 30 yanvar 2023-cü il tarixdə tutma protokolu tərtib edilmiş, o təxminən gündüz vaxtları saxlanılmışdır. Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə, Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə keçirilən əməliyyat tədbirləri nəticəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək yaşadığı ünvan 6 ünvanının qarşısında saxlanılmış və Polis Şöbəsinə gətirilmişdir. X8 Novruzzadə barəsində müdafiəçinin iştirakı ilə tutma protokolu tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən səhər vaxtları olmuşdur. Vəkilin təyin edilməsi barədə qərarı Vəkil Bürosuna özü aparmışdır. Həmin Vəkil Bürosu onların şöbəsinə yaxın məsafədə olmuşdur. Şübhəli şəxsin tutulması protokolunun tərtib olunma və şəxsin tutulma saatları barədə tərəfindən texniki səhvə yol verilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində videoçəkiliş vasitəsilə qeydə alınmalı olan şəxsi axtarış istintaq hərəkəti keçirilməli olması barədə məlumat verilsə də sonuncu həmin videoçəkilişin televiziya kanallarında yayımlanacağını düşünərək etiraz etdiyindən bölməyə 2 nəfər hal şahidləri dəvət edilmişdir. Hal şahidlərinin ifadələri onun özü tərəfindən yazılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Ruhulla” adlı şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsi, V.Bədəlov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu saat 12:30 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilərək hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, bu zaman onun əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 02 ədəd şəffaf sellofan büküm və əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən qara rəngli pul kisəsi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 34-38). Məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,864 qram və 4,052 qram olmaqla ümumi təmiz çəkisi 7,916 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 7,816 qram təşkil etmişdir (cild 1, iş vərəqə 51-52). Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 7,816 qram təşkil edən narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 192-202). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 159). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə (köhnə redaksiyada)əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Ruhulla Novruzzadənin barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətinin keçirilməsində iştirak edən hal şahidi ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin üzərindən aparılan axtarış zamanı narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, lakin sonuncu həmin narkotk vasitənin ona məxsus olmamasını, kimin tərəfindən cibinə qoyulmasından məlumatı olmamasını bildirmişdir. Göründüyü kimi ibtidai istintaq dövründə üzərindən narkotik vasitə aşkar edilməsi halını inkar etməsə də özünə məxsus olmamasını qeyd etmişdir. Məhkəmə iclasında isə şəxsi axtarış zamanı üzərindən aşkar edilməsi iddia edilən narkotik vasitənin “onun paltarları ilə ümumiyyətlə təmasda olmamasını” bildirsə də onun qeyd edilən ifadəsi hal şahidi Şahid1 tərəfindən verilmiş ifadələr ilə təkzib edilmişdir. Məhkəmə iclasında hal şahidlərdən biri müvafiq istintaq hərəkətinin keçirilməsində sonradan gəldiyini bildirsə də nə ibtidai istintaq dövründə, nə də məhkəmə iclasında təqsirləndirilən şəxs onun barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilməsi, həmin istintaq hərəkətinin keçirilməsində qanunla müəyyən edilmiş qaydada iki hal şahidinin iştirak etməsi faktını inkar etməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəmə iclasında həmin hal şahidlərindən biri olan Şahid2 yazıb–oxuya bilməməsinin nəzərə alınmaqla həm onun tərəfindən verilmiş ifadələrin, həm də iştirak etdiyi şəxsi axtarış istintaq hərəkəti protokolunun mötəbərliliyinin şübhə alınması ilə əlaqədar dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkəti haqqında protokolun sonunda həmin protokolun iştirakçıları tərəfindən imzalanmamışdan əvvəl ucadan səsləndirilməsi məsələsi öz əksini tapmışdır. Digər tərəfdən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadənin özü tərəfindən yazılmaması həmin ifadələrin həqiqiliyini şübhə altına alınması üçün əsas ola bilməz. Belə ki, adı çəkilən şahid məhkəmə iclasında ifadə verərkən də ibtidai istintaq dövründə verdiyi ifadəyə uyğun izahat vermişdir. Bundan başqa müvafiq dindirmə protokolunun sonunda “mənim sözlərimdən düzgün yazılıb ” ifadəsi öz əksini tapmışdır. Hal şahidindən izahat almış təhqiqatçı X7 isə həmin izahatların özü tərəfindən yazıldığını inkar etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinin tələbləri baxımından da Şahid2 hal şahidi qismində müvafiq istintaq hərəkətində iştirak etməsinə maneə olan hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X1 və X3 Ruhulla Novruzzadənin tutulma yeri və vaxtı barədə verdikləri ifadələr ilə təqsirləndirilən şəxsin öz yaşadığı ünvanın qarşısında tutulması barədə müvafiq xüsusatı özündə əks etdirən cinayət işi materiallarına əlavə edilmiş sənədlərlə(raportlar, şəxsi axtarış və götürmə haqqında protokol və s. ) təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, üzləşdirmə protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Ruhulla Novruzzadəyə ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Ruhulla Novruzzadənin barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə keçirilmiş axtarış və götürmə istintaq hərəkətləri nəticəsində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmiş, istifadəsində olan telefon nömrələri dəqiqləşdirilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dalələt edən hər hansı hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 sentyabr 2013-cü il, 10 avqust 2017-cü il və 2 may 2023-cü il təvəllüdlü üç azyaşlı övladı vardır. Məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 29), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 107-110). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 161-162). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,816 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat məbləğində məhkəmə-kimyəvi ekspertizası xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 240). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,816 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-384/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-384/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver