Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-385/2023 23.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi ünvanında kirayə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 5,608 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 11 iyul 2022-ci il tarixdə saat 19:30 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılaraq polis şöbəsinə gətirilib müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən 01 ədəd sellofana bükülmüş, təmiz çəkisi 5,608 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Nərimanov rayonu, Montin qəsəbəsində kirayədə yaşamış, şəxsi istifadəsi üçün “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından narkotik vasitə almışdır. O, İran vətəndaşının kartına 120 manat pul köçürmüş, İran vətəndaşı da, narkotiki Sumqayıta, Corat qəsəbəsinə qoymuş, o da iyulun 5-i gedib oradan götürmüşdür. Daha sonra o, həmin narkotik vasitəni istifadə etmişdir. Daha sonra Ramin adlı şəxslə Binə qəsəbəsində bir kafeyə pivə içmək üçün getmişlər. Ramin ona gözləməyi deyib getmiş, o isə üzərində metamfetamin ola-ola pivə içmişdir. Bir az sonra polislər gəlib onu saxlayaraq 18-ci Polis bölməsinə gətirmişlər. Onun üzərindən bir sellofan büküm və falqa aşkarlanmışdır. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə qol çəkmişdir. Daha sonra 234.4.3-cü maddəyə narkotikin təsiri altında olduğuna görə qol çəkmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitədən son bir ay ərzində istifadə etməyə başlamış, narkotiki İran vətəndaşından almış, sonuncu dəfə mayın 5-i 120 manata 10 qram alıb ayın 11-nə qədər istifadə etmişdir. O, hər hansı şəxsə narkotik vasitə verməmişdir. Saxlanılarkən üzərində narkotikdən qalan balaca bir şey olmuş, amma tərəzidə çəkməmişdir o, ehtimalla deyə bilər ki, üzərində qram yarım narkotik olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Xatırlamadığı tarixdə o, 18-ci Polis şöbəsinin sahə inspektoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində kafelərin birində olduqları zaman, bir nəfər şəxsin hərəkəti və davranışı ilə özünü şübhəli aparmasını müşahidə etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ondan özünü təqdim etməsini bildirərkən həmin şəxsin davranışı və hərəkəti, eləcə də verilən suallara qeyri-müəyyən cavab verməsi ilə şübhələrini daha da artırmışdır. Onlar həmin şəxsi ərazi üzrə 18-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis şöbəsində xidməti otaqda onun, 18-ci Polis şöbəsinin sahə inspektoru polis kapitanı Şahid2 və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, onlar Samiri şübhəli şəxs kimi saxlayarkən ona fiziki və psixi təzyiq olmamış, sonuncu özü narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Samirin üzərindən aşkar olunan narkotik 1 bükümdə aşkar olunmuş, çəkisi 2 qramdan çox, təxminən 10 qrama yaxın olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirdiyini, Samirin narkotik vasitənin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat olmamasını göstərdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində 18ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 ilə inzibati ərazidə xidmətdə olan zaman ünvan 4 saylı binanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etmişlər və bu zaman həmin şəxs onların verdikləri suallardan yayınmağa başlamışdır. Odur ki, həmin şəxsi narkotik vasitədən istifadə etməkdə şübhəli şəxs qismində 18-ci Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş DVD diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ kiçik cibindən 01 ədəd sellofan paketdə içərisində ağ rəngli, kristal şəkilli maddəni könüllü olaraq təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi maddə psixotrop maddə hesab olunan "şüşə"dir, onu bir həftə əvvəl, yəni xx.xx.2022-ci il tarixdə "İnstagram" sosial şəbəkəsində özünü "iranlı" kimi təqdim edən tanımadığı şəxsdən 120 manata şəxsi istifadəsi üçün almış, həmin psixotrop maddənin pulunu isə həmin şəxsin ona verdiyi hesab nömrəsinə göndərmişdir. Həmin psixotrop maddənin bir qismini istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək üçün özündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində isə ünvan 4 ünvanda olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən bir ədəd "Samsung A10" markalı mobil telefon aşkar olunmuşdur. Aşkar olunmuş psixotrop maddəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir (cild 1, iş vərəqi 26-27). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3768 saylı rəyindən görünür ki, tədiqaqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 224” dairəvi möhür əksi olan, "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 5,608 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir (cild 1, iş vərəqi 34-39). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 5,608 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq çəkisi 5,558 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmişdir (cild 1, iş vərəqi 91-92,149). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ǝdǝd "Samsung A10" markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə göndərilmişdir (cild 1, iş vərəqi 106-106a). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və məlumatları özündə əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin əhatə dairəsi məlumatlarının əks olunduğu və həmin mobil nömrələrə göndərilən və qəbul edilən SMS-lərin mətnlərini əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilən zaman həmin CD diskin içərisində iş üçün əhəmiyyəti kəsb edən heç bir sübut aşkar edilməmişdir (cild 1, iş vərəqi 119-121). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5033 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyalorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 122-123). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir, həmçinin o, öz prosesual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır (cild 1, iş vərəqi 125-126). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videogörüntülərin qeydə alındığı 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 133-140). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 97). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 142-143). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, özü şəxsən və müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə psixotrop maddə metamfetamini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 5,608 qram təmiz çəkidə psixotrop maddə metamfetamini sellofan paketdə üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən yalnız təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmiş, lakin iş materiallarına həmin tapşırığa cavab verilib-verilməməsi barədə ümumiyyətlə sənəd əlavə edilməmişdir. Həmin əməliyyat tapşırığından təqsirləndirilən şəxsin psixotrop maddənin satışı ilə məşğul olub-olmaması, ondan aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq və ya şəxsi istifadəsi üçün əldə etmək məqsədinin müəyyən edilməsi, onun satdığı təqdirdə alıcıların müəyyən edilməsi üçün əməliyyat orqanına müraciət edilməmişdir. Göründüyü kimi, hətta əməliyyat tapşırığının özünün formal xarakter daşıdığı onun məzmunundan aşkar görünür. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsindən də görünür ki, təqsirləndirilən şəxsin kiməsə narkotik vasitə satması barədə konkret fakt müəyyən olunmamışdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin psixotrop maddələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Lakin, 11 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 5,608 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda bir bükümdə narkotik vasitə olan psixotrop maddə metamfetaminin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin vasitəni satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik vasitələrlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 11 iyul 2022-ci il tarixdə onun üzərindən külli miqdarda 5,608 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddə metamfetaminin məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmənin gəldiyi həmin nəticə həmçinin onunla təsdiq olunur ki, 11 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zamanı, yəni onun özünü şübhəli aparması ilə əlaqədar olaraq saxlanılaraq polis şöbəsinə gətirilimişdir. Yəni əvvəlcədən onun psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmamış, həmçinin Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5033 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs deməsinə görə, təxminən 1 aydır ki, psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməkə istifadə edir. Təqsirləndirilən şəxs psixostimulyalorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, İmanov X5 rayon Polis İdarəsində cibindən 01 ədəd sellofan paketin içində psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim edərkən həmin maddədən öz istifadəsi məqsədini güddüyünü bildirmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini məhz şəxsi istifadə etmək üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadələr verərək, bildirmişdir ki, ondan aşkar edilmiş psixotrop maddə ona məxsus olmuşdur. Lakin onun həmin vasitəni satmaq kimi məqsədi olmamışdır. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək ondan aşkar edilmiş metamfetaminin çəkisinin 2 qramdan az olduğunu bildirmiş, lakin həmin maddəni tərəzidə çəkmədiyini, çəkisinin az olmasını ehtimalla söylədiyini bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı psixotrop maddənin çəkisinə münasibətdə mübahisələndirməklə məsuliyyətini yüngülləşdirmək məqsədini güdür. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022ci il tarixli, 6/3768 saylı rəyindən aşkar görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin təmiz çəkisi 5,608 qramdır. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 iyul 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 iyul 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 16-17, 82-86). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 11 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmiş ekspertizadan sonra qalıq çəkisi 5,558 qram metamfetamin məhv edilməlidir. Digər sübut - Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilməsi barədə videogörüntülərin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı ondan götürülmüş və Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan 01 ǝdǝd "Samsung A10" markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan ekspertizadan sonra qalıq çəkisi 5,558 qram metamfetamin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan 01 ǝdǝd "Samsung A10" markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-385/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-385/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver