Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-386/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçilər X4 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Kiçikbəyov və partnyorları» Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, ev 55-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Əli» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb «Mİ» markalı mobil telefonun «Whatsapp» internet sosial şəbəkəsi vasitəsi ilə yazışaraq, «Əli» adlı şəxs ona Bakı şəhəri Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yolu, «Sahil» şadlıq sarayının yaxınlığında külli miqdarda təmiz çəkisi 125 qram narkotik vasitə heroinin və külli miqdarda təmiz çəkisi 70 qram psixotrop maddə metamfetaminin gizlədildiyi barədə məlumat verdikdən sonra o, 3 iyul 2022-ci il tarixdə, saat 9:30 radələrində həmin külli miqdarda heroini və metamfetamini satış məqsədilə oradan götürüb qanunsuz əldə etməklə sellofan paketdə saxlamaqla daşımış və 3 iyul 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yolu, «Sahil» şadlıq sarayının yaxınlığında Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına aparılmış, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlindəki üzərində «original LEVİ'S» yazıları olan göy rəngli sellofan paketin içərisindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 125 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 70 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Seyfuila oğlu ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Vətən müharibəsi veteranıdır. İlk dəfə müharibə dövründə ermənilərdən qənimət olaraq narkotik vasitələr ələ keçirib istifadə etmişdir. Qayıdandan sonra fərdi qaydada elektrik kimi fəaliyyət göstərmişdir. Bununla belə müharibədə aldığı travmalara görə narkotik vasitələri tərgidə bilməmiş, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən mütəmadi istifadə etmişdir. Narkotik vasitələri İnstagram sosial şəbəkəsində tanış olduğu «Əli» adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə əldə etmişdir. Belə ki, həmin şəxs müxtəlif bank kartlarının nömrəsini ona göndərmiş, o da «Milliön» ödəmə vasitəsilə həmin karta pul göndərmiş, bundan sonra «Əli» adlı şəxs narkotik vasitə qoyulan yerin ünvanını ona göndərmiş və o, gedib narkotik vasitəni götürmüşdür. Bir neçə dəfə «Əli» adlı şəxs ona narkotik vasitələri bir yerdən götürüb başqa yerlərə qoymağı xahiş edib, bunun müqabilində narkotik vasitənin bir qismini özünə götürməyini bildirmişdir. Maddi ehtiyacı olduğundan sonuncunun təklifi ilə razılaşmış, eyni zamanda bu hərəkətin cinayət məsuliyyəti yaratdığını bilməmişdir. Özünə götürdüyü narkotik vasitələri heç vaxt satmamış və heç kimlə bölüşməmişdir. Tutulmamışdan əvvəl «Əli» adlı şəxslə «Whatsapp» tətbiqi vasitəsi ilə əlaqə saxlayıb hər birindən təxminən 10-15 qram olmaqla narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş vermişdir. Sonra sonuncunun kart hesabına 400 manat pul göndərmişdir. Bundan sonra həmin «Əli» adlı şəxs narkotik vasitəsini qoyduğu yerin şəkilini ona göndərmişdir. Həmin yerə gedərkən 2 iyul 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Xocəsən yolu «Sahil» şadlıq evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onun telefonuna baxıb, nakotik vasitənin gizlədildiyi yerin şəkillərini görüb, narkotik vasitələri həmin yerdən götürmüşlər. O, həmin vaxt polis avtomobilində əyləşmiş və narkotik vasitəni görməmişdir. Daha sonra onu Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə videoçəkilişlə axtarış aparılarkən polis əməkdaşlarının psixoloji təzyiqi ilə narkotik vasitələri özünün götürdüyünü bildirmişdir. Əməlindən peşmandır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilidir. 3 iyul 2022ci il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmişdir. Bölmənin sahə rəisi Şahid2la birlikdə 3 iyul 2022-ci il tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yolunda yerləşən «Sahil» şadlıq sarayının yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs orda saxlanılmış və narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama, satma və gəzdirilməsində şübhəli olduğunu bildirib bölməyə aparmışlar. Həmin zaman Təqsirləndirilən şəxs əlində üzərində «originaİ LEVİ'S» yazısı olan göy rəngli sellofan paket olmuşdur. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması təhqiqatçı Kamal Hüseynova həvalə olunmuşdur. Bölmədə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncu sağ əlində olan «original LEVİ'S» yazısı olan göy rəngli sellofan paketdə içərisində duz kristallarına bənzər maddə olan şəffaf sellofana bükülmüş bir bükümü və içərisində qəhvəyi rəngdə nəm halda maddə olan digər bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən «Mİ» markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən içərisində şəxsiyyət vəsiqəsi, 32 manat məbləğində pul, 02 ədəd «Leobanka» məxsus bank kartlları və üzərinə «Bakı Kart» sözü yazılmış plastik kart olan qara rəngli dəri pul qabını təqdim etmiş, bükümlərdəki maddələrin «kakos» və «patı» olduğunu demişdir. Həmin maddələri Təqsirləndirilən şəxs 3 iyul 2022-ci il tarixdə saat 09:30-da Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsindən «Əli» kimi tanıdığı İran İslam Respublikası vətəndaşından, sonuncuya kart vasitəsi ilə 400 manat pulu göndərək, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər ekspertizaya göndərilməsi üçün kağız zərflərə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanmış və möhürlənmişdir. Sonda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olarkən ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin sahə rəisi, polis mayoru Şahid2 ifadəsində Şahid1nım dediklərini təsdiq edərək, istintaqa analoji ifadə vermişdir. İşin 33-36-cı vərəqlərindəki «şəxsi axtarış və götürmə barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan «original LEViS» yazısı olan göy rəngli sellofan paketdə içərisində duz kristallarına bənzər maddə olan şəffaf sellofana bükülmüş bir bükümü və içərisində qəhvəyi rəngdə nəm halda maddə olan digər bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən «Mİ» markalı telefonu, həmin şalvarın sağ yan cibindən içərisində şəxsiyyət vəsiqəsi, 32 manat məbləğində pul, 02 ədəd «Leobank»a məxsus bank kartları və üzərinə «Bakı Kart» sözü yazılmış plastik kart olan qara rəngli dəri pul qabını təqdim etmişdir. Həmin bükümlərdə olan maddələrin el arasında «kakos» kimi tanınan narkotik vasitə heroin və «patı» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri o, 3 iyul 2022-ci ildə saat 09:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsində adını «Əİi» kimi bildiyi İran İslam Respublikası vətəndaşının vasitəsilə, ona kart vasitəsi ilə 400 (dörd yüz) manat pulu göndərərək əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin bükümlər açılmış və içərisində maddə kütləsi qablaşdırılaraq ekspertiza keçirilməsi üçün götürülmüşdür. İşin 158-165-ci vərəqlərindəki CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə CD diskə baxış keçirilərkən, sonuncu orada olan görüntülərin həqiqəti əks etdirdiyini bildirərək, sağ əlində olan «original LEVİS» yazısı olan göy rəngli sellofan paketdə içərisində duz kristallarına bənzər maddə olan şəffaf sellofana bükülmüş bir bükümü və içərisində qəhvəyi rəngdə nəm halda maddə olan digər bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən «Mİ» markalı telefonu, həmin şalvarın sağ yan cibindən içərisində şəxsiyyət vəsiqəsi, 32 manat məbləğində pul, 2 ədəd «Leobank»a məxsus bank kartları və üzərinə «Bakı Kart» sözü yazılmış plastik kart olan qara rəngli dəri pul qabını təqdim etdiyini təsdiq etmişdir. İşin 90-92-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Mİ» markalı mobil telefona və telefonun «WhatsApp» tətbiqinə baxış keçirilərkən, ********** saylı «WhatsApp» nömrəsi ilə «Əli İranlı» kimi qeyd olunmuş +**********40 nömrəsi arasında xx.xx.2022-ci il tarix saat 17:24-dən xx.xx.2022-ci il tarix saat 16:44-də qədər olan müddət ərzində yazışmaların olduğu və həmin yazışmalarda olan mesajların məzmunlarından Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxslə birlikdə ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirdikləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 4 iyul 2022-ci il tarixli, 6/3656 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 234» dirəvi möhür əksi olan «..Təqsirləndirilən şəxs..» soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) sellofan torbada təmiz çəkisi 125 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 70 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator məcburi-narkoloji yoxlamanın 22 avqust 2022-ci il tarixli, 4653 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 ambulator məhkəmə-psixiatrik ekspertizasının 5 sentyabr 2022-ci il tarixli, 2368 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 158-165-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 125 (tədqiqatdan sonra qalan 124,95) qram narkotik vasitə heroin və 70 (tədqiqatdan sonra qalan 69,95) qram psixotrop maddə metamfetamin, bir ədəd «Mİ» markalı mobil telefon və onun üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik vasitə, psixotrop maddə və mobil telefon saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 122-ci vərəqindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 21-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. İşdəki Azərbaycan Vətən X1 Birliyinin diplomunun surətindən görünür ki, Təqsirləndirilən şəxs «Noyabr - Zəfər Günü» münasibəti ilə və qələbə ilə nəticələnən 44 günlük Vətən Müharibəsində iştirakına görə təltif olunmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, həmin hissədə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak edib medalla təltif edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 3 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 125 (tədqiqatdan sonra qalan 124,95) qram narkotik vasitə heroin və 70 (tədqiqatdan sonra qalan 69,95) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd «Mİ» markalı mobil telefon onun qohumlarına qaytarılmalı, onun üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 125 (tədqiqatdan sonra qalan 124,95) qram narkotik vasitə heroin və 70 (tədqiqatdan sonra qalan 69,95) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd «Mİ» markalı mobil telefon onun qohumlarına qaytarılsın. Onun üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-386/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-386/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver