Məhkəmə qərarları › İş №1(101)-386/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-386/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-386/2025 23.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-386/2025 nömrəli cinayət işinə baxılır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 08 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,526 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, 09 yanvar 2024-cü il tarixdə, saat 21:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 20:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,526 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə qrup üzvləri ilə olan əvvəlcədən razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanının yaxınlığında gizlədilmiş külli miqdarda təmiz çəkisi 500 qram olan spesfik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə edib saxlamaqla üzərində daşımış, 09 yanvar 2024cü il tarixdə, saat 21:10-da həmin ünvanın yaxınlığında Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 22:50-də qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əlində olan sellofan torbadan 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 500 qram spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə qrup üzvləri ilə olan əvvəlcədən razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanının yaxınlığında gizlədilmiş külli miqdarda təmiz çəkisi 500 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki Təqsirləndirilən şəxs1 ilə birlikdə əldə edib saxlamaqla üzərində daşımış, 09 yanvar 2024-cü il tarixdə, saat 21:10-da həmin ünvanın yaxınlığında Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 22:50-də üzərinə şəxsi axtarış keçirilərkən əlində olan sellofan torbadan 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 500 qram spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Qeyd olunan cinayət işi üzrə 23 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı vəsatət verərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 başqa ittihamın (CM-in 234.1-ci maddəsi ilə də) elan edilməsi üçün cinayət işinin baxılmasına xitam verilməklə təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Elvin Əlizadə haqqında xüsusi qərar çıxarılaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə göndərilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətində qeyd etmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 yekun olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yekun ittiham irəli sürülüb cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də məhkəmə istintaqı zamanı onun əməlində daha ağır cinayət əməlinin əlamətləri müəyən edilmişdir. İş materiallarından göründüyü kimi, Orucov X2 Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilib məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, xx.xx.2024cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,526 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə, saat 21:10-da Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanının yaxınlığında saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 22:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,526 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 və istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə qrup üzvləri ilə olan əvvəlcədən razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanının yaxınlığında gizlədilmiş külli miqdarda təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə edib saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə, saat 21:10-da həmin ünvanın yaxınlığında Binəqədi rayon Polis idarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 22:50-də qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əlində olan sellofan torbadan 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı özünü yalnız qismən - üzərində şəxsi istifadəsi üşün metamfetaminin saxlanılmasında - təqsirli bilsə də, ibtidai istintaq zamanı dindirilərkən ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddənin "patı" kimi tanıdığı növündən istifadə etmişdir. O, psixotrop maddəni tanımadığı şəxslərdən pulla alaraq inyeksiya yolu ilə qəbul edirmiş. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektinə gələrək orada ünvanını bilmədiyi yerdə şifahi olaraq narkotik, psixotrop maddələrin satışı ilə məşğul olan üzdən tanıdığı şəxslə rastlaşmış və həmin şəxsə yaxınlaşıb ağrılarının olduğunu bildirib psixotrop maddə istəmişdir. Hamin şəxs ona bir ədəd şəffaf sellofan vermiş və içərisində "patı” olmasını bildirmişdir. O, həmin şəxsə 30 manat ödəmiş və sellofanı cibinə qoyaraq oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. O, yaşadığı evdə sellofanı açıb baxmış və içərisində psixotrop maddə metamfetamin olduğunu görmüş, bir qədərini istifadə etmiş, qalan qismini isə sonra istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında o, Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Vasif onun dostu olmuş və sonuncu da narkotik maddələri qəbul etmişdir. Vasif "Ravon” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. O, Vasifin avtomobilinin qabaq sağ oturacağında əyləşdikdən sonra Vasif ondan mobil telefonunu istəmiş və o, mobil telefonunu Vasifə vermişdir. Vasif onun telefonu ilə kiməsə zəng edərək narkotik maddə göndərmək barədə danışmağa başlamışdır. O, Vasifin danışıqlarından sonuncunun İran vətəndaşı ilə danışdığını və narkotik maddə sifariş etdiyini bilmişdir. Bir neçə dəqiqədən sonra Vasifin danışdığı şəxs "WhatsApp” vasitəsilə məkan göndərmiş və narkotik maddənin qoyulduğu ünvanı bildirmişdir. O, Vasifin İran vətəndaşını tanıdığını və sonuncu ilə narkotik maddələrin alqı-satqısı ilə məşğul olduğunu başa düşmüşdür. Vasif ona İran vətəndaşının Bakı şəhərinə narkotik maddələr göndərdiyini, tanıdığı şəxslərin narkotik maddələri dediyi ünvanlardan götürüb çatdılacaq ünvanları dediyini və bunun qarşlığında pul əldə etdiyini demişdir. Vasif ona bu yolla İran vətəndaşı ilə işləmələrini, qazanc əldə etmələrini və o cümlədən narkotik maddə əldə etmələrini təklif etmişdir. O, avtomobildə Vasiflə həmin yerdən gedib narkotik vasitəni götürməyi və satışını həyata keçirib pul əldə etdikdən sonra İran vətəndaşının pulunu ödəyib qalan pulu da aralarında bölməyi razılaşmışdır. Bundan sonra Vasif avtomobili idarə etmişdir. İran vətəndaşı narkotik maddənin Binəqədi rayonu Azadlıq prospekti 189 ünvanın qarşısında yerə qoyulmasını bildirmişdir. O, Vasiflə həmin yerə gəlmişdir. Ora çatdıqda Vasif avtomobili saxlamış va onlar avtomobildən düşüb İran vətəndaşının göndərdiyi və bildirdiyi məlumatlar əsasında Vasiflə ərazini axtarmışlar. O, narkotik maddəni tapa bilməmiş və avtomobilin yanına gəlmişdir. Bir neçə dəqiqədən sonra Vasif da gəlmişdir. Vasifin əlində sellofan torba olmuşdur. Həmin torbada İran vətəndaşının göndərdiyi narkotik vasitə tiryək olmuşdur. O, Vasiflə Azadlıq prospekti 189 ünvanın yaxınlığında avtomobilə əyləşən zaman saat 21:10 dəqiqə olmuş və həmin vaxt üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini Binəqədi rayon Polis idarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş və onları 4-cü PŞ-nə gətirmişlər. Orada, xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilərək vəkil dəvət olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. O, üzərində vəkilin iştirakı olmadan şəxsi axtarışın aparılması barəda ərizə ilə müraciət etmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunsuz əşya olub-olmaması barəda sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Sorğu-sual zamanı o, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu Azadlıq prospektində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. O, həmçinin, xx.xx.2024-cü il tarixdə, saat 19:50 dəqiqədə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə İran islam Respublikası vətəndaşı ilə danışaraq almaq istədiyi narkotik vasitə olan tiryəki qoyulduğu yerdən Vasifin götürdüyünü, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş büküm açılmış və içərisində ağ rəngli kristallşəkilli maddə aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş və büküm qarışıq ümumilikdə çəkisinin 0,59 qram olduğu müəyyən edilmişdir. Onun üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o, və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 həmçinin, ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün eldə etmişdir. O, Vasiflə tiryəki satmaq üçün götürmüşlər. Onlar tiryəki götürdükdən sonra sataraq İran vətəndaşının pulunu ödəməyi və qalan pulu aralarında bölməyi razılaşmışlar. O, İran vətəndaşından narkotik vasitəni ilk dəfə almış, bundan əvvəl həmin şəxsdən narkotik vasitə və psixotrop maddə almamış, həmin şəxsi tanımamış və görməmişdir. Həmin şəxs ona yalnız İran vətəndaşı olduğunu bildirmiş, həmin şəxslə xatırlamadığı sosial şəbəkədə tanış olmuşdur. İran vətəndaşı ilə Vasif danışmış və narkotik vasitənin göndərməsini təşkil etmişdir. Onların hər ikisi narkotik vasitə tiryəki satmaq üçün götürməyə getmiş və torbada narkotik vasitə olmasını hər ikisi bilmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Göstərilən xüsusat təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış və götürmə protokollarında və bunları əks etdirən disklərə baxış zamanı öz əksini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla üzərində daşımış, növbəti günü - xx.xx.2024-cü il tarixdə isə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə tiryəki əldə edib saxlamaqla üzərində daşımışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs1 əməllərinin hər birində müstəqil cinayətin tərkib əlamətləri istintaq orqanı tərəfindən ona elan edilmiş ittihamın məzmununa sözlə daxil etsə də, rəqəm ifadəsində ona CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülməmişdir. Hazırki iş üzrə müəyyən olunan işin faktiki halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddəni vahid niyyətlə deyil - ayrı-ayrı vaxtlarda və müxtəlif mənbələrdən birinci halda satış məqsədi olmadan xeyli miqdarda metamfetamini, ikinci halda isə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda tiryəki əldə edib saxlamaqla üzərində daşımış, ayrılıqda götürüldükdə onun tərəfindən müstəqil törədilmiş hər bir əməldə cinayət tərkibi mövcud olmuşdur. Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri məhz xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı özündə ehtiva edir. CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma əməllərinin külli miqdarda törədilməsini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni 18 aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.Cinayət Məcəlləsinin 17.1 və 17.2-ci maddələrinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) Cinayət Məcəlləsinin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 18 iyun tarixli Qərarına əsasən cinayətlərin çoxluğunun müstəqil növü hesab edilən cinayətlərin məcmusunun iki növü - ideal və real məcmu fərqləndirilir. Cinayətlərin məcmusunun hər iki növü yalnız o halda mövcud olur ki, şəxs törətdiyi cinayətlərin heç birinə görə məhkum olunmamış olsun və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş olsun. Törədilmiş hər bir cinayət əməli (məcmunun hər iki növündə) Cinayət Məcəlləsinin bu əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif olunmalıdır. Verilmiş ittihamda Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla üzərində daşıması, növbəti günü - xx.xx.2024-cü il tarixdə isə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə tiryəki əldə edib saxlamaqla üzərində daşıması göstərilərək, Təqsirləndirilən şəxs1 əməllərinin hər birində müstəqil cinayətin tərkib əlamətləri istintaq orqanı tərəfindən ona elan edilmiş ittihamın məzmununa sözlə daxil edilsə də, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.3-cü maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilir. Məhkəmə cinayət işi üzrə tərəflərin fikirlərini dinləyərək, dövlət ittihamçısının vəsatətində qeyd olunan halları nəzərə alıb, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, Dövlət ittihamçısı vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-386/2025 (2********) nömrəli cinayət işinin baxılmasına xitam verilməli, Təqsirləndirilən şəxs1 başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmalı və xüsusi qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən həmin Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbiri 01 (bir) ay müddətinə - 23 fevral 2025-ci il tarixədək uzadılmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş materiallarından görünür ki, müdafiəçilər Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət hesabına göstərdikləri hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkillərə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. Beləliklə, Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 159, 193 və 318-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)- 386/2025 (2********) nömrəli cinayət işinin baxılmasına xitam verilsin, Təqsirləndirilən şəxs1 başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbiri 01 (bir) ay müddətinə - 23 fevral 2025-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılsın və xüsusi qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surətinin 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar