Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-387/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittham verilmişdir ona görə ki, o istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 19,603 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 09 mart 2023-cii il tarixdə saat 15:30-da ünvan 4 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 19,603 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, martın 9u Niaqara restoranında işdə olan zaman ofisiant ona qonaqlar olduğunu və onu çağırdığını demişdir. O həmin restoranda kababçı işləmişdir. Ofisiant daha sonra çıxıb getmişdir. O gedib 2 nəfərin dayandığını görmüşdür. Ona telefonla bağlı şikayət olduğunu, ona görə də həmin şəxslərlə birgə nazirliyə getməli olduğunu demişlər. O hər iki telefonunu da çıxarıb onlara vermiş, daha sonra gedib paltarını dəyişmişdir. Onu İdarəyə qandalsız aparmışlar. Maşında 4 nəfər adam olmuşdur. 1 nəfər Niaqara restoranında qalmışdır. 2-ci maşın da olmuş, onda da 2 nəfər var imiş. Maşına mindikdə telefonunu “uçuş rejiminə” qoymuşlar. Polis əməkdaşları onu aparanda saat 2-nin yarısı olarmış. Onu polis idarəsinə aparmışlar. Otaqda “beyzbol” çubuğu olmuş və onu qorxutmaq istəmiş. Ona narkotik olduğunu və onu boynuna götürməli olduğunu demişlər. Daha sonra hamı çıxmış, otaqda 1 nəfər qalmışdır. Ona sifarişli şəkildə tutulduğunu demişlər. Sonra isə onu sözlərinə qulaq asdığı üçün çıxaracaqlarını demişlər. Bundan sonra 3-4 nəfər onu başqa otağa aparmışdır. Nəcəf adlı baş tədqiqatçı ona narkotiki boynuna almasını demişdir. O da etrifat etməyəcəyini bildirmişdir. Polis əməkdaşları onun etiraf etmədiyini gördükdə onu hədələməyə başlamışlar. Əgər etiraf etməsə həyat yoldaşının üstünə atacaqlarını demişlər. Evdən narkotik çıxaracaqları ilə hədələmişlər. Həyat yoldaşı hamilə olmuşdur. O da bu səbəbdən boynuna alacağını demişdir. Ona heroini Bayıldan tapdığını deməyini istəmişlər. Vəkil gəlmiş və onun qulağında qulaqcıq olmuşdur. Buna görə də onu eşitmirmiş. Sonradan o vəkili qəbul etməmişdir. Özünə Narkotiki gətirib cibinə qoymağını istəmişlər. O da çıxarıb narkotiki sağ cibinə qoymuşdur. Qalan əşyalarının hamsını da digər cibinə yığmışlar. Videoçəkilişlə ifadə vermişdir. Ona nə demişlərsə, o da onu danışmışdır. Ona sanksiya verilən zaman hakim qadın olmuşdur, ona da vəziyyəti danışmışdır. Ona qulaq asmamış, sanksiyanı 4 ay vermişdir. Narkotik vasitədən istifadə etməmişdir. Dindar olduğu üçün onu tutmuşlar. Onu götürməyə 2 nəfər polis gəlmişdir. 1-i qayıtmış, 4 nəfər də maşında olmuşdur, digər 2 nəfər də başqa maşında imiş. Cəmi 6-7 nəfər olmuşlar. Niaqarada onu götürməyə gələndə müdiri Şahin, kababçı yoldaşlar Rauf və Elşən var imiş. Digərinin adını xatırlamır. Onu çağırmağa gələn ofisiantın adını bilmirmiş. İşə təzə çıxdığı üçün tanımırmış. Şahin müəllimi çoxdan tanıyırmış. Həmin vaxt samsung markalı telefonda 2 nömrə olmuşdur: ********** və **********. Başqa bir nömrə ********** olan isə nokia markalı telefonunda olmuşdur. Polis bölməsində onunla 2-3 saat söhbət etmişlər. Vəkili ona çəkilişdə təqdim etmişlər. Əvvəldən təqdim etməkləri yadında deyil. Çəkiliş vaxtı təqdim etmişlər. Ona qarşı qərəzli olmalarının səbəbini bilmir. Niaqarada işlədiyi 3-4 gün olarmış. 26 yaşından namaz qılırmış. Heç vaxt narkotik çəkməmiş, içki içməmişdir. Namazı adətən Bibiheybət məscidində qılırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şəxsi Nəsimi rayonu S.Vurğun küçəsi 134 ərazisində saxlayıb, bölməyə dəvət etmişlər. Üzərindən heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotiki Səbail rayonu Bayıl qəsəbəsi ərazisində tapdığını bildirmişdir. İstintaqdakı ifadəsini təsdiq edir. Niaqara restoranına daxil olmamış, şəxsi Niaqara restoranın yanında- Olimpik Star tərəfdə saxlamışlar. Yolun üzü Binəqədiyə düşən tərəfində. Bəhruzun narkotiki kimə satması barədə məlumatları yox imiş. Təqsirləndirilən şəxsi axşamüstü 4-5 aralığında saxlamışlar. Saxladıqdan sonra dərhal bölməyə aparmışlar. Bəhruzun üzərində təhqiqatçı tərəfindən saxlanıldıqdan dərhal sonra axtarış aparılmışdır. Saatı dəqiq xatırlamır. Saxlanıldığı yerdə üzərində şərait olmadığı üçün axtarış keçirməmişlər. Onlar Bəhruzu saxlayan zaman 3 nəfər polis əməkdaşı olmuşlar. Narkotik bölmədə üstündən aşkar edilib götürülmüşdür. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı qarşı təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitəni satmasına dair ittihamın təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət əməlini yüngülləşdirmək üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 09 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis kapitanı X7 tərəfindən tərtib edilmiş 09 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” prokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd "Samsung" markalı, bir ədəd "Nokia" markalı mobil telefon, içərisində beş dollar və beş manat olan pul kisəsi, içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd bank kartı, bir ədəd Bakı kartı, bir ədəd Baku Elektroniks kartı olan ikinci pul kisəsi aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən başqa bir əşya aşkar edilmir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd bank kartı, bir ədəd "Samsung" markalı, bir ədəd "Nokia" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, iki ədəd pul qabı, beş dollar və beş manat, bir ədəd Bakı kartı, bir ədəd Baku Elektroniks kartı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etdiyini soruşulduqda həmin kütləni həmin gün Bayıl qəsəbəsində yerdən tapdığını, heç bir səbəb olmadan həmin kütləni üzərində gəzdirdiyini, narkotik vasitələrin alveri ilə məşğul olmadığını bildirir. Şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınmış görüntü 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokollara əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1461 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün No7” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.... ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bir zərfdə bir ədəd bükümdə təmiz çəkisi 19,603 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 19,603 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 19,103 qram. Ekspertiza tədqiqatın dəyəri 65 (altmış beş) manat Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-143/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3096 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “dvd diskə baxış keçirilməsi barədə” prokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsinin görüntülərini özündə əks etdirən dvd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı, bir ədəd “Nokia” markalı mobil telefon, içərisində beş dollar və beş manat olan pul kisəsi, içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd bank kartı, bir ədəd Bakı kartı, bir ədəd Baku Elektroniks kartı olan ikinci pul kisəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, şəxsiyyət vəsiqəsi, iki ədəd bank kartı, bir ədəd “Samsung” markalı, bir ədəd “Nokia” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, iki ədəd pul qabı, beş dollar və beş manat, bir ədəd Bakı kartı, bir ədəd Baku Elektroniks kartı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etdiyini soruşanda həmin kütləni həmin gün Bayıl qəsəbəsində yerdən tapdığını, heç bir səbəb olmadan həmin kütləni üzərində gəzdirdiyini, narkotik vasitələrin alveri ilə məşğul olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2023-cü il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 09 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 19,103 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 19,103 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-387/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-387/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver