Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-387/2025 01.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X13 oğlunun sədrliyi, hakimlər X11 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 qızının, X8, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməklə saxlamış və daşımış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,484 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 30 sentyabr 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 5 Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,484 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,315 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 27 noyabr 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:20-də ünvan 3 ünvanın qarşısında ünvan 5 Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,315 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,730 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 11 yanvar 2024-cü il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:00-da ünvan 6 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayonu X18 küçəsi 52 saylı ünvanda yerləşən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin cibindən 01 bükümdə təmiz çəkisi 4,730 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Nəsimi Rayon Polis İdarəsi-nin əməliyyat müvəkkilləri ona demişlər ki, narkotik vasitəni tərgitsin və təklif etmişlər ki, boynuna narkotik qoysunlar və o 4-5 ay narkotikdən ayrı qalsın. Məhkəmədə də hər şeyi öz üzərinə götürmüş və 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, 1 ay sonra isə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, bir müddət sonra evdən çıxmış, mağazadan su alıb avtomobilə əyləşəndə bir avtomobil qabağında saxlamış və avtomobildəki şəxslər onlarla getməyini bildirmişlər. Yoldaşını təhqir edib itələmiş və onu da avtomobilə əyləşdirib idarəyə aparmışlar. Onu idarədə yoldaşı ilə təhdid etmişlər. Əgər narkotik vasitəni öz üzərinə götürməsə yoldaşının avtomobilinə narkotik vasitə qoyacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Oğuz Kərimov onun işinə baxanda onu BNMİ-nin əməkdaşları saxlamış, onlar saxlayanda üzərində 1 qram miqdarında heroin adlı narkotik vasitə olmuş, ikinci dəfə saxlanılarkən üzərində narkotik vasitə götürməyini qəbul etmiş, lakin üçüncü dəfə, yəni ev dustaqlığında olanda artıq narkotik vasitədən istifadə etməmişdir. Nəsimi RPİ-nin əməkdaşları barədə pis fikir deyə bilmədiyini bildirmişdir. BNMİ əməkdaşları onu düz evinin yanında, saat 3-4-ün yarısı radələrində saxlamış, video çəkiliş bölmədə olmuş, ona bölmədə xəsarət yetirmiş, onu döymüşlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, hadisə günü avtomobildən düşmüş, amma yoldaşı avtomobildə olmuş, həmin günü onu saxlayanlardan Anar Bədəlovun adın eşitmiş, həmin şəxslər onu saxlayanda özlərini təqdim etmiş, əlini burub avtomobilə əyləşdirmişlər. Onu niyə saxladıqlarını deməmiş, tutulandan 40 dəqiqə sonra bölməyə gətirmiş, tutulduğu yer ilə bölmə arasında 5 dəqiqəlik məsafə olmuş, onu tutandan 3 saat sonra üzərinə baxış keçirmişlər. Avtomobildə onun üzərini yoxlamış, bükümü gətirib tərəziyə qoyub çəkisini ölçüb sonra isə cibinə qoymuşlar. Video çəkilişdə müdafiəçi qapını döymüş, amma qapını açmamışlar. Şahid3 1 dəfə görmüş, həmin polis əməkdaşı onu döyüb təzyiq göstərmişdir. Məhkəmədə əlavə şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 17 ildir ki, evlidirlər. Səhər saatlarında diş həkiminə getmək üçün evdən çıxmışlar, ev tərəfdə mağaza olmuş, Kamran su almağa düşmüş, maşına oturanda 3 nəfər şəxs yaxınlaşıb Kamranı döyərək maşına əyləşdirmişlər. Nə olduğunu soruşanda onu təhqir etmişlər və ona demişlər ki, sənlik deyil, onu itələyib yıxmışlar. Kamran 2 nəfərin arasında oturmuşdur. Onların arxası ilə düşmüş və həmin vaxt 102 xidmətinə yığmışdır. Təxmini 15 dəfə 102 xidmətini yığmışdır. Səməd Vurğun ərazisində maşının arxası ilə getmək istəyəndə maşını saxlamışlar. 102 xidmətinə yoldaşının oğurlandığını bildirmişdir. Kamrana zəng etmiş, Kamran tutulduğunu, vəkilə zəng etməsini demişdir. Sonra polislər onu təhqir etməyə başlamışlar. 102 xidmətinə bu məlumatları deyəndə onunla əlaqə saxlayacaqlarını demişlər. Onun sudurqası tutmuş, bu günə kimi 102 xidmətindən heç bir xəbər olmamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrəsilə 102 xidmətinə zəng etmiş, vəkil ilə birlikdə polis idarəsinə gəlmiş, vəkil Kamranın nə ilə bağlı tutulduğunu soruşanda vəkili qapının ağzında saxlamışlar. Vəkil baş verənlərlə bağlı 102 xidmətinə şikayətlər etmiş, diş həkim onları gözləmiş, yoldaşını saxlayanlar mülki geyimdə olmuş, yoldaşının üzərində sadəcə telefonu olmuşdur. Əməliyyatçıları üzdən görsə tanıyacağını bildirmişdir. Yoldaşı tutulan zaman məhkəmədə işi getmişdir. Yoldaşı əvvəllər narkotik vasitədən istifadə etmiş, sonradan tərgitmiş, təxminən 2-3 il əvvəl istifadə etmiş, 2023-cü ilin sentyabr ayında onun yanında narkotik vasitə istifadə etməmiş, narkotik vasitədən istifadəyə görə müalicə almış, yoldaşını narkotik vasitəyə görə saxlamamışlar, Kamranı əvvəllər də tutmaq istəmişlər, yoldaşı həmin gün diş müalicəsinə, həmçinin bədənini yudurmağa gedirmiş. Kamranın dişində problem olmuş, narkotik vasitələrdən asılılığı olmamışdır. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, 11 yanvar tarixində saxlanılaraq, 21-ci Polis Bölməsinə dəvət edilmiş, idarədə üzərinə baxış zamanı telefon, bank kartı, 10 manat pul və 1 büküm heroinə bənzər maddə aşkar olunmuş, narkotik vasitəni evinin yanında tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı heç bir təzyiq göstərilməmiş, təqsirləndirilən şəxs yalan danışmış, ona heç bir təzyiq göstərilməmiş, sənədləşdirmə bitəndən sonra vəkil gəlmişdir. Şəxs tutanda iştirak etmiş, şəxsi tutanda yoldaşının məhəllədən çıxdığını görmüş, yoldaşına qarşı heç bir kobudluq olmamışdır. Şəxsi bölməyə gətirmişlər, sənədləşmə gec aparılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, şəxsə yaxınlaşmış, özlərini təqdim edərək şəxsi 21-ci Polis Bölməsinə dəvət etmişlər, şəxsin üzərinə baxış zamanı üzərindən 5 qrama yaxın heroin aşkarlanmışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı heç bir təzyiq göstərilməmiş, şəxsi tutanda tək olmuş, başqa heç kimi görməmiş, şəxsə vəkil çağırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixində tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində şəxs ünvan 9 ünvanında saxlanılmış, 21-ci Polis Bölməsinə dəvət edilmiş, idarədə üzərinə baxış zamanı 1 büküm qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol cibindən 01 ədəd Samsung markalı mobil telefon, şalvarının sağ cibindən isə 01 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan büküm aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqi 248-253). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 27 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının cibindən 01 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan büküm aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqi 135-138). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 11 yanvar 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan büküm, şalvarının sağ cibindən 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd bank kartı aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqi 31-33). Məhkəmə-kimyəvi ekspertizasının 01 oktyabr 2023-cü il tarixli 6/5135 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,484 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1, iş vərəqi 258-262). Məhkəmə-kimyəvi ekspertizasının 27 noyabr 2023-cü il tarixli 6/6178 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi, «...Təqsirləndirilən şəxs aşkar edilmiş....» yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,315 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1, iş vərəqi 258-262). Məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2024-cü il tarixli 6/163 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №7»-li dairəvi möhür əksi, «şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,730 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1, iş vərəqi 37-41). Məhkəmə-narkoloji ekspertizasının 14 noyabr 2023-cü il tarixli, 7412 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqi 31-32). Verilmiş əməliyyat tapşırığına cavab olaraq Nəsimi RPİ-nin 21-ci polis bölməsinin cavab məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən 30 sentyabr 2023-cü il tarixdə, 27 noyabr 2023-cü il tarixdə və 11 yanvar 2024-cü il tarixdə aşkar olunmuş narkotik vasitə heroinləri aldığı naməlum şəxslərin şəxsiyyətlərini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. (cild 2, iş vərəqi 116). Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 222). Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 oktyabr 2023-cü il tarixdə “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vərəqi 24). Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə saat 02:20-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 109). Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 4(006)-579/2023 saylı 28 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqi 187-191). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-1183/2023 saylı 26 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 2, iş vərəqi 38-45). Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 22). Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 yanvar 2024-cü il tarixdə “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqi 76). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-865/2024 saylı 14 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. (cild 2, iş vərəqi 92-98). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1966/2024 saylı 16 iyul 2024-cü il tarixli qərarlndan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqi 18-19). Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla iki övladı var. (cild 2, iş vərəqi 147-148). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 18.1., 83.3.3. və 83.6. maddələri. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 26-cı bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 34-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən BNMİ-nin əməkdaşları onu birinci dəfə saxlayanda üzərində 1 qram miqdarında heroin adlı narkotik vasitə olduğunu, həmçinin ikinci dəfə saxlanılarkən üzərində narkotik vasitə olduğunu, lakin üçüncü dəfə, yəni ev dustaqlığında olanda artıq narkotik vasitədən istifadə etmədiyini, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşıyır və təqsirləndirilən şəxsə elan olunmuş ittiham şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi). Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri). Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. X2 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs cəza təyin olunmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24 fevral 2023-cü il tarixdən 26 fevral 2023-cü il tarixədək, 30 sentyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək tutulduğu 4 gün təyin edilmiş cəzadən çıxılmalıdır. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar – Nəsimi RPİ-nin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,434 qram, 0,265 qram, 4,630 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 270 (iki yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24 fevral 2023-cü il tarixdən 26 fevral 2023-cü il tarixədək, 30 sentyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək tutulduğu 4 gün təyin edilmiş cəzadən çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Nəsimi RPİ-nin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,434 qram, 0,265 qram, 4,630 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - 270 (iki yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-387/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-387/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver