Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-388/2022 06.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X4 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməqən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 2021-ci ilin may ayında ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 341B №-li bağ sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 255 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 iyun 2021-ci il tarixdə saat 11:20-də ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 341B №-li bağ sahəsinə baxış keçirilərkən həmin ərazidə xüsusi qulluq göstərilərək yetişdirilib kultivasiya edilmiş ümumilikdə külli miqdarda - 255 ədəd, təmiz çəkisi 6420 qram (06 kq 420 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, atası X5 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 341B №-li bağ sahəsi olmuş, evin tək oğlu olduğuna görə atası həmin torpaq sahəsini ona vermişdir. Atası vəfat etdikdən sonra orada bir ədəd tövlə tikmiş və xırdabuynuzlu heyvanlar saxlamışdır. Təxminən bir ildir qaraciyərində olan xəsətəliyə görə narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamış, narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlardan, müxtəlif şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitələri aldığı şəxslərin adlarını və telefon nömrələrini bilmir. 2021-ci ilin may ayının əvvəllərində həmin torpaq sahəsində çətənə bitkiləri əkmək qərarına gəlmiş, çünki maddi imkanı zəif olduğuna görə hər zaman narkotik vasitə ala bilməmişdir. Beləliklə narkotik vasitələr alan zaman çıxan toxumları yığıb özünün istifadəsində olan torpaq sahəsində əkmişdir. Oraya həftədə bir dəfə gedib onlara su vermiş və qulluq etmişdir. Çətənə bitkilərini əkməkdə məqsədi narkotik vasitələri satmaq yox, lazım olanda özünün istifadə etməyi üçün narkotik vasitələr əldə etmək olmuşdur. Həmin torpaq sahəsinə ondan başqa heç kim getməmiş və orada çətənə kollarının olmasından heç kimin məlumatı olmamışdır. Həmçinin çətənə bitkilərində ondan başqa heç kim qulluq etməmişdir. 18 iyun 2021-ci il tarixdə istifadəsində olan torpaq sahəsindən polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin aşkar olunduğunu öyrənmiş, həmin vaxtdan tutulmaqdan qorxduğu üçün gizlənməyə başlamışdır. Çünki axtarışda olduğu ona məlum olmuşdur. Daxili orqanlarında olan xəstəliyə görə çöldə qalıb müalicə olunmaq istəmişdir. 27.10.2021-ci il tarixdə saat 13 radələrində polis əməkdaşları onu saxlamış, və polis bölməsinə aparmışlar. Orada müvafiq sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa idarənin əməkdaşları Şahid2 və Şahid3 daxil olmuşdur. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı necə hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərini kultivasiya etməsi barədə məlumat daxil olduğundan əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd olunan ünvana getmişlər. Həmin gün saat 11:20-də qeyd olunan ünvana çatıb qapını döymüş, həmin vaxt qapını açan olmamış, bu zaman həmin əraziyə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs əmisioğlu Şahid5 dəvət edilmiş, həmin şəxs torpaq sahəsinin əmisioğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Bundan sonra oraya Sabunçu rayon Maştağa qəsəbəsinin qəsəbə nümayəndəsi və bələdiyyəsinin əməkdaşları dəvət edilmiş, bundan sonra videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı darvaza açıq vəziyyətdə olduğundan torpaq sahəsinə daxil olunmuş və orada tövlənin olması müşahidə edilmişdir. Giriş hissədə olan torpaq sahəsinə baxan zaman baxışda iştirak edən aqronom orada çətənə bitkisinin olmadığını qeyd etmiş, bundan sonra torpaq sahəsinin başqa bir hissəsinə getmişlər və oraya baxış keçirilən zaman narkotik tərkibli çətənə bitkilərinə oxşar maddələrin olması müşahidə edilmişdir. Aqronom həmin kollara baxan zaman onların çətənə birkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin kollar torpaqdan çıxarılmaqla sayılmış, orada 255 ədəd çətənə kolların olması müşahidə edilmiş, kollar iki ədəd kisəyə yığılıb qablaşdırılaraq götürülmüş, bundan sonra videoçəkiliş dayandırılmış, birlikdə DİN-in BMCMİ-nə gəlmişlər. Orada baxışın keçirilməsinə dair protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətkarlıqla mübarizə şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 şahid Elsəvər Abbasovun ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisioğludur. 18 iyun 2021-ci il tarixdə saat 11 radələrində onu polis əməkdaşları Təqsirləndirilən şəxs Maştağa qəsəbəsində yerləşən bağına dəvət etmiş, bağın qarşısına gəldikdə ona BMCMİ-nin əməkdaşları olduqlarını bildirən şəxslər bağ sahəsinin əmisioğlu Rahimə məxsus olub-olmadığını soruşmuş, uşaqlıqdan həmin bağa gəlib-getdiyini bildirib bağın Rahimə məxsus olmasını təsdiq etmişdir. Həmin vaxt bağın darvaza qapısının qarşısında aqronom, Maştağa qəsəbəsi bələdiyyəsinin və icra nümayəndəsinin əməkdaşları olmuş, əmisioğlu Təqsirləndirilən şəxs bağın içində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə onlara məlumat daxil olduğu bildirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs bağda olmadığı və bağa daxil olub baxış keçirilməsi zərərəti yarandığını izah etmişlər. Digər iştirakçılara polis əməkdaşları baxışda iştirakı təklif etmiş və etiraz etməmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əmisioğlu olduğunu və hazırda baxış keçirilməsi zərurəti yaranmış torpaq və təsərrüfat sahəsinin ona məxsus olduğunu bildirmiş, bundan sonra həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi bildirilmiş, etiraz etməmişlər. Ardınca baxış keçirilməsi başlanılmış, baxış zamanı giriş darvaza qapısının kilidlə bağlı olmadığı, açıq olduğu müəyyən edilmiş, qapı açılmaqla içəri daxil olduqda qarşıda bir mərtəbəli üstü bağlı tövlənin həyətboyu uzandığı, içində xırdabuynuzlu heyvanların olduğu məlum olmuşdur. Giriş qapısı ilə tikili arasında olan torpaq sahəsinə baxış keçirilmiş, aqronom həmin sahədə narkotik tərkibli bitkilərin olmadığını bildirmiş, ardınca tövlənin içindən torpaq sahəsinin digər tərəfinə keçidin olduğu müəyyən edilmiş və iştirakçılarla birlikdə həmin sahəyə getmişlər. Tövlədən sonra da hasarla ayrılmış, lakin birindən digərinə keçid olan iki torpaq sahəsinin olduğu müəyyən edilmiş, həmin boş sahəyə baxış zamanı aqronom həmin sahədə narkotik tərkibli bitkilərin olmadığını bildirmiş, lakin birmərtəbəli tikili olan tövlədən sonrakı torpaq sahəsinə baxış zamanı narkotik tərkibli bitkilərə bənzər kolların əkildiyi müəyyən edilmiş, baxışda iştirak üçün dəvət olunmuş mütəxəssis torpaq sahəsində əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, aqrotexniki qaydada əkilməklə, xüsusi qulluq olunduğunu bildirmişdir. Bundan sonra sahədəki tərkibində narkotik maddələr olan çətənəyə bənzər bitkilər bir-bir torpaqdan çıxarılıb sayılmaqla sintetik kisələrə yığılmağa başlanılmış, sahədən çıxarılmış bitkilər sayıldıqdan sonra onların ümumilikdə 255 ədəd olduğu məlum olmuş, həmin kol formalı bitkilər iki ədəd sintetik kisəyə yığılmaqla qablaşdırılaraq möhürlənmiş və həmin qablaşdırmaların üzərinə imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid4 Şahid5 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2021-ci il tarixli 7/566 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus torpaq sahəsindən...’’ yazıları və imzalar olan iki ədəd sintetik torbadakı sayı 255 (iki yüz əlli beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 6420 qram (6 kq 420 qram) olan bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş çətənə (kannabis) bitkiləri tərkilərinə görə eynidirlər. Aqronomun rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqreotexniki qaydada qulluq edilmişdir. Qeyd: çətənə (kannabis) bitkilərinin ümumi çəkisi - 6420 qram (1-255 № ob) tədqiqata sərf edildi - 0,32 qram qalıq - 6419,68 qram. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 10.11.2021-ci il tarixli 4380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş “baxış və götürmə haqqında” haqqında 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan torpaq sahəsinə baxış keçirilən zaman evin həyətindən külli miqdarda aqrotexniki qaydada qulluq edərək yetişdirilmiş tərkibində narkotik maddələr olan 255 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, 18 iyun 2021 -ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 18 iyun 2021-ci il tarixli qərarı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X2 21 iyun 2021-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində dörd azyaşlı övladlarının olmasını, arvadının onkoloji xəstəlikdən əziyyət çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmaçılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 02 ədəd sintetik torbada olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6419,68 qram təşkil edən, ümumilikdə 255 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 02 ədəd sintetik torbada olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6419,68 qram təşkil edən, ümumilikdə 255 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-388/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-388/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver