Məhkəmə qərarları › İş №1(101)-388/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-388/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-388/2024 29.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, dalan 13, ev 10da qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,101 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,859 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 16 fevral 2023-cü il tarixdə saat 13:30-da ünvan 1 ünvanın qarşısında olarkən Nəsimi RPİ-nin X1 əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin cibindən üzərində heroin və metamfetamin izləri olan 1 ədəd qara rəngli «Aosai» markalı elektron tərəzi, 1 bükümdə təmiz çəkisi 4,101 qram təşkil edən ağ rəngli kristallardan ibarət külli miqdarda həmin psixotrop maddə metamfetamin və əynində olan şalvarının cibindən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,597 qram və 0,262 qram olmaqla ümumi təmiz çəkisi 0,859 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 6-7 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Nəsimi rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 7 sentyabr 2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. ********* mobil telefon nömrəsindən istifadə etmişdir. Anası ilə birlikdə yaşamış, sonuncunun pensiyası hesabına şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. 16 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı ünvan 3 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu yaşadığı evə gətirmiş, orada axtarış aparmış və evdən cəmi bir qram narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra polis idarəsinə aparılmışdır. Orada üzərinə əlavə dörd qram da metamfetamin qoyulmuş və əgər narkotik vasitə ilə psixotrop maddələrin özünə məxsus oması barədə sənədlərə imza etməsə, anasını da məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Polislərdən niyə belə etdiklərini soruşmuş, sonuncular narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar plan doldurduqlarını, buna görə də onu saxladıqlarını bildirmişlər. Əlacsız qalıb polis əməkdaşlarının diqtəsi ilə hərəkət etmiş və onun adından tərtib edilmiş sənədləri imzalamışdır. İstintaq Təcridxanasında olarkən barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işinin istintaq olunduğunu öyrənmişdir. Onda cəmi bir qram narkotik vasitə heron olmuşdur. Heç vaxt narkotik vasitə və psxiotrop maddələrin satışı ilə məşğul olmamışdır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkli vəzifəsində xidmət edir. 16 fevral 2023-cü il tarixdə bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat verildikdən sonra, ondan və bölmənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13:30-da rayonun S.Rəhimov küçəsi, dalan 13 ünvanın qarşısında saxlanılaraq bölməyə aparılmışdır. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş, ardınca videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən üzərində bir ədəd qara rəngli «Aosai» markalı elektron tərəzi, bir büküm və əynində olan cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş iki bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs gödəkçəsindən aşkar edilmiş bükümün içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddə, şalvarından aşkar edilmiş bükümlərdən isə narotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin və metamfetamin olmasını etiraf edib, Yasamal rayonu Sovetski adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin maddələr təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Sonda şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmamış, onun anasının da cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. İşin 48-51-ci vərəqlərindəki protokoldan görünür ki, 16 fevral 2023-cü il tarixdə Nəsimi RPİ-də üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd qara rəngli «Aosai» markalı elektron tərəzini və bir ədəd şəffaf sellofan bükümü, cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, bir ədəd bükümdə pixotrop maddə metamfetamin, iki ədəd bükümdə isə narkotik vasitə heroin olduğunu, onları Yasamal rayonu Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın videogörüntülərinə baxış zamanı müəyyən edilmişdir ki, 16 fevral 2023-cü il tarixdə Nəsimi RPİ-də üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd qara rəngli «Aosai» markalı elektron tərəzini və bir ədəd şəffaf sellofan bükümü, cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, bir ədəd bükümdə pixotrop maddə metamfetamin, iki ədəd bükümdə isə narkotik vasitə heroin olduğunu, onları Yasamal rayonu Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. İşin 55-57-ci vərəqlərindəki materialların məhkəmə ekspertizasının 17 fevral 2023-cü il tarixli, 6/971 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üç ədəd kağız zərflərdə 2 ədəd bükümlərdə təmiz çəkisi 0,597 qram və 0,262 qram, ümumi təmiz çəkisi 0,859 qram qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəklisi 4,101 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisi və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixorop maddələrin İ siyahısına daxildirlər. İşin 142-143-cü vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 mart 2023-ci il tarixli, 1434 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 139-140-cı vərəqlərindəki Respublika Psixatriya Xəstəxanası Publik Hüquqi şəxsi və 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs son on ildə qeyd olunan xəstəxanalarda müayinə və müalicədə olmamışdır. İşin 118-125, 144-cü vərəqindəki protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BİKİ-dən əldə edilmiş Təqsirləndirilən şəxs adına olan ********* və ********* saylı mobil nömrələrinin 17 yanvar 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək olan SMS yazışmalarına baxış keçirilmişdir. Baxış zamanı ********* saylı mobil nömrəsinə Vahid Məmmədova məxsus ********* saylı mobil nömrəsindən «qaqa varındırsa bidənə yarı qardaşın üçün düz qoşda başıva dönərəm», Xəqani Ağayevin istifadəsində olan ********* saylı mobil nömrəsindən «qaqa 25 verim sənə bidənə yarı verdə mənə tələsirəm getməliyəm», Fuad Azadovun istifadəsində olan ********* saylı mobil nömrəsindən «rasim mənə patı verdə qardaşımsan bayırdayam», «Raska iki dənə yarı kola bidənə yarı patı ver söhbəti bağlayaq», «patı götürməy olar?», Vüqar Rzayevin istifadəsində olan ********* saylı mobil nömrəsindən «Burdayam Xəqaniyləyəm bidənə cet çıxarda gələndə», Vaqif Məmmədovun istifadəsində olan ********* saylı mobil nömrəsindən «qaqa Natiqdi 20 manat var mənə bir şey ver başıva dönərəm» kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını ehtimal etməyə əsas verən SMS-lərin daxil olması müəyyən edilmişdir. İşin 97-98-ci vərəqələrindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 0,859 (tədqiqatdan sonra qalan 0,759) qram olan narkotik vasitə heroin, 4,101 (tədqiqatdan sonra qalan 4,001) qram psixotrop maddə olan metamfetamin və bir ədəd qara rəngli «Aosai» markalı elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanması üçün Nəsimi RPİ-nin NH-nə təhvil verilmişdir. İşin 146-153-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, 16 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşin 100-103 və 127-133-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 7 sentyabr 2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən hökmlə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmədən yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşin 24-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi (i.v.80-83), məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 0,859 (tədqiqatdan sonra qalan 0,759) qram olan narkotik vasitə heroin, 4,101 (tədqiqatdan sonra qalan 4,001) qram psixotrop maddə olan metamfetamin və bir ədəd qara rəngli «Aosai» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində keçirilmiş şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən bir ədəd disk və Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 144 (yüz qırx dörd) manat onun işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 0,859 (tədqiqatdan sonra qalan 0,759) qram olan narkotik vasitə heroin, 4,101 (tədqiqatdan sonra qalan 4,001) qram psixotrop maddə olan metamfetamin və bir ədəd qara rəngli «Aosai» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində keçirilmiş şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən bir ədəd disk və Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 144 (yüz qırx dörd) manat onun işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar