Məhkəmə qərarları › İş №1(101)-389/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-389/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-389/2021 22.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: «Hümbətov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 mart 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb Meydanı küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 32,201 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla Bakı şəhəri Səbail rayonu, Namiq Quliyev küçəsi, Bibiheybət məscidi yaxınlağına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 9 iyun 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 20.10da qeyd olunan ünvanda saxlanılaraq ünvan 1otiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli pul kisənin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 32,201 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 8,056 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Bakı şəhəri Səbail rayonu, BibiHeybət qəsəbəsi, Namiq Əliyev küçəsi ilə Məktəb Meydanı küçəsinin kəsişdiyi yerə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 16.00 radələrində qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,960 qram, 2,069 qram, 2,067 qram, 0,989 qram və 0,971 qram olmaqla ümumilikdə külli miqdarda 8,056 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb Meydanı küçəsi, ev 22-də yaşamışdır. Qonşuları ilə yaxşı müasibəti var. Tutulmamışdan əvvəl qonşuluqda yaşayan üç uşaq anası bir qadın ağlayaağlaya ona yaxınlaşıb özünü öldürmək istədiyini bildirmişdir. Səbəbini soruşduqda həmin qadın güya onunla münasibəti olması barədə adına söz çıxarıldığını bildirmiş, əgər əri onu boşasa özünü öldürəcəyini və səbəb olanların adını yazıb qoyacağını bildirmişdir. Həmin qadına narahat olmamasını, bu məsələni aydınlaşdıracağını bildirmişdir. Qonşusu Elnura yaxınlaşıb, belə şaiyə yaydığına görə irad tutmuş, sonuncu içkili olarkən Ruslana dediyini bildirmişdir. Daha sonra Ruslanın yanına getmiş, onunla qonşu qadının adına söz çıxardığına görə narazılığını bildirmişdir. Ruslan elə şey etmədiyini bildirmişdir. O da «bu sözü çıxaranın öz ailəsinin başına gəlsin»-demişdir. Onun bu sözünün eşidən Ruslan dərhal evə getmiş, əlində vinçester silahı ilə onun üstünə gəlib, başının üstündən bir dəfə atəş açıb, öldürəcəyini bildirmişdir. Qonşular onları aralamışdır. Bundan sonra Ruslanın qardaşı nə olur olsun, onu tutduracağını bildirmişdir. Belə ki, Ruslanın qardaşı əvvəl polisdə işləmiş, hazırda da polislərə xəbərçilik etməklə məşğuldur. Səhəri gün polis əməkdaşları Ruslanı tutub apamış, onu da bölməyə çağırmışlar. Bölmədə ona təzyiq göstərilmişdir. Daha sonra qonşuları Mahirlə onu narkoloji ekspertizadan keçirməyə aparmışlar. Orada həkim ona yaxınlaşıb, gözlərinə baxarkan sonuncudan spirt qoxusu gəlmişdir. Buna görə həkimə narazılığını bildirmişdir. Həmin gün axşam 8-ci PB-də saxlanılmışdır. Səhəri gün onu analiz vermək üçün aparmışlar. Həkim koronavirusa yoluxduğuna görə işdə olmamışdır. Bir həftə sonra Cabir adlı müstəntiq onu polis idarəsinə çağırıb, özünün gedib könüllü analiz verməsini bildirmişdir. O da gedib analiz vermiş və nəticəsi təmiz çıxmışdır. Bir həftə sonra BNMİ-nin əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığındakı məscidin yanında saxlanılmış və BNMİ-nə aparılmışdır. Orada polis əməkdaşlarının təzyiqinə məruz qalmışdır. Belə ki, onun əl-qolunu bağlayıb dubinka ilə döymüş, «bura kimi gəlmisənsə, bu narkotiki götürməlisən, sən bizim adamımıza daş atırsan?»-demişlər. Onu halsız vəziyyətdə idarənin müvəqqəti saxlama yerinə aparmışlar. Orada iki gün qaldıqdan sonra Səbail rayon prokurorluğuna aparılmışdır. Prokuror ona polislərin ondan əl çəkməyəcəyini bildirib, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsi barədə ifadəyə imza etməsini bildirmişdir. Məcbur olub, sənədlərə imza etmiş və onu buraxmışlar. İki-üç həftədən sonra polislər ona zəng etmiş və saat 2-də polis idarəsinə gəlməsini tapşırmışlar. Yaşadığı yerdə ustalar işlədiyindən, paltarını dəyişib, saat 4-də gələcəyini bildirmişdir. Saat 4-də yenə də məscidin yanında BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıb idarəyə gətirilmişdir. İdarədə ona işgəncələr verilmişdir. Buna baxmayaraq yenə də sənədləri imzalamamışdır. Polis əməkdaşlarından biri ona, əgər dedikləri sənədlərə imza etməzsə, evinə 1 kiloqram heroin və silah qoyacaqlarını, anasını və qardaşını da tutacaqlarını bildirmişdir. Ona görə məcbur qalıb sənədləri imzalamışdır. Həm iyun, həm də iyul aylarında tutularkən üzərində narkotik vasitə olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyat müvəkkilidir. İdarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması bildirilmişdir. 8 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərarın icrası ilə əlaqədar həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bakı şəhəri Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Əliyev küçəsi ilə Məktəb meydanı küçəsinin kəsişməsində saxlanılmışdır. Sonuncu şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə sonuncunun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, könüllü olaraq əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən beş ədəd bükümləri çıxarıb, masanın üzərinə qoymuşdur. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş, lakin üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd bükümə baxış keçirilmiş, bükümlərin hər birinin ağ rəngli sellofanlara büküldüyü, içində ağ rəngli, kristal şəkilli, iysiz psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içindəki maddələrin metamfetamin psixotrop maddəsi olduğunu, onları bir gün əvvəl yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş beş ədəd sellofan bükümdə olan maddələr özünün iştirakı ilə bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmişdir. Sonda baxış keçirilməsinin nəticəsinəsinə dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin əməkdaşıdır. Baş İdarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Bakı şəhəri Bibiheybət qəsəbəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması göstərilmişdir. Sonuncunun ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 9 iyun 2020-ci il tarixdə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 9 iyun 2020-ci il tarixdə saat 20:10-da Bakı şəhəri Səbail rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Natiq Quliyev küçəsində yerləşən Bibiheybət məscidinin yaxınlığında saxlanılaraq BNMİ-nə dəvət edilmişdir. Həmin gün axşam Baş İdarədə dəvət edilmiş vəkilin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əlində saxladığı pul kisəsinin içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümdə maddə, «Redmi» markalı mobil telefon, 1.389 manat pul, iki ədəd açar və iki ədəd tibbi kartlar aşkar edilmişdir. Pul, iki ədəd açar və iki ədəd tibbi kartlar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra sellofan bükülüyə baxış keçirilmiş, içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyri-səmimilik göstərərək verilən suallara cavab verməkdən və tərtib olunmuş sənədləri imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid5 və Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdilər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, 9 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən hal şahidi qismində iştirak etmişdir. Belə ki, həmin tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı pul kisəsinin içərisindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, kəskin iyli maddə, «Redmi» markalı mobil telefon, pul, açarlar və iki ədəd tibbi kartlar aşkar edilmişdir. Aşkar edilmiş pullar, açarlar və tibbi kartlar Təqsirləndirilən şəxs özünə qaytarılmış, sellofan bükülüdəki maddə isə zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən verilən suallara cavab verməkdən və tərtib olunmuş sənədləri imzalamaqdan imtina etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid7 ifadəsindən görünür ki, 9 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən hal şahidi qismində iştirak etmişdir. Həmin gün saat 21:40-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı pul kisəsinin içərisindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, kəskin iyli maddə, «Redmi» markalı mobil telefon, pul, açarlar və iki ədəd tibbi kartlar aşkar edilmişdir. Aşkar edilmiş pullar, açarlar və tibbi kartlar Təqsirləndirilən şəxs özünə qaytarılmış, sellofan bükülüdəki maddə zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən verilən suallara cavab verməkdən və tərtib olunmuş sənədləri imzalamaqdan imtina etmişdir. İşin 1-ci cildinin 150-151-ci vərəqlərindəki protokoldan görünür ki, «xxxx» MMC-dən əldə edilmiş məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etdiyi, qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də «sms» mətn yazışmaları olduğu, məlumatlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən halın aşkar olunmadığı müəyyən edilmişdir. İşin 1-ci cildinin 217-221-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 10 iyun 2020-ci il tarixli 6/1038 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə..» yazısı olan paketdəki 1 ədəd bükümdə, təmiz çəkisi 32,201 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (Qalıq: heroin 32,101 qram) İşin 1-ci cildinin 43-46-cı vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 9 iyul 2020-ci il tarixli 6/1262 saylı rəyindən görünür ki, «Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,960 qram; 2,069 qram; 2,067 qram; 0,989 qram; 0,971 qram, ümumi təmiz çəkiləri 8,056 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 5 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. (Qalıq: metamfetamin 7,956 qram) İşin 2-ci cilinin 121-124-cü vərəqlərindəki stasionar-məhkəmə-psixiatrik ekspertizasının 28 sentyabr 2020-ci il tarixli, 93 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs «Şəxsiyyətin isterik cizgiləri fonunda simulyativ davranış» müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə də xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 2-ci cildinin 115-116, 119-120-ci vərəqlərindəki Məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2020-ci il tarixli 1617 nömrəli və 208 iyul 2020-ci il tarixli 2592 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 195-196-cı vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 9 iyun 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 20.10-da Bakı şəhəri Səbail rayonu, Namiq Quliyev küçəsi, Bibiheybət məscidi yaxınlağında saxlanılaraq ünvan 1otiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əlindəki qara rəngli pul kisəsinin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 32,201 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 1-ci cildinin 33-34-cü vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 16.00 radələrində Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Əliyev küçəsi ilə Məktəb Meydanı küçəsinin kəsişdiyi yerdə saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,960 qram, 2,069 qram, 2,067 qram, 0,989 qram və 0,971 qram olmaqla ümumilikdə külli miqdarda 8,056 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin 1-ci cildinin 80-85-ci vərəqlərindəki qərardan görünür ki, 10 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət və təqdimata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan zaman sonuncu məhkəmə iclasında çıxış edərək törədilmiş cinayət əməlində özünü qismən təqsirli bildiriyini, üzərindən aşkar edilmiş psixotrop maddəni tutulmamışdan 1 gün əvvəl yerdən tapdığını qeyd etmişdir. İşin 2-ci cildinin 125-135-ci vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7,956 qram psixotrop maddə metamfetamin, 32,101 qram narkotik vasitə heroin və onun üzərinə şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, psixotrop maddə və narkotik vasitə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş, bir ədəd CD disk isə iş materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 122-123-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin 21 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 200 manat cərimə cəzası təyin edilmişdir. Yasamal rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli arayışına əsasən cəriməni ödəmişdir. Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. İşin 1-ci cildinin 185-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 48-49-cu vərəqlərindəki qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 iyun 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 25-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham özünü təqsirli bilmədi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 9 iyun 2020-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 8 iyul 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7,956 qram psixotrop maddə metamfetamin və 32,101 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 223 (iki yüz iyirmi üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 9 iyun 2020-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 8 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7,956 qram psixotrop maddə metamfetamin və 32,101 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 223 (iki yüz iyirmi üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar