Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-392/2022 10.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi – Bakı şəhəri, "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 fevral 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarına əsasən həmin hökmdən CM-nin 181.2.4-cü maddəsi xaric edilmiş və ona qəti olaraq təyin olunmuş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 ay azaldılmış, 06 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 25 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 5,887 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxiİi İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə saat 20:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibində olan 4 ədəd selofan bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkisi 1,236 qram, 1,205 qram, 2,389 qram və 1,057 qram olmaqla ümumi təmiz çəkisi 5,887 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu hansısa bir ölüm işinə görə saxlamış, lakin sonradan həmin ölüm işi ilə onun hər hansı şəkildə əlaqəsinin olması təsdiq olunmadığına görə onun üzərinə narkotik vasitə qoyaraq rəsmiləşdirmişlər. Saxlanıldığı gün o, yaşadığı evdə olmuş, bayıra çıxdıqda tanımadığı polis işçiləri onu tutaraq idarəyə aparmışlar. İdarədə onun boynuna 2003-cü ildə baş vermiş ölüm hadisəsini qoymaq istəmişlər. Lakin sonradan həmin iş alınmadığına görə narkotiki boynuna qoymuşlar. Onun özü narkotik vasitələrdən həmişə uzaq olmuşdur. Əvvəllər maşın qaçırmaq, oğurluq və quldurluq cinayətləri törətdiyinə görə cəza çəkmişdir. Həmin cinayətlərin hamısında iştirakını etiraf etmişdir. Amma narkotik vasitə ona aid deyildir. O, polis əməkdaşları tərəfindən verilən sənədləri imzalamış, lakin bu zaman həmin sənədlərdə nə yazılması ilə maraqlanmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, təxminən 2 il olar ki, narkotik vasitənin heroin növündən istifadə edir. Əmircan qəsəbəsində nakolik vasitənin satışı ilə məşğul olan "Adil" adlı şəxsin olmasını bilmiş, bu barədə eşitmiş və onun harada, hansı üsulla narkotik vasitə satması və ondan necə narkotik vasitə əldə etməyi barədə məlumat olmuşdur. 25 avqust 2021-ci il tarixdə günorta vaxtlarında o, Əmircan qəsəbəsində "Adil” adlı şəxslə görüşmüş və ondan 4 ədəd selofan bükümdə narkotik vasitə heroin almış, bunun qarşılığında ona 50 manat pul vermişdir. Narkotik vasitəni həmin şəxsdən aldıqdan sonra üzərində saxlamış, lakin istifadə etmək üçün imkanı olmamışdır. Həmin vaxtdan aldığı narkotik vasitəni o, üzərində saxlamışdır. 25 avqust 2021-cİ il tarixdə saat 20:00 radələrində Əmircan qəsəbəsi, Şəfəq küçəsi, ev 27 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə şəxs yaxınlaşıb özlərini təqdim edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə "kokos” vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, o da, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibindən 4 ədəd selofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 4 ədəd selofan bükümün içində «kokos» adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 4 ədəd selofan bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 4 ədəd selofan bükümdə olan narkotik vasitə heroini 25.08.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində anket məlumatlarını bilmədiyi “Adil” adlı şəxsdən 50 manata aldığını, narkotik vasitə heroini şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 4 ədəd selofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. O, üzərindən narkotik vasitə heroinin aşkar edilməsini səmimi olaraq etiraf edir və törətdiyi cinayət əməlindən çox peşmandır (cild 1, iş vərəqi 67-70). Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Mehruz adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə qərəzsiz mənbədən ona məlumat daxil olmuş, BMCMİnin əməliyyat müvəkkilləri Şahid2 və İlham İbrahimlinin də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Mehruz adlı şəxsin Əmircan qəsəbəsi, Şəfəq küçəsi, ev 27-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 20 radələrində yaşadığı ünvanının yaxınlığında saxlanıraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş idarədə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxsə paltarında, əşyalarında olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 4 ədəd selofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd selofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 4 ədəd selofan bükümlər açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs üzərindən aşkar edilmiş 4 ədəd selofan bükümdə olan narkotik vasitə heroini 25 avqust 2021ci il tarixdə Əmircan qəsəbəsində anket məlumatlarını bilmədiyi «Adil» adlı şəxsdən 50 manata aldığını, narkotik vasitə heroini şəxsi istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd selofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr kağız zərfə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə Əmircan qəsəbəsi, Şəfəq küçəsi, ev 27 ünvanının yaxınlığında saxlanıraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməsi və orada onun şəxsi axtarışının keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, işin halları barədə həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Həmçinin, məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun da həmkarları Şahid1 və Şahid2 məhkəmədə verdikləri ifadələrlə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 121-123). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 25 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, əməliyyat tədbirinə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsilə aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirdikdən sonra o, şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 4 ədəd selofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd selofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda onların içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd selofan bükümdə olan narkotik vasitə heroini 25.08.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində anket məlumatlarım bilmədiyi “Adil” adlı şəxsdən 50 manat pul verərək aldığını, narkotik vasitə heroini şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd selofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr kağız zərfdə qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 27-28). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 25.08.2021-ci il tarixli qərar Suraxanı rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli 5(010)-399/2021 nömrəli qərarı ilə qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 107-108). Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 avqust 2021-ci il tarixli 6/3709 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 04 ədəd selofan bükümdə..." yazısı olan şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,236 qram. 1,205 qram, 2,389 qram, 1,057 qram, ümumi təmiz çəkisi 5,887 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş '‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 5,887 qram, tədqiqata sərf edildi: ümumi 0,2 qram, qalıq: 5,687 qram (cild 1, iş vərəqi 39-43). Ambulator məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 4244 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomanıyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 181-182). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 noyabr 2021-ci il tarixli 2735 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu hazırda kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs hazırda da emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ictimai təhlükəli əməli törədən zaman öz əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqi 183-184). Cinayət işinə əlavə edilmiş 15.11.2021-ci il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD-RW formatlı diskə baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, diskin üzərində əlyazma ilə “Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə” sözləri yazılmışdır. Diskdə olan videogörüntüyə baxarkən müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi əynində olan qara rəngli şalvarının sağ yan cibindən 4 ədəd selofan bükümü çıxarıb masanın üzərinə qoyaraq bildirir ki, həmin bükümlərin içərisindəki, “kokos” kimi tanınan narkotik vasitə olan heroindir və həmin narkotik vasitəni bu gün, yəni 25.08.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində anket məlumatlarını bilmədiyi Adil adlı şəxsdən 50 manata almış və öz istifadəsi üçün üzərində saxlayıb daşımışdır (cild 1, iş vərəqi 145). İbtidai istintaq orqanının 26.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,887 qram narkotik vasitə heroin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və ekspretiza tədqiqatından sonra qalıq qalmış 5,687 qram hissəsi saxlanılması üçün DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 85-86). Cinayət işi üzrə 22 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD-RW formatlı disk öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 186-201). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif cinayət əməlləri törətdiyinə görə əvvəllər bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12.02.2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 03.07.2018-ci il tarixli qərarı ilə CM-nin 181.2.4-cü maddəsi həmin hökmdən xaric edilərək cəzası 2 ay azaldılmış və o, 06 avqust 2019-cu ildə cəzasının sonu ilə əlaqədar həbsdən azad edilmişdir (cild 1, iş vərəqi 103- 105). Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, özünün həmişə narkotik vasitələrdən uzaq olması və ittihamda qeyd olunan narkotiklərin ona məxsus olmaması, polis əməkdaşlarının onu hansısa bir ölüm işinə görə saxlamaları, sonradan həmin ölüm işi ilə onun əlaqəsi təsdiq olunmadığına görə üzərinə narkotik vasitə qoyaraq rəsmiləşdirdiklərini, polis əməkdaşları tərəfindən verilən sənədləri imzalasa da, bu zaman həmin sənədlərdə nə yazılması ilə maraqlanmadığını bildirdi. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da öz müdafiəsi üçün dəlillər gətirmiş, lakin həmin dəlillər məhkəmədəkindən fərqli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman şifahi verdiyi izahatda, ilkin yazılı izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyəti ilə əldə etmədiyini bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrdən istifadə etməməsi və aşkar olunmuş narkotiklərin ona aidiyyəti olmaması barədə məhkəmədə dəlil gətirsə də, cinayət işinə əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 4244 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olması nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı narkotik vasitələrin özünə məxsus olmaması, həmçinin ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması barədə gətirdiyi dəlillər onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin təhlükəli residivi isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli residiv sayılır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12.02.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 03.07.2018-ci il tarixli qərarı ilə CM-nin 181.2.4-cü maddəsi həmin hökmdən xaric edilərək cəzası 2 ay azaldılmış və o, 06 avqust 2019-cu ildə cəzasının sonu ilə əlaqədar həbsdən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət hesab edilən əmələ görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad olunduqdan sonra məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 25 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 5,887 qram narkotik vasitə heroinin ekspretiza tədqiqatından sonra qalıq qalmış 5,687 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası ambulator məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 4244 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,687 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-392/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-392/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver