Məhkəmə qərarları › İş №1(101)-393/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-393/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-393/2021 30.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X7 və hakim köməkçisi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1966-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsi yolaltı ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd şəffaf sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 1.502 qram və 0,605 qram, ümumi çəkisi 2,107 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0.066 qram və 0,04 qram, ümumi çəkisi 0.106 qram olan, psixotrop maddə metamfetamini alaraq bir ədəd kibrit qutusunun içərisinə qoymaqla əyində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsinə daşımış, 26 iyun 2020-ci il tarixdə, saat 23:00 radələrində Abşeron RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində saxlayaraq, Abşeron rayon polis idarəsinə gətirib üzərində şəxsi axtarış apararakən sonuncunun əyindəki göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd kibrit qutusunun içərisində 02 ədəd şəffaf sellofan kəsiyi bükümlərində, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 2,107 qram olan, qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış, narkotik vasitə heroini və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ümumi çəkisi 0.106 qram, ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini aşkar edib götürmüşlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 26 iyun 2020-ci il tarixdə saat təxminən 22:00 radələrində ailə üzvləri ilə birlikdə evdə oturduğu zaman üç nəfər mülki paltarda şəxs həyətinin hasarından tullanaraq heç bir sənəd təqdim etmədən evinə basqın etmişdir. Kresloda oturduğu zaman hücum edən şəxslər onu döyməyə başlamış, qollarını qandallayıb yenə də başına zərbələr vurmuşlar. Həmin vaxt ailə üzvləri evdə olmuşlar. Sonradan adlarının Elnur və İbrahim olduğunu bildiyi polis işçiləri və adını bilmədiyi daha bir nəfər oturduğu kreslonun döşəyinin altından narkotik maddə olan 0,8 qrama yaxın heroin aşkar edib götürmüşlər. Sonra Elnur ondan pulunun olub-olmadığını soruşmuş, o da şalvarının cibində 150 manat olduğunu demişdir. O da həmin pulu götürmüşdür. Sonra onlar onu yarıçılpaq vəziyyətdə çölə çıxarmaq istəmiş, o da birtəhər paltarlarını geyinmişdir. Onlar onu sürüyərək evdən çıxarıb maşına mindirmiş və Abşeron rayon polis idarəsinə gətirmişlər. Elnur onu öz otağına aparmış, həmin vaxt İbrahim də onun yanında olmuşdur. Ona demişlər ki, təhqiqatçıya izahat verəndə deyərsən ki, səni küçədə qapının ağzında tutmuşuq. O “niyə yalan deməliyəm” deyə etirazını bildirmiş və onu döyməyə başlamışlar. Sonra onu təhqiqatçının otağına aparmışlar. Elnur onu təhqiqatçının otağında qoyub getmiş, o təhqiqatçıya evinə girərək onu döyüb tutduqlarını demişdir. Təhqiqatçı Elnuru çağırıb onun qulağına nəsə demiş, Elnur onu yenidən öz otağına aparmışdır. Orada onu yenidən döymüş və təhqir etmişdir. Onu həyat yoldaşını və qızını polis idarəsinə gətirəcəyi ilə təhdid etmişdir. Sonra yenidən Elnur onu təhqiqatçının otağına aparmışdır. Həmin vaxtı onun qolundan qan axırmış, təhqiqatçı bunu soruşduqda o divara dəydiyini bildirmişdir. Bundan 1 saat sonra həmin otağa sonradan adının Toğrul olduğunu bildiyi vəkil gəlmiş və onun iştirakı ilə çəkiliş aparmağa başlamışlar. Narkotik vasitə Elnurda olmuş və o cibindən çıxararaq ona demişdir ki, bunu sənin şalvarının sağ cibindən çıxarmışıq. O deyəndə ki, narkotik vasitəni tərəzidə çəksinlər, onlar buna etiraz edərək ekspertizada çəkəcəklərini bildirmişlər. Elnur onun cibinə narkotik vasitəni qoymuş, o narkotikin 1 qramdan az olduğunu demişdir. Vəkil isə narahatçılığa ehtiyac olmadığını bildirmişdir. Sonra onu kameraya gətirmişlər. Sanksiya verməyə apararkən bilmişdir ki, narkotik vasitə artaraq 2 qram olmuşdur. O, daha sonra göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitə qəbul etdiyi üçün peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Narkotiklər Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyun 2020-ci ildə saat təxminən 20 radələrində məxfi əməkdaşdan Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi Yolaltı, ev 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, daşıması və qəbul etməsi, az sonra yaşadığı evin qarşısına gələcəyi və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı idarənin rəhbərliyinə məruzə etmişdir. Müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin ünvana gedib gözləməyə başlamış, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs piyada yaşadığı evə tərəf getdiyini görüb, sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib, üzərində narkotik maddə olması barədə məlumatları olduğunu və şəxsi axtarış aparılması üçün onlarla birlikdə Abşeron RPİ-nə getməsini söyləmişlər. O da heç bir müqavimət göstərmədən avtomobilə əşləşərək onlarla birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmiş, bundan sonra onlar inzibati binadakı otaqların birinə vəkil dəvət edib, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verib, hüquq və vəzifələrini izah etdikdən sonra üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da cibindəki kibrit qutusunun içərisində ozü istifadə etmək üçün aldığı iki büküm heroin və iki büküm metamfetamin olduğunu bildirib, əlini şalvarının sağ yan cibinə salıb oradakı kibrit qutusunu çıxarıb, içərisindəki narkotik vasitəni və psixotrop maddəni təqdim etmişdir. Bundan sonra onlar yenə Təqsirləndirilən şəxs üzərində axtarış aparsalar da heç nə tapmayıb, sonuncunun təqdim etdiyi kibrit qutusundakı bükümlərdə olan narkotik vasitəyə və psixotrop maddəyə baxış keçirdikdən sonra həmin bükümləri kibrit qutusuna qoyub, kağız zərfdə qablaşdırmışlar. Təqsirləndirilən şəxs və polis əməkdaşları həmin zərfin üzərində imza etdikdən sonra bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar protokolun doğruluğunu öz imzası ilə təsdiqləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə müdafiə tərəflərinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 26 iyun saat 11:10 radələrində evdə olduğu vaxt qızı gəlib demişdir ki, Azərin yoldaşı zəng vuraraq darvazanın üstündən keçib, uşağın gözləri önündə dayını vurub apardıqlarını bildirmişdir. Qızına demişdir ki, sən hardan bilirsən, qızı isə Azərin yoldaşının zəng edib dediyini söyləmişdir. Sonra o, kiçik bacısına zəng vurmuş və demişdir ki, Azəri aparıblar. İki gün sonra bu işin dalınca düşüb araşdırandan sonra Azərin yoldaşı ona demişdir ki, heç kim darvazadan aşmamış, Azəri döyməmişdir. Gəlin ona doğru-dürüst cavab verməmiş, sonra söhbəti dəyişib Azəri evdən yox, küçədən aparıqlarını demişdir. Hadisə olan zaman evdə Azərin yoldaşı ilə qızı olmuşdur. Qızı ilə danışmış, o da doğrusunu söyləmişdir. Qızı demişdir ki, divardan aşdılar, atamı döyərək əlini qolunu bağlayıb apardılar. Hətta qızı evə gələnlərin dörd-beş nəfər adam olduğunu da bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bacısı X1 göstərdiklərini təsdiq edərək onun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2020-ci il tarixli, 6/1188 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş kibrit qutusunda iki ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1,502 qram və 0,605 qram, ümumi təmiz çəkisi 2,107 qrqm qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İki ədəd bükümdəki heroin kütlələri öz aralarında eynilik təşkil edirlər, İki ədəd siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,066 qram və 0,04 qram, ümimi təmiz çəkisi 0,106 qram, ağ rəngli, kristaşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İki ədəd bükümdəki metamfetamin kütlələri də öz aralarında eynilik təşkil edirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2020-ci il tarixli, 2608 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Cinayət işində olan video diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, 26 iyun 2020-ci il tarixdə, saat 23:00 radələrində Abşeron rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs vəkil X5 təqdim olunur, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxararaq içərisində iki büküm heroin, iki büküm isə metafetamin olmaqla ümumilikdə dörd ədəd büküm olmasını bildirir. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, bükülüləri təqdim edərək həmin maddənin iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüdə metamfetamin, iki ədəd sellofana bükülmüş bükümdə heroin olmasını bildirir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığı soruşulur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 50 manat məbləğə öz şəxsi istifadəsi üçün almasını qeyd edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra protokol tərtib olunur, iştirakçılara ucadan oxunur, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq edirlər. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə olan metafetamin əldə edib, saxlayaraq, üzərində daşımışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğunun 2,107 qram çəkidə narkotik vasitə heroini və 0,106 qram çəkidə psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üstündə saxlaması və daşıması sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən sübutlar nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsini israr edərkən, bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutları təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıqların olması və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin külli miqdarda və bir neçə bükümdə olmasından başqa tövsiyə olunan hallardan heç biri müəyyən olunmadı. Məhkəmə hesab edir ki, narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və ittihamı əsaslandırıb daxili inam yaradan digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin və psixotrop maddənin külli miqdarda və bir neçə bükümdə olması şəxsin ağır cinayət törətməkdə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etməkdə və saxlamaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlinin narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edilməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsasın olmadığı qənaətinə gəlir. Bundan başqa iş materiallarında olan Abşeron rayon Polis İdarəsinin NMQ-nun əmliyat müvəkkili Şahid1 Abşeron rayon Polis İdarəsinin rəisinə yazdığı raportdan görünür ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu barədə əməliyyat məlumatı olmuşdur. Göründüyü kimi daxil olmuş əməliyyat məlumatı da Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu barədə olmuş, narkotik vasitələrin satşı ilə məşğul olması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yazdığı etirafedici izahatında, həmçinin 27.06.2020-ci il tarixdə şübhəli və 27.06.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrində də ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Onun bu ifadələri nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışında ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri ilə təkzib edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsinin məhkəmədə sübuta yetirilmədiyi və işdə olan sübutların məcmusunun müqayisəli tədqiqinə əsaslanaraq, onun üzərindən aşkar edilib götürülmüş 2,107 qram çəkidə narkotik vasitə heroini və 0,106 qram çəkidə psixotrop maddə metamfetamini şəxsi istehlakı üçün əldə etməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilmədiyi üçün, onun əməli narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilib saxlanmaqla daşınması kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında adlarının Elnur və İbrahim olduğunu bildiyi polis işçiləri və adını bilmədiyi daha bir nəfərin 26 iyun 2020-ci il tarixdə saat təxminən 22:00 radələrində həyətinin hasarından tullanaraq heç bir sənəd təqdim etmədən evinə basqın etmələri, onu döymələri, evində qanunsuz axtarış aparmaları, Abşeron rayon polis idarəsinə aparıb orada ona işgəncə verilməsi və sair hallar barədə verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, bununla əlaqədar Təqsirləndirilən şəxs müraciəti əsasında Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və göstərilən xüsustlar təsdiq edilmədiyindən 27 avqust 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Belə ki, cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 30 noyabr 2010-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin 01 fevral 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 07 ay 02 gün hissəsini çəkməkdən vaxtından əvvəll şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının çəkib qurtardıqdan və məhkumluğu ödənildikdən sonra yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ailəli və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 26 iyun 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Abşeron rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 2,107 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,106 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 2,107 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,106 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar