Məhkəmə qərarları › İş №1(101)-393/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-393/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-393/2023 11.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2, Müdafiəçisi: Femida Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 179.1-ci maddələrinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəza növünə məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu olan, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 6,835 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və 18 iyul 2022-ci il tarixdə saat 06:00-da ünvan 1 ünvanda yerləşən "Oba” marketin qarşısında olan zaman özünü şübhəli apardığından Daxili İşlər Nazirliyinin X7 Alayının polis nəfərləri tərəfindən saxlanılaraq Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli “Adidas” markalı idman şalvarının sol yan cibindən 01 bükümdə təmiz çəkisi 6,835 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, saxlanılarkən onda heç nə olmayıb. Avtomobil ustası kimi fəaliyyət göstərmişdir. Papanində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona polis əməkdaşları tərəfindən həm psixi, həm də fiziki təzyiq göstərilmişdir. İşgəncəyə məruz qalmışdır. Heç bir quruma polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmağı barədə şikayət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üzrə məhkəmə iclasında hakimə döyüldüyünü demişdir, lakin o heç nə etməmişdir. 7-8 ildir ki, narkotik vasitədən istifadə edir. Sonuncu dəfə saxlanıldığı gün narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitəni Papanin adlanan ərazidə taksi sürücüsündən almışdır. Onun saxlanılmağında iştirak etmiş Şahid1, Şahid2 və Şahid3 adlı şəxslər ona təzyiq göstərmişdir. Saxlanılmazdan 3 gün əvvəl Papanində taksi sürücüsündən narkotik vasitə almışdır. Aldığı narkotik vasitənin miqdarı az imiş. 2 uşağı vardır. İbtidai istintaqda işlə əlaqədar müstəntiq çağıranda gedə bilməmişdir. Onun mobil telefonu olmamışdır, atasının telefonundan istifadə etmişdir. Adına mobil nömrə ola bilər, lakin o istifadə etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X7 Alayının 9-cu Patrul bölüyündə polis nəfəri işləyir. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Oba” marketin qarşısında digər əməkdaşlar Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olmuşlar. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Onunla söhbət edərkən o, əynində olan göy rəngli idman şalvarının cibindən sellofan nəyisə yerə atmışdır. Sonra isə onu ayağı ilə itələyib avtomobilin altına sürüşdürmək istəmişdir. Onlar da həmin bükümü yerdən götürmüşlər. Özü də, əvvəlcə, həmin bükümün onun olduğunu boynuna almasa da, sonra onun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cibindən bükümü yerə atmışdır. Onlar təqsirləndirilən şəxsdən həmin bükümü yerdən götürməsini istəmişlər, o da götürüb cibinə qoymuşdur. Təqsirləndirilən şəxs barəsində onların məlumatları olmamışdır. Ərazidə xidmət edərkən rastlaşmışlar. 1 ədəd büküm olmuşdur. O, Təqsirləndirilən şəxs cibinə nəsə qoymamışdır. Rauf özü atdığı bükümün özünün olduğunu etiraf etmişdir. O, təqsirləndirilən şəxsi döyməmişdir. Təqsirləndirilən şəxs özü həmin bükümü cibinə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elsevər Aslanov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilməklə müəyyən olunur ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında, bədənində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli “Adidas” markalı idman şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddəyə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə o, narkotik vasitəni şəxsi istifadəsi üçün “Papanin” kimi tanınan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə fizikikimyəvi ekspertizasının 19 iyul 2022-ci il tarixli 6/3885 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksləri və “Azərbaycan Respublikası DİN BBPİ Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi” düzbucaqlı möhür əksi olan, “...Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,835 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddəiər”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 6,835 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 6,785 qram(ekspertiza tədqiqatının dəyəri 55(əlli beş manat) Cinayət işində olan 18 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul olunan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmişdir. Cinayət işindən müəyyən olunur ki, 19 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Təqsirləndirilən şəxs xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı 2 azyaşlı övladları var. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-491/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Nadirov X4 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 179.1-ci maddələrinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəza növünə məhkum edilmişdir. xx.xx.2021 -ci il tarixdə Suraxanı rayon Məhəkəməsinin qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4117 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi materiallarında olan 10 oktyabr 2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan və 10 oktyabr 2022-ci il tarixli “tutma haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmış və o, həmin tarixdə təqsirləndirilən şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-550/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, saxlanılarkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmadığını bildirmiş və barəsində həbsetmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 23 dekabr 2022-ci ilədək müddətə həbs növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu edilərək Tibb Baş İdarəsindən əldə olunan məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl alınmış zədələri və bədən xəsarətləri barədə məlumat alınan zaman zədələri və bədən xəsarətləri olmasını inkar etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 55 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,785 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 04 (dörd) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixindən 19 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün, təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,785 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar