Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-394/2020 12.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, « 12 » mart 2020-ci il Bakı şəhərində xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş,məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində sərnişin kimi əyləşdiyi 113 saylı marşurut avtobusu ünvan 2 saylı ünvanın qarşısında hərəkətdə olarkən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli xuliqanlıq hərəkətləri edərək həmin avtobusda olan, tanışı Zərərçəkmiş şəxs ona olan borcunu qaytarmamasını cuzi bəhanə edərək sonuncu ilə mübahisə edib nalayiq sözlərlə söymüş və üzərində olan, silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ döş qəfəsi nahiyəsindən zərbə endirməklə ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ tərəfli hematoroksla müşaiyət olunan döş qəfəsinin ön səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3 ay müddətdir ki, tanıyır. 2019-cu ilin ilin təxminən iyun-iyul ayında saat 21 radələrində Suraxanı dairəsində təxminən 3-4 nəfər şəxsin yolun kənarında kart oynadıqlarını görmüş, onlara yaxınlaşmış, kart oynayan şəxslərdən yalnız Aqşini tanımışdır. Həmin şəxslərlə kart oynamağa başlamış, Aqşinin 180 manat pulunu udmuş, lakin sonuncunun pulu olmadığı üçün həmin məbləği verə bilməmiş və borclu qalmış, Aqşinə bildirmişdir ki, pulu olduqda versin. xx xxxxxxx 2019-cu il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra 113 nömrəli marşurut avtobusuna minib, Aqşini də avtobusda görüb, Aqşinə yaxınlaşıb borclu olduğu pulu nə səbəbə görə vermədiyini soruşmuşdur. Bu zaman Aqşin onu söyməyə başlamış və itələyib avtobusdan düşürmək istəmişdir. Avtobus Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşən “Araz” marketin qarşısına çatdıqda Aqşinin söyüşlərinə dözə bilməyərək üzərində olan mətbəx bıçağını çıxarıb avtobusun içərisində qabaq qapının yanında Aqşinin sağ çiyin hissəsindən bir dəfə vurmuşdur. Sürücü dərhal avtobusu saxlayıb qapını açmış və Aqşin avtobusdan düşüb qaçmışdır. O, tanımadığı kafeyə gəlib iki bakal pivə içmiş, sonra isə oradan çıxıb könüllü olaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gəlib baş vermiş hadisə barədə məlumat vermişdir. Aqşini vurduğu bıçağı o, yaşadığı evdən götürmüş, sonra bıçağı tanımadığı yerdə atmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2-3 dəfə görmüşdür. O, Suraxanı dairəsində tanımadığı şəxslər və Sabirlə kart oynamış, həmin vaxt Sabirə 80 manat pul uduzmuşdur. Sonradan Sabirlə görüşüb sonuncuya olan 80 manat borc məsələsini həll etmiş və borcu qalmamışdır. Həmin vaxtdan sonra da Sabiri bir daha görməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 20:30 radələrində tanışı Elşənlə 113 nömrəli marşurut avtobusuna əyləşmiş və Sabir də avtobusa minmişdir. Həmin vaxt avtobusda Elşən, Sabir, tanımadığı bir nəfər qadın, bir nəfər oğlan və sürücü olmuşlar. Avtobus hərəkətdə olan zaman Sabir ona olan 20 manat borc məsələsindən danışmağa başlamış, Sabirə həmin söhbəti həll etdiklərini bildirmiş, lakin Sabir həmin məsələni bağlamadığını demişdir. Sabirə dəfələrlə söhbətin bağlamasını məsləhət etmiş, lakin Sabir söyüşlə danışmağa başlamışdır. O, Sabirin niyyətinin mübahisə etmək oduğunu görmüşdür. Avtobus Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Araz” marketin yaxınlığına çatdıqda Sabirlə mübahisə etməmək üçün sürücüyə avtobusu saxlamasını xahiş etmiş, sürücü avtobusu saxladıqda Sabirə düşməyini və söhbəti həll etməyi təklif etmişdir. Lakin Sabir avtobusdan düşməyərək bıçaqla sağ döş qəfəsindən bir dəfə vurmuşdur. Bu zaman sürücü avtobusu saxlamış və o düşmüş, bıçaqla vurulan yeri əli ilə tutaraq bibisinin evinə gedib oarada huşunu itirmişdir. Özünə gəldikdə isə 3 saylı şəhər kliniki xəstəxanasında olduğunu görmüşdür. O, Sabiri söyməmiş və itələməmişdir. O, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulan cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Daewoo” markalı **- XS-*** dövlət qeydiyyat nişanlı 113 saylı marşurut avtobusunu idarə edir. xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Əmircan qəsəbəsindən metropolitenin “Qara Qarayev” stansiyası istiqamətində hərəkət etməyə başlamış, idarə edərkən avtobusa iki nəfər oğlan əyləşmiş, sonra avtobusa iki nəfər oğlan, bir nəfər qadın da əyləşmişlər. Avtobusu idarə edərkən iki oğlanın biri-biri ilə mübahisə etmələrini eşitmiş, güzgüyə baxmış və həmin şəxslərin yanında olan şəxsin onları sakitləşdirmək istədiyini görmüşdür. Danışıqlardan eşitmişdir ki, mübahisə edən şəxslərin adları Sabir və Aqşindir. Sabir Aqşini söymüşdür. O, Sabirə avtomobildə başqa sərnişin olduğunu bildirərək, söyüş söyməməsini xahiş etmiş, lakin Sabir onun sözlərinə əhəmiyyət verməmişdir. A.Rzayev küçəsində yerləşən “Araz” marketin yaxınlığına çatdıqda Aqşin avtobusu saxlamağı xahiş etmiş, avtobusu saxladıqda həmin şəxslər sözlə mübahisə edərək avtobusdan düşmək istəmiş, lakin avtobusdan düşməmişlər. Bundan sonra avtobusu idarə edib hərəkət etməyə başladığı zaman Sabirin əlində bıçaq görmüş, avtobusu kənara çəkib saxlamış və həmin şəxslər avtobusdan düşüb getmişlər. O, Sabirin bıçaqla Aqşini vurmasını görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Aqşinlə zəngləşib Əmircan qəsəbəsi ərazisində olan qəbirstanlıqda görüşmüş, qəbirstanlıqın yaxınlığından 113 nömrəli marşurut avtobusuna əyləşmişlər. Bir qədər hərəkət etdikdən sonra əvvəllər tanımadığı, lakin adını avtobusun içərisində öyrəndiyi Sabir adlı şəxs də avtobusa minmişdir. Həmin vaxt avtobusda Aqşin, Sabir, tanımadığım bir nəfər qadın, bir nəfər oğlan və sürücü olmuşdur. O, Aqşinlə birlikdə oturmuşdur. Avtobus hərəkətdə olan zaman Sabir Aqşinə ona 20 manat pul borcu olduğunu bildirmiş, Aqşin də Sabirə həmin söhbəti həll etdiklərini demiş, lakin Sabir həmin məsələ haqqında danışmadıqlarını bildirmişdir. Aqşin Sabirə dəfələrlə söhbəti bağlamasını, avtobusun içərisində digər sərnişinlər olduğunu və həmin sərnişinlərin narahatçılığına səbəb olmamağı məsləhət etmişdir. X7 söyüşlə danışmağa başlamışdır. Avtobus Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Araz” marketin yaxınlığına çatdıqda Aqşin sürücüyə avtobusu saxlamasını xahiş etmiş, sürücü də avtobusu saxladıqda Aqşin Sabirə avtobusdan düşməyini və söhbəti həll etməyi təklif etmişdir. Lakin Sabir əlindəkı bıçaqla Aqşinin sağ döş qəfəsindən vurmuşdur. Bu zaman sürücü avtobusu saxlamış və Aqşin avtobusdan düşmüşdür. O, Aqşinə yaxınlaşmış, Sabirin Aqşini bıçaqla vurduğu nahiyəsindən qan axdığını görmüş, Aqşin həmin yeri əli ilə tutaraq bibisinin evinə gedəcəyini bildirmiş, sonuncuya kömək edib onu bibisinin xatırlamadığı ünvanda yerləşən evinə gətirmişdir. Aqşini ora gətirdikdən sonra oradan getmişdir. Sonradan eşitmişdir ki, Aqşin 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Suraxanı Rayonu 31ci PB-də təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə 3 saylı ŞKX-dan 1992-ci il təvəllüdlü vətəndaş X2 döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə bağlı idarəyə məlumat daxil olmuşdur. Məlumatdan dərhal sonra o xəstəxanaya getmiş və bölməyə qayıdanda Təqsirləndirilən şəxs növbətçi hissədə olduğunu görmüşdür. Onun könüllü olaraq və hansı polis əməkdaşılarına təslim olması barədə məlumatı yoxdur. Məhkəmə-tibbi ekspertizasının 890 saylı xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hematoroksla müşaiyət olunan döş qəfəsinin ön səthinin daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası. Qeyd edilən xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2301 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs olan kəmağıllıq onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2015-ci il tarixdə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsrili bilinərək 100 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli amnsitiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmiş və xx.xx.2016-cı il tarixdə şöbənin qeydiyyatdın çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunun orta dərəcəsi təyin edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Salmanov X3 RPİ-nin 31-ci polis bölməsinə gedərək hadisə barədə məlumat vermişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələrlə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra könüllü olaraq polis idarəsinə gedərək təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-394/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-394/2020
12.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver