Məhkəmə qərarları › İş №1(101)-394/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-394/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-394/2025 10.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Pro –Bono” Vəkil Bürosunun vəkili X4 qızı və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 8230 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 15 mart 2024-cü il tarixdə, saat 21:30-da Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3da yerləşən Xətai RPİ-nin 35-ci PB-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli sintetik torbanın içərisindəki qara rəngli sellofana bükülmüş təmiz çəkisi 8230 qram olan külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, öz istifadəsi üçün narkotik vasitə sifariş etmiş, narkotik vasitəni götürmək üçün getdikdə, orada narkotik vasitənin miqdarının çox olduğunu görmüş və oradan narkotik vasitəi götürmədən uzaqlaşmaq istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlamışlar. O polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmamış, yalnız psixoloji təzyiqə məruz qalmış və bu səbəbdən ibtidai istintaq dövründə cinayət törətməsini etiraf etmişdir. O, narkotik maddə sifariş etməmiş, ona narkotik maddəni hədiyyə kimi, ad günü səbəbilə vermişlər. Belə ki, mart ayının 13-ü onun ad günü olmuşdur, o həmin gün 0,5 qram marixuana almışdır. Ertəsi gün narkotik maddə aldığı şəxs ona yenidən narkotik verəcəyini və bunun ona hədiyyə olacağını bildirmişdir. O, deyilən ünvana çatdıqda, orada narkotik maddənin həcminin çox olduğunu görmüş və bunun ona qarşı qarşı qurulmuş bir oyun olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni İran vətəndaşından götürmüşdür, İran vətəndaşı ilə instagram sosial şəbəkə tətbiqi vasitəsilə əlaqə saxlamış, təxminən 01 aydır ki, həmin şəxslə tanış olmuşdur, İran vətəndaşları sosial şəbəkələrdə narkotik ilə əlaqədar bir çox şəxsə ismarıc göndərmişlər, İran vətəndaşı ilə sonuncu yazışmaları 01 ay əvvəl olduğundan həmin ismarıclar yaddaşda qalmamışdır, o İran vətəndaşı ilə əvvəl instagram, daha sonra whatsapp vasitəsilə danışmış, o narkotiki yerləşdirdiyi məkanın şəklini çəkib ona göndərmişdir, şəkildə ox vasitəsilə narkotikin gizlədildiyi yer göstərilmişdir, lakin şəkildə narkotik olan böyük kisə olmamışdır, iranlı ona narkotiki ad günü hədiyyəsi kimi vermişdir, İranlı ondan narkotik qarşılığında pul almamışdır, o narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamışdır, şəkildə narkotik olan böyük torbanın şəkli yox idi, sadəcə ox ilə kiçik narkotik büküm göstərilmişdir, O həmin ünvana getmiş, lakin həmin məkanda olan narkotik vasitə olan böyük kisəni götürməmişdir, polislər onu ailə üzvləri ilə təhdid edərək, narkotik olan böyük kisəni öz üzərinə götürməyə məcbur etmişlər. O, sonda polis əməkdaşları ilə razılaşmağa məcbur olmuşdur. O ibtidai istintaq zamanı veridyi ifadəsini təsdiq etmiş, saxlanılan zaman üzərində narkotik vasitə olmaığını, həmin məkandan çox uzaqlaşmamış saxlanıldığını, ona hədə-qorxu edən polisin adını xatırlamadığını, barəsində həbs qətimkan tədbrinin seçilməsi ilə bağlı təqdimata baxılarkən məhkəmə iclası audiovideoyazı vasitəsilə keçirilmişdir, o onun barəsində qətimkan tədbiri seçilən zaman məhkəməyə təzyiqə məruz qaldığını polis əməkdaşlarından çəkindiyi üçün bildirməmişdir. O, gün ərzində 02 ədəd tütün ilə qarışdırılmış marixuana çəkdiyini, təxminən hər dəfə 0,1 qram marixuana istifadə etdiyini, özünü yalnız narkotik maddələrdən istifadəçi kimi özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, saxlanılarkən üzərindənarkotik vasitə olmaması, narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra psixoloji təzyiqə məruz qalaraq ona məxsus olmayan külli miqdarda marixuananın ona məxsus olmasını etiraf etməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o, təxminən 2 ildir ki, narkotik vasitə adətən marixuana istifadə edir. Adətən müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə əldə edib çəkmə üsulu ilə qəbul edir. Təxminən 1 həftə əvvəl «İnstagram» sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı olan adını Elvin kimi təqdim edən şəxslə tanış olmuşdur. Elvinlə söhbət zamanı sonuncu onun narkotik vasitə olan marixuana istifadə etməsini bilmiş və ona marixana göndərə biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Elvin ona «Whastapp» şəbəkəsi vasitəsilə dəqiq ünvan göndərmişdir. Ünvana əsasən o, Xətai rayonu, N.Tusi küçəsindəki köhnə tikiliyə yaxınlaşmışdır. Orada divara söykənmiş şəkilin altından ağ rəngli torba götürmüşdür. O, torbanı oradan götürüb uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu polis bölməsinə aparmışlar. Bölmədə ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra, polis bölməsində xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə video kamera vasitəsilə qeydə alınmaqla üzərində şəxsi axtarış aparılan zaman əlindəki torbanı təqdim etmiş və o, həmin narkotik vasitənin özünə məxsus olduğunu və haradan əldə etməsini söyləmişdir. Daha sonra, üzərində şəxsi axtarış aparılmış və heçbir əşya aşkar olunmamışdır. Təqdim etdiyi içərisində marixuana olan büküm iştirakçıların iştirakı ilə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, iştirakçıların iştirakı ilə protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 mart tarixində axşam saatlarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinməsi barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Dərhal inzibati binada o və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat məlumatı əsasında, xarici əlamətlərinə əsasən Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikləri şəxsi saxlayaraq, özlərini təqdim etmişlər və şübhəlini inzibati idarəyə dəvət etmişlər Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik olan torba da olmuşdur. Polis idarəsinə gətirildikdən sonra, təqsirləndirilən şəxs dərhal müdafiəçi ilə təmin edilmişdir. Daha sonra şəxsi axtarış və götürmə istintaq hərəkətləri, videoçəkiliş vasitəsilə keçirilmişdir. Təqsirləndirilən şəxs öz təqsirini boynuna alaraq, narkotik maddələri sosial şəbəkələr vasitəsilə tanış olduğu İran İR vətəndaşı vasitəsilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsi saxlayan zaman narkotik maddə olan torbanın təqsirləndirilən şəxsin əlində olduğunu xatırlayır. Əməliyyat məlumatı təqsirləndirilən şəxsin külli miqdarda narkotik maddə daşıması və satışı ilə bağlı olmuşdu. Məhkəmə istintaqında tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 15 mart 2024- cü il tarixdə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 15 mart 2024-cü il tarixdə, saat 21:30-da Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Xətai RPİ-nin 35-ci PB -yə dəvət etmişlər. Bayram X1 zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, təhqiqatçı Uğur Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli sintetik torbanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə qurudulmuş marixuanadır, onu həmin gün İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Elvin adlı şəxsin sosial şəbəkə vasitəsi ilə göndərdiyi ünvandan, yəni Xətai rayonu, N.Tusi küçəsindəki köhnə tikilidən götürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində qanunsuz olaraq külli narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 8-9) görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 33-35) görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla istifadəsi və satışı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sintetik torbanın içərisində qara rəngli sellofana bükülmüş içərisində spesifik iyli, yaşıl rəngli, bitki tərkibli narkotik vasitə hesab olunan marixuanaya bənzər kütlə olan 01 ədəd bükümü çıxarıb təqdim edərək, həmin bitkilərin marixuana olduğunu, xx.xx.2024-cü il tarixdə "zakladka" üsülu ilə Xətai rayonu, N.Tusi küçəsindən şəxsi istifadəsi üçün götürərək üzərində gəzdirməsini, saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı barədə sual edildikdə, o saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını bildirmişdir, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bitki tərkibli maddələrin ümumi çəkisinin müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd ağ rəngli sintetik torbaya bükülmüş marixuanaya bənzər maddənin torba ilə birlikdə çəkisinin 8.530 qram olması müəyyən edilmişdir, bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heçbir əşya və sənəd aşkar olunmamışdır, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd İçərisində marixuanaya oxşar maddələr olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloiji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/440 saylı rəyindən (cild 1, iş vərəqə 43-45) görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...İskəndərov...” yazısı və imzalar olan ağ rəngli sintetik bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 8230 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 4(011)-219/2024 saylı qərarından (cild 1, iş vərəqə 80-84)görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxalma müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 87-88) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətin Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzr nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən (cild 01, iş vərəqə 102,103) görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda qeydiyyatdadır,qeydiyyatda olduğu müddətdə onun barəsidnə qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. Ailə tərkibi atası Eldar İskəndərov, anası Səbinə İskəndərova və qızı Zoya İskəndərovadan ibarətdir. xx.xx.2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 117) görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrələrinə 14 sentyabr 2023-cü il tarixdən, 14 mart 2024-cü il tarixdək müddət ərzində daxil olan və həmin abonentdən çıxan zənglər, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən “SMS” mətnlərinin, həmin nömrələrinin sahiblərinin anten məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskə meydana çıxmış zərurət ilə əlaqədar Xətai RPİ-nin 212 saylı xidməti otaqda baxış keçirilmiş, diskdə mövcud olan fayllara baxış keçirilən zamaniş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumatlar müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 132) görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrələrinə 14 sentyabr 2023-cü il tarixdən, 14 mart 2024-cü il tarixdək müddət ərzində daxil olan və həmin abonentdən çıxan zənglər, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən “SMS” mətnlərinin, həmin nömrələrinin sahiblərinin anten məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskə meydana çıxmış zərurət ilə əlaqədar Xətai RPİ-nin 212 saylı xidməti otaqda baxış keçirilmiş, diskdə mövcud olan fayllara baxış keçirilən zamaniş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumatlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 02 may 2024-cü il tarixli, 1216 N°-li rəyindən (cild 01, iş vərəqə 136-140) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4311 saylı rəyindən (cild 01, iş vərəqə 139-140) görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 01, iş vərəqə 141-146) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cu maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.kandar 206-6a maddələri ilə cinayət təqibinin başlanılması rədd edilməsi, məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/440 saylı, məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4311 saylı, həmçinin məhkəmə-psixiatrik ekspertizanın 02.05 2024-cü il tarixli, 1216 saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilməsi, iş üzrə psixotrop maddənin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudlmuş marixuananın ümumi ətmiz çəkisi 8230 qram hesab edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 01 ədəd bükümdə ilkin təmiz çəkisi 8230 qram olan narkotik maddə qurudulmuş marixuana maddi sübut kimi tanınması, qalıq qalmış 8229,8 qram çəkidə narkoitk vasitə qurudulmuş marixuana saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 01 ədəd DVD formatlı diks sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitəsi marixuana əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə ********* №-li cinayət işinin istintaq materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə aynca icraata başqa cinayət işi ayrılmaqla icraata qəbul edilib istintaqı aparılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-2138/2020 nömrəli qətnaməsindən görünür ki, (Cild 02, iş vərəqə 25-26) Təqsirləndirilən şəxs və X2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış nikah pozulmuş və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxs himayəsinə verilmişdir. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, 15 mart 2024-cü il tarixdə, saat 21:30-da Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3da yerləşən Xətai RPİ-nin 35-ci PB-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli sintetik torbanın içərisindəki qara rəngli sellofana bükülmüş təmiz çəkisi 8230 qram olan külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs öz istifadəsi üçün marixuana əldə etmək istədiyini etiraf etsə də, lakin marixuana əldə etmək üçün gedən zaman külli miqdarda narkotik vasitə marixuana olmasını gördüyünü, o narkotik vasitə marixuananı əldə etmədən oradan uzaqlaşdığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmadığını iddia etmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə keçirildiyindən onun iddia etdiyi halların həqiqət olması inandırıcı deyil. Həmçinin ibtidai istintaqın əvvəlindən ibtidai istintaqın sonunadək Təqsirləndirilən şəxs üzərində külli miqdarda marixuana olmasını mübahisələndirməmiş, hətta barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən o, məhkəmə iclasında narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan bir nəfərdən əldə etdiyini, ona narkotik maddənin çəkisinin 4-6 kq arası olduğunun bildirildiyini, narkotik vasitənin 3 kq-nı başqa şəxsə verəcəyini lakin sonradan bu fikrindən daşındığını, həmin narkotik maddəni tam olaraq özünün istifadə edəcəyini qeyd etmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin əldə etdiyi narkotik maddənin çəkisini və barəsində həbs qətimkan tədbiri seçilərkən narkotik maddənin bir hissəsini (3 kq) başqa şəxsə verməli olduğu halda həmin fikrindən daşınması məzmunlu ifadələrini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 8230 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamışdır və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əhatə olunan cinayət əməlini törətmişdir. Müvafiq qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, o cümlədən irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 109-cu bəndinə əsasən - təmiz və qurudulmuş halda 500 qramdan artıq çəkidə narkotik maddə olan marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə beş ildən on iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, himayəsində xx.xx.2019-cu il tarixdə doğulmuş bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisini, ümumilkdə isə aşkar edilmiş narkotik vasitənin insaq orqanizminə ziyanının təsirini və bu qəbildən olan sair halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyaya əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə xüsusi olaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əldə etdiyi narkotik maddənin çəkisinin çox olması ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddinin çox olmasına əsas vermir. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı, ümumilikdə cəza sosial ədalətin bərpası və şəxsin islah olması məqsədinə xidmət etməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı Şəhər Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 8229,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk və "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 8229,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk və "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Fərid Namazov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar